Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2334/2024 31.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2018-ci ildə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44 ünvanında yerləşən 7 saylı mənzil üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli, **********50 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, vətəndaş İddiaçı mənzil verilməsi haqqında Bakı Şəhəri Səbail Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 22 nömrəli sərəncamın xx.xx.2013-cü il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən 7 saylı mənzilə mülkiyət hüququna dair çıxarış və texniki pasportun verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı xx.xx.2018-ci il tarixli **********50 nömrəli məktubla ətraflı cavab verilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinası qanunsuz və əsassız hesab edilməklə, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına ilkin hüquqi qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006-cı il tarixli “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın icrası ilə əlaqədar yaşadığı binanın qəzalı vəziyyətdə olduğu üçün yenidən tikilməsi məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən akt əsasında alınaraq sökülmüşdür və bunun əvəzində həmin bina sakinlərinin yeni mənzillərə köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 15 oktyabr 2012-ci il tarixli, 136 nömrəli sərəncamında da qeyd olunduğu kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ Rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktubu ilə müraciət edərək, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilməsini xahiş etmişdir. Bu müraciət və Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında İctimai mənzil Komissiyasının təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarı təsdiq edilmişdir. Bununla Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən ev 44, 1-ci giriş 4-cü mərtəbə, 4 otaqlı, 100.11 kv.m olan 7 saylı mənzil 6 (6) nəfər ailə tərkibi olmaqla ona verilmişdir. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən müvafiq mənzilin plan cizgisi də tərtib edilmişdir. 2012-ci ildən fasiləsiz olaraq müvafiq mənzildə yaşayır. Bundan başqa, 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş “Forma 2” arayışından da görünür ki, müvafiq mənzil tam kommunal şəraitlidir. Mənzilin bütün kommunal xərcləri mütəmadi olaraq iddiaçı tərəfindən ödənilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012- ci il tarixli, 219 saylı sərəncamı ilə təsdiq olunmuş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı ilə ünvan 2 ünvanı) yerləşən yaşayış binası dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir. Hətta müvafiq binada yerləşən bəzi mənzilər daşınmaz əmlakın reyestrində ilkin hüquqi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışlar və texniki sənədlər verilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, qeyd olunan mənzilə dair təqdim edilmiş sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, Bakı Şəhəri Səbail Rayonu İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 22 saylı sərəncamı xx.xx.2013-cü il tarixlidir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən mənzilə yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin sahəsi 105.7 kv.m təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - İddiaçıya məxsus xx.xx.1976-cı il tarixli ******* saylı əmək kitabçasından görünür ki, o, xx.xx.1983-cü ildə Orconikidze Neft və Qazçıxarma İdarəsinə maşinist vəzifəsinə qəbul edilmiş, 2011-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan qurumlarda müxtəlif vəzifələrdə işləmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2012-ci il tarixli, 9 nömrəli protokolundan çıxarışdan görünür ki, ARDNŞ-nin mənzil uçotu siyahısı üzrə mənzil uçotunda dayanan İddiaçı xx.xx.1989-cu ildən mənzil uçotundadır. Mənzil uçotuna əri X6 5 nəfər ailə tərkibi ilə (özü, arvadı. 2 oğlu, qızı) götürülüb. xx.xx.1996-cı ildə S.Cəfərovun mənzil uçotu arvadı İddiaçı adına keçirilib. İddiaçı 8 nəfər ailə tərkibi ilə Əmircan qəsəbəsi, Balandin döngəsi, ev 3, mənzil 4 ünvanında 1 otaqdan ibarət 19 kv.m. yaşayış sahəsi olan mənzildə qeydiyyatdadırlar. 3 övladı var və hər üçü evlidir. İddiaçı mənzil növbəliliyi əsasında evli övladlarından biri və onun ailəsi ilə bərabər mənzil almaq hüququ olduğu bildirildi. O, oğlu X11 və onun ailəsi ilə mənzillə təmin edilməsini xahiş etdi. Belə olan halda, ona 6 nəfər ailə tərkibi ilə (özü, əri, oğlu Sədai, gəlini Mehriban və onların 2 uşağı ilə) 4 otaqlı mənzil almaq hüququ olduğu bildirildi və ona Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44 ünvanından, giriş 1, mərtəbə 4, 4 otaqdan ibarət 70,88 kv.m. yaşayış sahəsi olan 7 saylı mənzil təklif edildi. O təklif edilən mənzilə köçməyə razılığını bildirdi və bunu yazılı ərizəsi ilə təsdiqlədi. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44, giriş 1, mərtəbə 4, mənzil 7, yaşayış sahəsi 70,88 kv.m. olan 4 otaqlı mənzilin İddiaçı 6 nəfərdən ibarət aşağıdakı ailə tərkibinə verilməsi qərara alınmışdır: 1. Özü -İddiaçı -1955-ci il təvəllüdlü, 2.Əri- X6-1951-ci il təvəllüdlü, 3.X8 oğlu- 1984-cü il təvəllüdlü, 4. Gəlini- X2 -1982-ci il təvəllüdlü, 5.Nəvəsi -X12 -2010-cu il təvəllüdlü, 6.Nəvəsi - X7 - 2012-ci il təvəllüdlü, Həmin protokolla həmçinin İddiaçı mənzil uçotundan çıxarılması və mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğunun Səbail Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. -“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mərkəzləşdirilmiş mənzil uçotu üzrə işçilərinin mənzil məsələsi haqqında” Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 22 saylı sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 09 avqust və 23 noyabr 2012-ci il tarixli, 29-1704 BB, 29-2247 BB saylı məktubları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə iclaslarının protokol qərarlarına (pr. № 10, 2, 6, 3, 8, 9) əsasən Şirkətin mərkəzləşdirilmiş mənzil üçotu siyahısı üzrə ..., İddiaçı, ... və qeyrilərinin mənzil ilə təmin edildikləri ... bildirilməklə qərarların təsdiq olunması xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 7-4469/17 saylı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 09 avqust 2012-ci il tarixli, 02 və 23 noyabr 2012-ci il tarixli, 29-1702 BB, 29-1704 BB, 29-1705 BB, 29-2184 BB, 29-2185 BB, 29-2247 BB saylı məktublarını və Səbail rayon İcra Hakimiyyəti Başçısının Mənzil məsələləri üzrə ictimai komissiyasının xx.xx.2013-cü il tarixli, rəyini (pr. № 1) nəzərə alaraq:
1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft və X10 Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə iclasının aşağıda "adları qeyd edilən işçilərin mənzillə təmin edildikləri və mənzil növbəsindən çıxarıldıqları barədə”ki 06 dekabr, 11 noyabr 2010-cu il tarixli, 12 yanvar, 27 dekabr 2011-ci il, 14 may, 13 iyun, 03 iyul və 17 sentyabr 2012-ci il tarixli, 10, 2, 6, 3, 8, 9 saylı protokol qərarlarından çıxarışlar təsdiq edilmiş;
2. İddiaçı 6 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, oğlu, gəlini, iki nəvəsi) ünvan 3 ünvanda yerləşən evin, mərtəbə 4, giriş 1, yaşayış sahəsi 70,88 kv.m. olan 4 otaqlı, 7 saylı mənzili ayrılmış və mənzil növbəsindən çıxarılmışlar: 1. İddiaçı -1955-ci il təvəllüdlü, özü,
2. X6-1951-ci il təvəllüdlü, həyat yoldaşı, 3. X11-1984-cü il təvəllüdlü, oğlu, 4. X2 -1982-ci il təvəllüdlü, gəlini, 5. X12 -2010-cu il təvəllüdlü, nəvəsi, 6. X7 - 2012-ci il təvəllüdlü, nəvəsi. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli, 14-2/2- 4458/2023 nömrəli məktubunda göstərilmişdir ki, X6 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu, qızı) xx.xx.1989-cu ildə mənzil uçotuna götürülmüşdür. xx.xx.1996-cı ildə Sahib Cəfərovun mənzil uçotu arvadı İddiaçı adına keçirilmişdir. SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft və X13 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2012-ci il tarixli, 9 nömrəli protokoluna əsasən, İddiaçı 6 nəfər ailə tərkibi ilə (özü, əri, oğlu, gəlini və 2 nəvəsi) Lökbatan qəsəbəsi, S.Orucov küçəsi ev 44 ünvanından, giriş 1, mərtəbə 4, 70,88 kv.m. yaşayış sahəsi olan 4 otaqlı 7 saylı mənzillə təmin olunmuşdur. - - Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-13/2-1210/2023 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı Qaradağ Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmamışdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44 ünvanında yerləşən 7 saylı mənzillə bağlı İddiaçı adma kirayə müqaviləsi bağlanmamışdır. Müraciətdə qeyd olunan ünvan 4 ünvanında yerləşən yaşayış binası əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olmuşdur. 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (müvafiq tabeli qurumunun) balansına verilmişdir. Hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 44 saylı ev dövlət mənzil fonduna aid olmaqla Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 05.1 1.2015-ci il tarixli, 83 saylı sərəncamına əsasən Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında və 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. Qeyd olunan yaşayış sahəsi xüsusi təyinatlı (xidməti) mənzil deyildir. Mənzil iş üzrə İddiaçı qızma Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il-tarixli 22 saylı sərəncamın əsasında verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-34354/23 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin, İdarənin arxivində saxlanılan məlumatlara əsasən İddiaçı adına özəlləşdirilmiş mənzil aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mənzil yaşayış sahəsi 68.4 kv.m (4 otaq), ümumi sahəsi 105.7 kv.m olmaqla beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşir. - Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 80 saylı arayışından görünür ki, İddiaçı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 44, 5 mərtəbəli evin, 4 mərtəbəsində yerləşən, sahəsi 70,88 m2 olan, 7 nömrəli, 4 otaqlı mənzildə yaşayır. İddiaçı hazırda onun istifadəsinə verilmiş 7 saylı mənzilin onun adına özəlləşdirilməsini xahiş edir, cavabdeh isə iddiaçının hüquqlarının xx.xx.2009-cu il tarixdən sonra yaranmasına istinad edərək müraciəti təmin etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasından görünür ki, mənzilin özəlləşdirilməsi üçün mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir ki, iddiaçı müvafiq sərəncamı cavabdehə təqdim etmişdir. Cavabdeh həmin sərəncamın Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyinə istinad edərək imtina etsə də, mübahisəli mənzilin iddiaçının əri 1989-cu ildən, özünün isə 1996-cı ildən mənzil uçotunda olmasına əsasən verilməsini nəzərə almamışdır. Belə ki, işin hallarından görünür ki, X6 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu, qızı) xx.xx.1989-cu ildə mənzil uçotuna götürülmüş, xx.xx.1996-cı ildə Sahib Cəfərovun mənzil uçotu arvadı İddiaçı adına keçirilmiş, lakin onun mənzillə təmin edilməsi yalnız 2012-ci ildə mümkün olmuşdur. Həmin dövrdə artıq yeni Mənzil Məcəlləsi qüvvəyə minsə də, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə gözlənti hüququ məhz 1989-cu ildən yaranmışdır. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: -28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. -33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. -36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: iş yerində uçota götürülmüş vətəndaşlar barəsində, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. -37-ci maddəsinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Siyahıda sonrakı dəyişikliklər haqqında müəssisə, idarə, təşkilat rəhbəri siyahını təsdiq etmiş icraiyyə komitəsinə məlumat verməlidir. -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Sadalanan normalardan müəyyən olunur ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçota götürülmə əsaslarından biri də iş yerində müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülmədir. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Mənzillər müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və bu barədə müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Qeyd edilən normaların tələblərini hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçı (onun əri) hələ xx.xx.1989-cu ildə mənzil uçotuna götürülmüşdür. Həmin vaxtdan 2012-ci ilədək o, iş yerindən mənzillə təmin edilməmişdir. Bu müddət ərzində onun mənzillə təmin olunmağa qanuni gözlənti hüququ olmuş və bu hüquqdan irəli gələn nəticələri yalnız 2013-cü ildə realizə edə bilmişdir. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Beləliklə, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Yəni 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilən müdafiə müəyyən hallarda əmlakın əldə ediləcəyi ilə bağlı qanuni gözləntiyə də şamil olunur. Bunun üçün qanuni gözlənti sadəcə ümiddən ibarət olmayaraq konkret xarakter daşımalı və qanunvericilik normasına və ya hüquqi akta, məsələn, məhkəmə qərarına əsaslanmalıdır, hansı ki, hazırda belə bir akt olmuşdur. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına fərq qoyulması, başqa sözlə eyni vaxtda mənzil növbəsinə götürülmüş şəxslərin, onların iradəsindən asılı olmayan hallardan irəli gələrək müxtəlif vaxtlarda mənzillə təmin edilmələri səbəbindən, sadəcə tarixə əsaslanmaqla ədalətli olmayan differensasiyanın aparılması eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Belə ki, həmin tarixdən yeni Mənzil Məcəlləsi tətbiq edilsə də, o tarixdən əvvəlki və sonrakı vaxtda verilmiş sərəncamlar predmet, tərəflərin hüquq və vəzifələri baxımından eynilik təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni kirayə müqaviləsinin bağlanması barədə müvafiq icra hakimiyyəti orqanının xx.xx.2013-cü il tarixli 22 nömrəli sərəncamını, eləcə də mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44 ünvanında yerləşən 7 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reystrdən çıxarışın və mənzilə dair texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova