Məhkəmə qərarları › İş №2-1(112)-2369/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2369/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2369/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı müavinətin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona gözdən 3-cü dərəcəli əlilliyə görə ötən ödənilməmiş müddətlərə görə pul müavinətlərinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, sol gözünün görmə qabiliyyətini tam itirdiyinə görə ona 06.11.2020-ci il tarixdə 3-cü dərəcəli əlillik təyin olunmuşdur. Gözdən əlillik hadisəsinin baş verdiyi tarix isə 08.11.1973-cü ilə təsadüf olunur. Bu haqda həkim tibbi ekspert komissiyasının rəyində də qeyd edilmişdir. O, hal-hazırda 3-cü dərəcəli gözdən əlilliyinə görə qanunla ona təyin edilmiş aylıq pensiya məbləğlərini mütəmadi alır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunun (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) 10.1-ci maddəsində müavinətlərin ödənilməsi haqqında qaydalar həmin Qanunun 10-1.5-ci maddəsində göstərilənlər əsasında vətəndaşlara əlillik dərəcəsi təyin olunduğuna görə pul müavinətlərinin əvvəlki, qanunla nəzərdə tutulan müddətlər üçün də ödənilməmişdirsə, onda həmin pul məbləğləri həmin şəxslərin hesabına ödənilir. Bunun üçün də o, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə fondunun rəhbərliyinə 04 fevral 2021-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin təəssüflər olsun ki, işdə adı gedən cavabdeh DSMF tərəfindən tələbi rədd edilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Əvvəlcə qeyd edilməlidir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 27 may 2021-ci il tarixli **********6 nömrəli “əlilliyə görə mavinətin verilməsi haqqında” qərarında İddiaçı İİİ dərəcə əlillik 06 noyabr 2020-ci il tarixdən müəyyən edildiyi üçün qanunvericiliyə uyqun olaraq həmin tarixdən ona İİİ dərəcə əlilliyə görə 110 manat məbləğində aylıq sosial müavinət təyin edildiyi qeyd edilmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - “TSEK") 06.11.2020-ci il tarixli qərarı ilə ilkin əlillik səbəbi - “Ümumi xəstəlik ilə əlaqədar (gözdən əlil)” olmaqla müddətsiz İİİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11.03.2021-ci il tarixli, ********* nömrəli məktubunda İddiaçı Bakı 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0042003AACCZ nömrəli əsasında 06.11.2020-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən (gözdən əlil) müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.7-ci bəndinə müvafiq olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilməsi qeyd edilmişdir. İşin hallarından müəyyən olunmuşdur ki, İddiaçı 06.11.2020-ci il tarixdə İİİ dərəcəli əlillik təyin edilmiş və ona həmin tarixdən sosial müavinət ödənilməyə başlanılmışdır. Lakin İddiaçı gözdən əlillik hadisəsinin baş verdiyi 08.11.1973-cü il tarixdən 06.11.2020-ci il tarixədək olan dövrdə sosial müavinətin ödənilməsini tələb edir. Qeyd edilməli əsas məgam ondan ibarətdir ki, İddiaçı əlillik 06.11.2020-ci il tarixdə verilmiş, o sözügedən tarixdən əlil statusu gazanmışdır və həmin tarixdən də ona sosial müavinət ödənilmişdir. Sözügedən tarixdən əvvəl İddiaçı əlil statusu olmadığından həmin dövrlərdə sosial müavinətin ödənilməsi Qanunun tələblərinə ziddir. Əlilliyin səbəbini TSEK-in müvafiq qərarı ilə müəyyən edildiyindən və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin İİİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət imtinası əsaslı olmuşdur. Eyni zamanda bildirilmişdir ki, İddiaçı münasibətdə TSEK-in 06.11.2020-ci il tarixli qərarında həmin qərarın qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi də qeyd edilməmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq qeyd edilməlidir ki, İddiaçı “ödənilməmiş pul müavinətinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. - Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış 11.03.2021-ci il tarixli, **********7 №-li məktubdan görünür ki, əlillik vəziyyəti Bakı 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0042003AACCZ nömrəli göndərişi əsasında 06.11.2020-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən (gözdən əlil) müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə müvafiq olaraq “Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir”. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış və cavabdeh tərəfindən 10.02.2021-ci il tarixdə qəbul edilmiş 04 fevral 2021-ci il tarixli ərizənin surətindən görünür ki, sol gözünün gömə qabiliyyətini itirməsi ilə bağlı şikayətləri əsasında həkimlər xəstəliyinin uşaqlıqdan, yəni 08.11.1973-cü ildən başladığına dair rəy vermişlər. Gözdən əlilliyinin dərəcəsini təyin etdirmək üçün 2019-cu ilin iyul ayından etdiyi müraciət uzun müddət süründürməçilikdən sonar 06.11.2020-ci ildə “Üçüncü dərəcəli əlillik” diaqnozu qoyulması ilə nəticələndi. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun maddə 10-1., “Müavinətlərin ödənilməsi qaydaları”nın 10-1.5. bəndinə, yəni “Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir” maddəsini rəhbər tutaraq 08.11.1973-cü ildən 06.11.2020-ci ilədək almadığı sosial müavinətin ona ödənilməsinə sərəncam verilməsini xahiş etmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27.05.2021-ci il tarixli, **********6 nömrəli məktubun surətindən görünür ki, Fonda 30 aprel 2021-ci il tarixində daxil olmuş müraciətinə baxılmışdır. Bildirilir ki, “Sosial müvainətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə görə müavinət əlillik müddətinə təyin edilir. Eyni zamanda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əliliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qeyd edilənlər nəzərə alınaraq ümumi səbəbdən İİİ dərəcə əlilliyi (ilkin) 6 noyabr 2020-ci il tarixindən müəyyən edildiyi üçün qanunvericiliyə uyğun olaraq həmin tarixdən ona İİİ dərəcə əlilliyə görə 110 manat məbləğində aylıq sosial müavinət təyin edilmişdir. Nəzərə almağı xahiş olunur. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 06.11.2020-ci il tarixdə ümumi səbəbdən (gözdən əlil) müddətsiz üçüncü dərəcə əlillik təyin edilmiş və ona 06.11.2020-ci il tarixindən İİİ dərəcə əlilliyə görə 110 manat məbləğində aylıq sosial müavinət təyin edilmişdir. İddiaçı xəstəliyinin 08.11.1973-cü ildən yaranmasını, həmin tarixdən əlili olmasını əsas gətirərək 08.11.1973-cü ildən 06.11.2020-ci il tarixədək olan dövr üzrə sosial müavinətin ona ödənilməsini cavabdeh orqandan tələb edir. 01.01.2006-cı il tarixdən qüvvədə olan "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. - 4.0.1.3-cü maddəsinə əsasən bu Qanunla 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət təyin edilir. - 9.1.2-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - əlillik müddətinə təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Qanunvericiliyin tələblərinə uyğun olaraq hazırki iş üzrə İddiaçı 06.11.2020-ci il tarixdə İİİ dərəcəli əliliyin təyin edilməsi barədə qərar qəbul edildiyindən sonuncu həmin tarixdən əlilliyi olan şəxs hesab edilmiş və cavabdeh tərəfindən həmin tarixdən İddiaçı sosial müavinət təyin edilmişdir. Məhkəmə iddiaçının əlillik hadisəsinin baş verdiyi tarixin 08.11.1973-cü ilə təsadüf etməsi ilə bağlı dəlili ilə əlaqədar qeyd edir ki, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətləndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə", yaxud “uşaqlıq əlili sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab edilməsinə əsas vermir. Çünki bu halda, belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. 18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslər əgər əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) 18 yaşınadək əldə etdiklərini güman edərək hər hansı üstünlüyə nail olmaq istəyirlərsə, bu halda, əlilliyin təyin edilməsinə dair qərarı mübahisələndirməklə, həmin qərarda əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) yaranma tarixinin 18 yaşından əvvəlki tarix kimi göstərilməsini tələb edə bilərlər. Bundan başqa, həmin şəxslər həm də inzibati orqana yeni bir tələblə müraciət edərək əlilliyin və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun bununla bağlı qərarın qəbul edildiyi tarixdən əvvəl yarandığına dair qərar qəbul edilməsini də tələb edə, eləcə də inzibati orqanın həmin müraciətlə bağlı qərar və ya hərəkətini (hərəkətsizliyini) yenə də məhkəmədə mübahisələndirə bilərlər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı 06.11.2020-ci il tarixdən əlilliyi olan şəxs hesab edildiyindən və həmin tarixdən müavinət almaq hüquq yarandığından cavabdeh inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar