Məhkəmə qərarları › İş №2-1(112)-2368/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2368/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2368/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.1966-cı il təvəllüdlüdür. O, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Həmin xəstəliklər nəticəsində əmək qabiliyyətinin xeyli hissəsini itirmişdir. Xəstəlikləri ilə əlaqədar olaraq o, tibbi müayinədən keçmiş və həmin tibbi müayinə aktı Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının 22.09.2020-ci il tarixli məktubu ilə cavab verilərək əlilliyin təyin olunmasından imtina olunmuşdur. Cavabdehin imtinası əsassızdır. Göründüyü kimi, Tibbi Sosial Ekspert Komissiyası ona əlillik təyin etməkdən imtina etmişdir ki, bu imtina da onun inzibati məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh tərəfindən qeyd edilən hərəkətlər onun konstitutsion hüququnu pozur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, İddiaçı əlillik vəziyyəti Şirvan şəhər Mərkəzi Xəstəxanasının 22.11.2019-cu il tarixli 0254003AAF0U saylı göndərişi əsasında baxılmış və imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas, diaqnozun fəsadlarını (üç) dəqiqləşdirmək ücün xəstəyə əlavə müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Şirvan şəhər Mərkəzi Xəstəxanasının 17.02.2020-ci il tarixli 0254003AAF82 saylı göndərişi əsasında baxılmış və imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas, diaqnozun fəsadlarını (üç) dəqiqləşdirmək ücün xəstəyə əlavə müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Şirvan şəhər Mərkəzi Xəstəxanasının 15.07.2020-ci il tarixli 0254003AAGEM saylı göndərişi əsasında baxılmış və imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: ağırlaşmalarını (ÜÇ) təsdiq edən, instrumental müayinələrin nəticələri dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Şirvan şəhər Mərkəzi Xəstəxanasının 18.09.2020-ci il tarixli 0254003AAGJV saylı göndərişi əsasında baxılmış və imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2016-dan xəstədir, 2019-da AKŞ olunub, 24.01.2020-də sağlamlıq haqqında tibbi arayış alaraq B kateqoriyalı sürücülük vəsiqəsi alıb, bərpa müalicələri davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə doğulmuşdur. İş materiallarında olan Əlillik altsistemindən çıxarışlardan görünür ki, - İddiaçı əlillik vəziyyəti Şirvan şəhər Mərkəzi Xəstəxanasının 22.11.2019-cu il tarixli 0254003AAF0U saylı göndərişi əsasında baxılmış və imtina edilmişdir - səbəbi: Əlavə müalicəyə ehtiyacın olması, əsas: diaqnozun fəsadlarını (üç) dəqiqləşdirmək ücün xəstəyə əlavə müalicə təyin edilir; - İddiaçı əlillik vəziyyəti Şirvan şəhər Mərkəzi Xəstəxanasının 17.02.2020-ci il tarixli 0254003AAF82 saylı göndərişi əsasında baxılmış və imtina edilmişdir - səbəbi: Əlavə müalicəyə ehtiyacın olması, əsas: diaqnozun fəsadlarını (üç) dəqiqləşdirmək ücün xəstəyə əlavə müalicə təyin edilir; - İddiaçı əlillik vəziyyəti Şirvan şəhər Mərkəzi Xəstəxanasının 15.07.2020-ci il tarixli 0254003AAGEM saylı göndərişi əsasında baxılmış və imtina edilmişdir - səbəbi: Göndərişin natamam doldurulması: ağırlaşmalarını (ÜÇ) təsdiq edən, instrumental müayinələrin nəticələri dəqiqləşdirilsin və ətraflı qeyd edilsin; - İddiaçı əlillik vəziyyəti Şirvan şəhər Mərkəzi Xəstəxanasının 18.09.2020-ci il tarixli 0254003AAGJV saylı göndərişi əsasında baxılmış və imtina edilmişdir - səbəbi: Əlavə müalicəyə ehtiyacın olması: 2016-dan xəstədir, 2019-da AKŞ olunub, 24.01.2020-də sağlamlıq haqqında tibbi arayış alaraq B kateqoriyalı sürücülük vəsiqəsi alıb, bərpa müalicələri davam etdirilsin. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 T 113/2021 saylı 18.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1966-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı əlillik dərəcəsinin təyini ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş əsas diaqnoz və onun ağırlaşmaları olan 120.8 stenokardiyanın digər formaları ürəyin işemik xətəliyi, gərginlik stenokardiyasının İİİ FS; aorta-koranar şuntlama cərrahi əməliyyatından sonrakı vəziyyət; İİİ FS ürək çatışmamazlığı, G92 toksiki ensefalopatiya, diabetik ensefalopatiya. H36.0 diabetik retinopatiya E10-El4 ümumi dördüncü 3 işarəsi ilə OU-Diabetik Angioretinopatiya. 134.0 mitral qapağın çatmamazlığı nisbi mitral çatmamazlıq 150; ürək çatmamazlığı; xroniki qan dövranı çatmamazlığı İİ mərhələ, H52.0 hipermetrooiya OU-yüngül dərəcəli hipermetropiya. F48.0 nevrasteniya; nevrozabənzər sindrom; EÖ insulindən asılı şəkərli diabet, şəkərli diabet 2 tip, insulin tələbi ilə, ağır dərəcə xəstəliklərindən əziyyət çəkir. Həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin bəndlərinə qismən uyğun gəlir və bu məsələnin həlli onun müalicəsi davam etdirilməklə 088 saylı formanın yenidən doldurularaq TSEK-ə göndərilməklə həll oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin: 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir; 1.5-ci bəndinə əsasən əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.7-ci bəndinə əsasən səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar; 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 ötürülür; 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir; 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ona əlilliyin təyin edilməsi üçün cavabdehə müraciət etmişdir, lakin əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlilliyin müəyyən edilməsi barədə müraciətin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona ikinci dərəcə əlilliyin təyin edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyi ilə müəyyən edildi ki, iddiaçıya əlillik dərəcəsinin təyini ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin bəndlərinə qismən uyğun gəlir və bu məsələnin həlli onun müalicəsi davam etdirilməklə 088 saylı formanın yenidən doldurularaq TSEK-ə göndərilməklə həll oluna bilər. Göründüyü kimi, səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş xəstəliklərin iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün kifayət hesab edilməməsi və bunun üçün iddiaçının müalicəsinin davam etdirilməli olması ekspert rəyi ilə də öz təsdiqi tapır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar