Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2349/2023 15.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinə qarşı “torpaq sahəsinin verilməsi və ya torpaq sahəsinin dəyərinin ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2005-ci tarixli 21/24 saylı qərarı ilə ona ayrılan torpaq sahəsinin ona təqdim edilməsi və ya həmin torpaq sahəsinin mövcud bazar qiymətinə uyğun olaraq qiymətləndirilərək, dəyərinin ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə, torpaq sahəsi almaq üçün 2005-ci ildə Bakı şəhəri Binəqədi rayon Xocəsən qəsəbə bələdiyyəsinə müraciət etmişdir. Müraciətinə əsasən Xocəsən qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 21/24 saylı qərarı ilə ona alqı-satqı yolu ilə qəsəbə ərazisində 600 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin qərara uyğun olaraq tərəfindən Xocəsən qəsəbə bələdiyyəsinin bank hesabına 2.400.000 (AZM) vəsait ödənilmişdir. Xocəsən qəsəbə bələdiyyəsinin qərarına əsasən Binəqədi rayon Xocəsən qəsəbə ərazisində olan və ona verilən torpaq sahəsinin ölçüsü və ünvanı qeyd edilməklə cizgisi Binəqədi rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmışdır. Ayrılan torpaq sahəsinin yeri ona göstərildikdən sonra, tərəfindən həmin torpaq sahəsinə mişar daşı gətirilərək sahənin ölçülərinə uyğun olaraq, dörd tərəfindən hasar inşa edilmişdir. Lakin maddi vəziyyətində çətinliklər olduğu səbəbindən tikinti işlərini dayandırmağa məcbur olmuşdur. Sonradan mütəmadi olaraq torpaq sahəsinə getməklə yanaşı orada olan qonşularla əlaqə saxlayırdı. 2013-cü ilin yaz aylarında qonşular ona zəng edərək onun torpaq sahəsində ev inşa edildiyini bildirmişlər. Əraziyə gəldikdən sonra evin inşa edən şəxslə görüşmüş və onda həmin torpaq sahəsinə dair sənədlərinin olduğu ona bildirmişdir. Məcburiyyət qarşısında qalaraq, Xocəsən qəsəbə bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə sədri onu qəbul etmiş və sənədlərlə tanış olaraq bələdiyyədə işləyən memara məsələnin araşdırılmasını tapşırmışdır. Araşdırmadan sonra ona bildirilmişdir ki, ona ayrılan torpaq sahəsi səhv olaraq verilib. Yəni torpaq sahəsi başqa bir ünvanda yerləşdiyi müəyyən edilmişdir. Nəticədə ona başqa bir sahə göstərilmişdir. Həmin ərazəyə tərəfindən 2000 ədəd mişar daşı gətirilmişdir. 2022-ci ildə həmin ərazidə hasar tikmək istəsə də məlum olmuşdur ki, bu sahə də başqa şəxsə məxsusdur. Torpaq sahəsinin ona ayrılmasını dəqiqləşdirmək üçün o, Milli Arxiv İdarəsinə müraciət etmişdir. AR Milli Arxiv İdarəsinin Bakı filialının xx.xx.2021 -ci il tarixli BA-01137-2020 saylı cavab məktubu ilə Xocəsən qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 21/24 saylı qərarının və torpağa dair cizginin arxivdə mövcud olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər Binəqədi rayonu Xocasən Bələdiyyəsinin iddiaya dair etirazı məhkəməyə daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdr. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın mümkün hesab edilərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1965-ci ildə İmişli rayonu, Cəfərli kəndində doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayonu Xocahəsən Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005ci il tarixli 052027 №-li kassa mədaxil orderinin qəbzinin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən ******* (iki milyon dörd yüz min) manat torpaq sahəsinin dəyəri ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Xocasən Bələdiyyəsinin “vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” 21/24 №-li, xx.xx.2005-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmış cizgi ilə müəyyənləşdirilmiş (cizgi əlavə olunur) ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv. metr torpaq sahəsinin alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. İddiaçı 4-cü mədənə gedən asfalt yolunda ayrılmış 600 kv. metr torpaq sahəsinə dair cizgi Xocasən Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı ünvanlanmış BA-01137-2020 saylı xx.xx.2020-ci il tarixli məktubunda İddiaçı barəsində Binəqədi rayon Xocasən Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixl, 21/24 saylı qərarı və ona əlavə edilmiş cizgi sənədinin Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, həmin qərarın və ona əlavə edilmiş cizgi sənədinin təsdiq edilmiş ksero surətləri iki vərəqdən ibarət göndərildiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdeh orqana ərizə ilə müraciət olunsa da (xx.xx.2022-ci il tarixli ********* nömrəli poçt qəbzinə əsasən) müraciəti sonuncu tərəfindən cavablandırılmamışdır. Hazırda iddiaçı cavabdeh bələdiyyə tərəfindən ona ayrılan torpaq sahəsinin ona naturada təqdim edilməsi və ya həmin torpaq sahəsinin mövcud bazar qiymətinə uyğun olaraq qiymətləndirilərək, dəyərinin ona ödənilməsini tələb edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Göründüyü kimi, qanunvericilikdə iddaçının hazırki tələbi üzrə (bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin ona təqdim olunması) iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Bundan əlavə iddia ərizəsindən görünür ki, Xocəsən qəsəbə bələdiyyəsinin qərarına əsasən Binəqədi rayon Xocəsən qəsəbə ərazisində olan və ona verilən torpaq sahəsinin ölçüsü və ünvanı qeyd edilməklə cizgisi Binəqədi rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmışdır. Ayrılan torpaq sahəsinin yeri ona göstərildikdən sonra, tərəfindən həmin torpaq sahəsinə mişar daşı gətirilərək sahənin ölçülərinə uyğun olaraq, dörd tərəfindən hasar inşa edilmişdir. Sonradan 2013-cü ildə ona məxsus olan torpaq sahəsində digər şəxs tərəfindən ev inşa edildiyi ona məlum olsa da, buna dair məhkəməyə müraciət olunmamışdır. İddiaçının həmin torpaq sahəsinin mövcud bazar qiymətinə uyğun olaraq qiymətləndirilərək, dəyərinin ona ödənilməsi tələbinə gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan bələdiyyə qərarından göründüyü kimi mübahisəli torpaq sahəsi alqı-satqı müqaviləsi ilə iddiaçıya ayrılmışdır, müqavilənin ləğv edilməsi əsasları və qaydası isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-423-cü maddələrində təsbit edilmişdir. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinə qarşı “torpaq sahəsinin verilməsi və ya torpaq sahəsinin dəyərinin ödənilməsi” tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2349/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2349/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver