Məhkəmə qərarları › İş №2-1(112)-2368/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2368/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2368/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə (üçüncü şəxs X4 cəlb olunmaqla) qarşı “mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh X2 Bakı şəhəri, ünvan 1 ünvandan qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 iddiaçının oğlu X5 ilə 2003-cü il tarixdə ailə qurmuş, birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı 3 uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra X4 Bakı şəhəri ünvan 1 ünvanında yerləşən evlə eyni həyətdə inşa edilmiş evə (özbaşına tikiliyə) gəlin köçmüş və bugünə qədər də həmin ünvanda yaşayır. 2016-cı ildə aralarında yaranmış mübahisə ilə əlaqədar oğlu Elnur Mustafayev Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən X4 ilə aralarındakı nikah qeydi ləğv olunmuşdur. Aralarındakı nikah qeydi ləğv olunduqdan sonra X4 yaşadıqları evdən çıxıb getmiş, bir müddət sonra yenidən həmin evdə yaşamağa başlamışdır. O, 2016-cı il tarixdə Bakı şəhəri ünvan 1 ünvanında yerləşən eyni həyətdə inşa edilmiş, 1 mərtəbəli 2 otaqlı evə (özbaşına tikiliyə) köçürülmə tələbinə dair məhkəməyə müraciət etmiş, Sabunçu rayon Məhkəməsinin 16 noyabr 2016cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh yetkinlik yaşma çatmayan uşaqları ilə birlikdə həmin yaşayış sahəsinə köçürülmüşdür. Şəxs yaşayış sahəsi ilə təmin olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2005-ci il tarixli qətnaməsinə əsasən iddiaçının və X2 Bakı şəhəri ünvan 1 ünvanına istifadə hüququ tanınmış və pasport qeydiyyatına alınmış və hazırda da ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır. X4 hal-hazırda iddiaçının yaşadığı evdə qeydiyyatdadır, bu hal iddiaçının hüquqlarını pozur. Belə ki, bu səbəbdən o, yaşadığı evə çıxarış almaqda çətinlik çəkir. Qeyd olunanlara əsasən iddiaçı adıçəkilən yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə edilməsi üzrə “qanuni gözlənti”yə malik olduğunu hesab edərək iş üzrə üçüncü şəxsin onun evindən qeydiyyatdan çıxarılması barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin müvafiq qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək X2 Bakı şəhəri, ünvan 1 ünvandan qeydiyyatından çıxarılması vəzifəsinin Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Üçüncü şəxs X4 məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı oğlu Elnur Mustafayevlə 10 oktyabr 2003-cü il tarixdə ailə həyatı qurmuş, nikahları 16 sentyabr 2004-cü il tarixdə rəsmiləşdirilmişdir. X5 ilə ailə həyatı qurduğu gündən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınaraq, həmin evə gəlin köçmüş və cehiz əşyaları da, həmin evə yerləşdirilmişdir. Birgə nikahdan 2004, 2010 və 2013-cü il təvəllüdlü uç uşaqları dünyaya gəlmişdir. 10 oktyabr 2003-cü il tarixdən bu günədək övladları ilə birlikdə qeydiyyatda olduğu Bakı şəhəri, ünvan 3 ünvanında yaşayır. ünvan 4entyabr 2016-cı il tarixli qətnaməsi ilə X5 ilə nikah pozulmuş və birgə nikahdan doğulmuş hər üç yetkinlik yaşına çatmayan övladları onun himayəsinə verilmişdir. Nikahın pozulmasına dair məhkəmə qətnaməsi qəbul edilən gündən X5 övladları ilə birlikdə onun evdən çıxmasını tələb etmiş, evdən çıxmaları üçün ona və uşaqlarına dəfələrlə fiziki zor tətbiq etmişdir. İddiaçının Y.Mustafayevaya qarşı qanunsuz hərəkətləri barədə dəfələrlə hüquq mühafizə orqanlarına müraciətlər olunmasına baxmayaraq, bir müddətdən sonra o, qanunsuz hərəkətlərinə davam edərək onları evdən çıxarmağa çalışmışdır. Qeyd olunanların nəzərə alınaraq Y.Mustafayeva tərəfindən mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir. Qeyd olunanlarla yanaşı İddiaçı Y.Mustafayevaya qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edənədək, ona qarşı “mənzilə istifadə hüququna xitam verilmə tələbinə dair iddia ərizəsi ilə mülki icraat qaydasında məhkəməyə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3026/2020 saylı mülki iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2(103)-3262/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3026/2020 saylı mülki iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh X3 qarşı “istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4186/2021 saylı mülki iş üzrə 20 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2(103)-3262/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2(103)-3262/2021 saylı qətnaməsinin 4-cü səhifəsində qeyd edilir ki, iş materiallarına əlavə olunmuş DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Y.Mustafayeva ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli, 2(008)-14186 saylı qətnaməsinin surətindən görünür ki, X4 uşaqları 10 oktyabr 2004-cü il təvəllüdlü X8, 07 iyun 2010-cu il təvəllüdlü X9 və 18 yanvar 2013-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evlə eyni həyətdə inşa edilmiş 1 mətbəx və sanitar qovşağı ilə təhciz edilmiş 1 mərtəbəli, 2 otaqlı evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2005-ci il tarixli, 2-279/2005 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi küçəsi, döngə 3-də yerləşən 6 saylı evin 7 saylı mənzilinin yaşayış sahəsində istifadə hüququ tanınaraq pasport qeydiyyatına alınması qət edilmişdir. İş materiallarında olan 02 fevral 2011-ci il tarixli sosial kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi küçəsi, döngə 3-də yerləşən 6 saylı evin 7 saylı mənzilinə dair kirayə Dövlət Neft şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamenti tərəfindən İddiaçı yaşamaq üçün verilmişdir. Həmin qətnamənin 5-ci səhifəsinin 4-cü abzasında qeyd olunur ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh mübahisəli mənzilin icarədarının ailə üzvü kimi həmin mənzildə yaşamışdır. Başqa sözlə cavabdeh faktiki olaraq daima mübahisəli mənzildə yaşamış və icarədarın ailə üzvü kimi yaşayış sahəsindən istifadə etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ yaranmışdır. Həmin iş üzrə kassasiya instansiyası məhkəməsinin mövqeyi isə ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin uşaqları ilə birgə mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş edib və bunu cavabdehin qeydiyyatda olduğu evdə yaşamaması ilə əsaslandırıb. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə isə cavabdehin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədlər hazırkı işdə mövcud deyildir. Cavabdeh gəlin gəldikdən sonra eyni həyətdə yerləşən hər iki evdə yaşamış, hər iki evdən istifadə etmiş və hal-hazıradək də, istifadə etməklə 3 uşağı ilə birlikdə yaşayır (38-ci bənd). Məhkəmə Kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi ilə bağlı hazırkı qərarın 21-23-cü bəndlərində əks edilən mövqeyini və dəyərləndirilməsini əsaslı və qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks olunanlardan da görünür ki, apellyasiya məhkəməsi cavabdehin mənzilə İstifadə hüququnun yaranması, bu hüququn itirilməsi ilə bağlı və iş üçün əhəmiyyəti olan digər məsələləri tam aydınlaşdırmaqla, onlara tətbiq edilməli olan maddi hüquq normaları baxımından hüquqi qiymət verib (39-cu bənd). Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır (40-cı bənd). Beləliklə, İddiaçı X3 qarşı “mənzilə istifadə hüququna xitam verilmə tələbi”nə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktından görünür ki, onun Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 3, ev 6, mənzil 7 ünvanında yerləşən mənzilə dair istifadə hüququ yaranmış, iddia tələbi isə əsassız olduğundan təmin edilməmişdir. Y.Mustafayeva hesab edir ki, tərəfindən iddia ərizəsinə etirazın qoşmasına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə onun Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun yarandığı müəyyən edildiyindən İddiaçı Əİsgər qızının hazırkı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən Y.Mustafayeva iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi və vəkili elektron ərizə ilə növbəti dəfə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin (onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 iddia tələbinə dair təqdim etdiyi etiraza uyğun məzmunda izahat verdi və iddia əsassız olduğundan onun rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə ünvanlanmış ərizədən görünür ki, iddiaçı hazırkı tələblə bağlı əvvəlcə həmin quruma müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. -xx.xx.2022-ci il tarixli 00030432 saylı poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən Sabunçu rayon Polis İdarəsinə müvafiq ərizə ünvanlanmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda Bakı şəhəri, ünvan 1 ünvanının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilmədiyi bildirilmişdir. -Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 148 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X4 2004-cü il təvəllüdlü X8, 2010-cu il təvəllüdlü X9 və 2012-ci il təvəllüdlü X1 ibarət ailəsi ilə Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. -Azərbaycan Respubikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, SOCAR-ın balansında olmuş, ünvan 10 ünvanında yerləşən, 1 mərtəbəli, 6 mənzilli yaşayış binası Azərbaycan Respublikası Nazirlər Kabhetinin 28 dekabr 2011-ci il tarixli, 435s saylı Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. -Azərbaycan Respdblikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2(102)-4186/2021 saylı qərarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 11 ünvanında yerləşən 7 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3026/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3262/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi iiə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3026/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3262/2021 nömrəli, 03 mart 2021-ci il tarixli Qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli 2(103)-3262/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan normalarla əsaslandırır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxs (bundan sonra şəxs) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; -5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxsin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır. Lakin bu hal həmin şəxsin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddədə isə göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Eyni maddənin 5-ci hissəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxsin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxsin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Göründüyü kimi, qeydiyyatdan çıxarılma əsasları yaşayış sahəsinin mülkiyyətçisinin hüququ olaraq ona mənsub əmlak barəsində öz mülahizəsi ilə hərəkət edə bilmə, mülkiyyətini bu əmlaka hüququ olmayan şəxsdən qoruma imkanını nəzərdə tutur. Hazırkı mübahisə üzrə məhkəmə tərəfindən müəyyən olunan hal ondan ibarətdir ki, iddiaçının Bakı şəhəri, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 3, ev 6, mənzil 7 üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Sözügedən mənzil dövlət mənzil fonduna daxil olmaqla MKTD-nin balansındadır. Belə olan halda, iddiaçı və üçüncü şəxs mənzilə münasibətdə hüquqi status baxımından eyni vəziyyətdədir. Digər qeyd olunmalı məqamlar odur ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən göründüyü kimi, X4 uşaqları ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən evlə eyni həyətdə inşa edilmiş 1 mərtəbəli 2 otaqlı evə köçürülmüş, hər iki mənzildən istifadə etmişdir, onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddiaçının iddiası təmin edilməmişdir. Eyni zamanda üçüncü şəxs üç uşağı ilə birlikdə hazırda həmin ünvanda yaşayır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı mənzilin mülkiyyətçisi olmadığından üçüncü şəxs tərəfindən onun həmin əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirməsi baxımından hər hansı maneə törətməsi təsdiqini tapmır. Başqa sözlə, iddiaçı tərəfindən üçüncü şəxsin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün qanunla tələb olunan şərtlər ödənilmir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı işin hallarından görünən odur ki, nə inzibati icraat, nə də məhkəmə icraatı zamanı iddiaçı arzuolunan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Ona görə də cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar