Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2342/2025 28.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzil şəraitinin yaxşılaşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli fərmanına əsasən 20 təqvim ilindən çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin edilməsi ilə əlaqədar siyahıya əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının silahlı qüvvələrində 20 ildən artıqdır ki xidmət edir. Cavabdeh tərəfindən ona 1993-cü ildə qüsursuz xidmətə görə 1 otaqlı mənzil verilmişdir. Hazırda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı vardır. Mənzil şəratinin yaxşılaşdırılması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh onun müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab vermişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarə tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Bərdə rayonu, Qaradəmirçi kəndində 2,4086 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/8 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X6 və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı Kaman) oğlunun adına Bərdə rayonu, Qaradəmirçi kəndində 0.15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə (ümumibirgə pay) dair JN-008A nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bakı şəhəri T.Məmmədov küçəsi, ev 14, 2 saylı mənzil 29.01,1997-ci il tarixdə ilkin olaraq İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 28 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli 3MA-4-580 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi, ev 85, 43 saylı mənzil xx.xx.2000-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 11 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2002-ci il tarixli 4Ə-344 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. X3 adına Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, ev 98; 75 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 7, 59 saylı mənzil X3 adına qeydiyyatdan keçmişdir. Abşeron rayon 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 4Ə/10-1712 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh tərəfindən verilmiş məktubundan görünür ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur.Ehtiyatda olan polkovnik İddiaçı, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyaya ünvanlandığı ərizəyə uyğun olaraq yuxarıda qeyd edilən Fərmanın ikinci hissəsinə əsasən yaradılmış müvafiq Komissiyaya müraciət olunmuşdur. Komissiya tərəfindən sözügedən məsələ ilə bağlı müsbət qərar qəbul edilməmişdir. Belə ki, Müdafiə Nazirliyinin mənzil fondundan şəxsi mülkiyyətinə mənzil verilmiş hərbi qulluqçulara sözügedən Fərmanda mənzil şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanun: Maddə 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanı: Bənd 1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Bənd 2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın. Bənd 3-1. Bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən ona dövlət vəsaiti hesabına mənzil verilməsindən ibarətdir. Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə“ Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının (Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli, 1476 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilmişdir) 1-ci hissəsində Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması da nəzərdə tutulmuşdur və Komissiyaya tapşırılmışdır ki, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın və hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin. Dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması zamanı yalnız hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti deyil, habelə, onların döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı və yaşayış şəraiti də nəzərə alınmalıdır. Yəni, adının həmin siyahıya salınmasını tələb edən şəxsin qüsursuz hərbi xidmət müddəti ilə bağlı tələbə cavab verməsi yetərli sayıla bilməz, ona münasibətdə həm də həmin normada təsbit edilmiş digər (döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı və yaşayış şəraiti) tələblər də ödənilmiş olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması zamanı nəzərə alınmalı olan tələblərdən biri də hərbi qulluqçunun yaşayış (mənzil) şəraiti ilə bağlıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı adına Bərdə rayonu, Qaradəmirçi kəndində 2,4086 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/8 hissəsi qeydiyyatdan keçmiş, X3 adına isə Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, ev 98; 75 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi iddiaçı xüsusi mülkiyyət hüququ əsasında Bərdə rayonunda torpaq sahəsinə, onun ailə üzvü isə Bakı şəhəri ərazisində mənzilə malik olmuşdur. Bu mənada, iddiaçı yuxarıda istinad olunan Fərmanda nəzərdə tutulmuş anlamda yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməz. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1142/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması zamanı nəzərə alınmalı olan tələblərdən biri də hərbi qulluqçunun yaşayış (mənzil) şəraiti ilə bağlıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Samux rayonu, Sərkar kəndində 0.24 ha torpaq sahəsində yerləşən 60.4 kv.m sahəsi olan fərdi yaşayış evi (RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində 0.04 ha torpaq sahəsi (RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində 0.08 ha torpaq sahəsi (RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarış) və Abşeron rayonu, Fatmayı kəndində 0.0765 ha torpaq sahəsi (RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarış) üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, həmçinin, Abşeron rayonu Fatmayı bələdiyyəsinin 15 aprel 2013-cü il tarixli, 04/04/18 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 765 kv.m torpaq sahəsi ilə bağlı iddiaçının adına A seriyalı 462622 nömrəli torpaq sahəsinin plan-ölçüsü sənədi tərtib edilmişdir. Başqa sözlə, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında fərdi yaşayış evinə və eyni zamanda, fərdi yaşayış evinin tikilməsi təyinatına uyğun torpaq sahələrinə malik olmuşdur. Bu mənada, iddiaçı yuxarıda istinad olunan Fərmanda nəzərdə tutulmuş anlamda yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməz. Həmçinin apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 0.24 ha torpaq sahəsində yerləşən tikilinin qazı, suyu, işığı, tavanı olmayan, mala baxan üçün yaşayış evi və tövlədən ibarət olması, 2016-cı ildə şərikinin atasının adından onun adına keçirilməsi və həmin tarixdən satılmaması onun yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid olması anlamına gəlmir” Oxşar mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-880/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında əks olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2342/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2342/2025
28.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver