Məhkəmə qərarları › İş №2-1(112)-2332/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2332/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2332/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X18 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum anasının adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən iddia edilən 0,12 hektar olan 1047 saylı bağ sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 0,12 hektar olan 1047 saylı bağ sahəsinin X12 məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivində yerləşən sahəsi 0,25 hektar olan 1047 saylı bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsi X6 və İstismarı Birliyi tərəfindən xx.xx.1970-ci il tarixli 2754 saylı icarə müqaviləsinə əsasən mərhum X16 icarəsinə verilmişdir. İddiaçı atası vəfat etdikdən sonra anam X17 ilə həmin bağ sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1987-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivində yerləşən sahəsi 0,25 ha olan 1047 saylı bağ sahəsinin 0,12 ha hissəsi mərhumun notarial qaydada təsdiqlənmiş xx.xx.1988-ci il tarixli razılıq ərizəsinə əsasən xx.xx.1989-cu il tarixində X4 adına keçirilmişdir. X5 ilə xx.xx.1989-cu il tarixli 19880 saylı icarə müqaviləsi bağlanmış və onun icarəsinə verilmiş bağ sahəsinə 1047A ünvanı verilmişdir. İddiaçı anası ilə də Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1047 saylı bağ sahəsinin icarəyə verilməsi barədə xx.xx.1989-cu il tarixli 2754 saylı icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin müddəti xx.xx.1999-cu il tarixədək nəzərdə tutulmuşdur. Həmin müddət bitdikdən sonra müqavilə tərəfləri yeni müqavilə bağlamaq üçün müraciət etməmişlər və müqavilənin müddəti eyni qaydada 10 il müddətinə uzadılmış sayılmışdır. İddiaçının anası ilə bağlanmış icarə müqaviləsinin surəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 1 saylı Bakı Ərazi İdarəsində saxlanılır. 1047 saylı bağ sahəsi istifadələrində olmuş, həmin bağ sahəsində evləri olmuşdur. Evə və bağ sahəsinə dair 1982-ci il tarixində texniki pasport tərtib edilmişdir. İddiaçının anası X17 xx.xx.2017-ci il tarixində vəfat etmişdir. Onun adına Bakı şəhəri 4 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1047 saylı bağ sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. İmtina iddia edilən bağ sahəsinə texniki baxış keçirilməsinin və çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması ilə əsaslandırılmışdır. Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivində yerləşən sahəsi 0,25 ha olan 1047 və 1047A saylı bağ sahələri hasara alınmışdır. X1 onları bağ sahəsinə buraxmadığı üçün Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(008)-5973/2023 saylı qərardadı ilə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 3-16-16/2-10/2280 saylı rəyi ilə iddia edilən sahənin 0,12 ha olan torpaq sahəsinin qonşu bağ sahələri ilə bir hasar daxilində olmaqla 0,3385 ha təşkil edən torpaq sahəsində yerləşməsi qeyd olunmuşdur. Qonşu bağ sahələrinə dair sənədlər tərtib olunmadığından 0,12 ha torpaq sahəsinin naturada müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X19 tərəfindən yerində ölçmə işləri aparılaraq iddia edilən 0,12 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş və sxem tərtib olunmuşdur. Hazırda Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1047 saylı bağ sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi barədə səbəblər aradan qaldırılmışdır. İddiaçı hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1047 saylı bağ sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün Qanunun 15-ci maddəsində təsbit edilmiş əsaslar yoxdur. İmtina cavabında iddiaçının müraciətinə baxılaraq “idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı şərti göstərilən torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir” səbəbilə təmin etməmişdir. İddiaçı qeyd olunan cavabı qanunsuz və əsassız hesab edir və hüquqlarının pozulduğunu və məhdudlaşdırıldığını qeyd edir. Göstərilənlərə əsasən tələbin təmin edilməsi xahiş edilmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı şərti göstərilən torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Məlumat üçün qeyd edilir ki, iddiaçı tərəfindən şərti olaraq göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq qonşu bağ sahələri ilə birgə 0.3385 ha kv.m təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023 və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1047 saylı bağ sahəsi xx.xx.1970-ci il tarixli, 2754 saylı icarə müqaviləsi əsasında X16 istifadəsinə verilmişdir. X16 vəfatından sonra sözügedən bağ sahəsi mərhumun həyat yoldaşı X7 adına keçirilmiş və onunla xx.xx.1987-ci il tarixli 2754 saylı müqavilə bağlanılmışdır. Daha sonra Nardaran qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 1047 saylı bağ sahəsinin 0.12 hektar icarədarın xx.xx.1988-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında digər şəxsin adına keçirilmiş və müqavilə ilə rəsmiləşdirilmişdir. X7 istifadəsində qalan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1047 saylı bağ sahəsinə dair onunla xx.xx.1989-cu il tarixli, 2754 saylı müqavilə bağlanılmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1047 saylı bağ sahəsi xx.xx.1987-ci il tarixli, 2754 saylı icarə müqaviləsi əsasında X7 istifadəsinə verilmişdir. Daha sonra 0.25 hektar torpaq sahəsinin 0.12 hektar hissəsi icarədarın xx.xx.1988-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında X4 (sənəddə olduğu kimi) adına keçirilmiş və xx.xx.1989-cu il tarixli, 19880 nömrəli müqavilə ilə rəsmiləşdirilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1047 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X6 və İstismarı Birliyi ilə X17 arasında bağlanılmış xx.xx.1989-cu il tarixli, 2754 nömrəli müqavilə idarənin arxivində mövcuddur. Sorğu ilə əlaqədar olaraq xx.xx.1989-cu il tarixli, 2754 nömrəli müqavilənin təsdiq edilmiş surəti İddiaçı təqdim edilmişdir. Qeyd olunan müqavilədən görünür ki, X6 və İstismarı Birliyi ilə X17 arasında bağlanmış 21 yanvar 1989-cu il tarixli 2754 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində 0,12 hektar sahədən ibarət 1047 nömrəli bağ sahəsi 21 yanvar 1999-cu il tarixədək X12 icarəyə verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1047 saylı bağ sahəsinə dair 1982-ci il tarixdə tərtib edilmiş cizginin təstiq edilmiş surəti iddiaçıya təqdim edilmişdir. -İİİ-ЖГ №265020 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X8, anası X13r. -4 saylı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 915737 nömrəlii, xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2017-ci il tarixdə ölmüş, bu barədə xx.xx.2017-ci il tarixdə 2521 nömrə ilə ölüm akt qeydi aparılmışdır. -Sabunçu Rayon Məhkəməsinin 2(008)-375/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehlər X5 və X3 qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməsi, həmçinin yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. -Həmin icraat zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 07 mart 2024-cü il tarixli məktubu ilə Sabunçu Rayon Məhkəməsinə verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən şərti olaraq göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 olsa da, faktiki olaraq qonşu bağ sahələri ilə bir hasar daxilində olmaqla 0,3385 ha təşkil edir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 4917/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməsi, həmçinin yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılması vəzifəsi cavabdehlər X5 və X2 üzərinə qoyulması qət edilmişdir...Qətnamədə məhkəmə tərəfindən müəyyən edilənlərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0.25 ha torpaq sahəsi olan 1047 saylı bağ sahəsi xx.xx.1987-ci il tarixli, 2754 saylı icarə müqaviləsi əsasında X7 istifadəsinə verilmişdir. 0,25 hektar torpaq sahəsinin 0.12 hektar hissəsi X7 xx.xx.1988-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında X4 (sənəddə olduğu kimi) adına keçirilmiş və xx.xx.1989-cu il tarixli, 19880 nömrəli müqavilə ilə rəsmiləşdirilmişdir. Beləliklə, işin faktiki hallarından görünən odur ki, hazırda iddiaçının məqsədi X6 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1989-cu il tarixli, 7454 nömrəli icarə müqaviləsi əsasında mərhum anası X7 istifadəsinə verilmiş Nardaran bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1047 saylı bağ sahəsinin üzərində hüquqların X12 məxsus olması barədə arayışı əldə etməkdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Cavabdehin imtina dəlilləri belə olmuşdur ki, iddia olunan torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və həmin bağın sahəsi qonşu bağ sahələri ilə birlikdə faktiki olaraq 0,3385 hektardır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 0,12 hektar olan 1047 saylı bağ sahəsinin X12 ayrılmasına dair X11 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1989-cu il tarixli, 2754 nömrəli müqaviləni cavabdehə təqdim etmişdir. Qeyd olunan müqavilənin arxiv əsasları mövcuddur, həmin müqavilənin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyatından imtina edilməsi üçün əsaslı saymayaraq bildirir ki, iddia olunan torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsini təsdiq edən sübut, həmçinin göstərilən sahənin hər hansı şəxsin mülkiyyətində, yaxud qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə dəlil məhkəməyə təqdim edilməmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin ölçüsü, qonşu bağ sahələri ilə eyni hasar daxilində yerləşməsi, ümumiyyətlə konfiqurasiyası ilə bağlı uyğunsuzluqların aradan qaldırılması məsələsi iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 0.12 hektar olan 1047 saylı bağ sahəsi üzərində hüquqların mərhum X12 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 0.12 hektar olan 1047 saylı bağ sahəsi üzərində hüquqların mərhum X12 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar