Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2344/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi verilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi əsasında doğum haqqında akt qeydinin bərpa edilməsi və şəhadətnamənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçıdan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnamə əsasında onun (xx.xx.1966-cı il tarixdə Ermənistanın Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olmuş, doğum faktı xx.xx.1966-cı il tarixdə Kalinino rayonunun Qızılşəfəq kənd sovetliyi tərəfindən 23 nömrəli aktla qeydə alınmış və xx.xx.1966-cı il tarixdə İ-ZJ (ЗЖ) seriyalı 911993 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmiş İddiaçı Siraç oğlunun) doğumum haqqında akt qeydinin soyadı: Vəliyev, adı: Bayram, ata adı: Siraç oğlu, doğum tarixi: xx.xx.1966-cı il. doğum yeri: Ermənistan Respublikasının Kalinino rayonunun Soyuqbulaq kəndi; atanın soyadı: Vəliyev, atanın adı: Siraç, atasının atasının adı: Çoban oğlu, atasın milliyyəti: azərbaycanlı; anasının soyadı: Vəliyeva. anasının adı: Xanpəri. anasının atasının adı: Qurban qızı, anasın milliyyəti: azərbaycanlı qeyd edilməklə bərpa edilməsi; ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı Siraç oğlu xx.xx.1966-cı il tarixdə Ermənistanın Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olmuşdur. İddiaçının doğumu Ermənistanın Kalinino rayonunun Qızılşəfəq kənd sovetliyi tərəfindən xx.xx.1966cı il tarixdə 23 nömrəli aktla qeydə alınmış və buna müvafiq olaraq İ-ZJ (ЗЖ) seriyalı 911993 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. 1972-ci ildə Soyuqbulaq kənd orta məktəbinin hazırlıq kursuna getmiş, 1973-cü ildə isə həmin məktəbin 1-ci sinfinə getmişdir. 1981-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Daha sonra təhsilini Qızılşəfəq kənd orta məktəbində davam etdirmiş və 1983-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirməmişdir. X1 1937-ci ildə Gürcüstanın Dmanisi rayonunun Muğanlı kəndində anadan olub. Anası Azərbaycan Respublikasının vətəndaşı olub, xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat edib. X4 1921-ci ildə Ermənistanın Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub. Atası Gürcüstan SSR-nin vətəndaşı olub. xx.xx.2002-ci il tarixdə Bakı şəhərində vəfat edib. İddiaçının anası Gürcüstanda yaşayış yeri üzrə qeydiyyatda idi, buna uyğun olaraq ona da anasının yaşayış yeri üzrə Gürcüstanda qeydiyyatda idi. xx.xx.1983-cü il tarixdə Gürcüstanın Tbilisi şəhərinin Lenin rayonunun İcraiyyə Komitəsinin Daxili İşlər Orqanı tərəfindən XİV-Tİ (ТИ) seriyalı, 510548 nömrəli SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. Elə həmin tarixdə də Gürcüstanın Tbilisi şəhərinin TEVZ qəsəbəsində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. xx.xx.1984-cü il tarixdə Gürcüstanın Tbilisi şəhərinin Lenin rayonunun Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. xx.xx.1984-cü il tarixdə hərbi xidmətə getmiş, xx.xx.1986-cı il tarixdə hərbi xidmətdən tərxis edilmişdir. Hərbi xidməti Rusiya Federasiyasının Çita şəhərində keçmişdir. Hərbi xidmətdən tərxis edildikdən sonra Gürcüstanın Tbilisi şəhərinin Lenin rayonuna geri dönmüşdür. xx.xx.1987 - xx.xx.1991-ci il tarixlərində Gürcüstanda Tbilisi şəhər 1 saylı Yol Təmir - Tikinti İdarəsində fəhlə vəzifəsində çalışmışdır. xx.xx.1992-ci il tarixdə Gürcüstanda yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. xx.xx.1992-ci il tarixdə Rusiyada yaşayış yeri üzrə qeydiyyata alınmışdır. 1994-cü ilə kimi orada yaşamış və həmin müddətdə tikintidə fəhlə kimi çalışmışdır. 1994-cü ilin təxminən may ayında Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişdir. 1994-cü ilin avqust ayında Azərbaycan Respublikasının Cəlilabad rayonunun Abazallı kəndində anadan olmuş X5 ilə ailə qurmuş, xx.xx.1995-ci il tarixdə isə onunla nikaha daxil olmuşdur. Onların nikahı xx.xx.1995-ci il tarixdə Cəlilabad rayon Təklə kənd nümayəndəliyi tərəfindən 05 nömrəli aktla qeydə alınmışdır. Onların ailə münasibətlərindən iki uşağı (xx.xx.1995-ci il tarixdə X10, xx.xx.1997-ci il tarixdə X11) doğulmuşdur. 1998-ci ildə Rusiya Federasiyasının Udmurtiya Respublikasına getmiş və orada tikintidə fəhlə kimi çalışmışdır. 1999-cu ilin əvvəllərində Azərbaycanın Bakı şəhərinə gəlmişdir. xx.xx.1999-cu il tarixdə Bakı şəhəri. ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin vaxtdan etibarən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. Hazırda, iddiaçının 58 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən etibarlı sənədi yoxdur. Bu səbəbdən də o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. İddiaçının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün doğum haqqında akt qeydi barədə məlumatların Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi lazımdır. Lakin yuxarıda da qeyd edildiyi kimi doğum haqqında şəhadətnamə ilə Ermənistanda təmin edildiyi üçün onun Azərbaycanda doğumum haqqında akt qeydi mövcud deyil, ona görə də həmin məlumatların Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi mümkün deyil. Bu səbəbdən də iddiaçının doğum haqqında akt qeydinin Azərbaycanda bərpa edilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, İddiaçı doğumu xx.xx.1966-cı il tarixdə 23 saylı aktla Ermənistan Respublikası, Kalinino rayonu, Qızılşəfəq kənd sovetliyi tərəfndən qeydə alınmışdır. Həmçinin şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır. Həmin qaydaların 1.14-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Suraxanı rayon qeydiyyat şöbəsi doğum haqqında akt qeydinin şəxsiyyət vəsiqəsi olmadan bərpası barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsilə bağı məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: İ-3Ж 911993 nömrəli doğum haqqında şəhadətnaməyə əsasənn xx.xx.1966-cı il təvəllüdlü Vəliyev X8 SSR, Kalinino rayonu, Soyuqbulaq kəndində anadan olmuşdur. Onun X4 (azərbaycanlı), X1dır (azərbaycanlı). Bu haqda məlumatlar vətəndaşlıq vəziyyəti aktlarının doğum haqqında qeydiyyat kitabında 1966-cı il may ayının 6-cı günündə 23 nömrə ilə qeydiyyatdan keçmişdir. Ermənistan SSR tərəfindən verilmiş pasportdan görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının, Soyuqbulaq rayonunda doğulmuşdur. Vİİ ЖГ № 267691 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı ilə X6 arasında nikah bağlanmışdır. Himayə sənədindən görünür ki, həmin sənəd Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandaki nümayəndəliyi tərəfindən xx.xx.1966-cı il təvəllüdlü İddiaçıa verilmişdir. Həmin sənəd xx.xx.2025-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 01 fevral 1966-cı il təvəllüdlü İddiaçı (himayə sənədi № 982-**********) Dövlət Miqrasiya Xidməti tərəfindən 23 aprel 2024-cü il tarixindən 30 aprel 2025-ci il tarixinədək ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/7-10-1805/2024 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, onun doğumu xx.xx.1966-cı il tarixdə 23 saylı aktla Ermənistan Respubliksı Vorontsovka rayonu, Qızılşəfəq kənd sovetliyi tərəfindən qeydə alındığından və şəxsiyyətini təsdiq edən sənədi olmadığından, doğum haqqında akt qeydinin şəxsiyyət vəsiqəsi olmadan bərpa edilməsi mümkün deyil. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1995-ci ildə Cəlilabad rayonunun Təklə icra nümayəndəliyində xx.xx.1967-ci il təvəllüdlü X2 ilə nikaha daxil olmuş, bu nikahdan xx.xx.1995-ci ildə Ləman Vəliyeva və 21,04.1997-ci ildə Sirac Vəlizadə adlı övladları doğulmuşdur. ’’Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu, ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır. Ədliyyə Nazirliyinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğum yerinin Ermənistan Respublikası olduğu müəyyən edilmişdir. Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində, eləcə də Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından İddiaçı doğumuna dair məlumat verilməsi mümkün deyildir. Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/7-10-244/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Siraç oğlu barəsində (doğum tarixi: xx.xx.1966-cı il) “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi”ndə axtarış aparılarkən doğum haqqında akt qeydi aşkar edilməmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, hazırki işin faktiki hallarından görünür ki, iddiaçı şəxsiyyət vəsiqəsi olmadan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi əsasında doğum haqqında akt qeydinin bərpa edilməsini və doğum haqqında şəhadətnamənin verilməsinə nail olmaq istəyir. Cavabdeh isə iddiaçının tələbini təmin etməkdən imtina edir və bu halı onunla əsaslandırır ki, onun şəxsiyyətini müəyyən edən sənəd olmadığından və onun doğumu Ermənistan Respubliksı Vorontsovka rayonu, Qızılşəfəq kənd sovetliyi tərəfindən qeydə alındığından həmin tələbin təmin edilməsi mümkün deyil. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddia tələbinin birinci hissəsi (şəxsiyyət vəsiqəsi olmadan himayə sənədi əsasında tələbin təmin edilməsi) ilə bağlı Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, ümumiyyətlə şəxsiyyət vəsiqəsi olmadan iddiaçıya doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olub-olmaması yoxlanılmalı, onun şəxsiyyətinin “Himayə sənədi” əsasında müəyyən edilib-edilməməsi məsələsinə qiymət verilməlidir. Bu istiqamətdə qiymətləndirmənin aparılması üçün məhkəmə aşağdaki qanunvericilik aktlarına istinad edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi üçün maraqlı şəxs vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Bu zaman qaydaların 9.3-cü bəndində səciyyələnmiş məlumatlar ərizədə göstərilməli, ərizəçininn şəxsiyyətini təsdiq edən sənədlər əlavə edilməlidir. Nəzərə alınmalıdır ki, ümumiyyətlə vətəndaşın “şəxsiyyətini təsdiq edən sənəd” dedikdə vətəndaşın şəxsiyyət vəsiqəsi başa düşülür. Bu cür yanaşma “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gəlir ki, həmin Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənəd qanunvericiliyin aparılmış təhlilinə uyğun olaraq yoxlanılmalı və həmin sənəd iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edildiyi halda, iddiaçıya vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi tələbi üzrə nəticə verilməlidir”. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş ***-*******52 saylı himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. Bundan başqa, məhkəmə vurğulamağı zəruri hesab edir ki, Ali məhkəmənin oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə maraqlı şəxsin şəxsiyyətini müəyyən edən sənəd (şəxsiyyət vəsiqəsi) olmadığı halda, onun şəxsiyyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfındən verilmiş “Himayə sənədi” əsasında müəyyən edilir. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1006/2019 saylı, xx.xx.2019-cu il tarixli) Məhkəmə akt qeydinin bərpası hissəsinə münasibətdə də hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas Müddəaların:
1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. 16-2. Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır. 16-3. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir. Məhkəmə müəyyən edir ki, qüvvədə olan qanunvericiliyə əsasən, Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpasına dair hər hansı hüquqi məhdudiyyət nəzərdə tutulmamışdır. Əksinə, müvafiq normativ-hüquqi aktlar həmin qeydlərin bərpası zamanı yer adlarının Azərbaycanın tarixi toponimlərinə uyğun formada yazılmasını tələb edir və bu prosesin Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri əsasında həyata keçirilməsini nəzərdə tutur. Bundan irəli gələrək, Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qanunvericiliklə məhdudlaşdırılmır. Bununla belə, digər xarici dövlətlərdə tərtib edilmiş akt qeydlərindən fərqli olaraq, qeydiyyat orqanları və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin aparıldığı müvafiq qeydiyyat orqanına məlumat göndərilməsi tələbi istisna edilir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası formal xarakter daşımış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı Siraç oğlundan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun doğumum haqqında akt qeydinin “soyadı: Vəliyev, adı: Bayram, ata adı: Siraç oğlu, doğum tarixi: xx.xx.1966-cı il, doğum yeri: Ermənistan Respublikasının Kalinino rayonunun Soyuqbulaq kəndi; atasının soyadı: Vəliyev, atasının adı: Siraç, atasının atasının adı: Çoban oğlu, atasın milliyyəti: azərbaycanlı; anasının soyadı: Vəliyeva, anasının adı: Xanpəri, anasının atasının adı: Qurban qızı, anasın milliyyəti: azərbaycanlı” qeyd edilməklə bərpa edilməsi və ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X17.