Məhkəmə qərarları › İş №2-1(112)-235/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-235/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-235/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş sonuncu dəqiqləşməyə əsasən iddia tələbi “İddiaçı 13 fevral 2020-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı, 25 ildən artıq iş stajı olmaqla və bu iş stajının yarıdan çoxunu ağır şəraitli işlərdə işləməklə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ əldə etmişdir. Belə ki, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək “Azər enerji təmir sazlama" müəssisəsində Rele mühafizəsi və avtomatikasının sazlanması sexində mühəndis vəzifəsində işləmiş və ordu sıralarına çağırıldığıma görə işdən azad olunmuşdur. Ordu sıralarından qayıtdıqdan sonra xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək həmin müəssisədə Elektrotexnika avadanlıqlarının sazlanması sexində mühəndis vəzifəsində işləmiş və öz xahişi ilə işdən azad olunmuşdur. Daha sonra Sənaye-Tikinti Mexanizasiya trestinin 1 saylı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə kimi aparıcı mühəndis-energetik vəzifəsində işləmiş və öz xahişi ilə işdən azad olunmuşdur. Bundan sonra xx.xx.1990-cı ildən ”SUM-1"-in nəzdində açılmış “İşıq” kooperativinə sədr vəzifəsinə seçilmiş və 2001-ci ilin aprel ayına qədər işləmiş, daha sonra kooperativ öz fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Bunu “İşıq” firmasının KŞ-nin rəisi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, notarial təsdiq olunmuş arayış da təsdiq edir. Həmin arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı ildən "xxxx"-in nəzdində açılmış “İşıq" kooperativinə sədr vəzifəsinə seçilmişdir. 2001-ci ilin aprel ayına qədər işləmiş, sonra kooperativ öz fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Vətəndaş İddiaçı xx.xx.2002-ci il tarixdən İrlandiya Respublikasının “Kentech (Caspian) Limited” şirkəti adı ilə tanınan Azərbaycan Respublikasındakı nümayəndəliyinə “Alət işləri üzrə rəhbər" vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2007-ci ilə kimi həmin vəzifədə işləmiş və xx.xx.2007ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (b) bəndi (müddətin qurtarması) ilə əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra xx.xx.2007-ci il tarixdə həmin şirkətdə “Elektrik işləri üzrə Baş Rəhbər" vəzifəsinə işə götürülmüş və xx.xx.2007-ci il tarixə kimi həmin vəzifədə işləmiş və xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2(b) bəndi ilə müddətli əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra xx.xx.2008-ci ildə İrlandiya Respublikasının “Kentech Engineering and Construction Services" limited şirkətinin Bakı nümayəndəliyinə “Elektrik işləri üzrə Baş Rəhbər" vəzifəsinə işə götürülmüş və xx.xx.2008-ci il tarixə kimi həmin vəzifədə işləmişdir. Bundan sonra xx.xx.2008-ci il tarixdə “AMEC services" MMC şirkətində cihazlar üzrə texnik peşəsi ilə işə qəbul olunmuş və xx.xx.2009-cu ilə kimi həmin vəzifədə işləmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən işdən azad olunmuşdur. Daha sonra xx.xx.2010-cu il tarixdə “Rapid Solutions MMC" şirkətinə elektrik vəzifəsinə təyin edilmiş, bir müddət sonra isə elektrik işləri üzrə müşahidəçi vəzifəsinə keçirilmişdir. Son olaraq xx.xx.2015-ci il tarixdə X3 elektrik mühəndisi işinə qəbul edilmiş və xx.xx.2018-ci ilə kimi həmin işdə işləmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edərək bildirilmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərə (018051 nömrəli diplom, 086701 nömrəli hərbi bilet, ******* nömrəli əmək kitabçasına və arayışlara) əsasən, ümumilikdə (mübahisəli və mübahisələndirilməyən birlikdə) 37 il 03 ay 17 gün sosial sığorta stajı mövcuddur. xx.xx.1990-xx.xx.2001-ci il tarixlərdə “İşıq” kooperativində işlədiyi dövrlərə münasibətdə qeyd olunmalıdır ki, İddiaçı müvafiq dövrlərdə işləməsi faktı sadəcə xx.xx.2001-ci il tarixli arayış əsasında müəyyən olunur. Sözügedən arayışa nəzər yetirdikdə onun sadəcə adi A4 formatlı kağızda tərtib olunduğu, o cümlədən surət olduğu və möhür və ştampın oxunmadığı məlum olur. xx.xx.1989-xx.xx.1990-cu il tarixlərə münasibətdə bildirilir ki, iddiaçının müvafiq dövrlərdə işləməsi faktı sadəcə xx.xx.2007-ci il tarixli arayış əsasında müəyyən olunur. Sözügedən arayışa nəzər yetirdikdə eyni qaydada onun sadəcə adi A4 formatlı kağızda tərtib olunduğu, o cümlədən surət olduğu məlum olur. Qeyd olunanlarla yanaşı, iddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan soyad, ad, ata adı (İddiaçı) ilə müvafiq arayışda qeyd olunan soyad, ad, ata adında (X6) fərq mövcuddur. xx.xx.1986-xx.xx.1989-cu il tarixlərə münasibətdə bildirilir ki, "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli arayışına əsasən iddiaçının xx.xx.1983-xx.xx.1984 və xx.xx.1986-xx.xx.1989-cu il tarixlərdə işləməsi qeyd olunmasına baxmayaraq, son olaraq məhkəmə sorğusuna "xxxx" ASC-dən daxil olmuş məktuba əsasən, xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə işləməsi müəyyən olunur. Əlavə olaraq qeyd olunmalıdır ki, müvafiq arayışların hansı sənədlər əsasında tərtib olunması müəyyən olunmamışdır. xx.xx.1978-xx.xx.1983-cü il tarixdə təhsil aldığı dövrlərə münasibətdə qeyd olunmalıdır ki, Qaydaların 4.1.4-cü bəndinə əsasən, təhsil dövrü - əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və 8.) əsasən sosial sığorta stajına daxil edilir. İddiaçı tərəfindən əyani formada təhsil alması barədə arayış təqdim olunmamışdır.xx.xx.2002-xx.xx.2007-ci və xx.xx.2007-xx.xx.2007-ci il tarixlərə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.2007-ci il tarixədək Kentech (Caspian) Limited Şirkətinin Azərbaycan nümayəndəliyində işləməsi faktı qeyd olunmasına baxmayaraq, Mərkəzləşdirilmiş Elektron informasiya Sistemindən əldə etdiyimiz məlumatlara əsasən, 2006-2007-ci il tarixlərdə sığortaolunan kimi qeydiyyata alınmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı (xx.xx.2020-ci il tarixə münasibətdə) 13 il 07 ay 24 gün təşkil etməklə, qanunvericiliklə tələb olunan sosial sığorta stajından (25 il) azdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Müvafiq Əlavəyə əsasən, şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışda şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının müvafiq bəndinə/ (yarımbəndinə) və (və ya) müvafiq vəzifə koduna uyğunluğu qeyd olunmalıdır. İddiaçı Mərkəzi Filiala müraciət edən zaman heç bir güzəştli arayış təqdim etməmişdir. Sonradan iddiaçının nümayəndəsinin vəsatəti əsasında müvafiq müəssisələrə sorğu verilmişdir. Daxil olmuş məktublara əsasən iddiaçının güzəştli iş stajı müəyyən olunmamışdır. Belə ki “Azenco" ASC-nin xx.xx.2024-cü il tarixli 01-PH/04 nömrəli arayışına əsasən xx.xx.1983-xx.xx.1984-cü illərdə iddiaçının işlədiyi vəzifənin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il 12 nömrəli Qərarlarında qeyd edilən bəndlərə uyğun olmadığı bildirilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli AZF- 2023/013L nömrəli arayışına əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının işlədiyi vəzifənin 23 yanvar 2007-ci il 12 nömrəli Qərarında qeyd edilən bəndlərə uyğun olmadığı bildirilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli RSL-HL-24-002 nömrəli arayışına əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək iddiaçının işlədiyi vəzifənin güzəştli olub-olmamasını müəyyən edilə bilməməsi qeyd olunmuşdur. Digər müəssisələrə münasibətdə qeyd olunmalıdır ki, həmin müəssisələrdən iddiaçının işlədiyi vəzifənin güzəştli olub-olmamasına dair hər hansı bir sənəd daxil olmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Diplomun surətindən görünür ki, iddiaçı 1978-ci ildən 1983-cü ilədək M.Əzizbəyov adına X7 Ordenli Azərbaycan Neft İnstitutunda “elektrik stansiyaları” ixtisası üzrə təhsil almışdır. -Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1984-xx.xx.1986-cı il tarixlərdə orduda xidmət etmişdir. -Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək İrlandiya Respublikasının “Kentech (Caspian) Limited” şirkətində Alət işləri üzrə rəhbər, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Elektrik işləri üzrə baş rəhbər, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Elektrik işləri üzrə baş rəhbər; xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" Şirkətində cihazlar üzrə texniki; xx.xx.2010-cu il tarixdə "xxxx" MMC-yə elektrik təyin edilmiş, xx.xx.2010-cu il tarixdə elektrik işləri üzrə müşahidəçi vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdə müşahidəçitexniki keçirilmiş və xx.xx.2015-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" Birgə müəssisəsində elektrik mühəndis işləmişdir. -“İşıq firması” tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı ildən "xxxx"-in nəznində açılmış “İşıq” kooperativinə sədr vəzifəsinə seçilmişdir. 2001-ci ilin aprelayıa qədər işləmiş, sonra kooperativ öz fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. -"xxxx" tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 01/36 nömrəli arayışdan görünür ki, İddiaçı Sənaye tikintimexanizasiya trestinin 1 saylı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə kimi aparıcı mühəndis-energetik vəzifəsində işləmişdir. -"xxxx"ASC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı “Azərenerjitəmirsazlama” müəssisəsində xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək Rele mühafizəsi və avtomatikasının sazlanması sexində mühəndis vəzifəsində işləmiş və ordu sıralarına çağırıldığına görə işdən azad olunmuşdur. Ordu sıralarından qayıtdıqdan sonra xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək Elektronika avadanlıqlarının sazlanması sexində mühəndis vəzifəsində işləmiş və öz xahişi ilə işdən azad olunmuşdur. -Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 172 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin “Sənayetikintimexanizasiya” İcarə Törəmə müəssisəsinin tabeliyində olmuş 1 saylı ixtisaslaşdırılmış mexanikləşdirmə idarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixində tam başa çatdırılmışdır. Eyni zamanda qeyd olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərdə (emissiya prospektində) qeyd olunan “İşıq” kooperativinə dair hər hansı bir məlumat aşkar olunmadı. -Milli Arxiv İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, sorğuda qeyd olunan "xxxx" ATSC-nin (ASC) nəzdində fəaliyyət göstərən “İşıq” kooperativinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. -Dövlət Vergi Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, dövlət reyestrində "xxxx" X9 Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “İşıq” Kooperativi və “SUM-1" Açıq Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “İşıq” Kooperativi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X1 xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək “Azərenerjitəmirsazlama” müəssisəsində Nəzarət, Ölçü cihazlarının təmirini və sazlanmasına nəzarəti təmin edən xidmətdə mühəndis vəzifəsində işləmişdir. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarlarında Güzəştli iş staji kimi qeyd edilən bəndlərinə uyğun olmadığına görə, zərərli işdə işləməyini təsdiq edən güzəştli Arxiv arayışının verilməsi mümkün deyildir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, işçinin işinin xarakterini, təhlükə potensiallı avadanlıqlarla işləməsini və işinin təhlükəlilik dərəcəsini nəzərə alaraq həmin stajın güzəştli iş stajı hesab edilə bilər. Lakin "xxxx" MMC neft-qaz, o cümlədən sənayenin digər sahələrində müxtəlif şirkətlərlə elektrik xidmətləri göstərdiyindən İddiaçı əmək fəaliyyəti dövrünün güzəştli iş stajı hesab edilibedilməməsini, habelə məhz siyahının hansı bəndi altında düşməsini dəqiq müəyyən etmək mümkün deyil. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək Azfen BM-in Azf- 089/090 layihələrində elektrik mühəndisi vəzifəsində işləmişdir. İddiaçı Azfen BM-də işlədiyi elektrik mühəndisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nm təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" və həmin qərarın 35-ci maddəsində «Ümumi peşələr» başlıqları altında nəzərdə tutulmamışdır. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən "xxxx" MMC-də Dənizdə mühəndis-elektrik vəzifəsində çalışır. Bu müddət ərzində “Günəşli” yatağı 7 saylı DDSO-də eyni vəzifədə çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 10.2-ci bəndinin a) yarımbəndində göstərilmiş neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi ilə "xxxx" MMC-də Dənizdə mühəndis-elektrik əmək funksiyaları eynilik təşkil edir. -Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, dövlət reyestrində "xxxx" X10 Cəmiyyətinin xx.xx.1998-ci il tarixdə 1530 nömrə ilə dölət qeydiyyatından keçməsi və səhmdarlarının ümumi yığıncağının qərarına əsasən xx.xx.2006-cı il tarixində adının dəyişdirilib "xxxx" Açıq Səhmdar Cəmiyyəti olması barədə məlumat mövcuddur. Dövlət Vergi Xidmətinin məlumat bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr ərzində fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. -“Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixli əmr ilə M.Əzizbəyov adına X7 Ordenli Azərbaycan Neft İnstitutunun “Energetik” fakültəsinin əyani şöbəsinin “Elektrik stansiyaları” ixtisası üzrə İ kursa qəbul olunmuş və xx.xx.1983-cü il tarixli əmr ilə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək Azfen BM-in Azf- 089/090 layihələrində elektrik mühəndisi vəzifəsində işləmişdir. Ə.İddiaçı elektrik mühəndisi vəzifəsində yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Obyektin elektrik işlərinin təhlükəsiz və səmərəli şəkildə şirkət və sifarişçi prosedurlarına uyğun olaraq icra olunmasını təmin etmək; Güc Transformatorlarının sinağı və işə buraxılması; Boşaldıcıların sinağı və neytral rezistorun sinağı; Gərginlik və cərəyan transformatorunun sinağı; Elektrik açarının(vacuum,hava,eleqaz və s.)sinağı və işə buraxılması; Şin sistemlərinin,İzolyatorların sinağı və işə buraxılması; Daimi gərginliyə nəzarət; Qoruyucu relelərin sinağı və işə buraxılması; Ölçmə vasitələrinin sınaqdan keçirilməsi; İzolyasiya müqavimət testləri; Doyma, dolaq, güc əmsalı, polyarizasiya, yük, transformasiya testləri; Yüksək gərginlik testləri; Keçid müqaviməti testləri; Torpaqlama sistemlərinin testləri; İldırımdan mühafizə sistemlərinin testləri; İşıqlanma sistemlərinin sinağı və işə buraxılması; HVAC Sistemlərinin sinağı və işə buraxılması; İstilik izləmə dövrələrinin(Heat Tracing) sinağı və işə buraxılması; Elektrik kabellərinin sınağı və yüksək gərginliklə test olunması; Elektrik motorlarının sinağı və işə buraxılması; Generatorların sinağı və işə buraxılması; Fasiləsiz enerji təchizatı (UPS) sistemlərinin sinağı və işə buraxılması; Dəyişən tezlikli sürücü (VFD) sistemlərinin sinağı və işə buraxılması; Kompressorların sinağı və işə buraxılması; Naviqasiya sistemlərinin sinağı və işə buraxılması; Mühafizə sistemlərinin sınağı. İddiaçı Azfen BM-də işlədiyi elektrik mühəndisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" və həmin qərarın 35-ci maddəsinin “Ümumi Peşələr” başlıqları altında nəzərdə tutulmamışdır. -"xxxx" MMC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Yuxarıda göstərilmiş müddət üzrə vəzifə təlimatları aşkarlanmadığından, X2 "xxxx" MMC-də işlədiyi dövrdə onun əmək funksiyalarının nədən ibarət olması barədə tərəfimizdən məlumat verilməsi imkan xaricindədir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddiaçı 60 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan az olması əsası ilə pensiya təyinatının aparılmasından imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 4 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; d) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmamasıdır. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının tələblərə cavab verməsi cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2020-ci il tarixdə 60 yaşının tamam olması, habelə pensiya kapitalının 226466,3 manat təşkil etməsi sığortaolunanın hesabı ilə müəyyən edilir. Cavabdeh iddiaçının mübahisələndirilməyən ümumi iş stajının 13 il 07 ay 24 gün təşkil etdiyinə istinad edir və bu halı iddiaçının təhsil müddəti və bəzi əmək fəaliyyəti müddətinin sığorta stajına daxil edilməli olmaması ilə əlaqələndirir. Məhkəmə hesab edir ki, cavabdeh səhv olaraq iddiaçının ümumi iş stajı ilə bağlı şərtin ödənilmədiyi qənaətinə gəlmişdir. Belə ki, 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının müraciətinə qiymət verərkən onun təhsilinin əyani olması barədə məlumatın olmadığına istinad etmişdir. Bununla bağlı Məhkəmə tərəfindən araşdırma aprılmış və “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1978-ci il tarixli əmr ilə M.Əzizbəyov adına X7 Ordenli Azərbaycan Neft İnstitutunun “Energetik” fakültəsinin əyani şöbəsinin “Elektrik stansiyaları” ixtisası üzrə İ kursa qəbul olunmuş və xx.xx.1983-cü il tarixli əmr ilə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. Göründüyü kimi iddiaçının əyani oxuması müvafiq arayış ilə təsdiq olunmuşdur ki, göstərilən müddət (05 il 01 ay 14 gün) onun sığorta stajına daxil edilir. Bundan başqa cavabdeh iddiaçının əmək kitabçasında əks olunmayan, lakin işəgötürənin arxiv arayışı ilə təsdiq olunan dövrlərin də sığorta stajına daxil edilməsindən imtina etmişdir. Buna münasibətdə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. Yuxarıda göstərilən Qaydalardan göründüyü kimi, xx.xx.2006-cı il tarixədək şəxsin əmək stajının müəyyən edilməsi əmək kitabçası əsasında həyata keçirilir. Əmək kitabçası mövcud olmadığı hallarda isə həmin dövrlərə dair əmək fəaliyyətinin təsdiqi işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı ilə aparılır. Bu hüquqi tələblər nəzərə alınmaqla müəyyən edilir ki, iddiaçının xx.xx.1983–xx.xx.1984-cü illərdə “Azərenerjitəmirsazlama” müəssisəsinin Rele mühafizəsi və avtomatika sazlanması sexində mühəndis vəzifəsində, xx.xx.1986–xx.xx.1989-cu illərdə Elektronika avadanlıqlarının sazlanması sexində, xx.xx.1989–xx.xx.1990-cı illərdə isə Sənaye Tikinti Mexanizasiyası Trestinin 1 saylı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində aparıcı mühəndis-energetik vəzifəsində çalışması, eləcə də xx.xx.1990–xx.xx.2001-ci illərdə "xxxx"in nəzdində fəaliyyət göstərən “İşıq” kooperativinə sədr təyin edilməsi barədə məlumatlar əmək kitabçasında əks olmasa da, həmin dövrlərə dair işəgötürənlər tərəfindən təqdim olunmuş arxiv arayışları mövcuddur.Məhkəmə iclasında təqdim edilmiş bu sənədlərin əsil nüsxələri araşdırılmış, iş materiallarına əlavə edilmiş və onların mötəbərliyi hər hansı şübhə yaranmamışdır. Bu baxımdan, arayışlarda təsbit olunmuş əmək fəaliyyəti, iddiaçının əmək kitabçası ilə rəsmiləşdirilmiş digər iş dövrləri, həmçinin təhsil və hərbi xidmət müddətləri nəzərə alınmaqla, onun 25 ildən artıq əmək stajına malik olduğu qənaətinə gəlinir. İddiaçının ümumi iş stajı ilə bağlı tələb olunan şərt ödənilsə də, güzəştli iş stajı ilə bağlı şərt ödənilməmişdir. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə razılaşır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış təqdim edilməlidir. Hansı ki bu arayış iddiaçının həmin arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, onun işlədiyi sahələrin, peşələrin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğunun müəyyən edilməsinə xidmət etməlidir. Məhkəmə hazırkı mübahisə üzrə qeyd edir ki, iddiaçının yalnız xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixədək (60 yaşının tamam olduğu müddətədək) "xxxx" MMCdə Dənizdə mühəndis-elektrik vəzifəsində çalışdığı dövrün güzəştli iş stajına daxil edilməsi mümkündür. Məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində, yalnız iddiaçının həmin dövr ərzində fəaliyyət göstərdiyi iş yeri üzrə işəgötürəndən müsbət cavab alınmışdır. İddiaçının xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək “Azərenerjitəmirsazlama” müəssisəsində Nəzarət və Ölçü cihazlarının təmirinə və sazlanmasına nəzarət edən mühəndis vəzifəsində çalışdığı dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarlarında nəzərdə tutulmuş güzəştli iş stajı siyahısına uyğun olmadığını "xxxx" ASC tərəfindən bildirilmiş, eyni zamanda, xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək Azfen BM-in Azf-089/090 layihələrində elektrik mühəndisi vəzifəsində çalışdığı müddətin də güzəştli iş stajı hesab olunmadığı "xxxx" MMC tərəfindən təsdiqlənmişdir. İddiaçının "xxxx" MMC-də fəaliyyət göstərdiyi dövrə gəlincə, həmin dövrün hansı siyahı bəndi üzrə uyğunluğunun müəyyən edilməsi də mümkün olmamışdır. Məhkəmə tərəfindən bu məsələlər üzrə dəfələrlə müvafiq araşdırmalar aparılmış, iddiaçının çalışdığı vəzifənin siyahıya uyğunluğu və onun əmək funksiyalarının siyahının hansı bəndinə aid olmasının təhlilinə dair ətraflı araşdırmalar həyata keçirilmiş, lakin vəziyyəti iddiaçının xeyrinə dəyişən hal olmamışdır. Göründüyü kimi əmək funksiyalarının nədən ibarət olması, işçilərin hansı sahə üzrə işləməli olması və ya işləmiş olması barədə məlumata müstəsna səlahiyyətə malik olan müəssisələr tərəfindən iddiaçının güzəştli iş stajına malik və ya malik olmayan dövrlərin mövcudluğuna qiymət verilmişdir ki, həmin qiymətləndirmə məhkəmə üçün şəxsə güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə tələbin təminini istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müddət ərzində onun güzəştli iş stajına malik olması müəyyən olunmur. Odur ki, cavabdehin imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar