Məhkəmə qərarları › İş №2-1(112)-2353/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2353/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2353/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, X1 qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları

1. İddiaçı1 xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onun ailə üzvləri ilə birgə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin inzibati binasının ünvanı üzrə qeydiyyata alınmasını xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli, 069-11920K saylı məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, onun ailə üzvləri ilə birlikdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-1, küçə 13, ev 8-də qeydiyyatsız yaşadığı müəyyən edilmişdir. Odur ki, onun ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 55s nömrəli Sərəncamına müvafiq qaydada yaşayış yeri olmayan şəxs kimi sənədləşdirilərək Qaradağ RPİ-nin yerləşdiyi ünvan üzrə (Lökbatan qəsəbəsi, Mədən küçəsi 1) qeydiyyata alınması məqsədəmüvafiq hesab edilməmişdir. Qəbul zamanı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə nəzərdə tutulmuş şəxsin qeydiyyata alınmasına əsas olan hallar ona izah edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən onun ailə üzvləri ilə Müşfiqabad qəsəbəsi, YYM-1, küçə 13, ev 8 ünvanına qeydiyyata alınmaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

3. Bundan sonra İddiaçı1 cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Polis İdarəsinin imtinasının qanuna zidd hesab edilməsi, onun və iki azyaşlı uşağının ünvan 3 ünvanına pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı daha sonra İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi kimi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iki azyaşlı övladı İddiaçı3 və İddiaçı2 iddiaçı qismində inzibati icraata cəlb edilməsini, İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 3 ünvanına pasport qeydiyyatına alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-12146/2022 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı3 və İddiaçı2 iddiaçı qismində hazırkı məhkəmə icraatına cəlb edilmişlər. İİ Məhkəmənin mövqeyi

6. İddiaçılar tələblərini bununla əsaslandırmışlar ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2320/2020 saylı qətnaməsi ilə onun və iki azyaşlı uşağının Qaradağ rayonu, Sahil qəsəbəsi, Komsomol küçəsi 7 saylı evin 5 saylı mənzilinə istifadə hüquqları itirilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini almış və icraya yönlədilmişdir. O və ailə üzvləri uzun müddətdir ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 14 Müşfiq küçəsi, 1 döngə, ev 18 ünvanda yerləşən fərdi yaşayış evi tikməklə orada yaşayırlar. Heç bir başqa ünvanda pasport qeydiyyatları yoxdur. Qanunvericiliyin tələbinə görə vətəndaş yaşadığı və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Bununla bağlı Qaradağ rayon Polis İdarəsinə müraciət etsələr də onlara imtina edilmişdir. Cavabdehin hərəkətini qanunsuz hesab etdikləri üçün məhkəməyə müraciət etmişlər. Hazırda uzun müddətdir ki, göstərilən ünvanda ev tikməklə orada yaşayırlar. Pasport qeydiyyatlarının olmaması onlara bir sıra sosial problemlər yaratmaqdadır.

7. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

8. Cavabdeh ərizə ilə müraciət edərək işə nüməyəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

11. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

13. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi onların ünvan 3 ünvanına pasport qeydiyyatına alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

14. Bu iddia öhdəliyin icrası haqqında iddiadır (çünki vətəndaş yaşayış yeri üzrə qeydiyyata alındıqdan sonra, onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumat dəyişdirilir, bu hərəkət inzibati akt kimi qiymətləndirilə bilməz) ki, yuxarıda qeyd olunduğu kimi bu iddialar üzrə digər mümkünlük şərtləri ilə yanaşı tələb olunan şərtlərdən biri də ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət edilməsidir.

15. Belə ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Çünki məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunun aradan qaldırmasını tələb edib-etməməsidir.

16. Lakin iş materiallarından iddiaçıların hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Belə ki, işdə olan iddiaçının xx.xx.2022-ci il tarixli məhkəməyə qədər cavabdehə olan müraciətindən və ona verilən imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciəti cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin inzibati binasının ünvanı üzrə qeydiyyata alınması ilə bağlı olmuş, o hazırkı iddia ərizəsində göstərilən ünvan 3 ünvanına qeydiyyata alınmaq üçün cavabdeh orqana müraciət etməmişdir.

17. Qeyd olunanlar nəzərə alınaraq, Məhkəmə tərəfindən məhkəmə icraatının gedişatında iddiaçılara iddia tələblərinin ilkin müraciətə uyğun olaraq dəyişdirilməsi təklif olunmuş, lakin iddiaçılar iddianın dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı bir ərizə təqdim etməmişlər.

18. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır.

19. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar