Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2352/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “xəsarətin səbəb əlaqəsi barədə qərar verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1993-cü ilin yanvar ayının 26-da Ağdərə uğrunda gedən döyüşlər zamanı yaralanmasına dair qərar verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1993-cü il yanvar ayının 26-da Ağdərə uğrunda gedən döyüşlərdə yaralanması barədə aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.1960-cı il tarixdə Şamaxı rayonu 6 nömrəli sovxozda (hazırkl Şəhriyar qəsəbəsi) anadan olmuşdur. 1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur. Qarabağ uğrunda döyüşlər başlanan zaman o, könüllü olaraq DİN-in Xüsusi təyinatlı polis dəstəsinə üzv yazılmış və dəfələrlə döyüş bölgəsində ön sırada düşmənlə döyüşmüşlər. Rota komandirləri aydın olmuşdur. xx xxxxxx 1993-cü il tarixdə Ağdərə bölgəsində Qazançılar kəndi uğrunda gedən döyüşlər zamanı güllə yarası alaraq Gəncə şəhərinə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının Cərrahiyyə şöbəsinə gətirilmişdir. Orada sol budunun yuxarı hissəsindən qəlpə çıxarılmışdır. 28 yanvar tarixinə kimi orada qalmış, sonra evə göndərilmişdir. O, Şamaxı rayon mərkəzi xəstəxanasında xx xxxx 1993-cii il tarixinə kimi güllə yarası diaqnozu ilə müalicə olunmuşdur. Onun Şamaxıdan olan cəbhə yoldaşları Şəmiyev Fuad Ötərxan oğlu, X5 da şahiddirlər ki, o, Ağdərə uğrunda döyüşlərdə iştirak edərək güllə yarası almışdır. O, neçə illərdir Qarabağ müharibəsi veteran statusunu daşıyır. Verilən xüsusi güzəşt və imtiyazlardan istifadə edir. Müharibə əlili statusunun verilməsi ilə bağlı müraciətlərinə isə belə cavab verilmişdir ki, onun döyüş bölgəsinə ezam olunması barədə şəxsi işində məlumat yoxdur. Əlbəttə, bunun qeyd olunmamasının günahı onda deyil. O, döyüş bölgəsində olmamışdırsa, ona Qarabağ müharibəsi veteranı adı niyə verilmişdir və xəstəxana arayışları da tam təsdiq edir ki, o, Ağdərə uğrunda gedən döyüşdə aldığı güllə yarasından müalicə almışdır. O, hesab edir ki, bu faktı təsdiq edəcək kifayət qədər sənədləri və şahidləri var. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, DİN-in Baş Əməliyyat və X4 tərəfindən verilən məlumata əsasən iddiaçının şəxsi işində döyüş bölgəsinə ezam olunması barədə qeydiyyat yoxdur. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarının 7.3-cü bəndinə əsasən Xüsusi həkim komissiyasına travma haqqında arayış (xidməti rəy) təqdim etmədiyindən xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün olmamışdır. Göstərilənlərə əsasən iddinın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respubliası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 025008 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İsgəndər oğlu müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən iddiaçının həyat yoldaşı X3 ünvanlanmış xx.xx.2019-cu il tarixli 029-45035H- 3219/4 saylı məktubda qeyd edilir: Həyat yoldaşınız İddiaçı döyüş bölgəsində aldığı xəsarətin səbəb əlaqəsinin təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığınız müraciət DİN Tibb İdarəsində araşdırılmışdır. Təqdim etdiyiniz sənədlər araşdırılarkən həyat yoldaşınız İddiaçı xx.xx.1993 - xx.xx.1993-cü il tarixində Gəncə şəhər A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında stasionar müalicə aldığı məlum olmuş, DİN-in Baş Əməliyyat və X4 tərəfindən isə onun şəxsi işində döyüş bölgəsinə ezam olunması barədə qeydiyyat aşkar edilməmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarın 7.3 bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqan rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa (xidməti rəy) uyğun olaraq çıxarır. Arayişda xəsarətin alınma şəraiti, habelə, xidməti vəzifələrin icrası ilə bağlı olub-olmaması göstərilir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, həyat yoldaşınız İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarın 7.3 bəndinə əsasən Xüsusi həkim komissiyasına travma haqqında arayış (xidməti rəy) təqdim etmədiyindən xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün deyildir. İş materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsi A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunmuş, onun adına stasionar xəstənin tibbi kartası açılmışdır. Tibbi kartada diaqnoz – sol budun yuxarı 1/3-də kor qəlpə yarası göstərilmişdir. İş materiallarında olan xəstənin ambulator, stasionar tibbi kartasının surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi Gəncə şəhər Səhiyyə İdarəsi A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunmuş, onun tam diaqnozu sol budun yuxarı 1/3-də kor qəlpə yarası olduğu göstərilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli 012-20498- 1220 saylı məktubundan və məktuba əlavə edilmiş İddiaçı arxiv işindən çıxarılmış xidmətçəkmə siyahısının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı arxiv işində onun hərbi əməliyyatların keçirildiyi bölgəyə ezam olunması, yaralanması barədə sənədlər və xidməti təhqiqat materialları aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir; 1.2-ci bəndinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir; 1.8-ci bəndinə əsasən hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır; 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir; 7.4-cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı döyüş bölgəsində yaralanması ilə bağlı xəsarətin səbəb əlaqəsinin təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin iddiaçının xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında arayış təqdim edilmədiyinə görə xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün olmamışdır və imtina cavabı verilmişdir. İddiaçı aldığı xəsarətlə bağlı tibb müəssisələrində müalicə olunduğunu və həmin sənədlər əsasında cavabdeh tərəfindən xəsarətin səbəb əlaqəsi barədə qərar qəbul edilməsini tələb edir. Lakin iddiaçının qeyd etdiyi sənədlərlə xəsarətin alınma şəraiti, habelə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması müəyyən edilmir. Travma haqqında arayışda isə xəsarətin alınma şəraiti, habelə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Göründüyü kimi, iddiaçı xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında arayışı, habelə xəsarətin alınma şəraitini əks etdirən başqa sənədləri məhkəməyə təqdim edə bilmədi. Xəsarətin səbəb əlaqəsi haqqında qərar isə qeyd olunan sənədlərə uyğun olaraq çıxarılır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “xəsarətin səbəb əlaqəsi barədə qərar verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2352/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2352/2020
30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver