Məhkəmə qərarları › İş №2-1(112)-2352/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2352/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2352/2022 11.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi-X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı“əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6cı maddəsinin 01 fevral 2003-cü il tarixdən 10 mart 2017-ci il tarixədək olan müddətdə barəsində tətbiq edilməsinin qadağan edilməsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyasının 39 il 7 ay 21 gün iş stajına görə yenidən qanunamüvafıq qaydada hesablanması öhdəliyinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehin 15.11.2021-ci il tarixli **********2 №-li etirazının əsassız hesab edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyasının 39 il 7 ay 21 gün iş stajına görə yenidən qanunamüvafiq qaydada hesablanması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 24 fevral 1992-ci il tarixdə, həmin vaxt Qarabağ bölgəsindəki vəziyyətlə əlaqədar, ehtiyatda olan zabit olduğunu nəzərə alıb, vətəninin müdafiəsi üçün könüllü müraciət etmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həmin vaxt 2-ci motoatıcı briqadasının 1-ci taborunun zenit-raket artilleriya batareyası komandiri təyin edilərək, 18 mart 1992-ci il tarixdə şəxsi heyətlə birlikdə döyüş bölgəsinə göndərilmişdir. 05 fevral 1993-cü il tarixədək Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda Xanlar (indiki Göygöl) və Füzuli rayonlarının ərazisində gedən döyüşlərdə iştirak etmişdir, yaralanmışdır, müharibə veteranıdır. 05 fevral 1993-cü il tarixdən 23 yanvar 2003-cü il tarixədək Müdafiə Nazirliyinin struktur qurumlarında hərbi xidmətini davam etdirmişdir, son tarixdə kapitan rütbəsində, 1-ci dərəcəli ehtiyata keçirilərək, pensiyaya göndərilmişdir. 28 aprel 2005-ci il tarixdə Respublika Hərbi Prokurorluğunda Təşkilat-analitik şöbəsinin inspektoru vəzifəsində işləməyə başlamışdır, 27 aprel 2010-cu il tarixdə ehtiyatdan təkrar hərbi xidmətə çağırılmışdır, 29 dekabr 2020-ci il tarixdə, mayor rütbəsində yaşa görə istefaya göndərilmişdir. Xidmətini qüsursuz başa vurmuşdur, medallarla təltif olunmuşdur. Birinci dəfə hərbi xidmətdən tərxis olunmağı, təkrar hərbi xidmətə çağırılmağı və istefaya göndərilməyi onun arzusu ilə olmamışdır. Bunlar “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmət keçmək haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq edilmiş və o, yalnız əmri icra etmişdir. 27 yanvar 2021-ci il tarixdə Respublika Hərbi Prokurorluğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına pensiyasının yenidən hesablanması üçün 000002 №-li məlumat vərəqi göndərilib. Adı çəkilən Filialdan ona göndərilmiş 30.04.2021-ci il tarixli **********9 №-li cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin - əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası “sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır” tələbləri qeyd olunmaqla, xidmətdən növbəti dəfə tərxis olunmağı ilə əlaqədar əmək pensiyasının yenidən hesablanaraq ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyevin 30.04.2021-ci il tarixli **********9 №-li cavab məktubundan həmin Filiala verdiyi şikayətə adı çəkilən Filialın direktor müavini Elvin Axundov tərəfindən verilmiş 09.06.2021-ci il tarixli **********8 №-li cavab da eyni məzmunlu olmuşdur. İPM-45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi 15 noyabr 2021-ci il tarixli **********2 nömrəli etirazında göstərilmişdir ki, iddiaçı 7 sentyabr 2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirllər ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 1 fevral 2003-cü il tarixində xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 55028 nömrəli məlumat vərəqəsi əsasında ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Əmək pensiyası təyin edildikdən sonra iddiaçı yenidən xidmətə cəlb olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Qeyd olunanları nəzərə alaraq xidmətdən növbəti dəfə tərxis olunması ilə əlaqədar əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçının qeyd etdiyi məsələlərlə bağlı eyni məzmunlu müraciətləri Mərkəzi Filial tərəfindən 19 aprel 2021-ci il tarixli **********1 nömrəli, 30 aprel 2021-ci il tarixli **********9 nömrəli, 9 iyun 2021-ci il tarixli **********8 nömrəli, 17 iyul 2021ci il tarixli **********1 nömrəli və 24 avqust 2021-ci il tarixli **********3 nömrəli məktublarla cavablandırılmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən; - İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. - cavabehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəmədən iddia tələbinin əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, İddiaçı xx.xx.1965-cı ildə Sabirabad rayonu, Cavad kəndində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V 015806 №-li vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 12.10.1998-ci ildə müharibə veteranı adı verilmişdir. Azərbaycan Respblikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 001567 №-li vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı müddətdən artıq xidmətdə olan hərbi qulluqçuların, gizirlərin, miçimanların, zabitlərin və onların ailələrinin pensiya təmminatı haqqında Əsasnaməyə əsasən 01.02.2003-ci ildən etibarən pensiya təyin edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim olunmuş iddiaçıya aid pensiya işində olan Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin ZE-55028-(01171) nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən adı çəkilən Departamentə göndərilmiş 30.08.2007-ci il tarixli MN seriyalı ZE-55028 №li məlumat vərəqəsinə əsasən xx xxxxxx 1965-cı il təvəllüdlü İddiaçı 29.12.2002-ci il tarixli qərarla təyin olunmuş (ilkin) pensiyanın 26.10.2009-cu il tarixli qərara əsasən 01 iyul 2008-ci ildən ömürlük 281 manat 15 qəpik olmaqla yenidən hesablanması qərara alınmşdır. Daha sonra Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin 07 iyun 2016-cı il tarixli 011761 saylı qərarı ilə İddiaçı pensiyası yenidən hesablanaraq 365 manat 91 qəpik məbləğində müəyyən olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 06 dekabr 2021-ci il tarixli 06.12.2021-ci il tarixli HP-10/1604 saylı məktubunda qeyd olunmuşdur ki, prokurorluq orqanlarına işə götürülən digər işçi hesab edilən istefada olan mayor İddiaçı barəsində 27.01.2021 -ci il tarixdə yeni “əmək pensiyası təminatı üçün hərbi qulluqçu haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi” tərtib olunaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Qeyd olunan məktuba əlavə olunmuş 27.01.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə pensiya təyin olunması üçün İddiaçı (000002) məlumat vərəqələri DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20.12.2021-ci il tarixli **********2 saylı məktubu ilə vətəndaş İddiaçı pensiya işinə dair sənədlərə əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğundan daxil olmuş 30.08.2007-ci il və 27.01.2021-ci il tarixli məlumat vərəqələrinin surətləri məhkəməyə təqdim olunmuşdur. Məktuba əlavə olunmuş Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş 000002 saylı Məlumat vərəqinin surətindən müəyyən olunur ki, İddiaçı ehtiyatda olmağın son yaş həddinə çatmağı ilə əlaqədar 30.12.2020-ci il tarixdə təxris olunmuşdur. Məlumat vərəqində İddiaçı iş stajı 07 il 06 ay 12 gün; təqvim xidmət illəri 32 il 00 ay 09 gün, cəmi iş saatı və xidmət illəri (iş stajı, ali təhsil, təqvim üzrə xidmət iləri, güzəştli xidmət illəri) 39 il 06 ay 21 gün; pul təminatı- vəzifə maaşı 370,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə əlavə 30 faiz-150 manat, ərzaq payı əvəzinə kompensasiya 64.00 manat, məharət dərəcəsi 15 faiz -55.50 manat, cəmi 769.50 manat qeyd olunmuşdur. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 30.04.2021-ci il tarxli **********9 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 19 aprel 2021-ci il tarixli **********1 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 29 aprel 2021-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ona 1 fevral 2003-cü il tarixində xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 55028 nömrəli məlumat vərəqəsi əsasında ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Əmək pensiyası təyin edildikdən sonra o, yenidən xidmətə cəlb olunmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Qeyd olunanlar nəzərə alınaraq xidmətdən növbəti dəfə tərxis olunmağı ilə əlaqədar əmək pensiyasının yenidən hesablanaraq, ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının eyni məzmunlu müraciətləri cavabdeh iznibati orqan tərəfindən eyni məzmunlu cavab məktubları ilə cavablandırılmış, daha sonra isə edilmiş müraciətlər baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27.08.2021-ci il tarixli **********2 saylı məktubunda müraciətçiyə bildirilmişdir ki, pensiyaların minimum məbləği 72,4% artırılaraq 200 manata çatdırılmış, 1 yanvar 2021 -ci il tarixdən bütün növ pensiyaların sığorta hissəsi 11,4 faiz indeksləşdirilmiş və nəticədə orta aylıq pensiya məbləği 330 manata yüksəldilmişdir. Pensiya təyinatı prosesinin sadələşdirilməsi üçün 1 yanvar 2019-cu il tarixindən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmışdır. Həmçinin vətəndaşların hazırda topladıqları pensiya kapitalı, pensiyaya çıxacağı tarix və yaşı, eləcə də ehtimal edilən pensiya məbləği ilə bağlı müfəssəl məlumat əldə edə bilməsi üçün “Pensiya kalkulyatoru" elektron xidməti (https://e-sosial.az/#/eServiceFrame/5721) yaradılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə-55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla hesablanır. Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Araşdırma zamanı müəyyən edilmişdir ki, ona 01.09.2003-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22.12.2006-cı il tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 01.01.2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyaları Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən əmək pensiyasının məbləği həmin tarixdən etibarən Fond tərəfindən ödənilir. Qanunun 20.14.1ci maddəsi hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara ilk dəfə əmək pensiyası təyin edilərkən, Qanunun 9.6-cı maddəsi isə əmək pensiyası təyin edilmiş və yenidən hərbi xidmətini davam etdirən şəxslərə aid edilir. Nəticə olaraq, xidmətdən növbəti dəfə tərxis olunmağı ilə bağlı əmək pensiyasının məbləğinin yenidən hesablanması qanunvericiliklə mümkün deyil. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən, Prokurorluq işçilərinin maddi və sosial müdafiəsi bu Qanun və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası Qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 20.15-ci madəsinə əsasən hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular-Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 3-cü bəndinə əsasən, bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Qaydaların 9-cu bəndinə əsasən, Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair yenilənmiş məlumat vərəqi göndərilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Hazırda iddiaçı ona əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs kimi hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair göndərilmiş yenilənmiş məlumat vərəqində qeyd olunan 39 il 7 ay 21 gün iş stajına görə pensiyasının yenidən qanunamüvafiq qaydada hesablanması öhdəliyinin cavabdehə həvalə olunmasını tələb edir ki, qeyd olunan tələb qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ziddir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı oluşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə) İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərər alaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiya məbləğinin yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar