Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2342/2023 15.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi 81 saylı evin qarşısında yerləşən tikinti sahəsi 16,20 kv.m olan dəmir qarajın sökülməsi nəticəsində dəymiş 10.000 (on min) manatdan artıq maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi 81 saylı evin qarşısında yerləşən tikinti sahəsi 16,20 kv.m olan dəmir qarajın sökülməsi nəticəsində dəymiş 10.000 (on min) manatdan artıq maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixdə 3/2735 nömrəli inventar kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınan, iddiaçıya məxsus olan Bakı şəhəri Xətai rayonu, M.Hadi 81 saylı evin qarşısında yerləşən tikinti sahəsi 16.20 kv.m olan dəmir qaraj 11 iyul 2022-ci il tarixdə Xətai rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən iddiaçının iştirakı olmadan sökülərək dağıdılmış, qarajın içərisində olan əmlaklar iddiaçıya məlum olmayan ünvana daşınmışdır. Hadisə yerinə gələrkən bu əməliyyata başçılıq edən şəxslər özlərini Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim etmişlər. İddiaçıya akt tərtib edilib veriləcəyini və mülkiyyətçinin qanunverucilikdə nəzərdə tutulan hüquqlarının təmin ediləcəyi bildirilmişdir. Lakin hadisədən bir aydan artıq müddət ötməsinə və Xətai rayon İcra Hakimiyyətinə bir neçə dəfə şifahi və yazılı müraciətlər etməyinə baxmayaraq, heç bir cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş cavabdehin etirazında göstərilmişdir ki, Xətai rayon ərazisində abadlıq-quruculuq işləri çərçivəsində qeyri-qanuni zəbt olunmuş ərazilərdə bağ sahələrinin və sənədsiz qarajların sökülməsi zərurəti yaranmışdır. Rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda, o cümlədən Xudu Məmmədov küçəsində yerləşən 21 nömrəli binanın ətrafında vaxtilə sakinlər tərəfindən zəbt olunmuş torpaq sahələrində inşa edilmiş müvəqqəti xarakter daşıyan dəmir konstruktiv qarajlarının söküntüsü nəzərdə tutulmuşdur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 14 yanvar 1999-cu il tarixli, 19 saylı imtiyazı olan şəxslərə qaraj üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamına əsasən “ Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yalnız dayaq hərəkət sistemi pozulmuş şəxslərə, müharibə əlillərinə və 1-ci dərəcə əlillərə onların yaşadıqları ərazidə qaraj üçün torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həmin qanunun həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 avqust 1998-ci il tarixli, 733 saylı Sərəncamı qəbul edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamına əsasən bildirilir ki, çox vaxt qarajlar binaların həyətində uşaq və idman meydançaları yanında və həmin sahə hesabına, yaxud yaşıllıq zonasında eyni zamanda müəyyən edilmiş ölçülərdən (3x6 m) artıq sahədə tikilmişdir. Müvafiq imtiyazı olmayan vətəndaşlar tərəfindən qanunsuz qaraj tikilməsi və ya təsərrüfat məqsədli tikinti üçün ayrılmış sahənin sonradan qaraj kimi istifadə edilməsi halları xeyli artmaqdadır. Bütün bunlar ekoloji mühiti korlamaqla yanaşı, ətraf binaların sakinlərinin haqlı narazılığına səbəb olur.Odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin 14 yanvar 1999-cu il tarixli, 14 saylı Sərəncamın 1,1-ci bəndinə əsasən yalnız avtomaşın ( əl ilə idarə edilən avtomaşınlar da daxil olmaqla ) sahibi olan və onu özləri idarə edən, dayaq-hərəkət sistemi pozulmuş və 1-ci dərəcə əlillərə yaşadıqları həyətlərin ərazisində qaraj yerləşdirməyə müvəqqəti icazə verilmişdir. Avtomaşını özləri deyil, ailə üzvləri və ya vəkalətnamə əsasında digər şəxslər idarə etdikləri təqdirdə əlillərə qaraj üçün yer həyət ərazisindən kənarda ayrılması təsdiq olunmuşdur. Vətəndaşlara yuxarıda qeyd olunan ünvanda qarajların söküntüsü ilə əlaqədar xəbərdarlıq edilmiş və iş üzrə İddiaçı iştirakı ilə qaraj sökülərək iddiaçıya məxsus əşyalar özünə təhvil verilmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
6. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan:
AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1964-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. xx.xx.2022-ci il tarixli İddiaçı Xətai rayon İcra Hakimiyyətinə ünvanladığı ərizədən görünür ki, iddiaçının xüsusi mülkiyyətində olan əmlakının sökülərək dağıdılması müqabilində vurulmuş 10.000 (on min) manatdan artıq maddi ziyanın əvəzinin ödənilməsi və ya iddiaçıya ərazidə eyni ölçülərdə qaraj tikilməsi üçün torpaq ayrılmasına sərəncam verilməsi xahiş edilmişdir. Ərizənin çatdırılmasına dair poçt qəbzi əlavə olunmuşdur. “Qeyri-yaşayış sahələrinin istismar haqqı üçün” 012354 və 010113 nömrəli mədaxil qəbzlərinin surətindən görünür ki, iddiaçı xx.xx.2022-ci il dövrü üçün 2.88 manat və xx.xx.2021-ci il dövr üçün 2.88 manat Xətai rayon MKTB-yə ödənişlər etmişdir. İddiaçı əlavə olaraq məhkəməyə 3/2735 inventar nömrəli, xx.xx.2005-ci il tarixli “Qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə dair” texniki pasportun surəti və ona əlavə edilmiş plan-cizgi təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən qeyd edilmişdir ki, M.Hadi küçəsi ev 77,79,81,83 saylı binaların həyətində təmir işlərinin aparılması və şəhid kapitan X4 abidə kompleksinin açılışı ilə əlaqədar olaraq, göstərilən ünvanların həyətində, heç bir hüquqverici sənədi olmayan 4 (dörd) ədəd dəmir konstruksiyalı qaraj və 2 (iki) ədəd dəmir konstruskiyalı köşk, Xətai rayon İcra Hakimiyyətinin göstərişi əsasında sahiblərinin iştirakı ilə sökülərək təhvil verilmişdir. O cümlədən, M.Hadi küçəsi ev 79, mənzil 117 də yaşayan İddiaçı aid olan, heç bir hüquqverici sənədi olmayan dəmir konstruksiyalı qarajda özünün iştirakı ilə açılaraq, içindəki əşyalar onun göstərdiyi yerə və dəmir konstruksiyalı qaraj isə sökülərək, M.Hadi 81 saylı yaşayış binasının İİ və İİİ girişlərində yerləşən saxlanc yerinə yığılaraq İddiaçı təhvil verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrl və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli “Qeyd olunan əmlakla bağlı sənəd surətinin təqdim edilməsi haqqında” cavab məktubuna əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 81 saylı binanın qarşısında yerləşən qaraja dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının qarajı ilə bağlı İdarənin arxivində saxlanılan sənədlər(surətləri) məhkəməyə təqdim edilmişdir: X1 və İddiaçı adlarına olan “Qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə dair texniki pasportları, X10 ilə X5 arasında bağlanılmış xx.xx.2006-ci il tarixli və X5 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2006-ci il tarixli qarajın alqı-satqı müqavilələri və Şaumyan rayon X12 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 55/54 nömrəli qərarı. Şaumyan rayon X12 İcraiyyə Komitəsinin “X13 əlilləri üçün prefabrik metal qarajın quraşdırılması üçün sahənin ayrılması haqqında” 55/54 saylı, xx.xx.1989-ci il tarixli qərarına əsasən, İ .X13 əlilləri üçün ZAZ-968 markalı "Zaporozhets" markalı mexaniki avtomobillər üçün yaşayış yerində prefabrik metal qarajların quraşdırılmasına icazənin verilməsi:2. Profsoyuznaya küçəsi, ev 81, mənzil 4 ünvanında yaşayan Abbasov F.B.; İİ. Qarajı və ona bitişik ərazini lazımi sanitar vəziyyətdə saxlanılması - hər hansı təmir işlərinin aparılması, çuxurun tikintisi qadağan edilməsi - bu sahədə yeni tikinti aparıldıqda qaraj rayon icraiyyə komitəsinə heç bir iddia irəli sürmədən ləğv edilməsi,- ayrılmış sahələrin icraiyyə komitəsinin icazəsi olmadan başqa şəxslərə verilməsi qadağan edilməsi qərara alınmışdır. AN-İ ******* nömrəli, 20 aprel 2006-cı il tarixli “Qarajın alqı-satqı müqaviləsi”nə əsasən, X6 əvəzinə Bakı şəhəri 6-cı DNK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 7E- 17082 reyestrli etibarnaməyə əsasən imza etdi Gürcüstan Resp.Laqadexi rayonu, Kabali kəndində yaşayan X9 xx.xx.1967-ci ildə doğulmuş Ş.V. **********8 nömrəli, xx.xx.1997-ci il tarixdə Laqodexi r.DİŞ tərəfindən verilib – gələcəkdə “Satıcı”lar adlanan bir tərəf, və Bakı şəhəri, M.Hadi küçəsi, ev 83, mənzil 99-da yaşayan X2 xx.xx.1968-ci il tarixdə doğulmuş, Ş.V. AZE 03095429 nömrəli, xx.xx.2005-ci il tarixdə Xətai RPİ tərəfindən verilib – gələcəkdə alıcı adlanan digər tərəf olmaqla: satıcı Azərbaycan Respublikası Bakı şəhəri Tİ və MHQİ-nin 30/5667 nömrəli xx.xx.2006-cı il tarixli 1 nömrəli arayışına, və 30/1634 nömrəli, xx.xx.2005-ci il tarixli Texniki pasporta əsasən ona məxsus olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi 81 saylı binanın qarşısında yerləşən tikinti sahəsi – 16.20 kv.m olan dəmir qarajı alıcının mülkiyyətinə verir.
İİİ. Məhkəmənin mövqeyi
9. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir:
10. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci madəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin faktiki hallarına əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi 81 saylı binanın qarşısında yerləşən 16.20 kv.m olan dəmir qaraj iddiaçıya məxsusdur. Qarajın yerləşdiyi sahəyə yerli icra hakimiyyətinin, yəni cavabdehin ehtiyacı yarandığından, qaraj –prefabrik metal konstruksiyası – cavabdeh tərəfindən iddiaçı xəbərdar edilməklə, iddiaçının iştirakı ilə sökülmüşdür. İddiaçı hal-hazırda cavabdeh tərəfindən qarajın sökülməsi ilə bağlı ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Lakin dövlət orqanı tərəfindən qeyd edilən ünvanda qarajın quraşdırılması üçün ilkin mülkiyyətçiyə sahə ayrılan zaman müəyyən şərtlər (bu sahədə yeni tikinti aparıldıqda qaraj rayon icraiyyə komitəsinə heç bir iddia irəli sürmədən ləğv edilməsi, ayrılmış sahələrin icraiyyə komitəsinin icazəsi olmadan başqa şəxslərə verilməsi qadağan edilməsi kimi hallar) nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus qarajın sökülməsi ilə bağlı hərəkəti qanunsuz olmadığından, qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi ilə bağlı olmadığından iddiaçıya vurulmuş zərərin ödənilməsi öhdəliyi yaranmamışdır. Məhkəmə qarajın sökülməsi nəticəsində iddiaçının ziyana məruz qalması cavabdehin hərəkəti nəticəsində baş verməsi, cavabdehin hərəkət ilə maddi zərərin arasında səbəbli əlaqənin olması müəyyən edilmir. Belə ki, qarajın quraşdırılmasına icazə verən, və eyni zamanda müvafiq qadağalar və şərtlər nəzərdə tutan qərar (inzibati akt) öz hüquqi qüvvəsini itirməmiş, ləğv edilməmiş və ya dəyişdirilməmişdir.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 11-ci maddəsində göstərilmişdir : "11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” Həmin Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Göründüyü ki, yalnız qanunsuz qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə inzibati orqan məsuliyyət daşıyir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
16. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi 81 saylı evin qarşısında yerləşən tikinti sahəsi 16,20 kv.m olan dəmir qarajın sökülməsi nəticəsində dəymiş 10.000 (on min) manatdan artıq maddi ziyannın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir.
17. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
18. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.
19. Həmin Məcəllənin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
20. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 300 (üç yüz) manat məbləği İddiaçı “X7” MMC-nin hesabına tutulmalıdır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri – 300 (üç yüz) manat məbləği tutularaq - Kapitalbank ASC Sahil filialı,kod 201218,VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZO**********0000001944 VÖEN **********; Hesab AZ64AİİB400900C**********208 hesanına ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Miminat Hacıbəyova