Məhkəmə qərarları › İş №2-1(112)-2345/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2345/2021

08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2345/2021 08.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, X14 fəhlə işləyir), cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir), üçüncü şəxs Cavabdeh2 (Bakı şəhərində qeydiyyatdadır, X14 agent işləyir), üçüncü şəxsin vəkili X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 29 saylı Vəkil Bürosunda işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh2 işə üçüncü şəxs qismində cəlb olunmaqla “Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yerləşən 2 saylı evin, 16 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının Cavabdeh2 razılıq ərizəsi olmadan qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yerləşən 2 saylı evin, 16 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının Cavabdeh2 razılıq ərizəsi olmadan qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yerləşən 2 saylı evin 3 otaqlı, yaşayış sahəsi 43.59 kv.metr olan 16 saylı mənzili Bakı şəhər X1 İcraiyyə Komitəsinin 03 dekabr 1971-ci il tarixli, 107314 saylı orderi əsasında iddiaçının atası X5 adına olmaqla, daimi yaşamaq üçün onlara verilmişdir. İddiaçının atası X15 01 yanvar 2005-ci il tarixdə, anası X12 isə 08 fevral 2005-ci il tarixdə vəfat etmişlər. Xətai rayon İcra Hakimiyyəti Başçısının 27.04.2005-ci il tarixli, 318 saylı sərəncamı ilə mənzilin şəxsi-maliyyə hesabında dəyişikliklər edilərək, kirayə müqaviləsi iddiaçı ilə bağlanılmışdır. Mənzildə İddiaçı, arvadı X6, uşaqları 09.09.2002-ci il təvəllüdlü X16 və 24.10.2003-cü il təvəllüdlü X17 və iddiaçının bacısı Cavabdeh2 yaşayırlar. Çox vaxtlar daimi olaraq onlara məlum olmayan ünvanda yaşayan və iddiaçının doğma bacısı olan Cavabdeh2 mənzili satıb, satış pulundan ona 20.000 manat vermək tələbi ilə razılaşmadığımdan, Cavabdeh2 mənzilin adına rəsmiləşdirilməsinə öz razılığını vermir. Bu səbəbdən iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış əldə edə bilmir. İddiaçı qeyd edilən ünvanın öz adına rəsmiləşdirilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqanın iddiaçının ərizəsinin icrasından imtina etmişdir. İddiaçı imtinanın əsassız və qanunsuz olduğunu bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 1 saylı Bakı Ərai İdarəsinə müraciəti zamanı, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdeh orqan göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Yeganlı iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs L. Əsgərova iddiaya dair etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili A.Poladova iddiaya dair etiraz edərək bildirmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır, qeyd edilən mənzil 03 dekabr 1971-ci il tarixli order əsasında iddiaçı və hüquqlarını müdafiə etdiyi şəxsin atası X5 istifadəsinə verilmiş və həmin orderdə mənzildə qeydiyyatda olan şəxslərin siyahısında Cavabdeh2 adı qeyd olunub, lakin iddiaçının adı qeyd olunmayıb, X15 rəhmətə gedəndən sonra müvəkkili və həmin mənzildə qeydiyyatda olan digər bacılarının razılıq ərizələri və 03 dekabr 1971-ci il tarixli order əsasında mənzillə bağlı sosial kirayə müqaviləsi 2005-ci ildə İddiaçı adına bağlanılmışdır. Cavabdeh2 həmin evdə 1971-ci ildən fasiləsiz olaraq bu günə kimi yaşayır və onun razılığı olmadan həmin mənzil iddiaçının mülkiyyətinə verilə bilməz. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini və üçüncü şəxsi və onun vəkilini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və 06.02.1973-cü ildə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.10.2020-ci il tarixli, **********55 nömrəli imtina məktubuna əsasən, iddiaçının qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyəti Başçısının 27.04.2005-ci il tarixli, 318 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, C.Kərimov küçəsindəki 2 nömrəli evin, yaşayış sahəsi 43,49 kv.m olan 3 otaqlı 16 nömrəli mənzilin kirayə müqaviləsi vətəndaş X13 ilə bağlanılması və mənzilin şəxsi-maliyyə hesabında dəyişiklik edilməsi, ailə tərkibi 8 nəfər olmaqla vətəndaş B.E.Əskərov mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin tərtib etdiyi C.Kərimov küçəsi 2 saylı binanının 16-cı mənzilin planına əsasən, dəhliz 5.7 kv.m, tualet, 1.2 kv.m, hamam 2.4 kv.m, mətbəxt 5.5 kv.m, otaq 16.4 kv.m, otaq 16.4 kv.m, otaq 10.79 kv.m olmaqla yaşayış sahəsi 43.59 kv.metrdir. X2 notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. Ölüm haqqında şəhadətnaməyə əsasən, X15 01 yanvar 2005-ci ildə ölmüşdür. Ölüm haqqında şəhadətnaməyə əsasən, X12 08 fevral 2005-ci ildə ölmüşdür. İddiaçının adına verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh2, 09.09.2002-ci il təvəllüdlü X16, 24.10.2003-cü il təvəllüdlü X17, 15.02.1980-ci il təvəllüdlü X6 ünvan 3 ünvanında qeydiyyatdadırlar. İddiaçının mərhum atası X5 adına verilmiş 03 dekabr 1971-ci il tarixli, 107314 nömrəli orderin surətinə əsasən, X15, X12, Cavabdeh2, X10, Əsgərova Mahirə Eynulla qızı ünvan 3 ünvanında yerləşən mənzilə sahəyə hüquq ilə köçmüşlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 2(011)-4436/2019 saylı iş üzrə qəbul edilmiş 19.06.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər X8 və X3 qarşı ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 43,59 kv.m olan 3 otaqlı, 16 saylı mənzilə dair olan sahiblik və istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərə qadağan olunması və həmin mənzildən onun istifadə qaydasının müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi qismən təmin edilmişdir. ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 43,59 kv.m olan 3 otaqlı, 16 saylı mənzilə dair maneələrin aradan qaldırılması cavabdehlər X8 və X3 həvalə edilmiş və iddiaçının mənzildən maneəsiz istifadəsi ilə bağlı hər hansı hərəkətlərin edilməsi cavabdehlərə qadağan edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçının və 3-cü şəxsin atası X11 1971-ci ildə order əsasında ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 43,59 kv.m olan 3 otaqlı, 16 saylı mənzil ayrılmışdır. X5 vəfatından sonra Xətai rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında qeyd edilən mənzilin kirayəçisi iddiaçı hesab olunmuşdur. İddiaçı mənzili öz adına özəlləşdirilməsi üçün cavabdehə müraciət etsə də, mənzildə yaşayan həmin mənzil sahəsinə hüququ olan şəxslərin ərizələri təqdim edilmədiyindən müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab etmir: Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsindən görünür ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən, vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. İşin faktiki hallarına əsasən ünvan 5 ünvanda yerləşən 16 saylı mənzilin İddiaçı adına özəlləşdirməsinə həmin ünvanda yaşayan bacısı Cavabdeh2 etiraz edir. Göründüyü kimi iddiaçının özəlləşdirmək istədiyi mənzil mübahisəli mənzildir, bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yerləşən 2 saylı evin, 16 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunauyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə uyğun olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yerləşən 2 saylı evin, 16 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının Cavabdeh2 razılıq ərizəsi olmadan qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yerləşən 2 saylı evin, 16 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının Cavabdeh2 razılıq ərizəsi olmadan qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar