Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2362/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X1 1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olmuş və 1978-ci ildə “bədən tərbiyəsi” ixtisası üzrə tam kursu bitirmişdir. 1978-ci ildən Cəbrayıl rayon Şəybəy kənd natamam orta məktəbində müəllim kimi, 1982-ci ildən həm də, Dərs hissə müdiri vəzifəsində 1994-cü ilə kimi, yəni məcburi köçkün düşənə kimi fəaliyyət göstərmişdir. Universitetdə oxuduğu vaxtlarda nə qədər çalışsa da, soyadını atasının adını özünə qaytara bilməmişdir. 1988-ci ildə soyadını atasının adını özünə qaytarmaq üçün dəyişdirmişdir. Onun bir qardaşı X7 şəhid olmuşdur. O, müharibə veteranıdır. O, məcburi köçkün düşmüş, 1993-cü il avqust ayı 1994-cü il oktyabr ayından atçılıq məktəbinin həyətində tələbə yoldaşı Rafiq Ramazanovun sayəsində onu baş təlimatçı kimi işlə təmin etmişlər. 2000-ci il fevral ayında işdən azad olunmuşdur. 2000-2001-ci ildə 1 nömrəli Tibbi Texnikomunda bədən tərbiyəsi müəllim kimi işləmişdir. Sonradan işdən azad olunmuşdur. İşdən azad olunması ilə bağlı şikayətlər ünvanlasa da, heç bir xəbər gəlməmişdir. Məcburiyyət qarşısında qalmış və küçədə iş axtarmaq qərarına gəlmişdir. O, 48 il müddətinə vətəninə bir vətəndaş kimi xidmət etmişdir. 2019-cu ildə "xxxx" ASCdə iş ustası kimi işə düzəlmiş, 2022-ci ildə işdən azad olmuşdur. 2022-ci il may ayının 3də telefonuna mesaj gəlmişdir ki, ona 240 manat pensiya təyin eidlmişdir.
3. Məhkəmənin 2-1(112)-12164/2022 saylı 01 noyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, onun faktiki sosial sığorta stajına əsasən yaşa görə əmək pensiyasını yenidən hesablamaq mümkün deyildir. Çünki iddiaçının xx.xx.2006-cı il tarixədək olan faktiki sosial sığorta stajı 25 ildən az, həmin tarixdən sonra yığılan pensiya kapitalı (14202,05 manat) qanunvericilikdə tələb olunan minimum pensiya kapitalından azdır. Bu səbəbdəndir ki, cavabdeh orqan iddiaçının yaşa görə əmək pensiyasını yenidən hesablamaqdan imtina etmiş və avtomatlaşdırılmış qaydada iddiaçıya təyin edilmiş pensiya məbləğini dəyişdirmədən saxlamışdır. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən, əgər 65 yaşına çatmış kişi yaşa görə əmək pensiyası almaq üçün müraciət edirsə, onun ya 25 il sosial sığorta stajı olmalı ya da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmamalıdır. Bu Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il 1 yanvar tarixindən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı olduqda, ona 1 yanvar 2006-cı il tarixinədək sosial sığorta stajı 25 il hesablanmaqla əmək pensiyası təyin edilir. Eyni zamanda, həmin Qanunun 22-1.3-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı yaşa görə əmək pensiyası təyinatında 25 ildən çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçı xx.xx.2022-ci il tarixdən Qanunun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabında pensiya kapitalı qeydə alındığından ona avtomatlaşdırılmış qaydada 240 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyasının faktiki sosial sığorta stajına əsasən hesablanması üçün müraciət edən iddiaçı 48 il sosial sığorta stajının olduğunu iddia edir. 1978-1993-cü illəri araşdırmaq mümkün olmadığından və o dövrə dair hər hansı sənəd tapılmadığından iddiaçının faktiki sosial sığorta stajı 25 ildən azdır. Belə ki, "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarının 4.1.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir, iddiaçının 080565 nömrəli əmək kitabçasında 1978-1993-cü illər üzrə olan qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan və hər hansı sənədlə öz təsdiqini tapmadığından o dövrlər iddiaçının sosial sığorta stajına haqlı olaraq daxil edilməmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir.
9. Məhkəmənin sərəncama əsasən cavabdeh tərəfindən 11 noyabr 2022-ci il tarixli **********1 nömrəli məktubla İddiaçı inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.
10. İddiaçının adına xx.xx.2012-ci il tarixdə açılmış 080565 nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1978-xx.xx.1993-cü illərdə Cəbrayıl rayon Şəybəy kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləmişdir (işə qəbul və işdən azad edilmə barədə əmrlərin nömrəsi və tarixi qeyd edilməmişdir), xx.xx.1993-cü il tarixdən rayonun işğalı ilə əlaqədar olaraq Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 181 nömrəli qərarına əsasən işləməyən işçi kimi orta aylıq əmək haqqı almışdır. xx.xx.1994-cü il tarixdə arxiv materiallarına əsasən Respublikası atçılıq idman məktəbin baş instruktor – metodist vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2000-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixdə 102 nömrəli tam orta məktəbə fiziki tərbiyə müəllimi qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarına əsasən orta aylıq əmək haqqı alan, 01 yanvar 2017-ci il tarixdən əmək haqqının ödənilməsi dayandırılaraq ehtiyat pedaqoji kadr siyahısına daxil edilmiş Şəybəy kənd əsas məktəbinin müəllimi 21 yanvar 2019-cu il tarixindən ərizəsi nəzərə alınaraq Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2019-cu ildə "xxxx" ASC-yə iş ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə iş ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən 14 noyabr 2022-ci il tarixli **********2 nömrəli məktubla İddiaçı məxsus pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1974-xx.xx.1978-ci illərdəki təhsil müddəti, xx.xx.1993-xx.xx.2006-cı illərdəki iş stajı və xx.xx.2006-cı il tarixdən 2022-ci il tarixədək olan fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərara əsasən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.3-cü maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək 25 ildən az sığorta stajı olduğundan xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, işğal zonası olduğu üçün 1978-1993-cü illəri yoxlamaq mümkün olmamışdır.
12. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktuba əsasən bildirilmişdir ki, ona Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2006-cı ilədək 25 il sığorta stajı və həmin tarixdən sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14202,05 manat pensiya kapitalı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2022-ci il tarixdə avtomatlaşdırılmış qaydada 239,79 manat yaşa görə əmək pensiyası təyin edilmiş və eyni zamanda pensiyasının məbləği əmək pensiyasının minimum məbləğinə (240 manata) çatdırılmışdır. Əmək pensiyasının məbləğinin yenidən hesablanması ilə bağlı bildirilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı 25 ildən az təşkil edir. Belə ki, əmək kitabçasında qeyd olunan 1978-1993-cü illər əmək kitabçasının doldurulması qaydasına müvafiq yazılmamış, əmr və tarixlər qeyd olunmamışdır. Bu səbəbdən də, əmək pensiyasının məbləğinin yenidən hesablanması zamanı pensiyasının məbləği dəyişməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən hazırda 65 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan penisya təminatına imkna verdikdə sosial sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il 1 yanvar tarixindən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixinədə qeydə alınmış pnesiya kapitalı olduqda, ona 1 yanvar 2006-cı il tarixinədək sosial sığorta stajı 25 il hesablanmaqla əmək pensiyası təyin edilir. Eyni zamanda, bu Qanunun 22-1.3-cü madəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı yaşa görə əmək pensiyası təyinatında 25 ildən çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.
13. Məhkəmənin sorğusuna əsasən X8 Təhsil İdarəsi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli 3-29-3/3/2-603/2023 nömrəli məktubla bildirilmişdir ki, Cəbrayıl rayonu ərazisinin 23 avqust 1993-cü il tarixdə erməni təcavüzkarları tərəfindən işğalı zamanı Cəbrayıl Rayon Təhsil Şöbəsinə aid olan arxiv sənədləri işğal zonasında qalaraq məhv edilmişdir. Bu səbəbdən İddiaçı 1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon Şəybəy kənd natamam orta məktəbində işləməsi ilə bağlı İdarənin arxivində olan məlumatları həmçinin bununla bağlı müvafiq təsdiqedici (əmlər və s.) barədə məlumatların tərəflərindən təqdim olunması imkan xaricindədir.
14. Məhkəmənin sorğusuna əsasən Cəbrayıl rayon Təhsil Şöbəsi tərəfindən 79 nömrəli xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, rayonun işğalı ilə əlaqədar Təhsil Şöbəsinə aid olan arxiv sənədləri işğal zonasında qalmışdır. Həmin səbəbdən də, rayonun Şəybəy kənd ümumiorta məktəbin müəllimi İddiaçı işğaldan əvvəl həmin məktəbdə işləməsini təsdiq edən əmr və digər rəsmi sənəd yoxdur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 181 nömrəli qərarına əsasən xx.xx.1993-cü ildən 31 dekabr 2016-cı il tarixə qədər işləməyən işçi kimi orta aylıq əmək haqqı almışdır. İddiaçı əmək kitabçasında xx.xx.1978-ci ildən xx.xx.1993-cü il tarixə qədər Şəybəy kənd ümumi orta məktəbində müəllim işləməsinə dair aparılmış qeydlər şahidçilik üzrə aparılmış sorğu əsasında yazılmışdır. Eyni zamanda, bildirir ki, əmək kitabçasında qeyd aparan və imza edən 1-ci şəxsin 2018-ci ildən əmək müqaviləsinə xitam verilmiş, 2-ci şəxs isə 2013-cü ildə vəfat edib. Cəbrayıl rayon Təhsil Sektoruna məxsus olan 1993-2012-ci illərin maliyyə sənədləri Cəbrayıl rayon Dövlət Arxivinə verilmişdir. İddiaçı 2013-2016-cı illərdə aldığı əmək haqqına dair arayış və Cəbrayıl rayon Dövlət Arxivindən 1993-2012-ci illərdə orta aylıq əmək haqqı almasına dair arayış məktuba əlavə edilmişdir.
15. İddiaçı tərəfindən məhkəməyə X5, X3 və X6 tərəfindən verilmiş iddiaçının 1978-1993-cü ilə kimi Şəybəy Kənd orta məktəbində işləməsini təsdiq etdikləri ərizələri təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
22. Belə ki, hazırki işin hallarından müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək stajının hesablanması zamanı nəzərə alınmayan dövrlər onun 1978- 1993-cü illərdə Cəbrayıl rayon Şəybəy kənd natamam orta məktəbində müəllim işlədiyi dövrlərdir.
23. Cavabdeh tərəfindən iddiaçının sözügedən dövlərdə müəllim kimi işlədiyi müddətin nəzərə alınmamasının səbəbi iddiaçının həmin illər üzrə əmək kitabçasının doldurulması zamanı əmək kitabçasının onun doldurulması qaydasına müvafiq yazılmaması, əmr və tarixlərin qeyd olunmaması olmuşdur.
24. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə cavabdeh tərəfindən sözügedən dövrlərin iddiaçının iş stajına daxil edilməməsi ilə bağlı mövqeyi əsaslı olmuşdur.
25. Belə ki, məhkəmə ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
27. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi”nın 4.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 4.4.1-ci bəndinə əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3-cü bəndinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən.
30. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına və o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir.
31. Lakin, iddiaçının əmək kitabçası yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə müvafiq olaraq doldurulmamış, iddiaçının işə qəbul və işdən azad edilməsi barədə əmrlərin nöməsi və tarixləri qeyd edilməmişdir. Məhkəmə tərəfindən sözügedən dövlərin araşdırılması məqsədilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilsə də, həmin sorğulara cavab olaraq daxil olmuş məktublarda bildirilmişdir ki, Cəbrayıl rayonun işğalı ilə əlaqədar Təhsil Şöbəsinə aid olan arxiv sənədləri işğal zonasında qalmışdır. Həmin səbəbdən də, rayonun Şəybəy kənd ümumiorta məktəbin müəllimi İddiaçı işğaldan əvvəl həmin məktəbdə işləməsini təsdiq edən əmr və digər rəsmi sənəd yoxdur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 181 nömrəli qərarına əsasən xx.xx.1993-cü ildən 31 dekabr 2016-cı il tarixə qədər işləməyən işçi kimi orta aylıq əmək haqqı almışdır. İddiaçı əmək kitabçasında xx.xx.1978-ci ildən xx.xx.1993-cü il tarixə qədər Şəybəy kənd ümumi orta məktəbində müəllim işləməsinə dair aparılmış qeydlər şahidçilik üzrə aparılmış sorğu əsasında yazılmışdır. Eyni zamanda, bildirilmişdir ki, əmək kitabçasında qeyd aparan və imza edən 1-ci şəxsin 2018-ci ildən əmək müqaviləsinə xitam verilmiş, 2-ci şəxs isə 2013-cü ildə vəfat edib. Cəbrayıl rayon Təhsil Sektoruna məxsus olan 1993-2012-ci illərin maliyyə sənədləri Cəbrayıl rayon Dövlət Arxivinə verilmişdir. İddiaçı 2013-2016-cı illərdə aldığı əmək haqqına dair arayış və Cəbrayıl rayon Dövlət Arxivindən 1993-2012-ci illərdə orta aylıq əmək haqqı almasına dair arayış məktuba əlavə edilmişdir.
32. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş cavab məktubunda da, qeyd edildiyi kimi, iddiaçının əmək kitabçasında aparılmış həmin qeydlər şahid ifadələri əsasında aparılmış, onun həmin dövrlərdə sözügedən məktəbdə işləməsini təsdiq edən hər hansı əmr və digər rəsmi sənəd mövcud deyildir.
33. Belə olan təqdirdə məhkəmə hesab edir ki, mövcud vəziyyətdə sözügedən dövrlərin iddiaçının iş stajına daxil edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
34. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
35. İş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva