Məhkəmə qərarları › İş №2-1(112)-2346/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2346/2025

04.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2346/2025 04.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X17 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daşınmaz əmlakın reyestr nömrəsi **********14-10301 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 (Yeni qaydalarla: AZ1022 ünvan 1 ünvanında yerləşən 82 kv.m olan fərdi yaşayış və 0.0103 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı qeyd edilən ünvanda yerləşən 0.0276 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətinə imtina cavabı vermişdir. İmtina məktubunda bildirilmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən X19 ilə İddiaçı arasında bağlanmış 4Ə-1014 reyestr nömrəli, 10.05 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi ünvanında olan “5a” saylı fərdi yaşayış evi İddiaçı adına özgəninkiləşdirilmişdir. Bildiririk ki, sözugedən fərdi yaşayış evi ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə içtimai komissiyasının 4 nömrəli, xx.xx.2001-ci il tarixli protokoldan çıxarışa əsasən Ermənistan Respublikasından qaçqın düşmüş fiziki şəxsin adına qeydiyyata alınmışdır. “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli № 552 fərmanının həmin dövrdə quvvədə olmuş 7-ci bəndinə əsasən 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi ünvanında olan 5a saylı fərdi yaşayış evi və 103 kv.m olan tikinti altı torpaq sahəsi üzərində hüquqların İddiaçı adına vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,0276 ha torpaq sahəsinin Dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı (nümayəndəsi vasitəsilə) xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2, Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, giriş 113A ünvanında yerləşən 259,6 (qeydə alınan 103 kv.m ilə birlikdə) kv.m torpaq sahəsinin Dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 0,0276 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən almışdır. Qeyd edir ki, aldığı fərdi yaşayış evi Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 4 nömrəli, xx.xx.2001-ci il tarixli protokolundan çıxarışa əsasən Ermənistan Respublikasından qaçqın düşmüş fiziki şəxsin adına qeydiyyata alınmışdır. Aldığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0,0276 kv.metr olduğu halda cavabdeh inzibati orqan yalnız fərdi yaşayış evinin altında yerləşən 103 kv.metr hissəsini xx.xx.2024cü il tarixli çıxarışa əsasən qeydiyyata almışdır. Tərəfindən xx.xx.2024-cü il tarixdə ərizə ilə 276 kv.metr torpaq sahəsinin dövlət reyestrində qeydə alınması məqsədi ilə müraciət edilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli bildirişi ilə ərizəni təmin etməmişdir. Cavabdeh inzibati orqan qərəzli olaraq və hər hansı bir qanuni əsas olmadan ona məxsus olan torpaq sahəsini dövlət qeydiyyatına almaqdan imtina edir. Hesab edir ki, cavabdeh inzibati orqanın yuxarıda qeyd olunan hərəkətləri qanunsuz hesab edilməli və tələbi üzrə qərar qəbul edilməlidir. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İdarənin arxiv məlumatlarına əsasən X20 ilə İddiaçı arasında bağlanmış 4Ə-1014 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi ünvanında olan “5a” saylı fərdi yaşayış evi İddiaçı adına özgəninkiləşdirilmişdir. Sözügedən fərdi yaşayış evi ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 4 nömrəli, xx.xx.2001-ci il tarixli protokoldan çıxarışa əsasən Ermənistan Respublikasından qaçqın düşmüş fiziki şəxsin adına qeydiyyata alınmışdır. “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli, № 562 fərmanının həmin dövrdə qüvvədə olmuş 7-ci bəndinə əsasən 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi ünvanında olan “5a” saylı fərdi yaşayış evi və 103 kv.m olan tikinti altı torpaq sahəsi üzərində hüquqların İddiaçı adına vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili yazılı qaydada məhkəmə çıxışı təqdim etmiş və ona uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, Abbas Səhhət küçəsi ünvanında yerləşən 5 “A” saylı fərdi yaşayı evi 1958-ci ildə inşa edilmiş, həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1974-cü il tarixdə Pasport tərtib və təsdiq edilmişdir. Pasport ilkin olaraq Çilinqarov Zaid A. adına tərtib edilib, sonradan X3 adına, daha sonra X8 adına keçirilməsi barədə pasportda qeydlər aparılmışdır. Həmin ev iki literli - “A” və “B” literlərindən ibarət olmuş, 1974-cü ildə tərtib edilmiş texniki pasporta əsasən həyətyanı torpaq sahəsi 334.1 kv.metr təşkil etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə komissiyasının 4 nömrəli, xx.xx.2001-ci il tarxli protokoldan çıxarışa əsasən X8 yaşadığı A.Səhhət küçəsindəki özbaşına inşa edilmiş 5a saylı evə qeydiyyat vəsiqəsinin verilməsi Tİ və MHQ İdarəsinə tapşırılması qərara alınmışdır. Həmin ev iki literli (“A” və “B”) olmaqla qeydiyyatdan keçmiş və qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Sonradan həmin A və B literləri ayrı-ayrı fiziki şəxslərin adına özgəninkiləşdirilmişdir. (“B” literi) X6 ilə X5 arasında bağlanılmış xx.xx.2003-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən A.Səhhət küçəsi 5a saylı evdən sahəsi 21.5 kv.metr olan 1 otaqlı “B” tikilisi Alıcı - X11 mülkiyyətinə verilmişdir. Bundan sonra, X11 adına A357131 nömrəli 358.0 kv.metr torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sənədin verilməsinə əsas xx.xx.2003-cü il tarixli FM seriyalı 021055 saylı qeydiyyat vəsiqəsi və İHB-nın xx.xx.2004-cü il tarixli 295 saylı Sərəncamı olmuşdur. (xx.xx.2003-cü il tarixli FM seriyalı 021055 saylı qeydiyyat vəsiqəsi və İHB-nın xx.xx.2004-cü il tarixli 295 saylı Sərəncamı təqdim edilməmişdir.) Bunun əsasında Quliyeva Durnanın adına xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********32-10301 reyestr nömrəli çıxarış verilmişdir. Çıxarışda evin ünvanı eyni olaraq, “A.Səhhət küçəsi 5a” göstərilmiş, halbuki bölünmə nəticəsində evin ünvanı dəyişdirilməli idi, evin ümumi sahəsi 575.1 kv.metr olmaqla 12 otaqlı, torpaq sahəsi 358.0 kv.metr olmaqla xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixli Bağışlama müqaviləsinə əsasən X21 A.Səhhət küçəsi 5a saylı ünvanda yerləşən ümumi sahəsi 575.1 kv.metr olan, 12 otaqlı evi qardaşı X13 bağışlamışdır. (“A” literi) X6 ilə Alıcı Xasayeva (Vəliyevə) Vüsalə Cəfər qızının arasında bağlanılmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən A.Səhhət küçəsi 5a saylı evdən sahəsi 45.6 kv.metr olan 3 otaqlı “A” tikilisi Alıcının - X12 mülkiyyətinə verilmişdir. Satıcı X7 ilə Alıcı İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən A.Səhhət küçəsi 5a saylı evdən sahəsi 45.6 kv.metr olan 3 otaqlı “A” tikilisi Alıcının mülkiyyətinə verilmişdir. Alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyat aparılmış, lakin faktiki torpaq sahəsinin ölçüsü 259,6 kv.metr təşkil etməsinə baxmayaraq, qeydiyyat orqanı (cavabdeh) yalnız 103,0 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyatını aparmış, yerdə qalan 156,6 kv.metr torpaq sahəsinə isə Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə komissiyasının 4 nömrəli, xx.xx.2001-ci il tarxli protokoldan çıxarışı və Ermənistan Respublikasından qaçqın düşmüş fiziki şəxsin adına qeydə alınmasını əsas gətirərək hüquqları qeydə almaqdan imtina etmişdir. Qeyd: göründüyü kimi “A” və “B” literləri ayrı-ayrı fiziki şəxslərin xeyrinə özgəninkiləşdirilmiş, bununla da ünvan 3 ünvanında yerləşən fərdi yaşayı evi (həyətyanı sahə) iki hissəyə bölünmüşdür. 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli məlumatına əsasən, baxış nəticəsində torpaq sahəsinin ümumi sahəsi 0.02596 ha təşkil edir, üst-üstə düşmə yoxdur. 0.02596 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas: 1. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1974-cü il tarixli Pasport; 2. İddiaçı cavabdehə müraciəti; 3. Alqısatqı müqaviləsi; 4. Fərdi evin hüquqi vəziyyəti barədə cavabdeh orqanın arxivində saxlanılan hüquqmüəyyənedici və texniki sənədlər. Tələbin hüquqi əsası: Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Nəticə: Bakı şəhəri Nəsimi rayonu, Abbas Səhhət küçəsi ünvanında yerləşən, 1958-ci ildə inşa edilmiş, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1974-cü il tarixli Pasportla rəsmiləşdirilmiş 5 “A” saylı fərdi yaşayı evinin “A” literi alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən alqı-satqı qaydasında satın alınmışdır. Həmin pasportda göstərilən cizgi daxilində yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu qeydə alınması tələbi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh yalnız 103,0 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyatını aparmış, yerdə qalan 156,6 kv.metr torpaq sahəsinə isə Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə komissiyasının 4 nömrəli, xx.xx.2001-ci il tarxli protokoldan çıxarışı və Ermənistan Respublikasından qaçqın düşmüş fiziki şəxsin adına qeydə alınmasını əsas gətirərək hüquqları qeydə almaqdan imtina etmişdir. Halbuki, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə komissiyasının 4 nömrəli, xx.xx.2001-ci il tarxli protokoldan çıxarışı yalnız tikililərin qeydə alınması üçün əsas olmuş, həmin protokol qərarı ümumiyyətlə torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilə bilməz, torpaq sahəsinin statusu Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportla və hüquq əldəedənin ərizəsi əsasında müəyyənləşdirilir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, giriş 113A ünvanında yerləşən 259.6 kvm torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış 156.6 kv.m hissəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinə imtina cavabı vermiş, imtina məktubunun və iddiaya dair etirazın dəlilləri ondan ibarətdir ki, sözugedən fərdi yaşayış evi ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 4 nömrəli, xx.xx.2001-ci il tarixli protokoldan çıxarışa əsasən Ermənistan Respublikasından qaçqın düşmüş fiziki şəxsin adına qeydiyyata alınmışdır. “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli № 552 fərmanının həmin dövrdə quvvədə olmuş 7-ci bəndinə əsasən 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi ünvanında olan 5a saylı fərdi yaşayış evi və 103 kv.m olan tikinti altı torpaq sahəsi üzərində hüquqların İddiaçı adına vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Bununla bağlı aşağıdakılar qeyd edilir: Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 0.02596 ha təşkil edir. Vahid elektron kadastr bazasında tərtib edilmiş koordinatlara və baş plana əsasən digər əmkala üst-üstə düşmə halı yoxdur. Artıq torpaq sahəsi istifadə edilir. Sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Cavabdehin xx.xx.2025-ci il tarixdə AZEMİS elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi sənədin surətindən görünür ki: - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1974-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə aid Pasporta əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi kimi ilk öncə X10, sonra X4, daha sonra isə X14 qeyd edilmişdir. Fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin ölçüsü 334.1 kv.m göstərilmişdir. Həmin ünvanda A və B tikilisi mövcuddur. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubla AZEMİS elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi sənədlərin surətindən görünür ki: -xx.xx.2003-cü il tarixli Müqaviləyə əsasən X18 ünvan 2 ünvanında yerləşən B tikilisini X1. -AN-İ ******* nömrəli xx.xx.2005-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X18 ünvan 2 ünvanında yerləşən A tikilisini X2. - xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən X20 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. - Daşınmaz əmlakın reyestr nömrəsi **********14-10301 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 (Yeni qaydalarla: AZ1022 ünvan 1 ünvanında yerləşən 82 kv.m olan fərdi yaşayış və 0.0103 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanının xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin. Həmin Fərmanın xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərinin olubolmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsini iki ay müddətində təmin etsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər ... Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş, Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. Göründüyü kimi, qanunverici Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş, yalnız şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu hüquqmüəyyənedici sənəd kimi qəbul etmişdir. İddia olunun daşınmaz əmlaka dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid 1974-cü il tarixli pasport həm iddiaçı, həm də cavabdeh tərəfindən (sorğu əsasında) məhkəməyə təqdim olunmuşdur. Beləliklə, iş materiallarından müəyyən edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən ünvan 2 ünvanında yerləşən 334.1 kv.m torpaq sahəsində A və B tikilisi mövcud olmuş, 334.1 kv.m torpaq sahəsindən 256.9 kv.m torpaq sahəsi və onun üzərindəki A tikilisi hazırda İddiaçı faktiki istifadəsində olsa da, 256.9 kv.m torpaq sahəsindən sadəcə 103 kv.m torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda cavabdeh inzibati orqanın imtinası formal tələblərə əsaslanır. Belə ki, mübahisələndirilən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcuddur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 259,6 kv.m torpaq sahəsinin (qeydə alınan 103 kv.m torpaq sahəsi ilə birlikdə) dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar