Məhkəmə qərarları › İş №2-1(112)-2362/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2362/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2362/2021 03.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs “xxxx” ASC) “kompensasiya məbləğinin hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2016-cı ilin 01 yanvar tarixindən “xxxx” X1 kredit borca görə ödədiyi məbləğin devalvasiya nəticəsində manatla artmış artıq hissəsinin müəyyən edilib ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və “xxxx” X3 (“xxxx” ASC) ilə onun arasında bağlanmış 17.04.2014-cü il tarixli 22- M-1-0-582-14 nömrəli kredit müqaviləsi üzrə 1905,55 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, daha öncə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək, “xxxx” X2 ilə onun arasında bağlanmış 17 aprel 2014-cü il tarixli, 22-M-1-0-582-14 saylı kredit müqaviləsi əsasında götürdüyü 16000 (on altı min) ABŞ dolları (manata məzənnəsi) kredit pulunu tam ödədiyi üçün və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərini əsas tutaraq 2016-cı ilin 01 yanvar tarixindən “xxxx” X1 kredit borca görə ödədiyi məbləğin devalvasiya nəticəsində manatla artmış artıq hissəsinin müəyyən edilib ona qaytarılmasını xahiş etmişdi. Lakin tələbi təmin olunmamışdır. Hazırda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən edilmiş səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verildiyindən eyni tələblə bu orqana müraciət etmişdir. Lakin onun tələbi bu dəfə də təmin olunmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 30.09.2020-ci il tarixli məktubda qeyd edilir: Sizin müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Qeyd olunan Fərmanla əlaqədar müraciətlərə baxılmasını təmin etmək məqsədilə ak.cbar.az elektron səhifəsi yaradılmışdır. Sizin problemli kreditiniz ilə bağlı müraciətiniz göstərilən elektron səhifədə qeydiyyat keçirilmişdir və Sizə 28.11.2019-cu il tarixində cavab verilmişdir. Müraciətinizlə bağlı qəbul edilmiş qərarlarla tanış olmaq üçün ak.cbar.az elektron səhifəsinə daxil olmağınız xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış 03.12.2020-ci il tarixli 16-04709-2020 saylı məktubda qeyd edilir: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) qarşı “kompensasiyanın alınması” tələbi ilə bağlı iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinə və bu iddiaya qarşı Mərkəzi Bankdan öz münasibətini yazılı şəkildə bildirmək tələbinə dair məhkəmədən Sərəncam daxil olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Ölkə Başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən müəyyən edilir ki, “xxxx” ASC (rebrendinqdən sonra “xxxx” ASC) ilə İddiaçı (F\N: xxxxxxx) arasında bağlanmış 17.04.2014-cü il tarixli kredit müqaviləsinə görə sonuncuya 16.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə İddiaçı 21.02.2015-ci il tarixində devalvasiyanın baş verdiyi günə qədər 10.365,22 ABŞ dolları əsas kredit borcu qalmışdır və 19.10.2015-ci il tarixinədək həmin borc məbləği tam şəkildə ödənilmişdir. Qeyd edilənlərlə bağlı bildirilir ki, Fərman ilə fiziki şəxslərə müvafiq kompensasiyaların verilməsi yalnız devalvasiyaların baş verdiyi günə (21.02.2015-ci və ya 21.12.2015-ci il tarixlərə) banklarda 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) əsas kredit borcları olduğu təqdirdə onlara şamil edilir. Göründüyü kimi, borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə əsas borcu 21.02.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə 10.000 ABŞ dollarından artıq olduğundan, 21.12.2015-ci il tarixədək isə heç bir borc məbləği qalmadığından Fərmanın əhatə dairəsinə düşməmişdir. İş materiallarında olan “xxxx” X2 ilə İddiaçı arasında bağlanmış 17 aprel 2014-cü il tarixli, 22-M-1-0-582-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” X2 tərəfindən İddiaçı 24 ay müddətinə illik 28 % hesablanmaqla 16.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş 21.02.2015-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 17.04.2014-cü il tarixli 22-M- 1-0-582-14 nömrəli kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixə 10313,65 ABŞ dolları əsas, 48,13 ABŞ dolları faiz və 0 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş 21.12.2015-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 17.04.2014-cü il tarixli 22-M- 1-0-582-14 nömrəli kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixə 3175,92 ABŞ dolları əsas, 17,29 ABŞ dolları faiz və 0 ABŞ dolları cərimə borcu vardır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 27 mart 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasia məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (21.02.2015-ci il və 21.12.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Belə ki, iddiaçının 17.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixə 3175,92 ABŞ dolları əsas borcu vardır. Belə olan halda ona hesablanacaq kompensasiya məbləği 1905,55 manat təşkil edir (1 ABŞ dollarına 0,6 manat olmaqla 3175,92 manat x 0,6 manat). Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və “xxxx” İKB ASC (“xxxx” ASC) ilə İddiaçı arasında bağlanmış 17 aprel 2014-cü il tarixli, 22-M-1-0-582-14 nömrəli kredit müqaviləsi üzrə 1.905,55 (bir min doqquz yüz beş manat əlli beş qəpik) manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar