Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2369/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçının cavabdeh Daşınmaz Əmlakın X8 Reyestri X5rşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı cavabdeh Daşınmaz Əmlakın X8 Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı xx.xx.1990-cı il tarixli əmri ilə ona ayrılmış (təqdim edilmiş cizgi və xəritədən çıxarış əsasında) 0.07 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda istifadəsində olan 0.07 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə Abşeron rayon Donuz kökəltmə sovxozunun 135 saylı xx.xx.1990-cı il tarixli əmri ilə ona ayrılmış və sərhədləri yerində müəyyən edilərək ona təhvil verilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı verilmişdir. Bundan sonra Abşeron rayon Donuz kökəltmə sovxozunun 135 saylı xx.xx.1990-cı il tarixli əmri ilə ona ayrılmış 0.07 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavabdeh tərəfindən **********55 saylı xx.xx.2021-ci il tarixli məktubla imtina verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsi Donuzkökəltmə sovxozuna ayrılmış ərazinin ayrıc aktından kənarda yerləşir. Cavabdehin bu imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakin dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüqüqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Sərhədləri yerində müəyyən edilərək təhvil verilmiş 0.07 ha torpaq sahəsindən istifadə edir. Həmin sahənin Abşeron Rayon Donuzkökəltmə sovxozunun ərazisindən kənarda yerləşib-yerləşmədiyi ona bəlli deyildir. Bundan başqa, həmin halın mövcudluğu imtina üçün əsas deyil. Belə ki, Abşeron rayon Donuz kökəltmə sovxozunun ərazisindən kənarda yerləşdiyi bildirilən 0.07 ha torpaq sahəsi barədə olan Abşeron rayon donuz kökəltmə sovxozunun 135 saylı xx.xx.1997-ci il tarixli əmri hal hazırda mübahisələndirilmədiyindən və qüvvədə olduğundan "daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə əsasən torpağın daşınmaz əmlakın dövlət reyestrində mənim adıma qeydiyyata alınması üçün əsas hesab edilir. Yəni nə qədər ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 sayli xx.xx.1990-cı il tarixli əmri qüvvədədir, torpaq daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmalıdır. Hazırda qanuni istifadəsində olan torpağın daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması üçün əsas hesab edilən Abşeron Donuz kökəltmə sovxozunun 135 saylı xx.xx.1990-cı il tarixli əmri hal hazırda qüvvədə olduğundan cavabdehin ərizəsinin icrasından imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçının “Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı, xx.xx.1990-cı il tarixli əmri ilə ona ayrılmış 0.07 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X8 Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2021-ci il tarixli, **********55 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin elektron kadatsr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi Donuzkökəltmə sovxozuna ayrılmış ərazinin ayrıc aktından kənarda yerləşir. Eyni zamanda, qeyd olunan torpaq sahəsinə 24 metr məsafədə ləğv olunmuş neft quyusu mövcuddur və yaxınlığından (8 və 37 metr) orta təzyiqli, açıq 270 mm-lik və 159 mm- lik qaz xətləri keçir. Bundan əlavə, xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı və torpaq sahəsinin faktiki ölçüsünün 665.0 kv.m olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın X8 Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində İddiaçı ayrılmış 700 kv.m torpaq sahəsinin 665.0 kv.m üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Abşeron Rayon Donuzkökəltmə Sovxozu xx.xx.1990-cı il tarixli 135 nömrəli Əmrindən Çıxarışa əsasən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 nömrəli qərarına və bu qöərar əsasında sovxoz həmkarlar komitəsi ilə X3 birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 nömrəli qərarın tələbinə uyğun olaraq aşağıda adları qeyd olunan sovxoz fəhlə və qulluqçularına fərdi ev tikmək üçün 0.07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır: 1-İddiaçı Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın X8 Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********88 nömrəli məktubu ilə təqdim edilən Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 700 kv.m, faktiki sahəsi 670 kv.m təşkil edir. Torpaq sahəsi mişar daşı ilə hasara alınıb. Torpaq sahəsində ikimərtəbəli yaşayış evi mövcuddur. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-12/2-2759/2024 nömrəli məktubu il təqdim edilən sənədlərdən görünür ki: -Binə qəsəbəsində İddiaçı ayrılmış sahənin cizgisi və xəritədən çıxarışına əsasən Abşeron rayonu, Donuzkökəltmə sovxozunun 135 saylı, xx.xx.1990-cı il tarixli əmrinə əsasən torpaq sahəsinin koordinatları: X 424096.26 Y 4478800.66 -Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli F-232 nömrəli Arxiv arayışında göstərilmişdir ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri Abşeron rayon Dövlət arxivində saxlanılır. 12 iyul 1990-cı il tarixli 135 saylı əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X3 birgə ümumi iclasında qəbul edilmiş, 10 iyul 1990-cı il tarixli 23 saylı qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha. həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Adlı siyahıda vətəndaş siyahısında İddiaçının 472 sıra sayı ilə qeyd olunmuşdur. Məlumat üçün bildirirəm ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun sabiq rəhbərlərinin barəsində Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət faktı üzrə istintaq işi aparılmışdır. İstintaqla əlaqədar zərurət yarandığından Donuzkökəltmə sovxozuna dair bir çox sənədlər və o cümlədən həmin 12 iyul 1990-cı il tarixli 135 saylı əmri Abşeron rayon Dövlət arxivindən götürülmüşdür.İstintaqın müəyyən mərhələsindən sonra həmin əmr və digər sənədlərin kserosurətləri arxivə qaytarılmışdır. Qaytarılan əmrlərə əlavə olunmuş siyahılardan görünür ki, həmin sənədlər Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən yoxlanılmış və müvafiq ştamplarla tədqiqat obyekti kimi qeyd olunmuşdur. Arxivin qeydi: əmrə cizgi daxil edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın X8 Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********28 nömrəli məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, iki torpaq sahəsi bir hasar daxilindədir. Ara sərhədləri şərtidir. Faktiki sahəsi 665.0 kv.m təşkil edir. Üzərində ikimərtəbəli yaşayış evi mövcuddur. Vahid elekton kadastr baza məlumatlarına əsasən sahə "yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Torpaq sahəsinin 24 metr yaxınlığında ləğv olunmuş neft quyusu var. Həmçinin torpaq sahəsinin yaxınlığından (8metr, 37 metr) orta təzyiqli açıq 270 mm-lik və 159 mm-lik qaz xətləri keçir. Həmçinin digər şəxsin müraciəti barədə bazada məlumat aşkar edilməmişdir. Həmin məktubla təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki,İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi Donuzkökəltmə Sovxozunun Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmış ərazidən 250 m kənarda yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-ARA/2-925/24 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçının adı Abşeron Rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli 135 saylı əmrə əsasən arxiv əsaslarında vətəndaş Balaxan qızı olaraq deyil Baba qızı olaraq qeyd edilmişdir. Ata adında fərq olduğu üçün məsələni məhkəmənin mülahizəsinə buraxırıq. Məlumat üçün bildiririk ki, Abşeron Rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli 135 saylı əmrinin 472-ci sırasında İddiaçı Baba qızının adı mövcuddur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın X8 Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-3312/2025 nömrəli məktubu ilə təqdim edilən ortofoto görüntüdən müəyyən edilir ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi Sovxozun ərazisinin sərhədlərindən kənarda yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın X8 Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-13510/2025 nömrəli məktubu ilə təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin yaxınlığında **********96 və **********97 reyestr nömrəli daşınmaz əmlaklar yerləşir. Təqdim edilmiş hüquqmüəyənedici sənədlərdən görünür ki: -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisi (Yeni qaydalarla: AZ1045, ünvan 1 ünvanında yerləşən 0.044 ha torpaq sahəsi **********96 reyestr nömrəsi ilə X2 adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1235 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.0586 ha torpaq sahəsi və üzərində inşa olunmuş 119.3 kv.m sahəsi olan **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi X1 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 541 nömrəli reyestr kitabının 50926 nömrəli vərəqində qeydiyyata alınmışdır. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi **********16 reyestr nömrəsi ilə X4 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2025-ci il tarixli 14-2/2- 4861/2025 nömrəli məktubunda göstərilmişdir ki, Məktubunuza əlavə etdiyiniz daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında qeyd olunan koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 665 m² torpaq sahəsinin XY 424078.9170 4478808.1760 424093.8500 4478817.1060 424098.6230 4478809.1240 424106.6050 4478813.3970 424111.4810 4478805.7430 424124.3610 4478813.9980 424128.4630 4478808.3210 424093.7090 4478787.5280 koordinatlar daxilində yerləşən, ölçüsü 665 m² olan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16 mart 1999-cu il tarixli 208 saylı Sərəncamı ilə SOCAR-dan geri alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Əlavə olaraq bildiririk ki, sorğunuzda qeyd etdiyiniz torpaq sahəsi 400 saylı ləğv edilmiş neft-qaz quyusunun 24 metrliyində mühafizə zonası daxilində yerləşir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu. sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativhüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, işlək quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 150-300 metr, ləğv olunmuş quyuların 75 metr müəyyən olunmuşdur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin, eyni zamanda təhlükəsizliyin təmin olunması məqsədi ilə, quyunun mühafizə zonası gözlənilməli və həmin torpaq sahəsi ilə bağlı aparılacaq bütün əməliyyatlar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ite razılaşdırılmalıdır. Cavabdeh Daşınmaz Əmlakın X8 Reyestrinin 1 Saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********55 nömrəli məktubunda göstərilmişdir ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi Donuzkökəltmə sovxozuna ayrılmış ərazinin ayrıc aktından kənarda yerləşir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda sadalanan səbəblərə görə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallardan görünür ki, Abşeron Rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1990-cı il tarixli 135 nömrəli Əmri ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha torpaq sahəsi ayrılmışdır. Ayrılan torpaq sahəsinin yerləşmə cizgisi və xəritədən çıxarışı Xəzər RİHB-nın Binə İƏD üzrə nümayəndəsi T.Əliyev tərəfindən imzalanmış və Xəzər rayon icra Hakimiyyətinin möhürü ilə təsdiq edilmişdir. Həmin cizgidə torpaq sahəsinin yerləşmə koordinatları da qeyd edilmişdir. Torpaqayırma sənədi kimi hüquqmüəyyənedici sənəd qismində çıxış edən Abşeron Rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1990-cı il tarixli 135 nömrəli Əmri Abşeron Rayon İcra Hakimiyyəti abşeron Rayon Dövlət Arxivində saxlanılır, əmrin qoşma olaraq tərtib edilmiş torpaq sahəsi ayrılan fəhlə və qulluqçuların adlı siyahısında iddiaçıya 0.07 ha torpaq sahəsinin ayrılması barədə 472 sıra sayı ilə qeyd mövcuddur. Göründüyü kimi iddia edilən torpaq sahəsi ilkin olaraq fərdi yaşayış evinin tikintisi üçün kənd təsərrüfatı müəssisəsi (sovxoz) əmri ilə ayrılmış, əmr və yerləşmə cizgisi qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. Cavabdeh orqanın etirazında imtina əsası olaraq qeyd edilən iddiaçının faktiki istifadəsində 665.0 kv.m torpaq sahəsi olmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya ilkin torpaqayırma sənədinda 700.0 kv.m qeyd olunsa da, hazırda iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin ölçüsü 665.0 kv.m təşkil edir və iddiaçı tərəf də məhz faktiki istifadəsində olan 665.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını mübahisələndirir. Cavabdeh orqanın mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerli müayinə edilməklə iddiaçının faktiki istifadəsində olan sahənin koordinatları, yerləşmə yeri, digər torpaq sahələri və mühafizə zonaları ilə üst-üstə düşmə halının mövcud olmadığı müəyyən edilmiş koordinat cədvəli tərtib edilmişdir. Başqa sözlə, faktiki istifadədə olan sahənin əmrlə ayrılmış sahədən azlıq təşkil etməsi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını istisna etmir. Cavabdeh orqanın etirazında qeyd etdiyi torpaq sahəsinə 24 metr məsafədə ləğv olunmuş neft quyusunun mövcud olması və yaxınlığında (8 və 37 metr) orta təzyiqli , açıq 270mm-lik və 159 mm-lik qaz xəttlərinin keçməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlə reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışlar verilmişdir. Təqdim edilmiş ortofoto görüntüdən də göründüyü kimi həmin ərazi fərdi yaşayış evlərinin yerləşdiyi yaşayış məntəqəsi torpağı olmaqla sənaye təyinatlı torpaq deyildir və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16 mart 1999-cu il tarixli 208 saylı Sərəncamı ilə SOCAR-dan geri alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Eyni zamanda torpaq sahəsinin Sovxozun ayrıc aktında yerləşən ərazisindən kənarda yerləşməsinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla cavabdeh Sovxoza aid ayrıc aktını məhkəməyə təqdim etməmişdir. Yerli icra hakimiyyəti iddiaçının müraciətinə əsasən sövxoz əmrinə əsasən torpaq sahəsinin yerləşmə cizgisini təqdim etməklə, faktiki istifadədə olan torpaq sahəsinin Donuzkökəltmə sovxozunun əmrinə əsasən ayrılmış sahə olmaqla bilavasitə sovxoza aid ərazidən ayrılmış sahə olduğunu təsdiq etmişdir. Digər tərəfdən məhkəmə sorğusuna cavablardan müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən **********96, **********97 reyestr nömrəli əmlaklar iddiaçı ilə oxşasr hüquqmüəyyənedici sənədlər-sovxoza aid əmr və yerli icra hakimiyyəti tərəfindən verilmi yerləşmə cizgisi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış verilmişdir. Qonşu torpaq sahələrinin eyni hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyata alınması iddiaçının iddia etdiyi sahənin sovxoza aid ərazi daxilində yerləşdiyini təsdiq edir. İstər sovxoza aid ərazidən kınarda yerləşmə dəlili, istərsə də neft quyusunun mühafizə zolağında yerləşmə dəlilinə əsasən sözügedən torpaq sahəsinin qeydiyyatından imtina olunması ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Hazırkı halda həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.\ Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 665.0 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun İddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın X8 Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2369/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2369/2025
19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver