Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-235/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X2 (ünvanı: ünvan 1ş yeri və vəzifəsi: “Verdiktum” vəkil bürosu, vəkil), cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, MİK 82; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı 01 sentyabr 1977-ci il tarixdən 23 sentyabr 1980-ci ilədək X5 Donanmasının nəzdində olan orta texniki peşə məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək, iddiaçıya 23 fevral 2018-ci ildən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1977-ci ildən 23 sentyabr 1980-ci ilədək X5 Donanmasının nəzdində olan orta texniki peşə məktəbində təhsil almışdır. 24 sentyabr 1980-ci ildə X5 Donanmasının “Qr.Flippov" gəmisinə 1-ci dərəcəli motorçu vəzifəsinə qəbul edilmişdir. 31 oktyabr 1981-ci ildən 06 dekabr 1983-cü ilədək hərbi xidmətdə olmuşdur. 16 iyun 1984-cü ildə “PS-169" gəmisinə 1-ci dərəcəli motorçu vəzifəsinə qəbul edilmişdir. 20 iyul 1984-cü ildə “MPNS-3” gəmisinə 2-ci dərəcəli motorçu, 17 iyul 1986-cı ildə həmin gəmiyə 1-ci dərəcəli motorçu, 26 aprel 1989-cu ildə “840” gəmisinə 2-ci mexanik, 28 noyabr 1989-cu ildə “Orion-24” gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir. 02 iyul 1994-cü ildə öz təşəbbüsü ilə işdən azad edilmişdir. 13 mart 1995-ci ildə “M.Süleymanov” gəmisinə 2-ci miixanik vəzifəsinə qəbul edilmişdir. 28 noyabr 1995-ci ildə həmin gəmidə böyük mexanik, 02 iyun 1997-ci ildə 2-ci mexanik, 07 yanvar 1999-cu ildə isə böyük mexanik vəzifəsinə keçirilmişdir. 11 mart 2003-cü ildə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 01 aprel 2003-cü ildə “Karvan-2" gəmisinə 2ci mexanik vəzifəsinə qəbul edilmişdir. 29 oktyabr 2004-cü ildə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 01 sentyabr 2011ci ildə “Bunkerovşik-7” gəmisinə 2-ci mexanik vəzifəsinə qəbul edilmişdir. 18 sentyabr 2012-ci ildə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 28 sentyabr 2012-ci ildə “Şirvan-3" gəmisinə 2-ci mexanik vəzifəsinəqəbul edilmişdir. Hal-hazırda isə “Üfuq” gəmisində 2-ci mexanik vəzifəsində işləyir. İşin faktiki hallarından göründüyü kimi onun xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi əmək stajı yaranmış və həmin stajın 12 il 6 aydan artıq müddətini zərərli iş təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsinə uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş xx.xx.1980-ci il tarixli Əmək Kitabçasına əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Bakı şəhəri 95 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır; xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Xəzər Neft-Qaz Donanma İdarəsində 1-ci dərəcəli motorçu, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi Xəzər Neft-Qaz Donanma İdarəsində 1-ci dərəcəli motorçu, xx.xx.1984-cü ildən “AS-169" gəmisinə 1-ci dərəcəli motorçu vəzifəsinə qəbul edilmişdir. 20 iyul 1984-cü ildən “MPNS-3” gəmisinə 2-ci dərəcəli motorçu, 17 iyul 1986-cı ildə həmin gəmiyə 1-ci dərəcəli motorçu, 26 aprel 1989-cu ildə “840” gəmisinə 2-ci mexanik, 28 noyabr 1989-cu ildə “Orion-24” gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir. 02 iyul 1994-cü ildə öz təşəbbüsü ilə işdən azad edilmişdir. 13 mart 1995-ci ildə “M.Süleymanov” gəmisinə 2-ci miixanik vəzifəsinə qəbul edilmişdir. 28 noyabr 1995-ci ildə həmin gəmidə böyük mexanik, 02 iyun 1997-ci ildə 2-ci mexanik, 07 yanvar 1999-cu ildə isə böyük mexanik vəzifəsinə keçirilmişdir. 11 mart 2003-cü ildə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 01 aprel 2003-cü ildə “Karvan-2" gəmisinə 2ci mexanik vəzifəsinə qəbul edilmişdir. 29 oktyabr 2004-cü ildə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 01 sentyabr 2011ci ildə “Bunkerovşik-7” gəmisinə 2-ci mexanik vəzifəsinə qəbul edilmişdir. 18 sentyabr 2012-ci ildə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 28 sentyabr 2012-ci ildə “Şirvan-3" gəmisinə 2-ci mexanik vəzifəsinə qəbul edilmişdir. Hal-hazırda isə “Üfuq” gəmisində 2-ci mexanik vəzifəsində işləyir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubla bildirmişdir: “Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, ‘ Əmək pensiyaları haqqında' ‘ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 ıl sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixınədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixində qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-İi siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İş materiallarından görünür ki, cavabdeh orqan imtina məktubunda və iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş 130533 nömrəli Diploma əsasən iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixə kimi 95 nömrəli Texniki Peşə Məktəbdə təhsil almışdır. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət dövrü və təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Həmin Qanununun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. İş materiallarında əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının təhsil dövrü də, həmçinin hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (29 il) ümumi iş stajı mövcud olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarından görünür ki, "xxxx" QSC X5 Donanmasının xx.xx.2019-cu il tarixli Arayışında göstərilmişdir: “Verilir xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.1980-ci ildə X5 Donanmasının k/s “Qr.Filippov” gəmisinə 1-ci dərəcəli motorçu vəzifəsinə (xx.xx.1980-ci il tarixli 205-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1981-ci ildə hərbi xidmətə çağırışla əlaqədar Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən (xx.xx.1981-ci il tarixli 237-k nömrəli əmr) işdən azad edilmişdir. Hərbi xidmət müddəti: xx.xx.1981 - xx.xx.1983-cü il, h/b NZ N ******* xx.xx.1984-cü ildə “PS-169” gəmisinə 1-ci dərəcəli motorçu vəzifəsinə (xx.xx.1984-cü il tarixli 128-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1984-cü ildə t/x “MPNS-3” gəmisinə 2ci dərəcəli motorçu (xx.xx.1984-cü il tarixli 178-k nömrəli əmr), xx.xx.1986-cı ildə həmin gəmiyə 1-ci dərəcəli motorçu (xx.xx.1986-cı il tarixli 165-k nömrəli əmr), xx.xx.1989-cü ildə m/k “840” gəmisinə 2-ci mexanik (xx.xx.1989-cu il tarixli 92-k nömrəli əmr), xx.xx.1989-cu ildə m/k “Orion-24” gəimisinə böyük mexanik vəzifəsinə (xx.xx.1989-cu il tarixli 254-k nömrəli əmr) keçirilmişdir. xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) (xx.xx.1994-cü il tarixli 111-k nömrəli əmr) işdən azad edilmişdir. xx.xx.1995-ci ildə t/x “ M.Süleymanov” gəmisinə 2-ci mexanik vəzifəsinə (xx.xx.1995-ci il tarixli 44-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1995-ci ilcə “M.Süleymanov” gəmisinə böyük mexanik (xx.xx.1995-ci il tarixli 210-k nömrəli əmr), xx.xx.1997-ci ildə “M.Süleymanov" gəmisinə 2-ci mexanik (xx.xx.1997-ci il tarixli 95-k nömrəli əmr), xx.xx.1999-cu ildə “M.Süleymanov” gəmisinə böyük mexanik vəzifəsinə (xx.xx.1999-cu il tarixli 01-k nömrəli, əmr) keçirilmişdir. xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2003-cü il tarixli 33-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2003-cü ildə “Karvan-2” gəmisinə 2-ci mexanik vəzifəsinə (xx.xx.2003-cü il tarixli 74-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən ( başqa gəmilərə göndərilməsi ilə əlaqədar öz xah şi ilə) (xx.xx.2004-cü il tarixli-273-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2011-ci ildə “Bunkerovşik-7” gəmisinə 2-ci mexanik vəzifəsinə (xx.xx.2011-ci il tarixli 230-k nömrəli əmr) işə qəbul edilmişdir. 18.09 2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2012-ci il tarixli 822-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012ci ildə “Şirvan-3” gəmisinə 2-ci mexanik vəzifəsinə (xx.xx.2012-ci il tarixli 565-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda “Üfüq” gəmisində 2-ci mexanik vəzifəsində çalışır. Şəxsi iş: N 1082. Yuxarıda adı çəkilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Naziılər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N-İi qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 20 il 08 ay 08 gün təşkil edir.” Göründüyü kimi, işəgötürən tərəfindən verilən arayışlardan müəyyən edilir ki, iddiaçının işlədiyi vəzifələr (üzən heyətinin nəqliyyat donanması gəmilərində motorçu və mexanik) gəmi heyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2000-ci il tarixli, 83 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası dəniz nəqliyyatı gəmilərində xidmət Nizamnaməsinin 19-cu bəndinə əsasən gəmi heyəti kapitandan, digər rəhbər şəxslərdən və gəmi komandasından ibarətdir. Həmin Nizamnamənin 20-ci bəndinə əsasən komandir heyətinə daxildirlər: kapitan, kapitanın köməkçiləri, mexaniklər və elektrik mexanikləri, radio stansiya rəisi, elektroradionaviqator, gəmi həkimi (feldşer), radio texniki, radio operatoru, restoran direktoru və sərnişin xidməti administratoru. Kapitan, kapitanın böyük köməkçisi və baş mexanik gəminin böyük komandir heyətidirlər. Heyətin qalan üzvləri gəmi komandasına aiddirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “3. Dəniz və çay donanması Üzən heyət”- “bütün adlarda motorçular” (kod 23003020—14706) və “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” ( kod 23003020—23484) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “21.Nəqliyyat” bölməsində “21.2. Dəniz və çay donanması: b) üzən heyət: bütün adlarda motorçular, mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda gəmi heyəti göstərilmişdir. İddiaçının işlədiyi vəzifələr qeyd edilən siyahılarda göstərilmiş istisnaya aid deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi vəzifə (motorçu, mexanik) gəmi heyətinə aiddir və gəmi heyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda konkret göstərilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş satajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 01 sentyabr 1977-ci il tarixdən 23 sentyabr 1980-ci ilədək X5 Donanmasının nəzdində olan orta texniki peşə məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək, iddiaçıya 23 fevral 2018-ci ildən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı 01 sentyabr 1977-ci il tarixdən 23 sentyabr 1980-ci ilədək X5 Donanmasının nəzdində olan orta texniki peşə məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək, iddiaçıya 23 fevral 2018-ci ildən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-235/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-235/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver