Məhkəmə qərarları › İş №2-1(112)-2334/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2334/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2334/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ərizənin icrası zamanı yaranmış zərurət əlaqədar Səbail Rayon İcra Hakimiyyəti başçısının 647 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı əsasında verilmiş torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğuya cavab məktubunda bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 647 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı və onun tərkib hissəsi olan digər sənədlər (yerləşmə sxemi və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialına ünvanlanm sorğuya xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-1425/2024 saylı cavab məktubunda bildirilmişdir ki, İddiaçı barədə Səbail Rayon İcra Hakimiyyəti başçısının arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 647 saylı sərəncama cizgi əlavə edilməmişdir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri qeyd edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Səbail rayon İcra Hakimiyyəti başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamında qismən dəyişiklik edilməsi barədə» 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamına əsasən fərdi evin tikintisi üçün ona ayrılmış 600 (altı yüz) kv.m. torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə dəftərxanası vasitəsilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, «Səbail rayon İcra Hakimiyyəti başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamında qismən dəyişiklik edilməsi barədə» 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamına əsasən fərdi evin tikintisi üçün ona ayrılmış 600 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, «Səbail rayon İcra Hakimiyyəti başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamında qismən dəyişiklik edilməsi barədə» 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamına əsasən X2 razılıq ərizəsi və iddiaçının torpağa olan tələbatı nəzərə alınaraq Səbail rayon İcra Hakimiyyəti başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamı ilə fərdi evin tikintisi üçün E.Əfəndiyevə ayrılmış 600 (altı yüz) kv.m. torpaq sahəsi qarşılıqlı razılaşma əsasında iddiaçının adına sənədləşdirilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində hər mərtəbəsi 99 kv.m. olmaqla ikimərtəbəli fərdi yaşayış evi inşa etdirərək bu günədək ailə üzvləri ilə birlikdə yaşayır. 2016-ci ildə iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə, torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi barədə müraciət olunduqda, torpaq sahəsinin situasiya planı və sxemi tərtib olunmadığından sənədlər icraata qəbul edilməmişdir. Qeyd olunan torpaq sahəsinin situasiya planı və sxeminin tərtib edilməsinin Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qarşısında iddiaçı tərəfindən tələb irəli sürülmüş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli 2-1(81)-3492/2016 nömrəli qərarı əsasında iddia təmin olunmuşdur. Həmin Qərar qanuni qüvvəyə mindikdən sonra 10 noyabr 2017-ci il tarixdə Səbail rayon İcra Hakimiyyəti tərəfindən 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə istifadəsinə verilmiş torpaq sahəsinin situasiya planı və sxemi tərtib olunaraq iddiaçıya təqdim edilmişdir. 23 noyabr 2017-ci il tarixdə tərəfimdən 1 saylı Bakı ərazi idarəsinə ərizə ilə müraciət olunaraq, Səbail rayon İcra Hakimiyyəti başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində, fərdi evin tikintisi üçün ayrılmış 600 (altı yüz) kv.m. torpaq sahəsinin situasiya planı və sxemi təqdim olunmaqla həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur. 1 saylı Bakı ərazi idarəsinin «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına imtina edilməsi barədə» bildirişində idarənin elektron kadastr baza məlumatlarına əsasən, Səbail rayon İcra Hakimiyyəti başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamında istinad edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamı əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər fiziki şəxs - X2 adına «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198D saylı şəhadətnamə verildiyindən iddiaçıya qeyd olunan torpaq sahəsinə dair şəhadətnamənin verilməsindən imtina olunmuşdur. X2 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198D saylı şəhadətnamənin ləğv edilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi qarşısında iddiaçı tərəfindən tələb irəli sürülmüş və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2-1(112)-1490/2021 nömrəli qərarı əsasında iddia təmin olunaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına xx.xx.2004-cü il tarixdə verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198D KOD-00400016 saylı şəhadətnamənin ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2-1(112)-1490/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 16 may 2024-cü il tarixdə 1 saylı Bakı ərazi idarəsinə, qeyd olunan torpaq sahəsinə dair şəhadətnamənin verilməsi barədə müraciət olunmuş, cavabdeh tərərfindən imtina olunmuşdur. Dövlət qurumlarının aidiyyəti əməkdaşlarının səhlənkarlığından məhkəmə qərarı əsasında Səbail rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş situasiya planı və sxemi faktiki mövcud olsa da, həmin sənədin arxivləşdirilməməsi bütün zəruri sənədləri təqdim etmiş, vicdanlı vətəndaşın 24 il ərzində istifadəsində olan torpaq sahəsinə dair şəhadətnamənin verilməsindən imtina edilməsinə səbəb ola bilməz. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istnad etmiş və qeyd etmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 647 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı əsasında verilmiş torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğuya cavab məktubunda bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 647 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı və onun tərkib hissəsi olan digər sənədlər (yerləşmə sxemi və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialına ünvanlanmış sorğuya xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-1425/2024 saylı cavab məktubunda bildirilmişdir ki, İddiaçı barədə Səbail Rayon İcra Hakimiyyəti başçısının arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 647 saylı sərəncama cizgi əlavə edilməmişdir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasında ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: -Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamından görünür ki, Badamdar qəsəbəsində 600 kv.metr fərdi ev tikmək üçün X3 ayrılmışdır. - Səbail Rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01 avqust 2000-ci il tarixli “Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamında qismən dəyişiklik edilməsi barədə” sərəncamından görünür ki, X2 razılıq ərizəsini, İddiaçı torpağa olan tələbatını nəzərə alaraq, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün X3 ayrılmış 600 kv.metr torpaq sahəsi qarşılıqlı razılıq əsasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli 2-1(81)- 3492/2016 nömrəli qərarından görünür ki, iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 600 kv.m olan torpaq sahəsinin cizgisinin tərtib edilməsi və verilməsi Bak şəhəri Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. - Səbail Rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01 avqust 2000-ci il tarixli sərəncamı ilə İddiaçı Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinin situasiya planı və sxemindən görünür ki, torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. İddiaçı hazırda onun faktiki istifadəsində olan bu torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası - Səbail Rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01 avqust 2000-ci il tarixli sərəncamı cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Səbail Rayon İcra Hakimiyyəti başçısının 647 saylı, xx.xx.2000-ci il tarixli sərəncamına yerləşmə cizgisinin əlavə edilməməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, işdən görünür ki, həmin cizgi, mübahisəli torpaq sahəsi iddiaçıya ayrılan zaman torpaqayıran qurum tərəfindən tərtib edilməli və iddiaçıya təqdim edilməli idi. Lakin yerli icra hakimiyyəti orqanı həmin cizgini təqdim etməmiş, bu səbəbdən qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həmin cizgi sonradan iddiaçıya təqdim edilmişdir. Məhkəmə həmin qərarın və onun əsasında tərtib edilmiş cizginin qüvvədə olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh yerləşmə cizgisini şübhə altına almaqda haqlı olmamışdır. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamında qismən dəyişiklik edilməsi barədə» 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamına əsasən X2 razılıq ərizəsi və iddiaçının torpağa olan tələbatı nəzərə alınaraq Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamı ilə fərdi evin tikintisi üçün E.Əfəndiyevə ayrılmış 600 (altı yüz) kv.metr torpaq sahəsi qarşılıqlı razılaşma əsasında iddiaçının adına sənədləşdirilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı 23 noyabr 2017-ci il tarixdə cavabdehə müraciət etmiş, müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmiş, iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında yekunda iddiaçının tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 229/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2245/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli, 647 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ona ayrılmış 600 kv.metr torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2-1(81)- 1031/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli, 2-1(103)-878/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2-1(102)-2465/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarında Səbail Rayon İcra Hakimiyyətinin 06 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamına istinad etmiş, lakin həmin sərəncamın İcra Hakimiyyətinin 01 avqust 2000-ci il tarixli, 647 saylı sərəncamı ilə qüvvədən düşməsini nəzərə almamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2245/2019 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia olunan torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamına əsasən Eldar Əfəndiyev tərəfindən özəlləşdirilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-12198D saylı şəhadətnamə verilmişdir. Torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilə bilinməsi üçün sərəncamın E.Əfəndiyevə aid hissəsi ilə birlikdə həmin şəhadətnamənin də qüvvədən düşməsinin zəruri olmasına baxmayaraq, həmin şərt ödənilməmiş və mübahisənin predmetini təşkil etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-229/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarında məhkəmə kollegiyası hesab etmişdir ki, torpaq üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən şəhadətnamə ilə rəsmiləşdirilməlidir ki, sonuncu sənəd dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq üzərində qeydə alınmış hüququ təsdiq edən hüquqmüəyyənedici sənəddir. Həmin reyestrin məzmunu mübahisələndirilmədiyi halda həqiqi hesab olunmalıdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1490/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərarından görünür ki, iddiaçının tələbi təmin edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına xx.xx.2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD-00400016 saylı şəhadətnamənin ləğv edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1189/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1490/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarında göstərilmişdir ki, “...Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı sərəncamına əsasən X2 adına xx.xx.2004-cü il tarixdə rəsmiləşdirilərək, bu barədə ləğv olunmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sonuncuya “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD-00400016 saylı şəhadətnamə verilmişdir. Halbuki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01 avqust 2000-ci il tarixli “Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamında qismən dəyişiklik edilməsi barədə” sərəncamına əsasən X2 razılıq ərizəsi, İddiaçı torpağa olan tələbatı nəzərə alınaraq, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün X3 ayrılmış 600 kv.metr torpaq sahəsi qarşılıqlı razılıq əsasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin sərəncamdan da göründüyü kimi X1 Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamı əsasında ona ayrılmış torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə razılıq verərək, həmin torpaq sahəsi üzərində olan hüquqlarından imtina etmişdir. Bununla da Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı sərəncamı 01 avqust 2000-ci il tarixdən X3 münasibətdə faktiki olaraq öz hüquqi qüvvəsini itirmişdir. Göründüyü kimi X6 Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli, 124 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsindən iddiaçının xeyrinə Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 nömrəli sərəncamına əsasən imtina etsə də, sonradan həmin sahə üzərində 2004-cü ildə qüvvədən düşmüş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 nömrəli sərəncamına əsasən xx.xx.2004-cü il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD-00400016 saylı şəhadətnamə əsasında öz mülkiyyət hüququnu qeydə aldırmışdır... Birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi hazırda qanuni əsaslar olmadan X2 adına xx.xx.2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD00400016 saylı şəhadətnamənin mövcud olması iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının həyata keçirilməsinə maneə yaradır... Halbuki, iş materiallarından da göründüyü kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Səbail rayon İcra hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 124 saylı sərəncamı əsasında X2 adına JN-12198D nömrəli, Kod 00400016 olan xx.xx.2004cü il tarixli şəhadətnamə tərtib edilərkən, artıq xx.xx.1995-ci il tarixli, 124 saylı sərəncam Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 nömrəli sərəncamına əsasən X3 münasibətdə faktiki olaraq öz hüquqi qüvvəsini itirmişdir. Belə olan halda hazırki cavabdehin sələfi olan Dövlət Torpaq və Xəritçəkmə Komitəsi tərəfindən lazımı qədər inzibati araşdırma aparmaq vəzifəsi olduğu halda, aparmadan qüvvədə olmayan sərəncama istinad etməklə X2 adına JN12198D nömrəli, Kod 00400016 olan xx.xx.2004-cü il tarixli şəhadətnamə tərtib edilmişdir ki, bununla da hazırkı iş üzrə İddiaçı Səbail Rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01 avqust 2000-ci il tarixli sərəncama istinad etməklə qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə dair şəhadətnamə almasına maneə yaratmaqla hüququnu pozur.” Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması, torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamın qüvvədə olması öz təsbitini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 647 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı və onun tərkib hissəsi olan digər sənədlər (yerləşmə sxemi və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməməsi əsası ilə iddiaçıya imtina verilməsi onun hüquqlarını pozur. Çünki iddiaçıya ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məsqədilə ayrılmış torpaq olmaqla, həmin dövrdə torpaq sahəsini ayırma səlahiyyətinə malik qurum tərəfindən ayrılmışdır. Qanunvericiliyin həmin sənədi hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması isə iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı «Səbail rayon İcra Hakimiyyəti başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamında qismən dəyişiklik edilməsi barədə» Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamına əsasən fərdi evin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar