Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-237/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Binəqədi rayon Xocəsən Bələdiyyəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Binəqədi rayon Xocəsən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsinin ərazisində yerləşən 0,3 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan iddianın mümkünlüyü məsələsini müzakirə etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Xocasən Bələdiyyəsinin 09 noyabr 2005-ci il tarixli 27/04 saylı qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 0,3 ha torpaq sahəsini Binəqədi rayon Bələdiyyəsindən illər öncə əldə etmişdir. Lakin topaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrindən hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi üçün etdiyi müraciətə qeyri-obyektiv səbəblərə görə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, 09 noyabr 2005-ci il tarixli 27/04 saylı qərarla 12.000.000 manat müqabilində İddiaçı 0,3 ha torpaq satılmışdır. Bakı şəhəri Binəqədi rayonu Xocahəsən Bələdiyyəsinin 052315 saylı, 09 noyabr 2005-ci il tarixli kassa mədaxil qəbzinin məzmunundan görünür ki, İddiaçı 12.000.000 manat pul ödəmişdir. 09 noyabr 2005-ci il tarixli qərardan görünür ki, Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 0,3 ha torpsaq sahəsi təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi haqqında qərar verilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, aparılan araşdırma zamanı elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmiş və digər fiziki şəxsin adına keçmiş DTXK-i tərəfindən kadastr planının verildiyi müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinə dair yerləşmə cizgisinin olmadığı və keçmiş DTXK-i tərəfindən təsdiq edilmiş alqı-satqı aktının təqdim edilmədiyi aşkar edilmişdir. Həmçinin torpaq sahəsində hasarlanma işləri tam aparılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2019-cu il tarixli, **********76 nömrəli cavab məktubu ünvanlanmışdır. Mütəxəssislər tərəfindən sözügedən əmlaka aparılan texniki baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 3000 kv.metr, faktiki olaraq isə 3516 kv.metrdir. Elektron baza məlumatlarına əsasən imtina məktubunda qeyd olunan kadastr planı (**********0058) “X3”na Universitet Kampusunun tikintisi üçün ayrılmış ərazidir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin nümayəndəsi X1 torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verildiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər– tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Ümumi mənada subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv mənada iddia vermək hüququ bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı iddia tələbi üzrə Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 0,3 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən ilkin hüquqi qeydiyyata alınmasını tələb edir. İddiaçı tələbinin qanuni əsası kimi Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 09 noyabr 2005-ci il tarixli, 27/04 nömrəli Qərarına və torpaqların alqı-satqısına dair akta istinad etmişdir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 33-cü maddəsinə əsasən,Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. İddiaçının iddiasının əsası kimi istinad etdiyi torpaqların alqı-satqısına dair aktdan görünür ki, akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. İş materiallarından görünür ki, Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən iddiaçının adına sənədləşdirilmiş torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. Lakin torpaq sahəsi ilə bağlı iddiaçının adına sənədləşdirilən dövrdə (2005-ci il) mövcud olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin alındığı iş materialları ilə müəyyən edilmir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazıranmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir; 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Məhkəmə araşdırması nəticəsində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması müəyyən edilmədi. Həmçinin baza məlumatlarına əsasən digər fiziki (hüquqi) şəxsin adına keçmiş DTXK-i tərəfindən kadastr planının verildiyi, həmin kadastr planı üzrə torpaq sahəsinin “X3”na Universitet Kapmusunun tikintisi üçün ayrılmış əraziyə aid olduğu müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının tələbinin əsası kimi istintad etdiyi Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 09 noyabr 2005-ci il tarixli, 27/04 nömrəli Qərarının əsassız olması müəyyən edilir. Belə ki, Xocəsən Bələdiyyəsi onun mülkiyyətində olmayan torpaq sahəsi üzərində sərəncam vermişdir. İddiaçının torpaq sahəsinə dair hər hansı hüququnun mövcud olmadığı halda, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməyə subyektiv hüququnun mövcud olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmtətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Binəqədi rayon Xocəsən Bələdiyyəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbibə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-237/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-237/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver