Məhkəmə qərarları › İş №2-1(112)-236/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-236/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-236/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, X1 qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs 16 nömrəli Şəhər Poliklinikası) qarşı “əlilliyin müəyyən edilməsi və müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səhhətində olan xəstəliklər əsasında əlilliyinin müəyyən edilməsi, ona göndəriş verilən vaxtdan əlilliyə görə müavinətin təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra inzibati işin mahiyyəti üzrə qərar qəbul olunmasını təmin etmək məqsədilə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə sərəncam verilmiş, iş üzrə məhkəmənin hazırlıq icraatı iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı əyani müayinəyə cəlb olunmaqla əlilliyinin qiymətləndirilməsi üçün cavabdehə məktub ünvanlanmış, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, Hüseynov X2 nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə qeydiyyat ünvanına xx.xx.2021-ci il tarixli **********7 nömrəli çağırış məktubu göndərilmiş, lakin cari tarixə kimi tibbi sənədləri ilə Agentliyə müraciət etməmişdir. Məsələ ilə bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli məktub ünvanlanmış, iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin məhkəmə iclasında iddiaçı iştirak etməmiş, məhkəmə tərəfindən iddiaçının əyani müayinədə iştirakının təmin edilməsi məqsədilə xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə ona müvafiq məktublar ünvanlanmış, lakin iddiaçı əyani müayinə üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə getməmiş, habelə təyin edilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclaslarında iştirakını təmin etmədiyindən iddiaçı məhkəmə bildirişlərində, habelə xx.xx.2022-ci il tarixli sərəncamla 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınacağı təqdirdə, iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmişdir. İPM-in 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İPM-in 20.1-ci maddəsinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-in 20.2-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. İPM-in 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. MPM-in 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, məhkəmə bildirişləri iddiaçının iddia ərizəsində göstərdiyi ünvana göndərildiyindən, ünvanın dəyişməsi barədə məhkəməyə heç bir məlumat verilmədiyindən məhkəmə bildirişi rəsmi qaydada iddiaçıya verilmiş hesab edilməlidir. Belə olan halda isə aydın olur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra 30 gündən çox, 9 aydan artıq bir müddət ərzində inzibati məhkəmə icraatından yayınmış, nümayəndəsinin iştirakını məhkəmə iclaslarında təmin etməmişdir. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs 16 nömrəli Şəhər Poliklinikası) qarşı “əlilliyin müəyyən edilməsi və müavinətin ödənilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Həmçinin, iddiaçıya izah olunur ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs 16 nömrəli Şəhər Poliklinikası) qarşı “əlilliyin müəyyən edilməsi və müavinətin ödənilməsi” tələbinə dair iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar