Məhkəmə qərarları › İş №2-1(112)-2370/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2370/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2370/2021 03.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayevə qarşı “qərarının ləğvi, maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehin xx xxxxxx 2018-ci il tarixdə qəbul etdiyi töhmət qərarının ləğv edilməsi; cavabdehin iddiaçıya şər-böhtan atdırmaqdan çəkindirilməsini; cavabdehin xx xxxxxxx 2018-ci il tarixdə iddiaçı barəsində qəbul etdiyi tənbeh qərarının surətini mübahisənin düzgün həlli üçün tələb edilməsini; cavabdehin həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməsi; cavabdehin iddiaçıya verdiyi fiziki-psixoloji-mənəvi işgəncənin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 20.000 manat civarında maddi təzminatın tutulmasını və cavabdehin barəsində xüsusi qərardad çıxarılıb prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, həbsxana rəisi Aftandil Ağayevin “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən edilmədiyini, həmçinin, 20.000 (iyirmi min) manat maddi ziyanın ödənilməsi ilə bağlı inzibati orqana müraciət ərizəsinin təqdim olunması xahiş olunmuşdur. İş məhkəməyə daxil olduqdan sonra iş üzrə məhkəmə hazırlıq icraatının iclası keçirilmiş, növbəti iclas xx.xx.2021-ci il tarixə təxirə alınmışdır. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkü hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Məsimov iddia tələbinə etiraz edərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən və iddia ərizəsinin məzmunundan görünür ki, hazırki iddia tələbi ilə iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayev tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini, maddi ziyanın ödənilməsini və əməllərinin cinayət xarakterli olması səbəbi ilə xüsusi təqdimatın göndərilməsini tələb edir. İş materiallarında olan məhkumlara tənbeh tədbirinin tətbiq edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarı ilə məhkum İddiaçı cəzanın çəkilməsi qaydasını pozduğuna görə töhmət elan edilmişdir. Halbuki, iddia ərizəsində göstərilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayev inzibati orqan deyildir. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayev inzibati orqan kimi müəyyən olunmamışdır. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayev inzibati orqan olmadığından, iddiaçının tələbləri aydın olmadığından və tərəflər arasında inzibati hüquqi münasibətdən irəli gələn mübahisənin olmadığını nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə inzibati icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 19-cü (məhkəmə nəzarəti) maddəsinə görə, cəzaçəkmə müəssisəsində cəzanın icrasına məhkəmə nəzarəti, hökm çıxarmış və hökmün icrası barədə göstəriş vermiş hakim tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 19.3.-cü maddəsinə əsasən, məhkəmə cəzanı icra edən müəssisə və ya orqanın fəaliyyəti ilə əlaqədar daxil olmuş şikayətlərə baxaraq müvafiq qərar qəbul edir. Məhkəmə iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd etmək istəyir ki, hətta, iddiaçı tərəfindən cavabdeh qismində inzibati orqan, yəni Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanası çıxış etsə idi belə, iddiaya baxılması mümkün olmayacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerin yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, qanunverici məcburetmə, öhdəliyin icrası, vurulmuş ziyana görə kompensasiya haqqında iddia növü üzrə iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsini, yəni inzibati orqanla mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı mümkünlük şərtlərini müəyyən etmişdir və iddiaçı məhz həmin şərtlərə riayət etdikdə onun iddiası mümkün sayıla bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən “dəymiş maddi ziyanın ödənilməsi” ilə bağlı ilkin olaraq cavabdeh qismində çıxış etməli inzibati orqana (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanası) müraciət etməsinə dair sübutu məhkəməyə təqdim edilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz İnzibati orqanın iddiaçının müraciətindən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə şikayət etmək hüququ vardır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayevə qarşı “qərarının ləğvi, maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar