Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2338/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, X2 qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinə qarşı “torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və ölçülərinin dəqiqləşdirilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon Balaxanı Bələdiyyəsinin 88 saylı, 14 sentyabr 2005-ci il tarixli Sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və istifadəsinə verilməsi öhdəliyinin cavabdeh Sabunçu rayon Balaxanı Bələdiyyəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 12 may 2004-cü il tarixdə cavabdeh Sabunçu rayon Balaxanı Bələdiyyəsinə müraciət edərək şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bir müddət sonra onu Balaxanı Bələdiyyəsinə çağıraraq bildirdilər ki, ərizəsinə baxılmışdır və Yeni Balaxanı yaşayış massivində X3 küçəsində yerləşən (68 saylı torpaq) fərdi yaşayış evi tikmək üçün 1200 kv.metr torpaq sahəsi ona ayrılmışdır. Torpağın rüsumunu 31 mart 2005-ci il və 23 may 2005-ci il tarixlərində Azərbaycan Respublikası Beynəlxalq Bankın Sabunçu filialına tam ödəyərək 15 sentyabr 2005-ci il tarixdə Balaxanı Bələdiyyəsinin 88 saylı sərəncamı ilə torpağ sahəsi onun adına sənədləşdirilmişdir. 2007-ci ildə avtomobil qəzası keçirdiyinə görə uzun illər Balaxanı Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinə gedə bilməmişdir. Hazırda X3 küçəsində çoxlu sayda evlər tikildiyinə görə ona ayrılmış torpaq sahəsini müəyyən edə bilmir. Ona görə də, cavabdeh Balaxanı Bələdiyyəsinə ərizə ilə müraciət edib Balaxanı Bələdiyyəsinin 88 saylı, 14 sentyabr 2005-ci il tarixli Sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin müəyyən edilməsinə və ölçülərinin dəqiqləşdirilməsinə köməklik göstərməsini xahiş etmişdir. Cavabdeh Balaxanı Bələdiyyəsi tərəfindən ərizəsinə hər hansısa bir cavab verilməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflələ məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər, bununla bağlı məhkəməyə məlumat verməmişlər, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəf təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmişdir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırda iddiaçı cavabdehdən ona ayrılmış torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və ölçülərinin dəqiqləşdirilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslığına gəldikdə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, Balaxanı qəsəbə Bələdiyyəsi üzvlərinin yığıncağının 06 aprel 2005-ci il tarixli 12 saylı iclas protokoluna əsasən İddiaçı sərəncamla 12 sot torpaq sahəsinin ayrılması qərara alınmış, bu barədə Balaxanı Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixdə 88 saylı sərəncam qəbul edilmiş, həmin sərəncama əsasən vətəndaş İddiaçı şəxsi yaşayış evinin tikintisi üçün Yeni Balaxanı yaşayış massivində 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. 31 mart 2005-ci il tarixli 9 nömrəli ödəniş qəbzinə əsasən, İddiaçı tərəfindən torpaq alqısı üçün Balaxanı Bələdiyyəsinin hesabına 9 600,000 manat pul ödənilmiş, xx.xx.2005ci il tarixdə X1 Komissiyası tərəfindən iddiaçıya ayrılmış 68 nömrəli torpaq sahəsinin eskiz sxemi tərtib edilmiş və təsdiq olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadığından tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan sənədlərə baxış nəticəsində Bakı şəhəri, Yeni Balaxanı yaşayış massivində yerləşən torpaq sahəsi ilə bağlı sənəd aşkar edilməmişdir. İddiaçı hazırda uzun müddət torpaq sahəsinə gedə bilmədiyini, buna görə də ona ayrılmış torpaq sahəsini müəyyən edə bilmədiyini bildirməklə hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin mübahisəli torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt qüvvədə olan redaksiyasına əsasən: - Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. - Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) əsasən: - 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. - 21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. İstinad olunan normalardan müəyyən olunur ki, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və yerində dəqiqləşdirilməsi ilkin torpaqayırma zamanı həyata keçirilir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi cavabdehin 14 sentyabr 2005-ci il tarixli sərəncamı ilə iddiaçının adına sənədləşdirilmiş və bu barədə torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsinin izahatından məlum olmuşdur ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin yerini bilsə də, həmin torpaq sahəsindən digər şəxslər istifadə etdiyindən iddiaçı hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh torpaq sahəsinin təhvil verilməsi öhdəliyini torpaqayırma zamanı daşıdığından, torpaqayırma isə 2005-ci ildə yekunlaşdığından hazırkı vaxtda cavabdehin sonradan digər şəxslər tərəfindən zəbt edilmiş torpaq sahəsinin həmin şəxslərdən alınaraq iddiaçıya təqdim etmək öhdəliyi mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün əsas yoxdur. O da qeyd edilməlidir ki, iddiaçı torpaq sahəsini zəbt edən şəxslərə münasibətdə mülki mühakimə icraatı qaydasında iddia qaldıra, həmin şəxslərə hüquqmüəyyənedici sənədlər verilmişsə, bu sənədləri məhkəmə qaydasında mübahisələndirə bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova