Məhkəmə qərarları › İş №2-1(112)-2338/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2338/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2338/2022 24.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi, pensiyasının qanunamüvafıq qaydada hesablanması öhdəliyinin Dövləı Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, 2021-ci ilin fevral ayından Dövlət Vergi Xidmətinin sabiq əməkdaşı (Böyük dövlət vergi müfəttişi) kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından pensiya alır. Ötən müddət ərzində pensiyası qanunamüvafıq şəkildə verilməmiş, müxtəlif vaxtlarda buna etirazını bildirmişdir. İddiaçı 1973-cü ildən 2021-ci ilədək dövlət sturukturlarında çalışmış, işlədiyi müddətdə dövlətə, cəmiyyətə şərəflə xidmət etmiş, daima müxtəlif mükafatlarla mükafatlandırılmış, təltif edilmişdir. Vergiləri və məcburi sosial sığorta haqlarını da vaxllı-vaxtında ödəmişdir, lakin təqaüdə çıxdıqdan sonra pensiyanın qanunamüvafıq şəkildə hesablanmadığını müəyyən etmişdir. Bu isə konstitusion hüquqlarının pozulmasıdır. Ondan səlahiyyət və rütbə baxımından aşağı vəzifədə işləyənlər və ya ondan az işləmiş, sosial sığorta stajı az olmuş şəxslərə 1200-1400 manat civarında pensiya təyin edildiyi halda ona 592 manat aylıq pul ödənişinin (pensiyanın) verilməsi qəbuledilməzdir. Cavabdehin müraciətlərinə verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda iddiaçının şikayətinin təmin edilməsindən imtina edilmişdir. İmtina Əmək pensiyaları haqqında qanunun 20.30-cu maddəsi ilə əsaslandırılır. İddiaçı hesab edir ki, cavabdeh DSMF-nin XŞTİ tərəfindən müraciəti mövcud qanunvericiliyə uyğun müayinə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsində göstərilmişdir ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Eyni qanunun 1,0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 20.11.2-ci maddəsində göstərilmişdir ki, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin oıta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsində göstərilmişdir ki, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə almır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində göstərilmişdir ki, əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Göründüyü kimi cavabdeh tərəfindən konstitutsion hüquqlarım kobud şəkildə pozulmuş, maddi və mənəvi ziyan vurulmuşdur. Azərbaycan Respubliksı İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin məcəllənin 33.1 -ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmə vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 35.1 -ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin məcəllənin 73.1 -ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

3. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin İddiaçı pensiyasının büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər nəzərə alınmaqla pensiyanın hesablanması kimi dəyişdirilməsi qəbul edilmişdir.

4. Pensiyasının yenidən hesablanması ilə bağlı iddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, 5 fevral 2021-ci il Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 498,75 manat, qulluq stajına görə əlavəsi 99,94 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 132,25 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 769,94 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11.2-ci maddəsinə əsasən 24 il 1 gün qulluq stajınına uyğun olaraq orta aylıq əmək haqqı (769,94 manat) 77 faizi- 592,85 manat məbləğində müəyyən edilərək kart hesabına köçürülür. Məlumat üçün bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.30-cu maddəsinə uyğun olaraq dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 29 dekabr 2020-ci il tarixli F-180 nömrəli Əmrə əsasən İqtisadiyyat Nazirliyinin Aparatının və regional bölmələrinin işçilərinə müvafiq iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilmişdir.

6. İşdən azad edilmə haqqında 28 yanvar 2021-ci il tarixli **********062800 nömrəli əmrə əsasən İddiaçı (kiçik vergi xidməti müşaviri) 04 fevral 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, İddiaçı xx.xx.1996-cı il tarixdən dövlət vergi orqanlarında xidmət etməklə, xx.xx.2021-ci il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad edilmişdir.

8. İş materiallarında olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1973- 2021-ci illərə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur.

9. İş materiallarında olan arayışın surətindən görünür ki, 01 fevral 2016-cı ilin yanvarından 31 yanvar 2021-ci ilin dekabrına kimi İddiaçı ümumi əmək haqqının miqdarı 27354,97 manat, büdcə mükafatı 5528,88 manat, fond məzuniyyət 503,47 manat, son haqqhesab büdcə 9292,20 manat, son haqq hesab fond 1196,80 manat, büdcədənkənar mükafat 16667,74 manat, büdcədənkənar fond vəzifə maaşına əlavə 25928,26 manat olmaqla cəmi məbləğ 86472,32 manat olmuşdur.

10. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 01 fevral 2016 - 31 yanvar 2021-ci il tarixdə aldığı əmək haqqı barədə arayış təqdim edilmişdir. Həmin arayışa əsasən müəyyən olunur ki, idarənin sabiq böyük dövlət vergi müfəttişi İddiaçı ödənilən əmək haqqının tərkibi əmək haqqı, büdcə mükafatı, fond məzuniyyət, büdcədənkənar mükafat, büdcədənkənar fond üzrə vəzifə maaşına əlavədən ibarət olmuşdur.

11. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubunda bildirilmişdir ki, idarənin sabiq böyük dövlət vergi müfəttişi İddiaçı büdcədənkənar fond hesabına ödənilən vəsaitlərdən məcburi dövlət sosial sığorta haqqının hesablanaraq tutulması təmin edilmişdir.

12. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı inzibati iş üzrə məhkəmə icraatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi məqsədilə Bakı İnzibati Məhkəməsinin müraciəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək dayandırılmış, daha sonra zərurətin aradan qalxması ilə əlaqədar həmin müraciətin baxılmadan geri qaytarılması xahiş edilmşdir.

13. İddiaçının ərizəsi əsasında iddia tələbi İddiaçı büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilmişdir.

14. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı və onun vəkili dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdirlər.

15. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək bildirdi ki, İddiaçı “hüququnun yarandığı tarixdən, xx.xx.2021-ci il tarixindən Vergilər Nazirliyinin sabiq əməkdaşı kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. Hesab edirik ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakıları diqqətinizə çatdırırıq.İddiaçı ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 05 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd edilmişdir. İddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 498,75 manat, qulluq stajına görə əlavəsi 99,94 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 132,25 manat olmaqla orta aylıq əmək haqqı 769,94 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanununun 20.11.2-ci maddəsinə əsasən 24 il 1 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (769,94 manat) 77 faizi - 592,85 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Məlumat üçün bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə uyğun olaraq vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.

II. İddianın növü və mümkünlüyü

16. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

17. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

18. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

19. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

III. Məhkəmənin mövqeyi

Konstitusiya Məhkəməsinin qərarlarından

20. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

21. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

22. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

23. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir.

24. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır.

25. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarı).

28. Hüquq normasının müəyyənliyi, aydınlığı, ikimənalı olmamasının ümumi hüquqi şərtləri kimi hamının qanun və məhkəmə qarşısında bərabərliyinə dair Konstitusiya prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsi). Belə bərabərlik hüquqtətbiqedicilər tərəfindən yalnız normanın eyni cür şərhi və anlaşılması şərtilə təmin edilə bilər. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi isə əksinə, hüquqtətbiqi prosesində onun qeyri-məhdud anlaşılmasına imkan yaradır və qaçılmaz olaraq özbaşnalığa, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, eləcə də qanunun aliliyi prinsiplərinin pozulmasına gətirib çıxarır.

29. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı)

30. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır.

31. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar).

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən bir sıra qərarlarda ifadə edilən hüquqi mövqe ondan ibarət olmuşdur ki: ...Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi)... (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarı) ...Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir... (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı)

Avropa Məhkəməsinin qərarlarından

33. İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X7rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X5 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34).

34. ...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

35. Avropa Məhkəməsi öz qərarlarında ərizəçinin yaşa görə pensiya hesablanması hüququnun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əhatə olunduğunu müəyyən etmişdir (Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia [GC]), ərizə № 55707/00 xx.xx.2009-cu il tarixli qərar; X4rşı [Böyük Palata] (Béláné Nagy v. Hungary [GC]) 53080/13 xx.xx.2016-cı il il tarixli qərar; Fábián Macarıstana qarşı [Böyük Palata] (Fábián v. Hungary [GC]) № 78117/13 xx.xx.2017-ci il)

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

36. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda mübahisə büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlıdır.

37. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

38. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

40. Azərbaycan Respublikası Əmək Məxəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

41. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.

42. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən, həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin qaydaların 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır.

43. “Sosial sığorta haqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində (Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri) sosial sığorta haqqı hesablanmayan gəlir növləri sadalanır. 21 oktyabr 2005-ci il tarixli 1029- İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 15-ci maddənin mətni yeni redaksiyada verilmişdir. Həmin maddəyə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla (yəni həmin maddədə sadalanan) əmək ödənişinin və gəlirlərin bütün digər növləri üzrə hesablanır.

44. Beləliklə, qeyd edilən normaların təhlilinə əsasən məhkəmə müəyyən edir ki, büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi istisna olunmayan gəlirdir. Dövlət Vergi Xidməti tərəfindən bildirilir ki, iddiaçıya ödənilmiş həmin vəsaitdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Vergi orqanlarında qulluq dövlət qulluğunun xüsusi növü hesab olunduğundan “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə uyğun olaraq dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, dövlət qulluqçularına (eləcə də dövlət qulluğunun xüsusi növünə) münasibətdə büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər əmək haqqına daxildir.

45. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarlarda ifadə edilən hüquqi mövqeyə uyğun olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə aldıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməli əmək haqqının, təminat xərcliyi, dövlət məvacibi və ya onlara edilən əlavələr əsas götürülməlidir.

46. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasına yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir.

47. Qanunvericiliyə həmin dəyişiklik edilənə qədər və ondan sonra iddiaçıya büdcədənkənar mükafat və büdcədənkənar fond vəzifə maaşına əlavə ödənilmişdir.

48. Bununla yanaşı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5 və 20.30-cu maddələrində “büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər” ifadəsi göstərilsə də, həmin ödənişlərin mahiyyəti, tərkibi, formalaşma mənbələri açıqlanmamışdır.

49. Müvafiq uyğunlaşdırma həyata keçirələnədək büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər (“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmədiyindən) məcburi dövlət sosial sığortasına cəlb edildiyi təqdirdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyası hesablanarkən nəzərə alınmalıdır.

50. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

51. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına görə ödənilmiş vəsait nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

52. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

53. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

54. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar