Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2336/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “qərarın qismən ləğv edilməsi və tutulmuş pulun geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aparılan tutulmaların dayandırılması və iddiaçının pensiyasından tutulmuş 3018,31 manat pulun ona geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı əmək pensiyaçısıdır. DSMF-nin Tovuz rayon Şöbəsi tərəfindən 29 sentyabr 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi ona pensiya təyin edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra Mərkəzi Filial) tərəfindən 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayında aparılan yenidən hesablama zamanı 01 yanvar 2023-cü il tarixindən ona aylıq pensiya ödənişi 5411,77 manat məbləğində müəyyən edilərək, internetdə “e-sosial” proqramında şəxsi kabineti və Mərkəzi Filalın ona göndərdiyi məktubda göstərilmişdir. Lakin 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar aylarında təyin edilən pensiya ona tam məbləğdə ödənilməmişdir. Yəni, 2 (iki) ayda cəmi 9701,04 manat ödənilməli oldğu halda, həmin müddət ərzində ona 7566,85 manat pul ödənilmişdir. Nəticədə həmin aylar üzrə cəmi 2134,19 manat əskik pul vəsaiti ödənilmişdir. Bundan başqa 01 yanvar 2024-cü il tarixdən hesablanmaqla aparılan indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası 606,12 manat artırılaraq, 6.017,89 manat müəyyən edilməsinə baxmayaraq, yanvar ayında ona 5411,77 manat pul vəsaiti ödənilmiş, həmin ay üzrə pensiyasından 606,12 manat məbləğində fərq çıxılaraq büdcəyə bərpa edilmişdir. “Mərkəzi Filialın” 25 iyun 2023-cü il tarixli məktubunda göstərilir ki, “Mərkəzi Filial” tərəfindən iddiaçının pensiya işi yoxlanılarkən müəyyən edilib ki, ona 2022-ci ilin dekabr ayında 4289,27 manat məbləğində pensiya hesablanmalı olduğu halda 3603,26 manat ödənilmiş və bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 686,01 manat məbləğində pul vəsaiti hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 29-cu maddəsinə əsasən, indeksləşdirilmə ilə əlaqədar iddiaçıya 5411,77 manat məbləğdə pul vəsaiti hesablanmış və həmin ilin yanvar ayı üzrə 5411,77 manat məbləğdə əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 4657,16 manat ödənilmiş və bu səbəbdən də həmin ay üzrə ödənilməli olan 754,61 manat pul vəsaiti hesablanmışdır. Halbuki 2023-cü ilin yanvar ayında iddiaçıya 3963,59 manat məbləğində pensiya ödənilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 9902,62 manat artıq pul vəsaiti hesablanmaqla, həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədi ilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Bundan başqa həmin məktubda bildirilmişdir ki, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 278,00 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilərək həmin məbləğ cari ilin fevral ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. Beləliklə də Mərkəzi Filal tərəfindən 2022-ci il dekabr, 2023-cü ilin yanvar və 2024-cü ilin yanvar aylarında iddiaçıya ödənilən pensiyadan cəmi 3018,31 manat (2740,31+ 278 manat) pul tutulmuşdur. Pensiyadan qanunsuz pul vəsaiti tutulmalarının dayandırılması, qanunsuz tutulan cəmi 3018,31 manat pul vəsaitinin iddiaçıya ödənilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət olunmuşdur. Mərkəzi Filalının iddiaçıya 19 iyul 2024-cü il tarixində daxil olmuş 12 iyul 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2019-xx.xx.2022-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 9902,62 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi aşkar olunmuş və bu günədək hər hansı bir məbləğdə tutulma aparılmamışdır. Əmək pensiyalarının 01 yanvar 2024-cü il tarixindən hesablanmaqla, indeksləşdirilməsi ilə əlaqədar pensiyanın 606,12 manat artırılaraq 6017,89 manat müəyyən edilmiş və yanvar ayı üzrə ona ödənilməli olan 606,12 manat 3 il üzrə artıq ödənilmiş 9902,62 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Göründüyü kimi məktubun əvvəlində əmək pensiyasından bugünədək hər hansı tutulma aparılmaması qeyd olunduğu halda, məktubun sonunda 606,12 manatın tutulub büdcəyə bərpa edilməsi qeyd olunmaqla bir-birinə ziddiyyət təşkil edir. Nəticədə şikayətin mahiyyəti üzrə araşdırılmadan artıq ödənilmiş məbləğdən qalan 9296,50 manat pul vəsaitinin pensiyadan tutulması üçün yazılı razılığının verilməsi xahiş edilmişdir. Məktubda pensiyadan tutulan cəmi 3018,31 manatın iddiaçıya qaytarılmasına toxunulmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-238898/2024 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, iddiaçının pensiya işinə dair sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi tərəfindən 29 sentyabr 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2153,25 manat, qulluq illərinə görə əlavəsi 968,96 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 850,00 manat olmaqla orta aylıq əmək haqqı 4110,21 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 36 il 1 ay 28 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4110,21 manat) 80 faizi- 3288,17 manat məbləğində hesablanmalı olduğu halda, 3603,26 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də iddiaçıya həmin dövr üzrə ümumilikdə 11343,24 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2834,75 manat, qulluq illərinə görə əlavəsi 1275,64 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 1113,20 manat olmaqla orta aylıq əmək haqqı 5361,59 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 36 il 1 ay 28 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (5361,59 manat) 80 faizi-4289,27 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin dekabr ayında iddiaçıya 3603,26 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 686,01 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4- cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 4718,20 manat, 29cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 5411,77 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya cari ilin yanvar ayı üzrə 5411,77 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 4657,16 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 754,61 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 9902,62 (11343,24-686,01-754,61) manat artıq pul vəsaiti ödənilib. İddiaçının əmək pensiyası üzrə əmək pensiyasından bugünədək hər hansı məbləğdə tutulma aparılmayıb. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 278,00 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 278,00 manat vəsait 2023-cü ilin fevral ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa olunub. Artıq ödənilmiş maddi yardımın əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilməsi üçün razılıq ərizəsinin olmasına dair qanunvericilikdə hər hansı müddəa mövcud deyil. Eyni zamanda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası cari ilin fevral ayında 6017,89 manata artırılıb, həmçinin yanvar ayı üzrə iddiaçıya ödənilməli olan 606,12 manat fərq məbləği hesablanıb. Həmin 606,12 manat fərq məbləği iddiaçıya son üç il üzrə artıq ödənilmiş 9902,62 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 9296,50 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmişdur. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2336/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia “cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1406/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın “14-cü, yəni “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasında göstərilən 9902,62 manat artıq ödəmə məbləği” hissədə ləğv olunması” kimi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin iş üzrə 2-1(112)-2336/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin həcmi artılaraq iddia yenidən dəqiqləşdirilmi, iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1406/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının “14-cü, yəni “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasında göstərilən 9902,62 manat artıq ödəmə məbləğinin müəyyən edilməsi hissədə” ləğv olunması, iddiaçıdan tutulmuş 884,12 manat pulun (əvəzləşdirilmiş məbləğ daxil olmaqla) ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-1406/2023 saylı qərarın daha əvvəl iddiaçıya təqdim edilməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əsasən iddiaçı cavabdeh tərəfindən onun müraciətinə əsasən verilmiş imtina məktubunu aldıqdan sonra məhz həmin imtina məktubu əsasında məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir ki, həmin məktubdan cavabdeh tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsinə dair məlumatın iddiaçıya təqdim edilmədiyi aşkar edilir. İddiaçıya məhkəmə icraatı gedişatında müvafiq qərar təqdim edilmiş və onun tərəfindən məhkəmənin hüquqi yardımı əsasında iddia tələbinə müvafiq dəqiqləşmə təqdim edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən prosessual müddətlərə əməl edilməklə iddia qaldırılmışdır. İş materiallarında olan: 122340 pensiya uçot vərəqindən görünür ki, iddiaçıya 29 sentyabr 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25 iyun 2023-cü il tarixli, 3-17-1/2-İ- 147711/2023 nömrəli məktubla bildirilmişdir ki, “pensiya işinizə dair sənədlərdə sizə Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi tərəfindən 29 sentyabr 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işiniz araşdırılaraq aylıq ödənişiniz yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 2153 25 manat, qulluq illərinə görə əlavəniz 968 96 manat, rütbəyə görə əlavəniz 138,00 manat, dıgər nov əlavələriniz 850,00 manat olmaqla orta aylıq əmək haqqınız 4.110,21 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-cı maddəsinə əsasən 36 il 1 ay 28 gün qulluq illərinizə uyğun olaraq orta aylıq əmək haqqınızın (4110,21 manat) 80 faizi-3288,17 manat məbləğində hesablanmalı olduğu halda, 3603,26 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabınıza köçürülüb. Buna görə də sizə həmin dövr üzrə ümumilikdə 11343,24 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 2834,75 manat, qulluq illərinə görə əlavəniz 1275,64 manat, rütbəyə görə əlavəniz 138,00 manat, digər növ əlavələriniz 1113,20 manat olmaqla orta aylıq əmək haqqınız 5361,59 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-ci maddəsinə əsasən 36 il 1 ay 28 gün qulluq illərinizə uyğun olaraq orta aylıq əmək haqqınızın (5361,59 manat) 80 faizi-4289,27 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin dekabr ayında sizə 3603,26 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə sizə ödənilməli olan 686,01 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4- cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən etibarən 4718,20 manat, 29cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 5411,77 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, sizə cari ilin yanvar ayı üzrə 5411,77 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 4.657,16 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə sizə ödənilməli olan 754,61 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, xx.xx.2019-31.01 2023-cü il tarixləri arasındakı dövr ərzində 9902,62 (11343,24-686,01-754,61) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur.” Cavabdeh tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-İ-202011/2023 nömrəli məktubla bildirilmişdir ki, “aparılan araşdırma nəticəsində pensiya məbləğiniz cari ilin fevral ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 5411,77 manat müəyyən edilib, həmçinin sizə xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 9902,62 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 9902,62 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, əmək pensiyanızın hesablanması haqqında tərəfimizdən sizə 25 iyun 2023-cü il tarixli 3-17-1/2-İ-147711/2023 nömrəli və 26 iyul 2023-cü il 3-17- 1/2-İ- 167960/2023 məktublarla ətraflı məlumat verilib.” “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-1406/2023 nömrəli qərarına əsasən iddiaçı pensiya məbləği 3.603,26 manat, yenidən hesablanmış pensiya məbləği 4.289,27 manat təşkil etmişdir. Qərarın 14-cü bəndində xx.xx.2019-xx.xx.2023-cü il tarixlər üzrə alınmalı məbləğin 9.902,62 manat olduğu qeyd olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən əvəzləşdirilmənin aparılması daxil olmaqla iddiaçıya ödənilən pensiya məbləğindən 884,12 manat pul tutulmuşdur. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarına aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 62.1-ci maddəsinə görə İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1-ci maddəsinə görə İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında cavabdehin müvafiq qərarının ləğv edilməsi və əvəzləşdirilmiş məbləğin ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla bağlı, ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, “... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər... Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2-ci və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir...” Yuxarıda istinad olunan normalardan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, belə razılıq olmadığı halda isə məhkəmə qaydasında tutulur. Digər tərəfdən isə iddiaçıya münasibətdə inzibati icraat aparılmış, cavabdeh tərəfindən hazırda mübahisələndirilən qərar qəbul edilmiş, qərarın 14-cü qrafasında xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrə münasibətdə artıq ödəmə müəyyən edilmiş və faktiki olaraq pul vəsaitinin tutulması qərara alınmış, əvəzləşdirmə və tutma aparılmış, lakin nə inzibati icraatın aparılmasına münasibətdə iddiaçıya məlumat verilməmiş, nə də ki, sözügedən vəsaitin tutulmasına onun razılığı və ya məhkəmə qərarı olmadan iddiaçıdan tutulmalar həyata keçirilmişdir. Yəni cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, icraat bilavasitə onun məlumatı və iştirakı olmadan aparılaraq barəsində əliverişsiz inzibati akt qəbul edilmişdir. Bundan başqa Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətə görə inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, bunun əvəzinə ondan artıqödəmə altında pul vəsaitinin tutulması məqsədilə yenidən pensiya məbləğinin hesablanması barədə qərar qəbul etmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-1406/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qismən - “14-cü, yəni “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasında göstərilən 9902,62 manat artıq ödəmə məbləğinin müəyyən edilməsi hissədə” ləğv olunmalı, iddiaçıdan tutulmuş 884,12 manat pulun (əvəzləşdirilmiş məbləğ daxil olmaqla) ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının tələbinin əsaslılığı işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından öz təsdiqini tapır. Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin qərarı qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuş, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1406/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı “14-cü, yəni “Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasında göstərilən 9902,62 manat artıq ödəmə məbləğinin müəyyən edilməsi hissədə” ləğv edilir, əvəzləşdirilmiş məbləğ daxil olmaqla iddiaçıdan tutulmuş 884,12 manat pulun iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulur. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir X4.
Məhkəmə qərarları › İş №2-1(112)-2336/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2336/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver