Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2343/2021 19.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, tərcüməçi X1, iddiaçı Abaşidze Georgiy Yuriyeviçin, onun vəkili Vəkil iştirakları ilə, iddiaçı Abaşidze Georgiy Yuriyeviçin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Abaşidze Georgiy Yuriyeviç cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Abaşidze Georgiy Yuriyeviç məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığının mənsubiyyətinin tanınmaması haqqında” 01 sentyabr 2020-ci il tarixli ******* №li qərarının ləğv edilməsini və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18.08.1972-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Abaşidze Yuriy Konstantinoviç 1941-ci ildə Bakı şəhərində doğulmuşdur, anası X3 1942-ci ildə Bakı şəhərində doğulmuşdur. Abaşidze Yuriy Konstantinoviçlə X3 arasında 08.07.1972-ci il tarixində Bakı şəhərində Lenin (keçmiş) rayonunun VVADQ idarəsində nikah qeydə alınmışdır. Atası Y.K.Abaşidze o, azyaşlı olduqda anası ilə boşanaraq, ailəsini tərk etmişdir. Anası A.A.Roşina mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə uzun sürən xəstəlikdən sonra ölmüşdür. O, 1987-ci ildə Bakı şəhəri, o vaxtki Kirov rayonunda yerləşən, SSRİ qəhrəmanı E.Hüseynovun adına olan 83 saylı natamam orta məktəbi bitirmiş və elə həmin ildə Bakı şəhərində yerləşən 4 nömrəli Texniki-Peşə məktəbinə daxil olmuşdur. 27.06.1990-cı ildə isə 4 nömrəli Texniki- Peşə məktəbini “1-ci dərəcəli Motorist, 2-ci dərəcəli Tokar” peşəsi üzrə bitirmişdir. Texniki- Peşə məktəbini bitirdiyi il Ali Dəniz Məktəbinə daxil olmuş, lakin sonradan səhhətində yaranan narahatçılıqlar Ali Dəniz Məktəbində təhsilini davam etdirməyə imkan verməmişdir. 1991-ci ildə Ukrayna Respublikasına anasının qohumlarının yanına getmişdir. Ona məxsus Sovet pasportunda 29.05.1991-29.05.1992-ci illər üçün Ukraynada qeydiyyat möhürü vardır. 1992-ci ildə Azərbaycan Respublikasına qayıtmış və onun Sovet pasportuna Azərbaycan Respublikası vətəndaşı möhürü vurulmuşdur. Həmin tarixdən etibarən Azərbaycan Respublikası hüdudlarını tərk etmədən hal-hazıradək ölkə ərazisində yaşamışdır. O, anası ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışdır, halhazırda da orada yaşayır. Cari ilin (2020-ci il) avqust ayının 20-də cavabdeh orqana müraciət etsə də, sonuncunun 01.09.2020-ci il tarixli 788460 №li qərarı ilə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Hesab edir ki, qərar qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəməyə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya tərəfindən verilmiş iddiaya dair yazılı münasibət (etiraz) daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Abaşidze Georgiy Yuriyeviç 20.08.2020ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilərək, onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə 01.09.2020-ci il tarixdə ******* nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əsasən o, Azərbaycan Respublikasında pasport qeydiyyatında olmamışdır. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5.1-ci maddəsi və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.3-cü bəndinə əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətandaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən Qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (-“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbayca Respublikası Qanununun qüvvəyə mindiyi gönədək-1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Abaşidze Georgiy Yuriyeviç məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında cavabdeh inzibati orqanın qərarının qanunsuz olmasının nəzərə alınmaqla, məhkəmədən qərarın ləğv olunmasını xahiş etdi. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, 01 sentyabr 2020-ci il tarixli qərarına əsasən Abaşidze Georgiy Yuriyeviç 20.08.2020-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir və qeyd edilən qərarla Abaşidze Georgiy Yuriyeviçin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. İ-ЖГ seriyalı 322152 nömrəli “Doğum haqqında şəhadətnamə”yə (notarial qaydada tərcümə və təsdiq olunmuş surəti) əsasən Abaşidze Georgiy Yuriyeviç 18 sentyabr 1972-ci ildə Bakı şəhərində doğulmuşdur, atası kimi Abaşidze Yuriy Konstantinoviç, anası kimi Abaşidze Adilə Abdulovna qeydə alınmışlar. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün ərizə-anketə və həmin anketə əlavə olunmuş iddiaçıya məxsus XXİ-ЖГ seriyalı 654096 №li SSRİ vətəndaşının pasportunda (surəti) olan məlumatlara əsasən iddiaçı Abaşidze Georgiy Yuriyeviç 1972-cı ildə Azərbaycan, Bakı şəhərində doğulmuşdur. 28.09.1988-ci ildən 23.08.1990-cı ilədək ünvan 2 ünvanında, 29.05.1991-ci ildən 29.05.1992-ci ilədək isə Don vilayəti, İnşaatçılar prospekti, 54 yataqxana 12 ünvanında qeydiyyatda olmuşdur. Məhkəmənin müvafiq sorğularına əsasən; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli 018-2587-1221 №li cavab məktubuna əsasən iddiaçının Azərbaycan Respubikasının ərazisində qeydiyyatı olmamışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 01.03.2021-ci il tarixli 1024 №li cavab məktubunda göstərilmişdir ki, 1972-cı il təvəllüdlü Abaşidze Georgiy Yuriyeviçin adı Xidmətin Vahid Elektron İnformasiya Sistemində qeydiyyatdan keçmədiyi üçün barəsində məlumatın göndərilməsi mümkün olmamışdır. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və huquqi bağlılığı, qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Şəxsin Azərbaycan Respublikası vətəndaşı sayılmasının əsasları 30 sentyabr 1998-ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunur, həmin Qanunun 5-ci maddəsi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanır. Həmin maddənin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi. İddiaçının "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı hesab edilə bilməsi üçün iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (yəni 07.10.1998-ci il tarixədək) yaşayış yeri üzrə Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olmalı idi. İnzibati orqanın Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınmasından imtina ilə bağlı qərarından görünür ki, şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-cı il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmənin verdiyi sorğuya cavab olaraq Azərbaycan Respublikası DİNnin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin sorğuya cavab məktubuna əsasən iddiaçının Azərbaycan Respubikasının ərazisində qeydiyyatı barədə heç bir məlumat yoxdur. Məhkəmə onu da qeyd edir ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra iddiaçı həmin qanuna müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlığı əldə etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2343/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2343/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver