Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-235/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi və etibarsız sayılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, "xxxx" MMC 16 may 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, tikinti materiallarının idxalı və topdansatışı ilə məşğuldur. Müvafq sənədlər əsasında qeydiyyatda olduğu vergi orqanına vaxtında bəyannamələr verilir. Müəssisə 29 sentyabr 2016-cı il tarixədək normal fəaliyyət göstərmiş və vergiləri vaxtında ödəmişdir. Cavabdehin 29 sentyabr 2016-cı il tarixli və 19 avqust 2017-ci il tarixli qərarlarına əsasən ümumilikdə 318.663,88 manat məbləğində kameral qaydada əlavə vəsait hesablamaqla müəssisə süni şəkildə borclandırılmışdır. Yaranmış borcla əlaqədar 23 oktyabr 2017-ci il tarixidə vergi orqanı tərəfindən cinayət işi başlanmışdır. Cinayət işi ilə əlaqədar cavabdeh tərəfindən 3 iyul 2018-ci il tarixli qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən iyun 2011-ci il tarixdən may 2018-ci il tarixədək (7 illik) olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə təqdim olunmuş sənədlər əsasında araşdırma aparılaraq 1183 təqvim günündən sonra, yəni 26 dekabr 2019-cu il tarixdə kameral yoxlama bəyannamələri əsasında çıxarılmış qərarlar ləğv olunmuş, 318.663,88 manat məbləğində hesablanmış vergilər azaldılmışdır. Nəticədə müəssisənin şəxsi vərəqəsində 48.955,44 manat məbləğində artıq ödəmə yaranmışdır. Yoxlama 4 iyul 2018-ci il tarixdə başlanmış, 590 təqvim günündən sonra, yəni 14 fevral 2020-ci il tarixdə başa çatdırılmışdır. 17 fevral 2020-ci il tarixdə səyyar vergi yoxlaması aktı tərtib olunmuş, 28 fevral 2020-cu il tarixdə akt onunla tanış olmaq üçün müəssisəyə poçt vasitəsilə təqdim edilmişdir. 10 mart 2020-ci il tarixli məktubla akta etiraz bildirilmişdir. Müəssisə cavabdehin 3 aprel 2020-ci il tarixli məktubu ilə 6 aprel 2020-ci il tarixdə keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair vergi yoxlaması aktına baxılması üçün müzakirədə iştirak etmək məqsədilə vergi orqanına dəvət olunmuşdur. Müəssisənin nümayəndəsi həmin tarixdə vergi orqanına getsə də, nümayəndə qəbula buraxılmamış, COVİD-19 pandemiyasının yayılması şəraitinə görə geri qaytarılmış, aktın müzakirəsi üçün yoxlanılan dövr üzrə gəlir, xərc və digər təsdiqedici sənədlərin qəbulundan imtina olunmuşdur. Bu barədə 6 aprel 2020-ci il və 7 aprel 2020-ci il tarixli məktublarla müəssisə tərəfindən cavabdehə müraciət edilmişdir. Vergi orqanı tərəfindən şifahi şəkildə 14 aprel 2020-ci il tarixdə müəssisənin nümayəndəsinə yoxlama aktından narazı olduğu və ya akta qeyd edilmiş azadılmış vergilərə və maliyyə sanksiyalarına etirazı barədə hər hansı dəlil və ya sübutu olduğu hallarda elektron kargüzarlıq vasitəsilə müraciət edilməsi bildirilmiş və 15 aprel 2020-ci il tarixli məktubla 14 aprel 2020-ci il tarixli "xxxx" 01 saylı protokol göndərilmişdir. Müəssisə tərəfindən 15 aprel 2020-ci il tarixli məktublarla müraciətdə qeyd olunan sənədlərin hazır olduğu bildirilmiş və 16 aprel 2020-ci il tarixli məktubla 800 vərəqdən ibarət gəlirləri və xərcləri təsdiq edən sənədlər cavabdehə göndərilmişdir. Qeyd olunan sənədlərin cavabdehə təqdim olunmasına baxmayaraq, Vergi Məcəlləsinin 39.5 və 49.1-ci maddəsinin tələbləri pozulmaqla, araşdırma və müəssisənin nümayəndəsinin iştirakı təmin olunmadan 16 aprel 2020-ci il tarixli **********199003 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında" qərar çıxarılmışdır. Cavabdehin 17 fevral 2020-ci il tarixli səyyar vergi yoxlaması aktının əsasında 16 aprel 2020-ci il tarixli həmin qərarı kobud qanun pozuntuları ilə qəbul olunmuşdur: 1) İşin hallarından göründüyü kimi 29 sentyabr 2016-cı il tarixli **********968400 nömrəli, 19 avqust 2017ci il tarixli **********306000 nömrəli qərarlarla müəssisəyə külli miqdar borcun yaradılması və sonradan hesablamanın əsassız olması ilə əlaqədar borcun silinməsi onu deməyə əsas verir ki, süni yaradılmış borc əsasında cinayət işinin açılması və açılmış cinayət işi ilə əlaqədar Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən yoxlamanın təyin olunması cavabdeh üçün bəhanə olmuşdur. 2) 17 fevral 2020-ci il tarixli səyyar vergi yoxlaması aktı Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən 5 gün ərzində təqdim olunmalı olduğu halda 12 gün sonra 7 gün gecikmə ilə 28 fevral 2020-ci il tarixdə tanış olmaq üçün müəssisəyə təqdim olunmuşdur. 3) Aktın 1.1-ci bəndində yoxlamanın 2 dəfə 30 gün (60 gün) müddət uzadılması, 10 dəfə (274 gün) müvəqqətinin dayandırılması, aktın tərtibi müddətinin uzadılması 30 gün, əlavə vergi yoxlaması tədbirinin keçirilməsi 30 gün olmaqla, ümumilikdə 394 iş günü müddətinə uzadılması qeyd edilmişdir. Yoxlama müddətinin uzadılması ümumiyyətlə əsassız olmuşdur. Göründüyü kimi, səyyar vergi yoxlaması 590 təqvim günü müddətində başa çatdırılmışdır. Vergi Məcəlləsinin 38.7-ci maddəsində yoxlamanın müddətinin uzadılması üçün əsaslar müəyyən edilmişdir. Lakin vergi orqanı yoxlama müddətinin dayandırılması və uzadılması zamanı bu əsaslardan hansına istinad eldiyi ümumiyyətlə məlum deyil. Yoxlama müddəti qanunsuz və əsassız olaraq dəfələrlə uzadılmış və yoxlama qanunvericiliklə müəyyən edilmiş müddətlərin ötürülməsi ilə həyata keçirilmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Məcəllənin 38.7-ci maddəsinə əsasən isə, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddəilərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Yoxlamanın uzadılması və dayandırılması barədə qərarlar heç biri müəssisəyə təqdim edilməmişdir. Halbuki, hər dəfə dayandırma və uzadılma barədə qərar qəbul edilərkən müəssisəyə də məlumat verilməli və irad və təkliflərin bildirilməsinə, dayandırmaya etiraz olunmasına şərait yaradılmalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi barədə qaydalar”ın (əlavə-2) 10.5-ci bəndinə əsasən səyyar vergi yoxlamasının həyala keçirilməsi ilə bağlı qəbul edilən qərarlar, tərtib edilən aktlar və protokollar tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq bu Qaydaların 10.3-cü bəndində göstərilən qaydada vergi ödəyicisinə təqdim edilməlidir. 4) Aktın 1.1-ci bəndində göstərilən 9 avqust 2019-cu il tarixli **********194157 nömrəli “Yoxlama aktının tərtibi müddətinin uzadadılması” və 18 noyabr 2019-cu il tarixli **********195484 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə" qərarlardan belə təxmin olunur ki, 2019-cu ilin noyabr ayında yoxlamanın nəticələrinə dair akt tərtib olunmuşdur. Lakin akt vergi ödəyicisinə təqdim olunmamışdır. Akta əsasən Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə uyğun çıxarılmış 18 noyabr 2019-cu il tarixli **********195484 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərar da vergi ödəyicisinə təqdim olunmamışdır. Beləliklə göründüyü kimi, Vergi Məcəlləsinin 39.5 və 39.6-cı maddələrində nəzərdə tutulmuş prosedur qaydaları kobud şəkildə pozulmaqla qərar qəbul olunmuşdur. 5) Aktın 1.8-ci bəndində Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 3 iyul 2018-ci il tarixli **********155266 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına, 1 avqust 2018-ci il tarixli **********158610 nömrəli və 26 fevral 2019-cu il tarixli **********177548 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə” qərarlarına, eləcə də Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 4 fevral 2020-ci il tarixli **********196824 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə” qərarına əsasən ayrı-ayrı əməkdaşlara tapşırıldığı qeyd edilmişdir. Yuxarıda qeyd olunan 4 səyyar vergi yoxlaması qərarlarından yoxlamanı aparan yoxlayıcılar tərəfindən heç biri vergi ödəyicisinə təqdim olunmamış və yoxlayıcılar yoxlama yerində olmamışlar. Müəssisə (iddiaçı) tərəfindən səyyər vergi yoxlaması üzrə qərarların surətinin verilməsi ilə bağlı cavabdehə 24 iyul 2018-ci il, 27 iyul 2018-ci il, 10 avqust 2018-ci il tarixli məktublarla müraciət olunmuşdur. Bundan başqa, sonuncu yoxlayıcı (vergi orqanının əməkdaşı) 4 fevral 2020-ci il tarixdə yoxlamaya əlavə olunaraq 10 gün ərzində guya yoxlama aparılmış və 14 fevral 2020-ci il tarixdə yoxlamanı başa çatdırmışdır. 6) Aktın 1.9.1-ci bəndində vergi orqanı tərəfindən 10 iyul 2018-ci il tarixli tələbnamə verilərək yoxlanılan dövr üzrə mühasibat sənədlərinin 31 iyul 2018-ci il tarixədək vergi orqanına təqdim olunması qeyd edilmiş və sənədlərin yoxlamaya təqdim edilmədiyi bildirilmişdir. Halbuki, müəssisə tərəfindən 17 iyul 2018-ci il tarixli məktubla alış və satış sənədlərinin vergi orqanına tam təqdim olunduğu bildirilmişdir. Məktubda gəlir və xərclərin müəyyənləşdirilməsi üçün sənədlərinin tam təqdim olunması barədə məlumat yazılsa da, cavabdeh hansısa sənədlərin çalışmadığı barədə sonradan heç bir tələbnamə, məktub və ya bildiriş verməmişdir. Cavabdehin nümayəndəsinə şifahi şəkildə sənədlərin surətlərinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə təqdim olunduğu bildirilmişdir. Vergi ödəyicisi tərəfindən yuxarıda qeyd olunan tələbnaməyə əsasən sənədlər təqdim olunmadığı halda hansı səbəbdən vergi orqanı əməkdaşları sənədlərin əldə olunması üçün qanunveicilikdə müəyyən olunmuş qaydada aşağıda qeyd olunan prosedur qaydaları həyata keçirməmişlər. Vergi orqanın əməkdaşları sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib etməmiş və sənədlərin əldə olunmasına köməklik göstərilməsi üçün məhkəməyə müraciət elməli olduqları halda məqsədli şəkildə bunu elməmişdirlər. AR Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi qaydaları”nın (əlavə-2) 46.1-ci bəndinə əsasən vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı qarşılıqlı əlaqələrin araşdırılması zərurəti yarandıqda qarşılıqlı əlaqələrin xarakteri açıqlanmalı, Vergilər Nazirliyinin AVİS-in baza məlumatları alınmalı və yoxlama ilə müqayisə edilməlidir. Kənarlaşmalar aşkar edildiyi təqdirdə səbəbləri açıqlanmalı və aidiyyəti vergilərin büdcəyə hesablanması yoxlama ilə təmin edilməlidir. Lakin səyyar vergi yoxlaması zamanı qaşılıqlı əlaqələr araşdırılmamış və bu barədə aktda heç bir qeyd aparılmamışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 7) Aktın 1.9.3-cü bəndinə əsasən vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməsi barədə 31 iyul 2018-ci il tarixli qərara əsasən müəssisədə baxış keçirilərək protokol tərtib olunduğu qeyd olunsa da, protokolun nömrə və tarixi akta qeyd olunmamışdır. Müəssisənin təsərrüfat subyektində vergi orqanı nümayandəsi baxış keçirməmişdir. Akta baxış protokolunun nömrəsinin və tarixin olmaması onu göstərir ki, müəssisədə belə protokol tərtib olunmamışdır. Bu hal bir daha onu göstərir ki, vergi orqanının yoxlamanı aparan 4 əməkdaşının heç biri vergi ödəyicisinin rəhbəri ilə görüşməmiş və yoxlama yerində olmamışlar. 8) Aktın 1.9.4-cü bəndinə əsasən 7 avqust 2018-ci il tarixli ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspertiza aparıldığı və ekspert rəyinə zərurət yaranmadığı qeyd olunmuşdur. Lakin “ekspertizanın təyin edilməsi barədə" qərarla tanış olma protokolu vergi ödəyicisinə təqdim olunmamışdır. 9) Aktın 2.1-ci bəndində 2011 – 2017-ci illər üzrə mənfəət vergisinin 229.011,03 manat məbləğində azaldılması qeyd olunmuşdur. Mənfəət vergisinin azaldılmasının səbəbi kimi gəlirlərin əldə olunması ilə bağlı 6.711.653,40 manat məbləğində xərc sənədlərinin yoxlamaya təqdim olunmaması əsas gətirilərək Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Aktın 2.4-cü bəndində yoxlanılan dövr üzrə xarici iqtisadi əlaqələr üzrə gömrük məlumatları qrafasında 6.915.856,01 manat məbləğində idxal əməliyyatları aparıldığı qeyd olunmuşdur. Göründüyü kimi, yük gömrük bəyannamələrinə əsasən idxal olunmuş malların dəyəri aktla təsdiqini tapsa da, xərc (alış) sənədi kimi nəzərə alınmamışdır. Aktın 2.1-ci bəndinin 1 iyun 2011-ci il tarixdən 1 iyun 2018-ci il tarixədək olan dövr üzrə ƏDV-nin müqayisəli cədvəli hissəsində, müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri üzrə satış dövriyyəsinin 6.940.139,53 manat (ƏDV-siz), idxal olunmuş malların 7.043.430,94 manat (ƏDV-siz) dəyəri öz təsdiqini tapmışdır. Hətta yoxlama ilə vergi ödəyicisi tərəfindən akta əsasən əvəzləşdirilən dövriyyənin 37.615,11 manat məbləğində az göstərildiyi müəyyən edilmiş və nəticədə 6.770,72 manat məbləğində ƏDV-nin artıq hesablandığı göstərilmişdir. Beləliklə, vergi yoxlaması ilə idxal üzrə əvəzləşdirmələr artıqlaması ilə nəzərə alındığı halda, idxal olunmuş malın dəyəri xərc sənədi kimi qəbul olunmamışdır. Əgər həqiqətən də sənədlər təqdim olunmamışdırsa, hansı səbəbdən ƏDV-nin yoxlanılması zamanı müəssisənin ümumi gəlirləri və xərcləri müəyyən olunarkən Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin baza məlumatlarına və bank idarələrindən alınmış məlumatlara istinad olunur. Lakin mənfəət vergisinin yoxlanılması zamanı gəlir və xərclər müəyyən olunarkan həmin məlumatlara istinad olunmur. Belə ki. qeyd olunan baza məlumatlarında (vergi hesab fakturaları, yük gömrük bəyannamələri, bank sənədləri, müqavilələr) alış satış sənədləri üzrə malların adı çeşidi, vahidinin qiyməti, ümumi dəyəri barədə tam məlumatlar vardır. Belə olan təqdirdə, bu məlumatlardan istifadə olunmaqla mənfəəti müəyyən etmək mümkün idi. 10 iyul 2018ci il tarixli tələbnamə ilə əlaqədar 17 iyul 2018-ci il tarixli məktubla alış və satış sənədlərini Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə təqdim olunduğu bildirilmişdir. 17 iyul 2018-ci il tarixdən 14 aprel 2020-ci il tarixədək müəssisədən tələbnamə və ya məhkəmə qaydasında heç bir sənəd tələb olunmamışdır. Lakin 14 aprel 2020-ci il tarixdə yoxlama dövrü üzrə gəlir və xərc sənədləri tələb olunmuş və həmin gün ‘’səyyar vergi yoxlaması aktına baxılma haqqında” 01 saylı protokol tərtib olunmuşdur. Müəssisə tərəfindən 15 aprel 2020-ci il tarixli məktubla sənədlərin surətlərinin təqdim olunması üçün hazır olduğunu bildirilməklə 16 aprel 2020-ci il tarixdə sifarişli poçt vasitəsilə 800 vərəqədən ibarət sənədlər cavabdehə yenidən təqdim edilmişdir. Bütün qeyd olunanlar, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində olan sənədlər araşdırılmadan, akta etiraz və 16 aprel 2020-ci il tarixdə sənədlərin təqdim olunması nəzərə alınmadan, sənədlərin təqdim olunduğu gün 16 aprel 2020-ci il tarixdə **********199003 saylı ‘’vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərar çıxarılmışdır. Cöründüyü kimi, cavabdeh akt müzakirə olunduqdan sonra yoxlama materiallarına baxılması üçün qanunla kifayət qədər vaxtının olduğu halda, məqsədli şəkildə tələsik və qərəzli olaraq qərar qəbul etmişdir. Bundan başqa, kameral vergi yoxlaması ilə vergi orqanı tərəfindən 29 sentyabr 2016-cı il tarixdə 103.946,28 manat, 19 avqust 2017-ci il tarixdə 214.717,60 manat, ümumilikdə əsassız olaraq 318.663,88 manat əlavə vergi hesablanmışdır. Yaranmış vergi borcu ilə əlaqədar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 23 oktyabr 2017-ci il tarixli ********* saylı cinayət işi başlanmışdır. Başlanmış cinayət işi iə əlaqədar müəssisədə son yeddi illik dövr üzrə 3 iyul 2018-ci il tarixdə növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Həmin Departamentə təqdim olunmuş sənədlər əsasında araşdırma aparılaraq sonradan 26 dekabr 2019cu il tarixdə kameral yoxlama bəyannamələri əsasında çıxarılmış qərar ləğv olunaraq, 318.663,88 manat məbləğində azalma verilmişdir. Nəticədə, müəssisənin şəxsi vərəqəsində 48.955,44 manat məbləğində artıq ödəməsi yaranmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yoxlama qanunvericiliyə zidd şəkildə və ciddi qanun pozuntuları ilə aparılmış və bunun nəticəsində qanunsuz, əsassız, qeyri-professional və qərəzli səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Səyyar vergi yoxlamasını aparan və yoxlama aktını tərtib edən yoxlayıcılar barədə qanunvericiliyə uyğun olaraq ciddi tədbir görülməlidir. Göstərilənlərə və İPM-in 2.2.1, 8.1.2, 12, 14, 38.1, 68, 70.1, 72-ci maddələrinə əsaslanaraq, cavabdehin 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında" qərarının ləğv edilməsi və etibarsız sayılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış 8 iyul 2020-ci il tarixli məktubunda iddiaya etiraz olunaraq bildirilmişdir ki, iddia təmin edilməməlidir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 3 iyul 2018-ci il tarixli qərara əsasən "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: 1 iyun 2011-ci il tarixdən 31 may 2018-ci il tarixədək) keçirilmiş və yoxlamanın nəticəsi 17 fevral 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli qərar qəbul edilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi taktiki olaraq şüşə və şüşədən məmulatların istehsalı ilə məşğul olmuşdur. Yoxlama nəticəsində müəssisə tərəfindən 222.449,51 manat məbləğində (mənfəət vergisi üzrə 229.011,03 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 210 manat azaldılma və əlavə dəyər vergisinin üzrə 6.771,52 manat artıq hesablanması) vergilərin yayındırılması aşkar edilmişdir. Ümumilikdə 345,01 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisi mənfəət vergisinin ödəyicisi olmuş, gəlir və xərcinin uçotunu 2011 – 2015-ci illər üzrə hesablama metodu və 2016 – 2017-ci illər üzrə kassa metodu ilə aparmışdır. Yoxlama zamanı müəssisənin yoxlanılan dövr üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin çəkdiyi xərcləri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı qaydada hesablanmışdır: M1 = X1/100 x R. M1 – vergi ödəyicisinin mənfəəti, X1 – xərc (ƏDV nəzərə alınmadan), R – şərti rentabellik norması. 2011-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 1.280.481,67 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərcləri 1.223.447,98 manat, vergiyə cəlb olunan mənfəəti 57.033,69 manat, keçmiş illərin çıxılan zərəri 12.555,21 manat və mənfəət vergisi 8.895,70 manat göstərilmişdir. Yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Yoxlama zamanı 2011-ci il üzrə müəssisənin gəlirlərin əldə edilməsi ilə bağlı 1.223.447,98 manat çəkilmiş xərci (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıda göstərilən məbləğdə müəyyən edilmişdir: M1 = 1.223.447,98/100 x 20 – 12.555,21 = 232.134,39 manat. 2011-ci il üzrə hesablanmış 232.134,39 manat mənfəətdən 20% dərəcə ilə 46.426,88 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2011-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 37.531,18 (46.426,88 – 8.895,70) manat az hesablandığı müəyyən edilmişdir. 2012-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 1.078.200 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərcləri 1.051.932,32 manat, vergiyə cəlb olunan mənfəət 26.267,68 manat və mənfəət vergisi 5.253,54 manat göstərilmişdir. Yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Yoxlama zamanı 2012-ci il üzrə müəssisənin gəlirlərin əldə edilməsi ilə bağlı 1.051.932,32 manat çəkilmiş xərci (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıda göstərilən məbləğdə müəyyən edilmişdir. M1 = 1.051.932,32/100 x 20 = 210.386,46 manat. 2012-ci il üzrə hesablanmış 210.386,46 manat mənfəətdən 20% dərəcə ilə 42.077,29 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2012-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 36.823,75 manat (42.077,29 – 5.253,54) az hesablandığı müəyyən edilmişdir. 2013-cü il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 1.240.950 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərcləri 1.206.126,00 manat, vergiyə cəlb olunan mənfəət 38.824 manat və mənfəət vergisi 6.964,80 manat göstərilmişdir. Yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Yoxlama zamanı 2013-cü il üzrə müəssisənin gəlirlərin əldə edilməsi ilə bağlı 1.206.126,00 manat çəkilmiş xərci (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıda göstərilən məbləğdə müəyyən edilmişdir. M1 = 1.206.126/100 x 20 = 241.225,20 manat. 2013-cü il üzrə hesablanmış 241.225,20 manat mənfəətdən 20% dərəcə ilə 48.245,04 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2013-cü il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 41.280,24 (48.245,04 – 6.964,80) manat az hesablandığı müəyyən edilmişdir. 2014-cü il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 986.066,04 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərcləri 936.944 manat, vergiyə cəlb olunan mənfəət 49.122,04 manat və mənfəət vergisi 9.824,41 manat göstərilmişdir. Yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Yoxlama zamanı 2014-cü il üzrə müəssisənin gəlirlərin əldə edilməsi ilə bağlı 936.944 manat çəkilmiş xərci (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıda göstərilən məbləğdə müəyyən edilmişdir: M1 = 936.944/100 x 20 = 187.388,80 manat. 2014-cü il üzrə hesablanmış 187.388,80 manat mənfəətdən 20% dərəcə ilə 37.477,76 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2014-cü il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 27.653,35 manat (37.477,76 – 9.824,41) az hesablandığı müəyyən edilmişdir. 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 1.921.463,56 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərcləri 1.891.122,28 manat, vergiyə cəlb olunan mənfəət 30.341,28 manat və mənfəət vergisi 6.068,26 manat göstərilmişdir. Yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Yoxlama zamanı 2015-ci il üzrə müəssisənin gəlirlərin əldə edilməsi ilə bağlı 1.891.122,28 manat çəkilmiş xərci (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıda göstərilən məbləğdə müəyyən edilmişdir: M1 = 1.891.122,28/100 x 20 = 378.224,46 manat. 2015-ci il üzrə hesablanmış 378.224,46 manat mənfəətdən 20% dərəcə ilə 75.644,89 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2015-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 69.576,63 (75.644,89 – 6.068,26) manat az hesablandığı müəyyən edilmişdir. 2016-cı il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 406.567,82 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərcləri 406.081 manat, vergiyə cəlb olunan mənfəət 486,82 manat və mənfəət vergisi 97,36 manat göstərilmişdir. Yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Yoxlama zamanı 2016-cı il üzrə müəssisənin gəlirlərin əldə edilməsi ilə bağlı 406.081 manat çəkilmiş xərci (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıda göstərilən məbləğdə müəyyən edilmişdir: M1 = 406.081/100 x 20 = 81.216,20 manat. 2016-cı il üzrə hesablanmış 81.216,20 manat mənfəətdən 20% dərəcə ilə 16.243,24 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2016-cı il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 16.145,88 (16.243,24 – 97,36) manat az hesablandığı müəyyən edilmişdir. Beləliklə, müəssisə tərərfindən 2011 – 2016-cı illər üzrə 37.104,07 manat mənfəət vergisinin heasblanması və keçmiş illərin çıxılmamış 12.555,21 manat zərəri yoxlama ilə nəzərə alınmaqla 229.011,03 ((1.343.130,72 – 12.555,21) x 20% – 37.104,07 = 229.011,03) manat əlavə vergi hesablanmışdır. Yoxlanılan dövr ərzində müəssisə ƏDV-nin ödəyicisi olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş hesabatların düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən edilmişdir: vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən 6.770,72 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş bəyannamələrdə əvəzləşdirilən dövriyyənin 37.615,11 manat az göstərilməsi müəyyən edilmişdir. Bununla da Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən 6 manat ƏDV artıq hesablanmışdır. Yoxlama ilə əhatə edilən dövrdə müəssisə tərəfindən təsərrüfat subyekti (obyekti) icarəyə götürülmüş, vergi öhdəliyi yarandığı halda Vergi Məcəlləsinin 57.1-ci maddəsinin tələbləri pozularaq 2017-ci ilin İ – İV rübləri və 2018-ci ilin İ rübü üzrə ödəmə mənbəyində tutulan verginin bəyannaməsi təqdim edilməmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 124-cü maddəsinin tələbləri pozularaq ödəmə mənbəyində icarə haqqından vergi tutulmamışdır. Bu səbəbdən yuxarda qeyd edilən hər rüb üzrə 42 manat olmaqla, ümumilikdə 210 manat vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə görə azaldılmış vergi məbləğinin 50%-i həcmində, yəni 105 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bildiririk ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanuna müvafiq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. "xxxx" MMC-də keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akta əsasən qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli qərar Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Göstərilənlərə və Vergi Məcəlləsinin 16.1.3, 16.1.6, 23.1.1, 23.1.2, 130.2, 131, 134-cü maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmənin iş üzrə 28 sentyabr 2021-ci il qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir: - iddiaçı "xxxx" MMC-nin mühasibatlıq sənədləri əsasında 2011 – 2016-cı illlər üzrə təsdiqini tapmış gəlir və xərclərinin, habelə həmin göstəricilərə mütənasib mənfəət vergisinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 fevral 2022ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Mərkəzinin ekspertinin həmin tarixli 9/8204 nömrəli rəyində (rəyin nəticə hissəsində) aşağıdakılar bildirilir: - Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən "xxxx" MMC üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin az hesablanması müəyyən edilmir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ekspert rəyi ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı mülahizəsində iddiaya qarşı yazılı etirazda göstərilənlər qismən təkrarlanır və əlavə olaraq aşağıdakılar bildirilir: - Vergi ödəyicisinin fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında cinayət işi başlanmışdır. Cinayət işinin ilə əlaqədar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 17 iyun 2020-ci il tarixli qərarına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və cinayət işiniri materialları ekspertiza tədqiqatının aparılması üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən "xxxx" MMC-də dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin tədiyyə növü üzrə dövrü, növü və məbləği barədə 20 oktyabr 2020-ci İİ tarixli 9/2174 nömrəli ekspert rəyi verilmişdir. "xxxx" MMC-də vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırıılması faktı üzrə başlanılmış ********* nömrəli cinayət işinə, hesablanmış vergilər dövlət büdcəsinə ödənildiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 15 mart 2021-ci il tarixli qərarı ilə xitam verilmişdir. Yoxlama zamanı hər bir tədiyyə üzrə vergilərin hesablanmasının əsasları və aşkar edilmiş vergidən yayınma halları barədə etiraz (sübutlar əlavə edilməklə), vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırıılması barədə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2020-ci il tarixli 9/2174 nömrəli ekspert rəyi və "xxxx" MMC-də vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırıılması faktı üzrə başlanılmış ********* nömrəli cinayət işinə hesablanmış vergilər dövlət büdcəsinə ödənildiyinə görə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 15 mart 2021-ci il tarixli qərarı cavabdeh tərəfindən 24 may 2021-ci il tarixli və 11 iyun 2021-ci il tarixli məktublarla məhkəməyə təqdim edilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2-1(112)-966/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. MPM-in 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildirilir ki, cavabdeh tərəfindən “Ekspertiza qarşısında qoyulacaq suallar barədə” 29 sentyabr 2021-ci il tarixli vəsatətlə iş üçün əhəmiyyəti olan və ekspertiza qarşısında qoyulması vacib olan suallar məhkəməyə təqdim edilmişdir. Həmin iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 7 fevral 2022-ci il tarixli 9/8204 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, iş materiallarında olan sənədlərə əsasən üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin az hesablanması müəyyən edilmir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə 7 fevral 2022-ci il tarixli 9/8204 nömrəli ekspert rəyi ilə razılaşmır və hesab edir ki, bu rəy sübutların qiymətləndirilməsi zamanı mötəbər sübut kimi qəbul olunmamalıdır. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvercilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. "xxxx" MMC gəlir və xərcinin uçotunu 2011 – 2015-ci illər üzrə hesablama metodu və 2016 – 2017-ci illər üzrə kassa metodu ilə aparmışdır. Vergi Məcəlləsinin 131 və 134-cü maddələrinə istinad olunaraq bildirilir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və inzibati işin materialları arasında olan sənədlərdən göründüyü kimi (səyyar vergi yoxlaması aktı və digər sübutlar) müəssisə tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmədiyi üçün yoxlanılan dövr üzrə mənfəəti bir başa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə uyğun olaraq Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabelliyə əsasən mənfəət hesablanmışdır. 2011-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 1.280.481,67 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 1.223.447,98 manat, vergiyə cəlb olunan mənfəət 57.033,69 manat, keçmiş illərin çıxılmalı zərəri 12.555,21 manat və mənfəət vergisi 8.895,70 manat göstərilmişdir. Yoxlama zamanı yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Yoxlama ilə 2011-ci il üzrə müəssisənin gəlirlərin əldə edilməsi ilə bağlı 1.223.447,98 manat çəkilmiş xərci (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti 232.134,39 manat, mənfəətdən 20% dərəcə ilə 46.426,88 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2011-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 37.531,18 (46.426,88 – 8.895,70) manat az hesablanması müəyyən edilmişdir. 2012-ci il üzrə müəssisənin gəlirlərin əldə edilməsi ilə bağlı 1.051.932,32 manat çəkilmiş xərci (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti 210.386,46 manat mənfəətdən 20% dərəcə ilə 42.077,29 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2012-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 36.823,75 (42.077,29 – 5.253,54) manat az hesablanması müəyyən edilmişdir. 2013-cü il üzrə müəssisənin gəlirlərin əldə edilməsi ilə bağlı 1.206.126,00 manat çəkilmiş xərci (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti 241.225,20 manat mənfəətdən 20% dərəcə ilə 48.245,04 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2013-cü il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 41.280,24 (48.245,04 – 6.964,80) manat az hesablanması müəyyən edilmişdir. 2014-cü il üzrə müəssisənin gəlirlərin əldə edilməsi ilə bağlı 936.944 manat çəkilmiş xərci (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti 187.388,80 manat mənfəətdən 20% dərəcə ilə 37.477,76 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2014-cü il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 27.653,35 (37.477,76 – 9.824,41) manat az hesablanması müəyyən edilmişdir. 2015-ci il üzrə müəssisənin gəlirlərin əldə edilməsi ilə bağlı 1.891.122,28 manat çəkilmiş xərci (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı 378.224,46 manat mənfəətdən 20% dərəcə ilə 75.644,89 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2015-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 69.576,63 (75.644,89 – 6.068,26) manat az hesablanması müəyyən edilmişdir. 2016-cı il üzrə müəssisənin gəlirlərin əldə edilməsi ilə bağlı 406.081 manat çəkilmiş xərci (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti 81.216,20 manat mənfəətdən 20% dərəcə ilə 16.243,24 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2016-cı il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 16.145,88 (16.243,24 – 97,36) manat az hesablanması müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edilir ki, vergi ödəyicisi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədləri təqdim etmədiyi halda Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabelliyə əsasən mənfəət vergisinin hesablanması barədə ekspert qarşısında qoylması vacib olan cavabdeh tərəfindən təqdim edilmiş suallar və sübutlar işin materialları arasında olmasına baxmayaraq, mübahisənin mahiyyəti və verginin hesablanması ilə bağlı əhəmiyyətli məsələlərin araşdırılması ekspertiza tədqiqatından kənarda qalmışdır. Bundan əlavə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 7 fevral 2022-ci il tarixli 9/8204 nömrəli ekspert rəyindən göründüyü kimi, ekspert "xxxx" MMC tərəfindən 2011 – 2016-cı illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin məlumatları əsasında rəy vermişdir. Ekspertin vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticəsində mənfəət vergisi üzrə hesablanmış əlavə vergi məbləğini düzgün hesab etməyərək, mənfəət vergisinin az hesablanmasının müəyyən edilməməsi barədə gəldiyi nəticə tamamilə əsassız və işin hallarına uyğun deyildir. Səyyar vergi yoxlamasının əsas məqsədi yoxlama zamanı vergi ödəyicisindən zəruri olan sənədləri, yəni vergi ödəyicilərinin maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron səyyar vergi yoxlamaları məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etməklə qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünü yoxlamaqdan ibarətdir. İşin materiallarında olan sənədlərdən və sübutlardan göründüyü kimi səyyar vergi yoxlaması zamanı yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Belə olan halda ekspert tam və hərtərəfli tədqiqat aparmadan, yalnız bəyannamə məlumatlarına istinad etməklə hesablanmış vergiləri düzgün hesab etməməsi tamamilə əsassızdır. MPM-in 63.3cü maddəsinə və «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 12-ci maddələrinə əsasən əlavə sənədlər tələb etmək ekspertin hüququ olduğu halda, ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün həmin sənədləri tələb etməmişdir. Həmin Qanunun 12ci maddəsinə əsasən rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması barədə vəsatət vermək də ekspertin hüquqlarına aid edilmişdir. Göründüyü kimi, məhkəmə qərardadına əsasən təyin edilmiş ekspertiza zamanı ekspert ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməmişdir. Sözügedən Qanunun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq, qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 31 oktyabr 2014-cü il tarixli 12-N nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında» Təlimatın 3.5.4-cü bəndinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və xüsusi biliyinə uyğun olaraq qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 fevral 2022-ci il tarixli 9/8204 nömrəli ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının aparılması üçün ekspert qarşısında qoyulan suallar arasında cavabdeh tərəfindən təqdim edilmiş suallar göstərilməmiş və həmin suallar üzrə araşdırılmalı məsələlər ekspertiza tədqiqatından kənarda qalmışdır. Ekspert rəyində qeyd olunanlardan fərqli olaraq qeyd etmək zəruri hesab edilir ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli qərarla hesablanmış əlavə vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Həmin hesablamaların əsaslı olmasını təqdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və işin materiallarında var. Göstərilənlərə və Vergi Məcəlləsinin 24.0.1, 70.3-cü maddələrinə, MPM-in 76.1, 101.3-cü maddələrinə, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, məhkəmədən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 fevral 2022-ci il tarixli 9/8204 nömrəli ekspert rəyinin mötəbər sübut kimi nəzərə alınmaması xahiş olunur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli qərarın ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini (dəqiqləşdirilməsini) qəbul etmişdir. İddiaçı tərəf məhkəməyə yenidən əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli qərarın “6.771,52 manat ƏDVnin artıq hesablanması” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini (dəqiqləşdirilməsini) qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, cavabdeh inzibati orqanın 3 iyul 2018-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin 1 iyun 2011-ci il tarixdən 1 iyun 2018-ci il tarixədək olan dövr üzrə fəaliyyəti ilə bağlı növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 4 iyul 2018-ci il tarixdə başlanmış, 14 fevral 2020-ci il tarixdə başa çatdırılmış və 17 fevral 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh tərəfindən 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli qərar qəbul edilərək, iddiaçıya 2011-ci il üzrə 37.531,18 manat mənfəət vergisi, 2012-ci il üzrə 36.823,75 manat mənfəət vergisi, 2013-cü il üzrə 41.280,24 manat mənfəət vergisi, 2014-cü il üzrə 27.653,35 manat mənfəət vergisi, 2015-ci il üzrə 69.576,63 manat mənfəət vergisi, 2016-cı il üzrə 16.145,88 manat mənfəət vergisi, 2017-ci il üzrə 168 manat ödəmə mənbəyində tutulan vergi, 2018-ci il üzrə 42 manat ödəmə mənbəyində tutulan vergi məbləğləri hesablanmış, həmin ödəmə mənbəyində tutulan vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq 50% həcmində, eləcə də həmin Məcəllənin 57.1-ci maddəsinə uyğun olaraq vergi hesabatlarının vaxtında təqdim olunmamasına görə 240 manat (6 hesabata görə) maliyyə sanksiyaları tətbiq edilmiş, bundan başqa, 2012 – 2016-cı illər üzrə 6.771,52 manat ƏDVnin artıq hesablanması müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehin 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli qərarını “ƏDV-nin artıq hesablanması” hissəsi istisna olmaqla qalan hissədə mübahisələndirir. İddiaçının dəlilləri: 1) vergi orqanı vergi yoxlamasını qanunla müəyyən edilmiş müddət kriteriyalarını pozmaqla həyata keçirmişdir; 2) yoxlama zamanı vergi orqanı əməkdaşlarına müəssisənin bütün gəlir və xərc sənədləri təqdim olunduğu halda, onlar nəzərə alınmadan şərti rentabellik tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır; 3) yoxlamanın gedişində qəbul olunmuş qərarlar və tərtib edilmiş sənədlərin hamısı müəssisəyə (iddiaçıya) təqdim edilməmişdir. Cavabdeh 22 dekabr 2020-ci il tarixli qərarın qəbulunu belə əsaslandırır: 1) yoxlama zamanı iddiaçı ilkin sənədlərləri təqdim etmədiyindən, vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarına uyğun olaraq şərti rentabellik tətbiq edilməklə müəssisənin çəkdiyi xərcləri əsasında 2011 – 2016-cı illər üzrə mənfəət vergisi hesablanmışdır; 2) 2017-ci ilin İ – İV rübləri və 2018-ci ilin İ rübü üzrə müəssisənin icarəyə götürdüyü obyektin icarə haqqı üzrə müvafiq vergi hesabatları təqdim edilmədiyindən, həmin dövrə görə 210 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır; 3) hesablanmış ödəmə mənbəyində tutulan vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə, eləcə də müvafiq hesabatların (6 dövr üzrə hesabat) vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 345 (105 + 240) manat maliyyə sanksiyası tətbiq edilmişdir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəısinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçı hazırda cavabdehin 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan 16 aprel 2020-ci il tarixli qərarının 16 – 17 aprel 2020-ci il tarixlərdə vergi ödəyicisi kimi hazırkı iddiaçıya (təmsilçisinə) təqdim edilməsi ilə bağlı hər hansı sübut, dəlil təqdim edilmədiyindən, iddia ərizəsi isə məhkəməyə 18 may 2020-ci il tarixdə daxil olduğundan, iddia tələbi üzrə iddia müddəti buraxılmamış qiymətləndirilir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-ci maddəsinin (birinci cümləsi) tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Məcəllənin 104.1-ci maddəsinə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704- VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (56.1-ci maddə əvvəlki redaksiyada) Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; - (56.1-ci maddə hazırkı redaksiyada) AR Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, AR Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir; - (85.4-cü maddə əvvəlki redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; - (85.4-cü maddə hazırkı redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən edir: - Cavabdeh inzibati orqanın iddiaçının faəliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan tələbləri səyyar vergi yoxlamasının 30 gündən (təqvim günündən) artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması 19 aydan artıq vaxt davam etmiş və bu müddət ərzində 2 dəfə “müddətin uzadılması barədə” və 10 dəfə “yoxlamanın dayandırılması barədə” qərarlar qəbul olunsa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş 16 aprel 2020-ci il tarixli qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamışdır. Vergi yoxlamasının nəticələri üzrə 17 fevral 2020-ci il tarixli aktda ekspertiza təyin edildiyi, lakin ekspertin rəyinə zərurət yaranmadığı qeyd olunmuşdur. Bundan başqa, hazırkı işin hallarından görünür ki, inzibati orqan 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamış, eləcə də müddətin artırılması barədə qərarlarla yoxlama müddətini ilkin 30 günlük müddət keçdikdən “bir neçə gün” sonra artırmışdır. - vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2011 – 2016-cı illər üzrə mənfəət vergisinin məbləğləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı iddiaçının fəaliyyətinin yoxlanılması üzrə təyin olunmuş sözügedən səyyar vergi yoxlamasına şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir. Çünki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik 1 yanvar 2020-ci il tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar 3 iyul 2018-ci il tarixdə qəbul olunmuşdur; - cavabdeh (vergi orqanı) mübahisələndirilən 16 aprel 2020-ci il tarixli qərarın “mənfəət vergisi” hissəsini vergi ödəyicisi kimi hazırkı iddiaçının müvafiq dövr üzrə gəlir və xərc sənədlərinin təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 83.9-cu maddəsi üzrə şərti rentabellik tətbiq etməklə əsaslandırsa da, məhkəmə bu zərurəti adekvat qiymətləndirmir və qeyd edir ki, Məcəllənin həmin maddəsinin üzrə Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarına uyğun şərti rentabelliyin tətbiqi gəlir və xərc sənədlərinin yalnız birinin olmadığı halda yolveriləndir. Gəlir və xərc sənədlərinin hər ikisinin olmadığı təqdirdə, Vergi Məcəlləsi vergilərin 67.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq ardıcıllığa riayət olunmaqla əlaqəli məlumatlar əsasında hesablanmasını müəyyən etmişdir. Lakin hazırkı iş üzrə tədqiq edilmiş ekspertiza rəyi ilə də müəyyən edilir ki, iddiaçı tərəfin təqdim etdiyi sənədlər müvafiq dövr üzrə mənfəəti müəyyən etmək üçün gəlir və xərcləri tam əhatə edir. Bu isə, cavabdeh inzibati orqanın maddi hüquq norması kimi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrini tətbiq etməklə mənfəət vergisini hesablanmasının qanunsuzluğuna dələlət edir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı məhkəmə icraatında 28 sentyabr 2021-ci il tarixli məhkəmə qərardadı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 7 fevral 2022-ci il tarixli 9/8204 nömrəli ekspertiza rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Qeyd olunanlarla yanaşı məhkəmə diqqətə çəkir ki, iddiaçı "xxxx" MMC-yə ödəmə mənbəyində tutulan verginin hesablanması və Vergi Məcəlləsinin 57.1 və 58.1-ci maddələri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi qanunauyğun olmuşdur. Bu qənaət ondan irəli gəlir ki, hazırkı məhkəmə icraatında iddaçı tərəf həmin vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı hər hansı sübut verməmiş və dəlil bildirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehin 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli qərarı qismən, yəni “mənfəət vergisi” hissəsində qanuna ziddir. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (16 aprel 2020-ci il tarixli **********199003 nömrəli qərar) qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaranır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli “mənfəət vergisi” hissəsində ləğv edilməli, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 aprel 2020ci il tarixli **********199003 nömrəli qərarı “mənfəət vergisi” hissəsində ləğv edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-235/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-235/2022
13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver