Məhkəmə qərarları › İş №2-1(112)-2359/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2359/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2359/2021 09.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə, Niyazlı Gülay Rəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin verilməsi öhdəliyinin qoyulması barədə iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 190 manat birdəfəlik ödəmə məbləğlərinin verilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı e-sosial.az saytı vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 190 manat maddi yardımın verilməsi ilə bağlı müraciət etmişdir. 29 aprel 2020-ci il tarixdə onun mobil telefon nömrəsinə e-sosial.az-dan gələn SMS cavabda bildirilmişdir ki, “İddiaçı aztəminatlılıq meyarına uyğun gəlmədiyiniz üçün (adınıza nəqliyyat vasitəsi aşkarlandığı üçün) Sizə 190 manat birdəfəlik ödəmə verilməsindən imtina olunub.” İddiaçının adında 1991-ci ilin istehsalı olan “Niva-Vaz 2121”, “Jiquli” markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. Tanışlarından adlarında bir avtomobil olanlar vardır ki onlara 190 manat maddi yardım verilib. 30 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytı olan sosial.gov.az-da “iki və daha çox avtomobili olan 19200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edilib” başlıqlı məqalə dərc olunub. Həmin məqalədə göstərilib ki, “birdəfəlik ödəmə (190 manat) proqramı işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulub. Bu ödəməni almaq üçün edilmiş müraciətlərin e-sistem tərəfindən emalı zamanı Daxili İşlər Nazirliyinin müvafiq informasiya bazasından əldə edilmiş məlumatlar əsasında onlardan 19 min 200 şəxsin adında 2 və daha çox avtomobil olduğu müəyyən olunub.Həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.” Bu məqalədən məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir avtomobili olan şəxslərə deyil, iki və daha çox avtomobili olan şəxslərə 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edib. İddiaçının adında bir avtomobil olduğuna görə bununla bağlı 04 may və 02 iyun 2020-ci il tarixlərdə Elektron ünvan e-mail vasitəsilə, 10 sentyabr 2020-ci il tarixdə isə rəsmi olaraq ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Cavabdeh 14 sentyabr 2020-ci il tarixdə həmin ərizəni rəsmən alsa da, həmin ərizəyə, həmçinin 04 may və 02 iyun 2020-ci il tarixlərdə göndərdiyi ərizələrə rəsmi cavab verməmişdir. 07 aprel 2020-ci il tarixli, 127 nömrəli, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3-cü bəndində birbaşa göstərilib ki, hansı kateqoriyadan olan şəxlərə birdəfəlik ödəmə verilmir. Həmin kateqoriyadan olan şəxlər qrupuna iddiaçının heç bir aidiyyətı yoxdur. İddiaçı 10 oktyabr 2019-cu il tarixdə ürəyindən ağır əməliyyat olunduğunu, hər gün dərman qəbul etdiyini və dərmanların alınması üçün birdəfəlik ödəməyə ehtiyacı olduğunu qeyd edib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatı iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq birdəfəlik ödəmə işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə qeydiyyat tarixindən asılı olaraq təyin olunur və ödənilir. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən, həmin bənddə müəyyən edilmiş meyarlara cavab verən işsiz şəxslərə, o cümlədən mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir. İddiaçı birdəfəlik ödəmənin alması hüququnun müəyyən edilməsi üçün yoxlama aparılarkən iddiaçının mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olduğu aşkar edilmişdir. Bu səbəbdən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina olunmuş və bu barədə ona SMS göndərilmişdir. Göstərilənlərə əsasən, cavabdeh iddiaçının tələbini əsassız hesab edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsində məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iddiaçının da bildirdiyi kimi, iş materiallarında olan xx.xx.2015-ci il tarixdə verilmiş AC seriyalı 604062 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı “VAZ 2121” markalı buraxılış ili 1990-cı il olan **-BP-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsinin sahibir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydanın 2.3.12-ci bəndinə əsasən mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mülkiyyətində minik avtomobilinin olması səbəbi ilə ona birdəfəlik ödəmənin verilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur və belə olan halda hazırkı iddia əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 190 manat birdəfəlik ödəmə məbləğlərinin verilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 190 manat birdəfəlik ödəmə məbləğlərinin verilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2 Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar