Məhkəmə qərarları › İş №2-1(112)-236/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-236/2020

07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-236/2020 07.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3-cü şəxs - Maliyyə Nazirliyi qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı (3-cü şəxs Maliyyə Nazirliyi) ünvan 1 ünvanda yerləşən, iddiaçının mülkiyyətində olmuş və Novxanı- Pirşağı-Sahil avtomobil yolunun çəkilişinə istifadə edilmiş 0,021853 ha torpaq sahəsinin bazar dəyərinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə hazırlıq icraatı ilə bağlı xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iddiaçının “ünvan 1 ünvanda yerləşən, iddiaçının mülkiyyətində olmuş və Novxanı-Pirşağı-Sahil avtomobil yolunun çəkilişinə istifadə edilmiş 0,021853 ha torpaq sahəsinin bazar dəyərini təşkil edən 9172.354 manat vəsaitin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. (hakim Ş.Süleymanova) “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyinin alınması qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi məhkəməyə daxil olmuşdur. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “ünvan 1 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olmuş və Novxanı-Pirşağı-Sahil avtomobil yolunun çəkilişinə istifadə edilmiş 0,021853 ha torpaq sahəsinin bazar dəyərini təşkil edən 9172,35 (doqquz min bir yüz yetmiş iki manat otuz beş qəpik) manat vəsaitin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, ümumi sahəsi 0,116553 ha olan 273d saylı bağ sahəsi, Bakı şəhəri, 38 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, torpağın mülkiyyətçisi olmuş X2 tərəfindən İddiaçı satılmışdır. İddiaçı 2019-cu ildə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün cavabdehə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən aparılmış ölçmə işləri nəticəsində, torpaq sahəsinin 0,021853 ha hissəsinin Novxanı-Pirşağı-Sahil avtomobil yolunun tikintisi ilə əlaqədar, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən istifadə edildiyi və yalnız torpaq sahəsinin 0,0947 ha hissəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsinin mümkün olacağı məlum olmuş, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin 0,021853 ha hissəsinin istifadə edilməsinə görə kompensasiyanın ödənilməsinə dair cavabdeh inzibati orqana müraciət olunmuş, cavabdehin xx.xx.2019-cu il tarixli M-3/16-5564 saylı məktubu ilə, “Novxanı-Pirşağı- Sahil avtomobil yolunun yenidən qurulması” layihəsinin başa çatması əsas gətirilərək, kompensasiyanın verilməsindən imtina olunmuşdur. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı alınan bağ sahəsinin üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün 2019-cu ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və məlum olmuşdur ki 273d bağ sahəsinin 0.021853 ha hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilmiş “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altina düşüb, və vətəndaş İddiaçı bağ sahəsinin qalan hissəsinə çıxarış verilmişdir. Lakin tikinti işləri ilə bağlı layihə tam yekunlaşdıqdan uzun müddət sonra, yəni 2019-cu ildə İddiaçı, ona məxsus torpaq sahəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı- Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi çərçivəsində tikinti altına düşdüyünə görə kompensasiyanın alınması ilə bağlı Agentliyə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi başa çatdığından qeyd edilən məsələnin həlli imkanlarımız xaricindədir. Eyni zamanda “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi" tikintisi altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədilə müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, ƏMDK, “xxxx” MMC, notarius, və s.) ibarət olan komissiya tərtib olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlayırlar və mövcud olan hər hansı əmlak qeydə alınır. Lakin siyahıyaalma zamanı hazırda iddiada göstərilən bağ sahəsi ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmayıb. Bundan əlavə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması" layihəsi" tikintisi altina düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahını dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı- Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşən maneələrin siyahısında İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, İddiaçı 2016-cı ildə aldığı bağ sahəsi üzərində mülkiyyət hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına almadığından, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçilərin siyahıyaalması zamanı iddiaçı alınmanın təsirinə məruz qalan şəxs kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan müqavilələr nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsi ilə müəyyən olunmuşdur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yer quruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası zamanı, iddiaçı mülkiyyət hüququna malik olmayib. Belə ki həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət kimi qeydiyyata alınmayıb. Beləliklə iddiaçının iddiasında göstərilən torpaq sahəsi ilə bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsinin icrası zamanı, iddiaçı iddia ərizəsindəki göstərdiyi yolun tikintisi altına düşən torpaq sahəsi qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmədiyindən, və bununla bağlı həmin torpaq sahəsinə mülkiyyət, istifadə və icarə hüquqlarına malik olmadığına görə kompensasiya tələbi əsassızdır. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına hazırkı məhkəmə bildirişini aldıqdan sonra 2020-ci il 07 dekabr tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Həmçinin, tərəflərə bildirilmişdir ki, yazılı qaydada razılıqlarını bildirdikdə və ya təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının olması kimi qəbul edəcəkdir. Lakin tərəflər yazılı qaydada razılıqlarını məhkəməyə bildirməmiş və təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirməmişdirlər. Odur ki, məhkəmə Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini və “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məlumatını nəzərə alaraq işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli məktubla müvafiq sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 273d ünvanda yerləşən ümumi sahəsi 0.116553 ha olan bağ sahəsi X1 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarından görünür ki, AN-İ seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X2 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 273d ünvanda yerləşən ümumi sahəsi 0.116553 ha olan bağ sahəsini İddiaçı satmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 273d ünvanda yerləşən ümumi sahəsi 0.0947 ha olan bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iddiaçının müraciətinə xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsi başa çatdığından qeyd edilən məsələnin həlli imkan xaricindədir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********85 nömrəli xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim etdiyi mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 273d ünvanda yerləşən İddiaçı mülkiyyətində olan 947,0 m2 torpaq sahəsinin 280,0 m2 hissəsi Bilgəh Kürdəxanı dairəsi yolun (Novxanı-Pirşağı-Sahil avtomobil yolun) 12,5 m-lik mühafizə zolağına düşür. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş DX- 03/03-03-646 nömrəli xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir: ““Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununna müvafiq olaraq müstəqil qiymətləndirici şirkət tərəfindən torpaqların alınması zamanı, qeyd olunan əraziyə yaxın yerlərdə satın alınan torpaq sahələrinin 1 kv. Metrinin bazar qiyməti bütün əlavələrdə nəzərə alınmaqla 30,00 – 48,00 manat civarında müəyyən edilmişdir.” Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 273d ünvanda yerləşən 947,0 kv.m. ümumi sahəsi olan bağ sahəsinin İddiaçı məxsus olması, həmin daşınmaz əmlakın bir hissəsinin (280,0 kv.m-nin) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş 2011-2012-ci illər ərzində “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsinə düşməsi və həmin əmlaka dair İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 noyabr tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.3-cü bəndinə əsasən Cəmiyyət Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 826 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılması qərara alınmışdır. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında olan əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.” kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar və üzərində istifadə və icarə hüquqları olan dövlət Torpaqları bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Azərbacan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərmanının 2.3cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu vəzifə inzibati orqan kimi cavabdehin vəzifəsi olsa da, cavabdeh vaxtında bu vəzifəsini yerinə yetriməmişdir. Digər tərəfdən məhkəmə iş üzrə cavabdehin mövqeyinə qiymət verərək qeyd edir ki, mübahisənin predmetinin yaranmasına səbəb olan layihə başa çatdığından cavabdeh hazırda kompensasiyanı ödəmək iqtidarında olmadığını bildirir. Həmçinin, göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, həmin daşınmaz əmlakın bir hissəsinin cavabdeh inzibati orqan tərəfindən dövlət ehtiyacları ilə əlaqədar yol infrastrukturu layihəsi çərçivəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə iddia tələbində qeyd olunanları, habelə cavabdehin mövqeyini, eyni zamanda 3-cü şəxsin dövlət büdcəsinin maraqlarından çıxış etməsini nəzərə alaraq hesab edir ki, kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Məhkəmənin qənaətinə görə kompensasiya məbləği layihənin həyata keçirildiyi dövrdə digər mülkiyyətçilərə ödənilən məbləğdən yuxarı olmamalıdır. Mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (keçmiş “xxxx” ASC) tərəfindən həyata keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsinə görə ödənilən kompensasiya məbləği, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********85 nömrəli xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilən mütəxəssis rəyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş DX-03/03-03-646 nömrəli xx.xx.2020-ci il tarixli məktubu nəzərə alınmaqla iddia tələbi təmin edilməli və İddiaçı məxsus bağ sahəsinin bir hissəsinə görə 9172,35 (doqquz min bir yüz yetmiş iki manat otuz beş qəpik) manat məbləğində kompensasiyanın ona ödənilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia təmin edilir. ünvan 1 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olmuş və Novxanı-Pirşağı-Sahil avtomobil yolunun çəkilişinə istifadə edilmiş 0,021853 ha torpaq sahəsinin bazar dəyərini təşkil edən 9172,35 (doqquz min bir yüz yetmiş iki manat otuz beş qəpik) manat vəsaitin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulur. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar