Məhkəmə qərarları › İş №2-1(112)-2365/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2365/2021

15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2365/2021 15.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X1 (Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, ev 12 olan), Cavabdehin nümayəndəsi X5 (hüquq məsələləri və məhkəmə mübahisələri ilə iş sektorunun baş məsləhətçisi-hüquqşünas, ünvan 1 ünvanında qeydiyyatd olan) iştirakıilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı gündən, 02 may 2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 sentyabr 2020-ci il tarixli **********8 saylı cavab məktubunun qismən əsassız hesab edilməsi və onun üzərinə iddiaçının hüququnun yaranan gündən yəni 02 may 2020-ci il tarixindən ailə başçısını itirən kimi əmək pensiyasının təyin edilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X8 DİNnin yüksək rütbəli qulluqçusu olduğuna görə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından pensiya alırdı. 02 may 2020-ci il tarixində o vəfat etdikdən sonra ona ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsi üçün tələb olunan bütün sənədləri ərizə ilə birlikdə 31.05.2020-ci il tarixində Mərkəzi Filiala təqdim edərək ona hüququ yaranan gündən, yəni 02 may 2020-ci il tarixindən Ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsini xahiş etmişdir. X10 əməkdaşları tərəfindən ona 01.07.2020-ci il tarixindən ailə başçısını itirən kimi əmək pensiyası təyin edilmişdir. O, 27 iyul 2020-ci il tarixində təkrar ərizə ilə Mərkəzi Filialala müraciət edərək ona hüququ yaranan gündən, yəni 02 may 2020-ci il tarixindən Ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə X6 vəzifəsini icra edən Şahin Əliyevin imzaladığı 21.09.2020-ci il tarixli **********8 saylı cavab məktubuda qeyd edildiyi kimi ona 01.07.2020ci il tarixindən ailə başçısını itirən kimi əmək pensiyası təyin edilmişdir. X12 27.07.2020-ci il tarixli təkrar müraciətindən sonra ona 01.06.2020-ci il tarixindən ailə başçısını itirən kimi əmək pensiyası təyin edilmiş və hesablanmış fərq məbləği 14.09.2020-ci il tarixində ödənilmişdir. Mərkəzi Filial cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci “Əmək pensiyasından payın ayrılması" maddəsinə istinad edərək qeyd edir ki, ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Hesab edir ki, Mərkəzi Filialın 21.09.2020-ci il tarixli **********8 saylı cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə iddiaçıya hüququnun yaranan gündən yəni 02.05.2020-ci tarixindən Ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsi vəzifəsinin həvələ edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, inzibati orqanın cavab məktubunda "Əmək pensiyaları haqqında" Qanununu 35.2-ci maddəsinə istinad edildiyi üçün həmin maddənin ona ailə başçısını itirən kimi təyin edilməli olan əmək pensiyasına heç bir aidiyyəti yoxdur. Çünki həmin maddə ilə təyin edilmiş əmək pensiyasından payın ayrılması tənzimlənir. Əmək pensiyasından payın ayrılması o deməkdir ki, təyin edilmiş əmək pensiyasında iki və daha artıq şəxsin payı ola bilər. Bu halda hər bir şəxs həmin pensiyadan öz payının ayrılmasını tələb etdiyi halda onun payı ərizə ilə müraciət etdiyi növbəti ayın 1-dən ayrılmalıdır. İddiaçının isə müraciəti əlilliyə görə əmək pensiyasından ailə başçısını itirən kimi əmək pensiyasına keçirilməyindən ibarətdir. Bu isə “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 34-cü maddəsi ilə tənzimlənir. 34-cü maddə ilə Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə adlanır. Həmin maddədə deyilir: “Əmək pensiyaçısının yaşa görə əmək pensıyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2ci maddəsinə uyğun aparılır”. Qanunun istinad etdiyi 31.2-ci maddədə isə deyilir ki, Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Göründüyü kimi qanunun 31.2-ci maddəsində əmək pensiyasının təyinatının müraciətin qeydə alındığı aydan sonrakı ayın 1-dən aparılması barədə heç bir göstəriş yoxdur. Ona görə ki, Qanunun 32-ci maddəsi ilə Əmək pensiyasının təyin edilməsi müddətləri tənzimlənmişdir. 32.1-1-ci maddədə deyilir: “Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilən müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiya ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.3-cü maddəsində isə deyilir ki, Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Beləliklə qanunun bu maddələrinin tələbindən də göründüyü kimi ona ailə başçısını itirən kimi əmək pensiyası hüququnun yaranan gündən yəni 02 may 2020 tarixindən təyin edilməlidir. DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21.09.2020-ci il tarixli **********8 saylı cavab məktubundan görünür ki, inzibati orqan ailə başçısını itirən kimi əmək pensiyasını hüququnun yaranan gündən yəni 02.05.2020-ci il tarixindən təyin edilməsindən əsassız olaraq imtina edir. Ona görə də hesab edir ki, Mərkəzi Filialın 21.09.2020-ci il tarixli **********8 saylı cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə hüququnun yaranan gündən yəni 02 may 2020-ci il tarixindən ailə başçısını itirən kimi əmək pensiyasının təyin edilməsinin həvəalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi qanunamüvafıq deyil və təmin edilməməlidir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial » Müdafiə Fonduna həvalə edilmişdir. Belə ki, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq tənzimlənir. Belə ki, qanunun 14.1.1. - vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları; 14.1.1.1 - 18 yaşına çatmamış; 14.1.1.2 - 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3,-cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin əmək qabiliyyətsiz övladlarının və valideynlərinin, habelə təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Lakin həmin Qanunun 14.1.2. maddəsinə əsasən “ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşma çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. Xüsusi olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2 - ci maddəsinə əsasən - “ailə başçısını itirməyə sörə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır”. Belə ki, iddiaçıya DSMF-nun rayon şöbəsindən aldığı əmək pensiyası 30.06.2020-ci il tarixdən dayandırılmış və ərizəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.17.2, 34, 35.2-ci maddələrinə əsasən ailə başçısını itirməyə görə növbəti ayın 1-dən əmək pensiyası təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin surəti cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq edilmişdir. İş materiallarına əlavə edilmiş, -AZE seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 XX.XX.1952-ci il tarixdə Biləsuvar rayonun Fioletovka kəndində anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. - AZ-İİ № 051308 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 02 may 2020-ci il tarixdə vəfat etmişdir. Pensiya işinə əlavə edilmiş **********2 saylı, 10.07.2020-ci il tarixli qərardan görünür ki, X2 01.07.2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə ömürlük 1972,40 manat əmək pensiyası təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında 10.09.2020-ci il tarixli qərardan görünür ki, X2 01.07.2020-ci il tarixdə ailə başçısını itirməyə görə təyin edilmiş pensiyası yenidən hesablanaraq, iyun ayı üçün 1739,20 manat məbləğ müəyyən edilərək ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21 sentyabr 2020-ci il tarixli, **********8 saylı məktubdan görünür ki, iddiaçının ərizəsinə baxılaraq bildirilmişdir ki, iddiaçı 31 may 2020-ci il tarixində Mərkəzi Filiala ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 20 iyun 2020-ci il tarixli **********64 nömrəli məktubunda əlilliyə görə əmək pensiyasının 30 iyun 2020-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir. Bu səbəbdən 1 iyul 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşı X4 təminat xərcliyinin (2465,50 manat) 80 faizi-1972,40 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinin tələblərinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Buna görə də əmək pensiyası 1 iyun 2020-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyası üzrə iyun ayı üçün hesablanmış 1739,20 manat fərq məbləğinin 14 sentyabr 2020-ci il tarixində əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabınıza köçürüldüyü bildirilmişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1 -ci maddəsinə əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən dayanır. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyası ödənilən X7 2 may 2020-ci il tarixində vəfat etmiş, lakin vaxtında Mərkəzi Filiala məlumat verilmədiyindən onun müvafiq kart hesabına may ayı köçürülmüşdür. Bu səbəbdən də vəsait ödənilmişdir. Mərkəzi Filiala dəfn müavinətinin alınması ilə bağlı müraciətə əsasən yuxarıda qeyd olunan Qanunun 42.2-ci maddəsinə uyğun olaraq iddiaçıya ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1308,59 manat məbləğində pul vəsaiti isə cari ilin iyul ayından etibarən hissə-hissə əmək pensiyasından çıxılmaqla tutulur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1, 14.1.2-ci maddələrinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İşdə olan sənədlərdən görünür ki, iddiaçıya 01.07.2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə ömürlük 1972,40 manat əmək pensiyası təyin edilmiş, sonradan10.09.2020-ci il tarixli qərara əsasən iddiaçıya 01.07.2020-ci il tarixdə ailə başçısını itirməyə görə təyin edilmiş pensiyası yenidən hesablanaraq, iyun ayı üçün 1739,20 manat məbləğ müəyyən edilərək ödənilməsi nəzərdə tutulmuşdur. Hazırda iddiaçı “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə istinad etməklə haqlı olaraq ona ailə başçısını itirməyə görə hüququ yarandığı tarixdən, yəni 02 may 2020-ci il tarixindən əmək pensiyası təyin edilməsini xahiş edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qanunvericiliyin sözügedən normasını hazırki münasibətlərə tətbiq edərək, məhkəmə hesab edir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası, onun hüququnun yarandığı gündən, yəni mərhum həyat yoldaşının vəfat etdiyi gündən, 02 may 2020 tarixindən təyin edilməli idi. Lakin cavabdeh inzibati orqan həm iddiaçının müraciətinin təmin edilməsindən imtina olunması barədə məktubunda, həm də iddia ərizəsinə dair məhkəməyə təqdim etdiyi etiraz ərizəsində öz mövqeyini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinin tələbi baxımından əsaslandırmağa çalışmışdır. Cavabdehin qeyd olunan mövqeyinə məhkəmə hüquqi münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülən iddia tələbi Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinin təsiri altına düşmür. Belə ki, qeyd olunan maddə “əmək pensiyası üzrə payın ayrılması” barədə olmaqla 35.1; Ailənin hər bir üzvünün tələbi ilə onun ailə başçısını itirməyə görə əmək pensiyası payı ayrılır və ona ayrıca ödənilir; 35.2 ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılması barədə olmaqla özündə ailə üzvlərinin arasında onlara çatacaq payın ayrılmasını tənzimləyir. Göründüyü kimi, iddiaçıdan savayı onun ailəsində qeyd olunan pensiyanı almaq üçün pay hüququ olan ikinci şəxs inzibati orqana müraciət etməmişdir. Maddənin dispozisiyasından da göründüyü kimi əmək pensiyasından payın ayrılması o deməkdir ki, təyin edilmiş əmək pensiyasında iki və daha artıq şəxsin payı ola bilər. Bu halda hər bir şəxs həmin pensiyadan öz payının ayrılmasını tələb etdiyi halda onun payı ərizə ilə müraciət etdiyi növbəti ayın 1-dən ayrılmalıdır. Hazırkı münasibətlərdə isə iddiaçının müraciəti əlilliyə görə əmək pensiyasından ailə başçısını itirən kimi əmək pensiyasına keçirilməyindən ibarətdir. Sadalanan xüsusatlara əsasən Məhkəmə hesab edir ki, cavabehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 sentyabr 2020-ci il tarixli **********8 saylı cavab məktubu qismən əsassız hesab edilsin, və X2 hüququnun yarandığı gündən, yəni 02 may 2020-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar