Məhkəmə qərarları › İş №2-1(112)-2359/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2359/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2359/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ünvan 1 ünvanındakı yaşayış sahəsinə daimi kirayə müqaviləsinin bağlanılması haqqında qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ünvan 1 ünvanındakı yaşayış sahəsinə daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X2 xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən 07.11 2000-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "A” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2000-ci il tarixli 0565 nömrəli əmri ilə hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Mərhum həyat yoldaşı S.N Nəcəfova Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi müddət ərzində Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 216 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Qeyd olunan yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aiddir və sözügedən yaşayış sahəsinin S.N.Nəcəfova verilməsi xx.xx.1998-ci il tarixli 002831 nömrəli xidməti orderlə təsdiqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. X2 11.01 2017-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra mən xx.xx.1998-ci il tarixdə mərhum həyat yoldaşı S.N. Nəcəfova verilmiş və hal-hazırda yaşadığı ünvan 3 ünvanındakı yaşayış sahəsinin xidməti mənzillər siyahısından çıxarılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ərizə ilə müraciət etmişdir. Mənzil-İstismar İdarəsində müvafiq sənədləşmə işləri aparıldıqdan sonra daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi üçün Bakı şəhəri Cavabdehnə müraciət olunmuşdur. Lakin Bakı şəhəri Cavabdeh tərəfindən Mənzil-İstismar İdarəsinin müraciətinə cavab olaraq bildirilmişdir ki, hazırda onun istifadəsində olan ünvan 2 ünvanındakı yaşayış sahəsi Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşdiyi üçün daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi Bakı şəhəri Cavabdeh səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Cavabdeh tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ünvanlanmış 1685/d saylı 17 avqust 2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 347 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə” Təlimatın 19-cu bəndinə əsasən İcra hakimiyyətinin başçısı "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamə ilə və digər qanunvericilik aktları ilə ona verilmiş səlahiyyətləri həyata keçirmək üçün müvafiq ərazidə normativ xarakterli aktlar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. Qeyd olunan normativ aktlardan göründüyü kimi Cavabdeh başçısı rayonunun inzibati ərazi vahidində yerləşən və Cavabdeh tərəfindən xidməti order verilmiş mənzillərlə bağlı sərəncam verə bilər. İddiaçı istifadəsində olan mənzil Bakı şəhəri Səbail rayonu ərazisində yerləşdiyindən onunla daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi barədə xahişin yerinə yetirilməsi mümkün deyildir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ünvanlanmış 6-817 saylı 25 iyul 2022-ci il tarixli məktubda bildirilmişdir ki, araşdırma zamanı, təqdim edilən Seyfəlmülk Nəcəfovun adına 02 mart 1998-ci il tarixdə verilmiş 002831 nömrəli Xidməti Orderin kserosurətindən görünür kı, sözügedən Xidməti Order Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli, 216 saylı sərəncamı ilə vətəndaşa verilmişdir. Aidiyyəti üzrə Cavabdehnə müraciət etmək tövsiyə olunur. Bakı şəhəri Cavabdeh 216 saylı 16 fevral 1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərinin bölüşdürülməsi qaydalarının 3-cü bəndinin ikinci hissəsi və 48-ci maddəsinə əsaslanaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 183 saylı 13 fevral 1998-ci il tarixli məktubu ilə təqdim edilmiş siyahıda adı göstərilən 10 nəfər hərbi qulluqçuya order verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsi tərəfindən iddiaçıya təqdim olunmuş 59 saylı 17 may 2022-ci il tarixli arayışa əsasən onun mərhum həyat yoldaşı 1963-cü il təvəllüdlü baş leytenant X2 xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “A” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 0565 №-li xx.xx.2000-ci il tarixli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ünvanlanmış **********53 saylı 24 iyun 2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə uyğun olaraq, əlavə edilmiş siyahıda göstərilən mənzillərin xüsusi təyinatlı rnənzil fondunun siyahısından çıxarılmasına etiraz etmir. Eyni zamanda, xx.xx.2009-cu il tarixdə qüvvəyə minən yeni Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll- İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Göründüyü kimi, müvafiq maddə xx.xx.2009-cu il tarixdən sonra sosial və xüsusi təyinatlı dövlət mənzil fondundan verilən mənzillərin özəlləşdirilməsini nəzərdə tutmur. Bundan əlavə, Müdafiə Nazirliyinin sərəncamında olan xidməti mənzillərdən səmərəli istifadənin təmin olunması məqsədilə hərbi xidmət vəzifələrini icra edən hərbi qulluqçuların yaşayış sahələri ilə təmin olunmasında gələcəkdə heç bir problemin yaşanmaması üçün xidməti mənzillər üzrə mövcud fondlar təhlil edilməklə mənzillərin xüsusi təyinatlı mənzil fondunun siyahısından çıxarılması barədə növbəti müraciətlərdə qeyd olunanlar üzrə ciddi əsaslandırmanın təqdim edilməsi zəruridir. Bakı şəhəri İcra Hakimiyyəti Yasamal rayonu xidməti tərəfindən iddiaçının mərhum əri X1 verilmiş 002831 saylı 02 mart 1998-ci il tarixli xidməti orderə əsasən onun 4 nəfərdən ibarət ailə tərkibi ilə ünvan 1-u tutmaq hüququ var. AZ-İ seriyalı, 857377 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinə əsasən iddiaçıya hüquqi yardım edərək cavabdeh qismində Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti göstərilməklə iddia tələbinin “mənzil kirayə müqaviləsinin bağlanması haqqında qərar qəbul edilməsi” kimi dəqiqləşdirilməsini təklif etmişdir. Məhkəmənin 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “ünvan 1 ünvanındakı yaşayış sahəsinə daimi kirayə müqaviləsinin bağlanılması haqqında qərar qəbul edilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinə əsasən yenidən iddiaçıya hüquqi yardım edərək cavabdeh qismində Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən 8259 saylı 27 dekabr 2022-ci il tarixli məktubla bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən xidməti yaşayış sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansındadır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 1186 saylı 28 dekabr 2022-ci il tarixli məktubla bildirilmişdir ki, ünvan 6 ünvanında yerləşən 29 saylı mənzil Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansındadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclasında tərəflər iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. Qeyd olunan normativ aktlardan göründüyü kimi Cavabdeh başçısı rayonunun inzibati ərazi vahidində yerləşən və Cavabdeh tərəfindən xidməti order verilmiş mənzillərlə bağlı sərəncam verə bilər. İddiaçı istifadəsində olan mənzil Bakı şəhəri Səbail rayonu ərazisində yerləşdiyindən onunla daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi barədə xahişin yerinə yetirilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Beləliklə, məhkəmə müəyyən edir ki, hazırkı iddianın qaldırılmasında məqsəd mənzilin mülkiyyətə verilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”ndan: 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. 4.3. Xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Qeyd edilən mənzil xüsusi təyinatlı mənzil fonduna aid edilmiş mənzildir. Qüvvədə olan qaydalara əsasən həmin mənzilin sosial təyinatlı yaşayış fonduna daxil edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanı (konkret halda Müdafiə Nazirliyi) və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı (mənzil Səbail rayonun ərazisində yerləşdiyindən Səbail rayon icra hakimiyyəti) tərəfindən qərar qəbul edilməlidir. Müvafiq qərar əsasında mənzil sosial təyinatlı yaşayış fonduna aid edildiyi təqdirdə vətəndaşa (qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olduqda) yaşayış sahəsinin verilməsi haqqında qərar qəbul edilərək sosial kirayə müqavilələri əsasında yaşayış sahələri verilir. Nəticə etibarilə məhkəmə qeyd edir ki, qanunvericilikdə iddiaçının mənzilin xüsusi təyinatlı mənzil fondundan sosial təyinatlı yaşayış fonduna daxil edilməsini tələb etmək hüququnu əsaslandıran hüquqi müddəa nəzərdə tutulmamışdır. Odur ki, (gələcəkdə) müvafiq qərar əsasında mənzil sosial təyinatlı yaşayış sahəsinə daxil edildiyi təqdirdə iddiaçı həmin mənzilə münasibətdə mənzil kirayə müqaviləsinin bağlanmasını mülki qaydada iddia qaldırmaqla tələb edə bilər. Belə ki, məhkəmə iddiaçının yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər kateqoriyasına aid olduğunu müəyyən etmir. Odur ki, yerli icra hakimiyyəti inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud yerli icra hakimiyyətinin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Həmçinin məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən xidməti yaşayış sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansındadır, qeyd edilən mənzil Səbail rayonu ərazisində yerləşir. Lakin hazırki tələb üzrə Cavabdehdir. Cavabdehin dəyişdirilməsi iddianın mümkünlük məsələsini aradan qaldırmadığı üçün məhkəmə cavabdehin dəyişdirilməsinə zərurət görmür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar