Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2364/2021 05.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri yaşayış sahəsinə dair iddiaçının hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, Bakı şəhəri Bakıxanov bələdiyyəsinin 29 mart 2007ci il tarixli 23/1 saylı sərəncamı ilə İddiaçı şəhid ailəsi kimi Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində 100 kv.m torpaq sahəsi ayrılmış və təsdiq edilmiş torpaq sahəsinin eskiz planına uyğun olaraq alqı-satqı müqaviləsi ilə onun mülkiyyətinə verilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin razılığı ilə həmin torpan sahəsində 55 – 60 kv.m sahəsi olan qeyri-yaşayış obyekti inşa edilmişdir. Sonradan qəsəbənin abadlaşdırılması ilə əlaqədar ona bildirilmişdir ki, mövcud qeyri-yaşayış obyekti sökülərək yerində müasir tələblərə cavab verən formada yeni bina inşa edilməlidir. İddiaçı qeyd olunan tələblərə əməl etmiş və mövcud qeyri-yaşayış sahəsini sökdürərək yerində 100 kv.m ölçüdə müasir tələblərə cavab verən yeni qeyri-yaşayış sahəsi inşa etdirmişdir. Tikinti işləri başa çatdıqdan sonra 6 dekabr 2013-cü il tarixli “Tikinti -quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının Aktı”nı almışdır. Sonradan ona obyektin eskiz layihəsinin təsdiq edilməli olduğu bildirilmişdir. İddiaçı mövcud qeyri-yaşayış sahəsinin eskiz layihəsinin təsdiq edilməsi üçün ərizə ilə Bakı şəhəri Sabunçu RİH-ə müraciət etmiş, lakin qurumdan məsələnin mümkün olmadığını bildirilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Bakı şəhəri Sabunçu RİH-ə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmiş, məhkəmənin 31 iyul 2019-cu il tarixli 2-1(82)-2727/2019 saylı qərarı ilə iddia təmin edilərək Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində iddiaçıya məxsus birmərtəbəli qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə eskiz layihəsinin təsdiq edilməsi barədə sərəncam verilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu RİH-in üzərinə qoyulması qərara alınmışdır. Bakı şəhəri Sabunçu RİH sözügedən məhkəmə qərarını icra edərək Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində yerləşən birmərtəbəli qeyri-yaşayış obyektinin eskiz layihəsinin təsdiq edilməsi barədə 2 sentyabr 2019-cu il tarixli 312 sayli qərar qəbul etmişdir. Bundan sonra iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində yerləşən birmərtəbəli qeyri-yaşayış obyektinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi üçün ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmiş və imtina məktubu verilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız hesab olunur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 129-cu maddələrinə, İPM-in 2, 33-cü maddələrinə əsaslanaraq, əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdatəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında (24 noyabr 2020-ci il tarixli məktubunda) aşağıdakılar qeyd olunmuşdur: - Araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi və tikintiyə icazə sənədləri ərizəyə əlavə olunmamış, layihə BŞİH tərəfindən razılaşdırılmamışdır. Həmçinin, elektron kadastr məlumatına əsasən qeyd edilən qeyri-yaşayış binası H.Əliyev adına Mədəniyyət və İstirahət Parkının ərazisində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 8 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı Qaydaları”na əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu Qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqləmiş, iddianı müdafiə etmiş və onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı etirazda göstərilənləri təsdiqləmiş, iddianın əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Bakıxanov bələsiyyəsinin 29 mart 2017ci il tarixli 83/1 saylı sərəncamı ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində İddiaçı uzun müddət istifadə etdiyi 100 kv.m torpaq sahəsinin alqı-satqı edilərək sonuncunun mülkiyyətinə verilməsi qərar alınmış və Bakı şəhəri Bakıxanov bələdiyyəsi ilə İddiaçı birgə şəkildə müvafiq alqı-satqı aktı tərtib etmişlər. Torpaq sahəsinin cizgisi Bakıxanov bələdiyyəsi tərəfindən tərtib olunaraq təsdiqlənmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu RİH-in 2 noyabr 2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində İddiaçı tərəfindən inşa edilmiş birmərtəbəli qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində yerləşən sifarişçi İddiaçı məxsus qeyri-yaşayış obyekti aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya tərəfindən istismara qəbul olunmuş və bu barədə tərtib edilmiş müvafiq akt Bakı şəhəri Sabunçu RİH tərəfindən təsdiqlənmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmənin qənaəıti belədir ki, iddiaçının təqdim etdiyi bələdiyyənin müvafiq qərarı, obyektin layihəsinin təsdiq edilməsi, obyektin istismara qəbul olunması barədə akt onların qeyri-mötəbər olmasına dair cavabdeh inzibati orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən, bu sənədlər mötəbər sübut kimi qiymətkəndirilir. Həmin sənədlər isə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.010-cu maddəsinə görə iddiaçıya məxsus müvafiq ünvanda inşa edilmiş qeyri-yaşayış sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas verir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin imtinasını əsaslandırmaq üzrə gətirdiyi dəlillər formal mülahizələrə söykənir və tutarlı sübutla təsdiqlənmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində yerləşən birmərtəbəli qeyri-yaşayış obyektinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində yerləşən birmərtəbəli qeyri-yaşayış obyektinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2364/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2364/2021
05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver