Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2343/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür, 58 yaş 6 ayı tamam olduqda sağlamlıq imkanları məhdud oğlu, xx.xx.1991-ci il təvəllüdlü X3 qulluq etdiyi üçün övladına qulluq etdiyi dövr sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubunda qeyd etmişdir ki, X2 qəyyumu olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir, daxil edilsə də, staj 25 ilə tamamlanmır. İddiaçı cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlıq imkanları məhdud olan oğlu, xx.xx.1991-ci il təvəllüdlü X3 qulluq etdiyi üçün övladına qulluq etdiyi dövr sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək Bakı Zərgərlik Zavodunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi dövr ərzində vəzifə öhdəliklərini layiqincə icra etmiş və aylıq əmək haqqı almışdır.Qızı- xx.xx.1988-ci il təvəllüdlü X7 ikinci dərəcəli əlildir. Bu fakt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xətai Rayon 2 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş TSE-01 seriyalı. 753290 nömrəli arayışla da təsdiq olunur. Bundan başqa, oğlu xx.xx.1991-ci il təvəllüdlü X8 ikinci dərəcəli əlildir. Oğluna “Birincili açıqbucaqlı qlaukoma; X10 adına MOM-un xx.xx.2021-ci il tarixli, 3398 nömrəli tibbi rəyinə əsasən: OD-a/b 3 C cərrahi əməliyyat olunmuş qlaukoma, afakiya, parsplanovitrektomiyadan sonrakı vəziyyət. OS-a/b- 3A qlaukoma'' əsas diaqnozu qoyulmuşdur. Bundan başqa, oğluna “Ağırlaşma H54.1 Binokulyar, ağır görmə pozğunluğu, X10 adına MOM-un xx.xx.2021-ci il tarixli, 3398 nömrəli tibbi rəyinə əsasən: VisOD=0.03 k/e (yüzdə üç), Vis OS=0.03 k/ilə 0.06(yüzdə altı) ” diaqnozu qoyulmuşdur. Bununla yanaşı, oğluna “G90.8 Vegatativ (avtonom) sinir sisteminin digər pozğunluqları, NSD kardial tipli ” diaqnozu, “H27.0 Afakiya, X10 adına MOM-un xx.xx.2021-ci il tarixli, 3398 nömrəli tibbi rəyinə əsasən: OU-Afakiya” diaqnozu qoyulmuşdur. Bu faktlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” haqqında arayışla təsdiq olunur. Övladları əlil olduğundan, sağlamlıq imkanları məhdud olduğundan uzun illərdir ki, övladlarının qayğısına qalıb, onları tərbiyə edib, baxım xərclərini qarşılamış, daim qulluq etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısı 1 Nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş, xx.xx.2024-cü il tarixli, 215/24 saylı arayışla da bu fakt təsdiq olunur. Övladlarını xəstəliklərinə görə müalicə etdirsə də, lakin heç bir nəticə verməmişdir, çünki bunlar müalicəsi olmayan xəstəliklərdir. Bildirir ki, o, xx.xx.1983-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuş, daha sonra xx.xx.2000-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək övladı xx.xx.1991-ci il təvəllüdlü X4 tərbiyə etmişdir. Beləliklə, bu bir daha onu təsdiq edir ki, onun ümumi sığorta stajım qanunvericiliklə tələb olunan 25 ilə tamamlanır. Cavabdehin etirazı: İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-17-1/2- T-163878/2024 nömrəli məktubunda iddiaçının yetərli sosial sığorta stajının olmadığını bildirərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Qeyd edək ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək övladı X6 qulluq etdiyi dövrlər nəzərə alınmaqla sığorta stajı 18 il 11 ay 9 gün təşkil edir. Bununla yanaşı, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışların surətlərində xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Könül Turənginin və xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək X2 qəyyumu kimi X9 qeyd edilmişdir. Eyni zamanda xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə Könül Turənginin qəyyumu qeyd olunmadığından sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq, sözügedən dövrlər iddiaçının sığorta stajına daxil edilsə belə, onun ümumi sığorta stajı qanunvericiliklə tələb olunan 25 ilə tamamlanmır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür, 58 yaş 6 ayı tamam olduqda sağlamlıq imkanları məhdud oğlu, xx.xx.1991-ci il təvəllüdlü X3 qulluq etdiyi üçün övladına qulluq etdiyi dövr sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Tibbi-sosial ekspert komissiyasının sənədlərindən görünür ki, iddiaçının hər iki övladının ikinci dərəcə əlillik dərəcəsi vardır. Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısı 1 Nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş, xx.xx.2024-cü il tarixli, 215/24 saylı arayışla təsdiq olunur ki, İddiaçı sağlamlıq imkanları məhdud uşaqlarını X4 (xx.xx.1991, AA3908928) və X5 (xx.xx.1988, AA2599344) 8 yaşınadək tərbiyə edib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər 8.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 8.2. Bu Qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: … 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti. ... 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: ... 4.1.7. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə:
1. qanuni nümayəndələrə münasibətdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara və himayəçilərə münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən; ...
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının xx.xx.1965-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 58 yaş 6 ayının tamam olduğu xx.xx.2024-cü il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsində əsasən tələb olunan 63 yaş 6 ay həddi 5 il azaldılmaqla pensiya almaq hüququ yaranmışdır. Nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən sığorta stajı 18 il 11 ay 19 gündür. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarətdir ki, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Könül Turənginin və xx.xx.2008-ci il tarixdən xx.xx.2009cu il tarixədək X2 qəyyumu kimi X9 qeyd edildiyindən həmin dövrlərin sığorta stajına hesablanması mümkün olmamışdır. Cavabdehin gətirdiyi dəlillər xx.xx.2022-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na uyğun deyil. Belə ki, həmin Qaydaların 4.1 və 4.1.7-ci bəndlərinə əsasən, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı qanuni nümayəndələrə münasibətdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin doğum haqqında şəhadətnaməsinə əsasən müəyyən edilir. Göründüyü kimi, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddətinin qanuni nümayəndəsinin iş stajına daxil edilməsi əlilliyi müəyyən edilmiş şəxsin doğum haqqında şəhadətnaməsinə əsasən müəyyən edilir, hər hansı aktın, arayışın, yaxud digər sənədin təqdim edilməsi ilə şərtləndirilmir. Kamran Turənginin 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxs kimi ona qulluq edilməsi dövrü sığorta stajına hesablanmalı olduğu halda cavabdehin tibbi-sosial ekspert komissiyasının müayinə aktı ilə bağlı imtina dəlillərinin heç bir hüquqi əsası yoxdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı sağlamlıq imkanları məhdud olan oğlu, xx.xx.1991-ci il təvəllüdlü X3 qulluq etdiyi üçün övladına qulluq etdiyi dövr sığorta stajına daxil edilməklə 58 yaç 6 aydan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı sağlamlıq imkanları məhdud olan oğlu, xx.xx.1991-ci il təvəllüdlü X3 qulluq etdiyi üçün övladına qulluq etdiyi dövr sığorta stajına daxil edilməklə 58 yaç 6 aydan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov