Məhkəmə qərarları › İş №2-1(112)-2369/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2369/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2369/2024 24.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzildə yaşamaqdadır, həmin mənzil Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında ona verilmiş, eləcə də order təqdim edilmişdir. Mənzilin özəlləşdirilməsi ilə əlaqədar müraciət edilsə də, müraciətin təminindən müraciətin təminin həyata keçirməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, mənzilin yerləşdiyi binanın istismara icazə sənədi cavabdehə daxil olmamışdır. Bundan əlavə. Mənzilin faktiki sahəsi 71,0 kv.m təşkil etməkdədir. Bu səbəbdən də müraciətin təminindən imtina edilmişdir. Tərəflərin iştirakı və izahatları: Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Orderdən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə iddiaçının adına order verilmişdir. Həmin order Bakı Şəhər İcra Hakimiyyətinin 1000 nömrəli 24 oktyabr 2000-ci il tarixli sərəncamı əsasında verilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, mənzilin yerləşdiyi yaşayış binasının istismara icazə sənədi mövcud olmamışdır. Adıçəkilən Sərəncamdan çıxarışdan görünür ki, mənzilin iddiaçıya verilməsi barədə qərar qəbul edilmişdir. Çıxarışlardan görünür ki, həmin binada 7 saylı mənzilə dair A.Nəcəfovun adına mülkiyyət hüququ mənzil üzrə qeydiyyatdan keçmiş, daha sonra digər bir şəxsin adına həmin mənzil özəlləşdirilmişdir. Ərizədən görünür ki, mənzil üzrə qeydiyyatda olan X3 mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etməmişdir. Orderdə adı çəkilən Mehparə Qəhrəmanova, Elnur Qəhrəmanov, Elmar Qəhrəmanov tərəfindən verilmiş ərizələrdən görünür ki, həmin şəxslər də mənzilin özəlləşdirilməsinə etiraz etməmiş, mənzili tərk etməyi və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdehin sorğuya 12 mart 2024-cü il tarixli cavab məktubundan görünür ki, 43 mənzil həmin yaşayış binasında digər şəxslərin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatından keçmişdir. 27 dekabr 2022-ci il tarixli müayinə aktından görünür ki, mənzil 1 otaqlıdır, ümumi sahə 71,0 kv.m təşkil edir, yaşayış sahəsi 38,9 kv.m, köməkçi sahə 32,1 kv.m-dir. 29 aprel 2024-cü il müayinə aktından isə görünür ki, mənzil 1 otaqlıdır, ümumi sahə 45,6 kv.m təşkil edir, yaşayış sahəsi 20,8 kv.m, köməkçi sahə 24,8 kv.m-dir Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 2 əsas gətirir:

1. İstismara qəbul aktının bina üzrə olmaması;

2. Faktiki sahənin 71.0 kv.m təşkil etməsi. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Göründüyü kimi binada yerləşən mənzillərlə bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə əlaqədar istismara qəbul sənədinin bina üzrə mövcudluğu barədə müddəa mövcud olsa da, məhkəmə hesab edir ki, məhz hazırkı işin faktiki hallarına münasibətdə iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina qanunsuz və əsassız olmuşdur. Nəzərə alınmaldıır ki, istismara qəbul aktının xarakterizə etdiyi anlayış və onun təyinatı üzrə əsas məqsədi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində göstərilmişdir. Belə ki, Məcəllənin 101.1-ci maddəsindən göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Qeydo olunmalıdır kii, istismara qəbul aktının verilməsini həyata keçirən orqanlar isə müxtəlif vaxtlarda fərqli olmuşdur. Belə ki, 1993-cü il tarixdə Dövlət Tikinti və Arxitektura İşləri Komitəsi yaradılmış, 1994-cü il tarixdə Azərbaycan Respublikası Dövlət tikinti normativ sənədləri sisteminin Əsas müddəaları konsepsiyası tərtib edilmişdir. Konsepsiyanın giriş hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının suveren dövlət kimi təşəkkülü, onun iqtisadiyyatının yenidən qurulması, idarə sisteminin yenidən təşkili və müxtəlif mülkiyyət formalarının tətbiq edilməsi zərurəti xalq təsərrüfatında və o cümlədən, tikintidə yeni iqtisadi münasibətlərə uyğun olan norma və standartların istifadə edilməsini tələb edir. Tikintidəki bütün münasibətləri nizamlayan və tənzimləyən norma və standartların ümumi bir sistemdə cəmləşdirilməsi və bu sistemin əsas prinsiplərinin qabaqcadan proqramlaşdırılması normativ sənədlərin daha rasional strukturunun və yüksək səviyyəsinin təmin edilməsinə imkan yaradır. Təqdim edilən “Əsas müddəalar” bu məqsəd üçün işlənmişlər və Azərbaycan Respublikası Dövlət tikinti normativ sənədləri sisteminin yaradılması və işləməsinin təmin edilməsinin əsas prinsiplərini, tikintidə tətbiq edilən normativ sənədlərin strukturunu, növlərini və onların məzmununa olan ümumi tələbləri, tikintidə normalaşdırma obyektlərini, normalaşdırma orqanlarının strukturunu və sistemin hüquqi əsaslarını müəyyənləşdirirlər. 4.1-ci bənddə isə qeyd edilmişdir ki, Dövlət tikinti normativ sənədləri sisteminin yaradılması, işləməsinin təmin edilməsi və təkmilləşdirilməsi üzrə işlər Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin aparılması Qaydaları”nın (qüvvədən düşmüş) : 12.1. Tikintisi başa çatmış obyektlərin (dəyərindən asılı olmayaraq yeni tikilən, yenidənqurulan, genişləndirilən və əsaslı təmir olunan) istismara qəbul edilməsi "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları" Dövlət Tikinti normasına (AzDTN 1.6-1) uyğun olaraq aparılır və bu zaman obyektlərin istismara qəbul edilməsi qaydalarına əməl edilməsinə nəzarət respublika əhəmiyyətli, büdcə və büdcədənkənar vəsaitlər, o cümlədən dövlət təminatlı xarici investisiyalar hesabına, dövlətlərarası və regional layihə və proqramlar əsasında tikilən obyektlərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin Dövlət arxitektura-tikinti nəzarəti baş idarəsi, yerli əhəmiyyətli obyektlərdə isə Naxçıvan Muxtar Respublikasının Tikinti və Memarlıq Komitəsinin, şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin dövlət arxitektura-tikinti nəzarəti orqanları digər aidiyyəti orqanlarla birlikdə həyata keçirilir. 12.2. Qəbul və ya dövlət qəbul komissiyasının tərkibinə daxil edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin Dövlət arxitektura-tikinti nəzarəti baş idarəsinin və ya müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Tikinti və Memarlıq Komitəsinin, şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin dövlət arxitektura-tikinti nəzarəti orqanlarının nümayəndəsi, əvvəlcədən qəbul və ya dövlət qəbul komissiyasının tərkibinin düzgün formalaşmasını, qəbul və ya dövlət qəbul komissiyasının aktının və tələb olunan bütün sənədlərin düzgün tərtib olunmasını yoxlayaraq, aktı imza edir. Yalnız bundan sonra akt qəbul və ya dövlət qəbul komissiyasının sədri tərəfindən imzalanır. Daha sonra, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin tikinti sahəsindəki funksiyaları, “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu və X1 Baş İdarəsi (Dövlətbaşekspertiza) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 dekabr 2008-ci il tarixli, 272 saylı qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə” Qaydalarının: (qüvvədən düşmüş) -3.6.1.Tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər; -3.6.3.Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: -4.9.1. Müvafiq ərazidə yerləşən, ümumi istifadədə və balansında olan avtomobil yollarının təmiri və saxlanılması işlərini təşkil etmək, istismara qəbulu barədə aktları təsdiq etmək, ərazidə olan digər avtomobil yollarının təmiri və saxlanılması barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq və işlərin görülməsinə nəzarəti həyata keçirmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamənin: -8.20-3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək Komitənin vəzifəsidir. (Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə edilmiş dəyişiklik) Göründüyü kimi tikintisi başa çatmış obyektlərə, eləcə də binalara mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul aktının verilməsi müstəqillik dövründən sonra tikintiyə dövlət nəzarətinin təkmilləşdirilməsi ilə əlaqədar başlanılmışdır. Lakin, cavabdeh nəzərə almamışdır ki, bina üzrə mənzillər, eləcə də iddiaçıya verilən mənzil dövlət nəzarətini həyata keçirən, tikinti üzrə müvafiq səlahiyyətlərə malik olan inzibati orqanın sərəncamı və həmin sərəncam əsasında tərtib edilmiş order əsasında verilmişdir. Qeyd olunmalıdır ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən sərəncam və order məhz mənzilin iddiaçının qanuni istifadəsinə ayrılması ilə əlaqədar olmuş, ləğv edilməmiş, hüquqi qüvvəsini saxlamaqdadır. Yerli icra hakimiyyəti orqanının istismara qəbul edilməsə belə bina üzrə daşınmaz əmlakı ayırma ilə əlaqədar inzibati praktikası qanunsuz hesab edilməmiş, digər şəxslərə olduğu kimi də adıçəkilən mənzil də iddiaçıya order və sərəncam əsasında ayrılmış, iddiaçının mənzilə dair qanunla gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Həmin prizmadan yanaşıldıqda, məhkəmə hesab edir ki, yerli icra hakimiyyəti orqanının order və sərəncamına uyğun olaraq istismara qəbul edilməmiş binada mənzillərin ayrılması ilə, MTK və MMC-lər tərəfindən protokoldan çıxarış və digər sənədlərlə şəxslərə istismara qəbul edilməmiş binadan mənzillərin ayrılmasına münasibətdə fərqləndirmənin aparılması mütləqdir. Belə ki, hazırkı binada mənzil tikintidə dövlət nəzarətinin həyata keçirilməsinə, xüsusən də binada mənzilin ayrıldığı dövrdə səlahiyyətə malik qurum tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ayrılması həyata keçirilmişdir ki, məhkəmə hesab edir ki, həmin hal cavabdeh tərəfindən mütləq nəzərə alınmalıdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, oxşar hüquqmüəyyənedici sənədlər əsasında cavabdehin özü tərəfindən 43 mənzilə mülkiyyət hüquqlarının bina istismara qəbulu olmasa da belə dövlət qeydiyyatı həyata keçirilmişdir. Qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Qeyd olunmalıdır ki, 2-1(102)-1842/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da qeyd edildiyi kimi ddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-560/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Analoji mövqe 2-1(102)-557/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında və 2-1(102)-472/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da təkrarlanmışdır. Məhkəmə qeyd olunan tələbləri əsas götürməklə hesab edir ki, iddiaçıya münasibətdə bərabər rəftar müəyyən edilməməkdədir, eyni binada yerləşən 43 mənzilə münasibətdə mülkiyyət hüquqları oxşar hüquqmüəyyənedici sənədlər əsasında, ən əsası da binanın istismara qəbul olunmadığı halda qeydiyyata alındığı halda iddiaçıya münasibətdə göstərilən imtina dəlilinə istinadı məhkəmə konstitision hüquqların pozuntusu kimi qiymətləndirməkdədir. Digər imtina dəlili kimi mənzilin faktiki ölçüsünün 71 kv.m olmasına münasibətdə də, məhkəmə hesab edir ki, iddianın təminini həmin hal da istisna etməməkdədir. Belə ki, cavabdehin sonrakı tarixə tərtib etdiyi müayinə aktından görünür ki, mənzilin ölçüsü faktiki olaraq 45,6 kv.m ölçüdədir. Bu zaman, cavabdeh nəzərə almamışdır ki, order üzrə mövcud praktika onu göstərir ki, adıçəkilən hüquqmüəyyənedici sənədlərdə bir qayda olaraq köməkçi sahə göstərilməməklə yaşayış sahəsinin ölçüsü əksini tapmaqdadır, bu zaman yaranmış fərq isə 20,8 kv.m və 19,7 kv.m arasında olan fərqdir ki, məhkəmə hesab edir ki, həmin cuzi fərq başa düşüləndir. Bundan əlavə, cavabdeh onu da nəzərə almamışdır ki, faktiki ölçüsün 71,0 kv.m və ya 45,6 kv.m olması, köməkçi sahənin göstərilibgöstərilməməsi iddiaçının təqsir sferasına aid olan məsələ olmamışdır. Belə ki, adıçəkilən mənzil dövlət orqanı tərəfindən ona təhvil verilmişdir ki, mənzilə iddiaçı tərəfindən əlavə artırmaların edilməsi halı aşkar edilməmiş, mənzil hansı ölçüdə inzibati orqan tərəfindən verilmişdirsə, iddiaçı tərəfindən həmin ölçüdə istifadə edilməkdədir ki, cavabdeh həmin halı da nəzərə almamış, əlavə artırmaların müşahidə edilməməsinə baxmayaraq müraciətin təminindən əsassız imtina etmişdir. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən 1 otaqlı yaşayış sahəsinə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar