Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2331/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-102335/2024 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən lT-l ******* nömrəli əmək kitabçasında və Bakı şəhər "xxxx" firmasının iddiaçıya dair xx.xx.2023-cü il tarixli arayışında xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində Tikinti Nazirliyinin 7 saylı Trestinin 71 saylı Tikinti idarəsində bənna peşəsində işlədiyi qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı həmin dövr üzrə sözügedən müəssisənin arxivində heç bir əsaslı sənədin mövcud olmadığına görə bənna peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim məşğul olub-olmaması barəsində hər-hansı məlumatın tapılmadığı müəyyən edilib. Bu fakt "xxxx" firmasının 7 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Eyni zamanda, sözügedən əmək kitabçasında xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti” LSTB-nin Tikinti Quraşdırma idarəsində sahə rəisi vəzifəsində işlədiyi qeyd olunub. İşlədiyi sahə rəisi vəzifəsi “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”nun ona dair xx.xx.2023-cü il tarixli 14-2-8/2-M-9-42/2023-46 nömrəli arayışında istinad edilən yuxarıda qeyd olunan tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun deyil. Həmçinin sözügedən əmək kitabçasında xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində 3 saylı Tikinti quraşdırma idarəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunub. Lakin, həmin dövr ərzində güzəştli əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışı Mərkəzi Filiala təqdim edilməyib. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 9 ay 13 gün (xx.xx.1986xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1992-ci il. xx.xx.1992-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının və inzibati orqana müraciət etdiyi tarixindən əvvəlki üç ildən pensiyanın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. xx.xx.2006-cı il tarixə kimi 25 ildən cox ümumi və 12 il 6 aydan cox güzəştli iş stajı olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən 57 yaşı tamam olan gündən, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına bütün tələb olunan sənədləri xx.xx.2023-cü il tarixində təqdim etmişdir. Lakin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq birinci dəfə xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-290082/2023-cü il tarixli məktubla, sonrakı müraciətlərinə xx.xx.2024-cü il tatxli 3-17-1/2-M-75136/2024 saylı məktubla, xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-290082/2023 saylı məktubla və xx.xx.2024-cü il tarixli 3-17-1 /2-M-141127/2024 saylı məktubla ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı Tikinti sahəsində ixtisaslaşmış Tikinti Nazirliyinin 7 saylı Trestinin 71 saylı Tikinti idarəsində bənna peşəsində işləmişdir. Həmin müəssisədə də bənna briqadaları mövcud olmuşdur. Çünki tikintidə hər hansı bənna işlərini bənna briqadaları icra edirdi. İnzibati orqan qanunsuz olaraq xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində bənna işlədiyi 8 ay 9 gün güzəştli iş stajını qəbul etmir. İnzibati orqan xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti” LSTB-nin Tikinti Quraşdırma idarəsində sahə rəisi vəzifəsində işlədiyini əsas götürərək həmin dövrü güzəştli iş stajına daxil etmir. Halbuki əmək kitabçasındakı 34-cü qeyddən və “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunu”nun ona dair xx.xx.2023-cü il tarixli 14-2-8/2-M-9-42/2023-46 nömrəli arayışından da göründüyü kimi, o xx.xx.1992-ci il tarixindən usta vəzifəsinə keçirilmiş və xx.xx.1992-ci il tarixinə kimi 05 ay 01 gün usta vəzifəsində işləmişdir ki, bu da yuxarıda qeyd olunan tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğundur. Beləliklə, inzibati orqan mübahisəsiz olaraq onun güzəştli iş stajını 11 il 09 ay 13 gün qəbul edir. Onun üzərinə qanunsuz olaraq qəbul etmədikləri 08 ay 09 günü və 05 ay 01 gün güzəştli iş stajı əlavə edəndə xx.xx.2006-cı il tarixinə kimi 25 ildən çox ümumi və 12 il 10 ay 23 gün güzəştli iş stajı toplanır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, işin mübahisəli hallarından biri iddiaçının HT-İ№1335444 nömrəli əmək kitabçasında və Bakı şəhər "xxxx" firmasının xx.xx.2023-cü il tarixli arayışında xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək olan dövr ərzində Tikinti Nazirliyinin 7 saylı Trestinin 71 saylı Tikinti idarəsində bənna peşəsində işlədiyinin qeyd olunduğu illərdir. Sözügedən arayışda iddiaçının bənna peşəsində işlədiyi müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyibişləmədiyi barədə hər hansı məlumat qeyd edilməmişdir. Eyni zamanda, sözügedən əmək kitabçasında İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr ərzində "Şelflayihətikinti” LSTB nin Tikinti Quraşdırma idarəsində sahə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar və mütəxəssislər yarımbəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi sahə rəisi vəzifəsi “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu nun xx.xx.2023-cü il tarixli 14-2- 8/2-M-9-42/2023-46 nömrəli arayışında istinad edilən yuxarıda qeyd olunan “tikinti və quraşdırma işləri üzrə ustalar” vəzifəsinə uyğun deyil. Həmçinin əmək kitabçasında iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dovr ərzində 3 saylı Tikinti quraşdırma idarəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur Lakin, həmin dovr ərzində iddiaçının güzəştli əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışı cavabdehə təqdim edilməmişdir. Hazırki işdə iş üzrə icraat materialları ilə müəyyən edilir ki, İddiaçı güzəştli iş stajı qanunvericiliklə müəyyən edilmiş 12 il 6 ay tələbi qarşılığında 11 il 9 ay 13 gündür. İş üzrə icraat materiallarında olan "xxxx" firması tərəfindən təqdim edilmiş və İddiaçı məxsus əmək kitabçası əsasında hazırlanmış xx.xx.2023-cü il tarixli güzəştli arayışda iddiaçının xx.xx.1985-il tarixdən 01 04.1986-cı il tarixədək olan dövr ərzində Tikinti Nazirliyinin 7 saylı Trestinin 71 saylı Tikinti idarəsində bənna peşəsində işlədiyi qeyd olunmuşdur Lakin, sözügedən arayışda iddiaçının bənna peşəsində işlədiyi müddətdə yuxarıda qeyd olunan qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyib-işləmədiyi barədə hər hansı məlumat qeyd edilməmişdir. İddiaçının MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində "Şelflayihətikınti" LSTB-nin Tikinti Quraşdırma idarəsində sahə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi sahə rəisi vəzifəsi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun xx.xx.2023-cü il tarixli 14-2-8/2-M-9- 42/2023-46 nömrəli arayışında istinad edilən yuxarıda qeyd olunan tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun deyil. Göründüyü kimi iddiaçıya təqdim edilmiş güzəştli arayışla iddiaçının əmək kitabçasındakı qeydlər arasında ziddiyyət mövcuddur. Belə ki, əmək kitabçasına əsasən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1992-cı il tarixədək olan dövr ərzində “Şelflayihətıkinti" LSTB-nin Tikinti Quraşdırma idarəsində sahə rəisi vəzifəsində işlədiyi qeyd olunsa da, güzəştli arayışda iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, ƏPQ-nin 9.8-ci maddəsinin tələbinə əsasən 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. İddiaçı məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 27 10.1981ci il tarixdən 14 11.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan xx.xx.1985-ci il tarixli ДТ-İ №787136 seriyalı diplomdan görünür ki, İddiaçı 1980-ci ildə S.Ə.Dadaşov adına X1 texnikumunun “Sənaye və mülki tikintiləri” ixtisasının əyani şöbəsinə qəbul olmuş, 1985-ci ildə əyani şöbənin tam kursunu bitirərək "inşaattexniki" ixtisas dərəcəsi verilmişdir. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin xx.xx.2023-cü il tarixli 01/1084 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 21 avqust 1980-ci il tarixli 119 saylı əmrə əsasən X1 texnikumunun “Sənaye və mülki tikintiləri“ ixtisasının əyani şöbəsinə qəbul olmuşdur. 29 oktyabr 1981-ci il tarixli, 139 saylı əmrə əsasən hərbi xidmətə çağırılmış, 01 dekabr 1983-cü ildə 168 saylı əmrə əsasən hərbi xidmətdən qayıdaraq həmin ixtisas üzrə əyani şöbədə təhsilini davam etdirmişdir. 1985-ci ildə əyani şöbənin tam kursunu bitirərək ona “İnşaat-texniki ixtisas dərəcəsi və 317 qeydiyyat nömrəsi olan ДТ-İ №787136 seriyalı Fərqlənmə diplomu verilmişdir. 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 1980- 1985-ci illərdə texnikomda təhsil almış, xx.xx.1985-ci il tarixdə Azərbacan SSR STN 7 saylı trestinin 71 №-li tikinti idarəsinə 2-ci dərəcəli bənna vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı il tarixdə 2 saylı sahənin 3-cü dərəcəli bənnası ixtisası verilmiş, xx.xx.1986cı il tarixdə 2 saylı sahəyə inşaat ustası keçirilmiş, xx.xx.1990-cı il tarixdə inşaat ustası, 3cü dərəcəli fəhlə keçirilmiş, xx.xx.1990-cı il tarixdə briqadir-usta vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə köçürülmə yolu ilə işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə 7 №-li trestin 71 №-li Tİ-dən köçürmə yolu ilə Tikinti Quraşdırma İdarəsində iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə “Şelfproyektstroy” SLTB-nin 4 №-li TQİ-yə köçürmə yolu ilə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə sahə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir.xx.xx.1992-ci il tarixdə 32 №-li tikinti sahəsinə iş icraçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə köçürülmə yolu ilə işdən azad edilmişdir. xx.xx.1998-ci il tarixdə TDLMTB 1 saylı trestin 3 saylı tikinti quraşdırma idarəsinə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixdə işdən azad edilmişdir. xx.xx.1999cu il tarixdə “Şelf layihə tikinti” İB-nin 4 saylı tikinti quraşdırma idarəsinə anbar müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixdə anbar müdiri vəzifəsi üzrə 5-ci dərəcə verilmiş, xx.xx.2001-ci il tarixdə 12-ci dərəcəli istehsalat şöbəsinin rəis vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci il tarixdə 8-ci dərəcəli təchizat üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci il tarixdə anbar müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdə 9-cu dərəcəli təchizat üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2003-cü il tarixdə 21 saylı yol təmir tikinti sexinə 4-cü dərəcəli dülgər vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 38 saylı fərmanı ilə Bakı Dərin Özillər zavoduna Heydər Əliyevin adı verilmişdir. xx.xx.2006-cı il tarixdə ixtisaslaşmış tikinti sexinə 4-cü dərəcəli dülgər işinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə dülgər sənədi üzrə 5-ci dərəcə verilmiş, xx.xx.2012-ci il tarixdə işdən azad edilmişdir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti... Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İstinad edilən normalara əsasən iddiaçının hərbi xidmət, təhsil dövrü və əmək kitabçasındakı qeydləri nəzərə alındıqda aydın olur ki, İddiaçı xx.xx.2006-cı il tarixə 25 il 1 ay 23 gün ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərti ödəyir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan Bakı şəhəri "xxxx" Firması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0002 nömrəli arayışdan görünür ki, İddiaçı 1980-1985-ci illərdə Kirovabad (Gəncə) İnşaat texnikumunda oxumuş (diplom DT №787136), sonra isə Tikinti Nazirliyinin 7 saylı Trestinin 71 saylı Tikinti İdarəsində xx.xx.1985-ci il tarixindən (xx.xx.1985-ci il tarixlil 21 saylı əmr) xx.xx.1986-cı il tarixinədək bənna peşəsində, xx.xx.1986-cı il tarixindən (xx.xx.1986-cı il tarixili 44 saylı əmr) xx.xx.1990-cı il tarixinədək inşaat ustası vəzifəsində, xx.xx.1990-cı il tarixindən (xx.xx.1990-cı il tarixli 95/K saylı əmr) xx.xx.1990-cı il tarixinədək fəhlə peşəsində, xx.xx.1990-cı il tarixindən (xx.xx.1990-cı il tarixli 117/K saylı əmr) xx.xx.1991-ci il tarixinədək briqadir-usta vəzifəsində işləmiş, xx.xx.1991-ci il tarixindən (xx.xx.1991-ci il tarixli 48/K saylı əmr) köçürmə yolu ilə (254 saylı məktuba əsasən) işdən azad olmuşdur. İşlədiyi bənna vəzifəsindəki iş funksiyası xüsusi bənna manqalarında daim işləyən bənna vəzifəsi ilə eynidir. Arayış əmək kitabçasına əsasən hazırlanmışdır. 71 saylı Tİ-nin əsas fəaliyyət növü Mülki və Sənaye binalarının inşası olmuşdur. Azərsənayetikinti DŞ-nin Cənubsənayetikinti Birliyinin xx.xx.1995-ci il 1 №-li əmrinə əsasən 71№-li Tİ ləğv edilmiş, onun əsasında 1№-li Tİ yaradılmışdır. 08 oktyabr 1997-ci ildə 1№-li Tİ ləğv edilmiş və onun əsasında Dövlət qeydiyyatı haqqında 18 №-li şəhadətnaməyə əsasən "xxxx" Firması yaradılmışdır. Texniki səbəblər üzündən 01 yanvar 2013-cü ildən öz fəaliyyətini dayandırmışdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 29-cu hissəsində öz əksini tapmış “Bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” (29a), “Tikinti və quraşdırma işləri üzrə ustalar”(29b) bəndlərinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüquqi verən iş stajı yaranmışdır. Onun 71 №-li Tİ-də güzəştli əmək şəraitində iş müddəti xx.xx.1985xx.xx.1986-cı illərdə 8 ay 9 gün, xx.xx.1986- xx.xx.1990-cı illərdə 4 il 6 ay 9 gün, xx.xx.1990-xx.xx.1991-ci illərdə 8 ay 14 gün olmaqla (8 ay 9 gün+4 il 6 ay 9 gün+8 ay 14 gün) 5 il 11 ay 2 gün təşkil edir. Abşeron rayon 32 saylı tikinti firmasının xx.xx.2023-cü il tarixli, 08 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı 32 saylı Təsərrüfat Hesablı Tikinti Sahəsində (THTS) xx.xx.1992-ci il tarixdən (əmr №03), xx.xx.1998-ci il tarixə kimi (əmr №30) iş icraçısı vəzifəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən iş icraçısı vəzifəsi (2№ siyahı XXVİİ bölmə, 2290000b- 24441 şifrə) güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun xx.xx.2023-cü il tarixli, 14-2-8/2- M-9-42/2023-46 nömrəli şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, 1.İddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən iş icraçısı vəzifəsində "Şelflayihətikinti" LSTB-nin 4 saylı Tikinti Quraşdırma idarəsinin 2 nömrəli sahəsində xx.xx.1992-ci il tarixindən (xx.xx.1992-ci il tarixli 16/k saylı əmr) xx.xx.1992-ci il tarixinədək (xx.xx.1992-ci il tarixli 32/k saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 27 gün. İşlədiyi peşənin xüsusiyyətləri: Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik etmək, müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını tərtib etmək və tikinti quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək, isin mexanikləsdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma islərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirlərin həyata keçirilməsini təmin etmək, görülmüş islərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək, ustalar üçün tikinti quraşdırma islərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək, təhlükəsiz metodlarla işləmək üçün bilavasitə is yerlərində fəhlələrə təlimat vermək və sair işlərdən ibarətdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölmənin “b” bəndində “iş icraçıları” vəzifəsi üzrə iş stajı 27 gün (iyirmi yeddi gün) təşkil edir. 2. Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən usta vəzifəsində "Şelflayihətikinti" LSTB-nin 4 saylı Tikinti Quraşdırma idarəsinin 1 nömrəli tikinti sahəsində xx.xx.1992-ci il tarixindən (xx.xx.1992-ci il tarixli 47/İ saylı əmr) xx.xx.1992-ci il tarixinədək- xx.xx.1992-ci il tarixli 110/k saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 05 ay 01 gün. İşlədiyi peşənin xüsusiyyətləri: Texnoloji avadanlıqların təmirinin, istehsal proseslərinin və əl əməyinin mexanikləsdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar islərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, is verlərinin səmərələsdirilməsini və peşələrin əvəz olunmasını təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil etmək və sair işlərdən ibarətdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “b” bəndində göstərilən “tikinti və quraşdırma işləri üzrə usta” vəzifəsi üzrə iş stajı 05 ay 01 gün (beş ay bir gün) təşkil edir. İş materiallarından görünür ki, cavabdeh qeyd olunan arayışlarda göstərilən dövrlərdən iddiaçının 11 il 9 ay 13 gün (xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il. xx.xx.1992xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş stajını qəbul etmişdir, bun görə də məhkəmə həmin dövrlərlə bağlı əlavə araşdırma aparılmasına zərurət görmür. İşdən görünür ki, cavabdeh işəgötürən tərəfindən verilmiş arayışlarda göstərilən dövrlərdən Tikinti Nazirliyinin 7 saylı Trestinin 71 saylı Tikinti İdarəsində xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək bənna peşəsində və "Şelflayihətikinti" LSTB-nin 4 saylı Tikinti Quraşdırma idarəsinin 1 nömrəli tikinti sahəsində xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək usta vəzifəsində işlədiyi dövrü güzəştli staj kimi qəbul etmir. Əsas kimi isə:
1. bənna peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim məşğul olub-olmaması barəsində hər-hansı məlumatın tapılmadığını;
2. əmək kitabçasında xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti” LSTB-nin Tikinti Quraşdırma idarəsində sahə rəisi vəzifəsində işlədiyinin qeyd olunduğunu və həmin vəzifənin arayışda istinad edilən tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun olmadığını göstərmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının 22900000- XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinə əsasən kod 2290000a—12680 bənna briqadalarında və kompleks briqadaların xususi bənna manqalarında daim işləyən bənnalar vəzifəsi güzəştli pensiya hüququ verən vəzifəyə aid edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1985-xx.xx.1986-cı il tarixlərində (0 il 8 ay 10 gün) Tikinti Nazirliyinin 7 saylı Trestinin 71 saylı Tikinti İdarəsində bənna işləmiş, işəgötürən həmin vəzifənin yuxarıda qeyd edilən koda uyğun gəldiyini bildirmişdir. Cavabdeh bu halın sübuta yetirilmədiyini bildirsə də, əksini təsdiq edən sübut da təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Görümdüyü kimi, qanunverici əsaslı şübhələr olduğu hallarda inzibati orqana araşdırma imkanı verir və yalnız həmin araşdırma nəticəsində fərqli hallar aşkar edilərsə, təqdim edilmiş sənədlərin qeyri mötəbər hesab olunmasını mümkün edir. Hazırkı iş üzrə cavabdeh iddiaçının daim işləyən bənna olmadığını bildirsə də, bu halı təsdiq edə bilməmişdir. Bundan əlavə Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan digər qərarında (2-1(102)-1944/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərar) qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsinin “a” və “b" bəndlərində nəzərdə tutulan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar, tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları vəzifələri ilə eynilik təşkil edir. O da qeyd edilməlidir ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (2 ay 26 gün) TDLMTB 1 saylı trestin 3 saylı tikinti quraşdırma idarəsində iş icraçısı vəzifəsində işləmişdir, hansı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının 22900000- XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinə əsasən kod 2290000b—24441iş icraçıları vəzifəsi güzəştli pensiya hüququ verən vəzifəyə aid edilmişdir. İddiaçı həmin dövr ilə bağlı işəgötürənin arayışını təqdim etməsə də, məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının işlədiyi vəzifə xx.xx.1992-xx.xx.1998-ci il tarixlərdə işlədiyi vəzifəyə uyğun olmuşdur, hansı ki, cavabdeh həmin dövrün güzəştli iş stajı olmasını mübahisələndirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi iş icraçısı vəzifəsi də güzəştli pensiya hüququ verən vəzifə kimi qəbul edilməlidir. Belə olan halda isə müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan artıq güzəştli iş stajı mövcud olmuşdur. Deməli, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan ikinci şərti də ödəmişdir. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (iddiaçı cavabdehə müraciəti xx.xx.2022-ci il tarixdə müraciət etmişdir). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova