Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2333/2024 10.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə qarşı “əmək haqqının və gecikdirilmiş günlər üçün ödəncin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə qarşı “əmək haqqının və gecikdirilmiş günlər üçün ödəncin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə müraciət edərək, əmək haqqı, mükafat və sosial sığorta ayırmaları, eləcə də hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin hesablanaraq ona ödənilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər ala bilmədiyi əmək haqqı, mükafat və sosial sığorta ayırmaları, eləcə də hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 1942,5 manat əmək haqqının və qərar icra olunan günə qədər hər gecikdirilmiş gün üçün 1% ödəncin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin onun hərbi xidmətə çağırılmağı haqqında qərarının ləğv edilməsi tələbinə iş Bakı İnzibati Məhkəməsinin icraatında olmuşdur. İddiaçı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.2023-cü il tarixdə hərbi hissədən geri qaytarılmışdır. Hərbi xidmətə çağırılan günə qədər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda işləmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra əvvəl işlədiyi işinə yenidən bərpa olunmağa çalışsa da, işəgötürən onu işə götürə bilməmişdir. İşəgötürən ondan hərbi xidmətdən qayıtmağı barədə arayış istəmişdir. Həmin arayışı isə İdarə tərəfindən məlumatların elektron sistemə işlənilmədiyi üçün ala bilməmişdir. xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə keçirilən məhkəmə iclasları zamanı İdarənin nümayəndəsi məlumatların elektron sistemə hərbi xidmətə göndərilən gündən 3 gün ərzində işlənilməli olduğunu lakin idarə tərəfindən işlənilmədiyini bildirmişdir. xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə keçirilən məhkəmə iclasları zamanı işə düzələ bilmədiyini məhkəmə iclaslarında da bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən iclas zamanı İdarənin nümayəndəsi İdarədən arayış ala biləcəyini bildirmişdir. Bundan sonra ona İdarə tərəfindən arayış verilmiş və həmin arayış əsasında xx.xx.2023cü il tarixdən əvvəlki iş yerinə yenidən bərpa edilmişdir. Halbuki məlumatlar elektron sistemə vaxtında işlənsə idi, iddiaçı həmin vaxtdan işə bərpa oluna bilərdi. İdarənin yol verdiyi nöqsana görə o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər işsiz qalaraq əmək haqlarımdan və eləcə də sosial sığorta stajından məhrum olmuşdur. İşəgötürən tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, aprel ayı üçün əmək haqqı məbləği 560,0 manat, kart hesabına oturan məbləğ 464,80 manat, aprel ayından isə 300 manat mükafat təşkil edir. Həmin arayışda da əmək haqqı məbləği qeyd edilib. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 276 nömrəli arayışının surətindən görünür ki, Əsgərov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə hərbi hissədən geri qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9149/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə qarşı “hərbi xidmətə çağırılması haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş və xx.xx.1991-ci il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi və onun dinc dövrdə hərbi xidmətə çağırılmaması öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon Şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1946/2024 nömrəli qərardadı ilə cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9149/2023 nömrəli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunmuşdur. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində hərbi qulluğa çağırışla əlaqədar işdən azad edilmiş və 19 iyul 2023-cü il tarixdə işə bərpa olunmuşdur. Onun işə gec bərpa olunmasının səbəbi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin lazımi sənədləri xx.xx.2023-cü il tarixinədək İnformasiya Texnologiyaları İnstitutuna təqdim etməməsidir. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək almalı olduğu GROSS əmək haqqının (həmçinin mükafat) məbləği 2366,71 (iki min üç yüz altmış altı manat yetmiş bir qəpik), NETT əmək haqqının məbləği 1942,50 (min doqquz yüz qırx iki manat əlli qəpik) müəyyən olunur. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.2023-cü il tarixdə hərbi hissədən geri qaytarılmışdır. 19 iyul 2023-cü il tarixdə daha əvvəl işlədiyi işə bərpa olunmuşdur. İddiaçı bu gecikmənin cavabdeh tərəfindən məlumatların elektron sistemə vaxtında işlənmədiyini əsas gətirərək 1942,5 manat əmək haqqının və qərar icra olunan günə qədər hər gecikdirilmiş gün üçün 1% ödəncin ödənilməsini tələb edir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İddiaçının xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilməsi, xx.xx.2023-cü il tarixdə hərbi hissədən geri qaytarılması və xx.xx.2023-cü il tarixdə daha əvvəl işlədiyi işə bərpa olunması yuxarıda da qeyd edildiyi kimi işin mübahisəsiz hallarıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9149/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə qarşı “hərbi xidmətə çağırılması haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş və xx.xx.1991-ci il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi və onun dinc dövrdə hərbi xidmətə çağırılmaması öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon Şöbəsinə həvalə edilmişdir. Göründüyü kimi iddiaçının hərbi xidmətə çağırılması ilə bağlı cavabdehin qərarının qanunsuz olması məhkəmə qərarı ilə təsdiqini tapmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə hərbi hissədən geri qaytarıldığı halda, daha əvvəl işlədiyi vəzifəsinə bərpa olunması üçün tələb olunan, hərbi xidmətdən qayıtmasına dair arayışın gec verilməsinin səbəbləri və ümumiyyətlə bu barədə arayışın iddiaçıya nə vaxt verilməsi barədə məlumatın təqdim edilməsi üçün cavabdehə sorğu ünvanlansa da, cavabdeh gec verilməsinin səbəblərini ümumiyyətlə izah etməmiş, məktubunda bu barədə xx.xx.2023-cü il tarixli 276 nömrəli arayış verildiyini bildirmiş, lakin arayışın surətini məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçının təqdim etdiyi həmin 276 nömrəli arayış xx.xx.2023 deyil, xx.xx.2023-cü il tarixli arayışdır. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, vurulmuş ziyanla bağlı sadalanmış qaydada cavabdehin təqsirli hərəkətlərinin mövcudluğu müəyyən edildiyindən, yəni cavabdehin tələb olunan arayışı gec təqdim etməsi ilə, iddiaçının işinə gec bərpa olunması nəticəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək almalı olduğu əmək haqqının məbləği 1942,50 manat maddi ziyan kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, gecikdirilmiş gün üçün 1% ödəncin ödənilməsi isə qanunvericilikdə nəzərdə tutulmadığından iddia bu hissədə təmin edilməməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia qismən təmin edilməli, İddiaçı 1942,50 (bir min doqquz yüz qırx iki manat, əlli qəpik) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 1942,50 (bir min doqquz yüz qırx iki manat, əlli qəpik) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-2333/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2333/2024
10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver