Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2347/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı onun xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixinədək “Zəhmət” kooperativinin və xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək “İstanbul” Ticarət firmasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona 65 yaşından, yəni xx.xx.1957-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. İddiaçının əmək fəaliyyətinə başladığı müddətdən hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. İddiaçı 65 yaşı tamam olduqdan sonra ona əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir və iddiaçıdan xx.xx.2022-ci il tarixli məktubla Qazaxıstan Respublikasındakı sığorta stajının müəyyənləşdirilməsi üçün şəxsiyyətini təsdiq edən sənədin rus dilində tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi tələb olunmuşdur. İddiaçı cavabdehin tələbini nəzərə alaraq, şəxsiyyət vəsiqəsinin rus dilində tərcümə olunmuş surətini notarial qaydada təsdiq edərək, cavabdehə təqdim etmişdir. Bundan sonra iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla sığorta stajının 24 il 2 ay 6 gün təşkil etdiyi, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı, əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yarandığı, araşdırma zamanı xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixinədək “Zəhmət” kooperativinin və xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək “İstanbul” Ticarət firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin illərin araşdırılmasının və sığorta stajına daxil edilməsinin mümkün olmadığı, bu səbəbdən ümumi sığorta stajı qanunla nəzərdə tutulan 25 il müddətdən az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiiyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli məktubla iddiaçının əmək kitabçasına əsasən sığorta stajının 11 il 10 ay təşkil etdiyi, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı, əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yarandığı, araşdırma zamanı xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixinədək “Zəhmət” kooperativinin və xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək “İstanbul” Ticarət firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından, həmin illərin araşdırılmasının və sığorta stajına daxil edilməsinin mümkün olmadığı, həmçinin iddiaçının Qazaxıstan Respublikasındakı əmək fəaliyyəti dövrü sığorta stajına əlavə olunduğu təqdirdə, sığorta stajının 13 il 7 ay təşkil edəcəyi, bu halda belə sığorta stajının tələb olunan müddətdən az olduğu bildirilmişdir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi hüquqlarını pozur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarla xx.xx.2022-ci il tarixdən 240 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyasına əlavə edilərək iddiaçıya ödəniləcəkdir. İddiaçıya əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə SMS bildiriş göndərilmişdir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi.
6. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
7. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
8. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva