Məhkəmə qərarları › İş №2-1(112)-2372/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2372/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2372/2022 17.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə hüquqların reyestrdə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə hüquqların reyestrdə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirir ki, iddiaçı 3 avqust 1990-cı il tarixdə X5 ilə Rusiya Federasiyası Saratov Vilayətinin Balaşovsk rayonu Almazovski kənd sovetində nikaha daxil olmuş və və bununla əlaqədar nikah bağlanması haqqında akt qeydləri kitabında 3 avqust 1990-cı il tarixdə 6 nömrəli qeyd edilmiş və İİİ PY 400703 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə almışlar. Bundan sonra iddiaçı Bakı şəhərinə gəlmiş, İnozemtsevlər ailəsinin yaşadığı ünvan 1 ünvanına köçərək orada yaşamağa başlamışdır. İnozemtsevlər ailəsi 1990-cı ilin avqust ayının birinci həftəsində Bakı şəhərini tərk etmiş və daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişlər. Bu şəxslər həmin vaxtdan indiyədək qeyd olunan ünvana qayıtmamışlar. Hazırda isə, sözügedən ünvanda iddiaçı, oğlu və oğlunun ailəsi (arvadı, uşaqları) yaşayırlar. Mənzilin kirayəçisi 18 iyun 1976-cı il tarixli 027826 nömrəli orderə əsasən X2. Bakı şəhəri Nizami rayon XDS İcraiyyə Komitəsinin 24 avqust 1990-cı il tarixli 18/2273 nömrəli qərarına əsasən həmin mənzilin kirayə müqaviləsi X4 adına dəyişdirilərək onunla müvafiq müqavilə bağlanmış və həmin mənzilin maliyyə şəxsi hesabında müvafiq dəyişiklik edilmişdir. Bu vaxtadək sözügedən mənzil ilə əlaqədar heç bir kəslə heç bir mübahisə olmamış və iddiaçı həmin mənzilə faktiki olaraq 31 ildir sahib olmuş, bütün kommunal xərcləri ödəyir və həmin mənzildən mübahisəsiz olaraq istifadə edir. Yuxarıda qeyd edilmiş faktları nəzərə alaraq həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə əlaqədar Bakı şəhəri Nizami RİH-ə müraciət etmiş və müvafiq sərəncamla sözügedən mənzilin kirayə müqaviləsi maliyyə şəxsi hesabında iddiaçının adına qeyd edilməklə müvafiq dəyişiklik edilişdir. Hazırda mənzil Bakı şəhəri Nizami rayon MKTB-nin 26 saylı MKİS-nin ərazisində olmaqla 31 ildir ki, bu mənzildə qeydiyyatda olmaqla yaşayır, bu mənzilə sahiblik edərək ondan istifadə edir. Mənzilin adına özəlləşdirilərək müvafiq çıxarışın verilməsinə ailə üzvləri də razıdırlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(007)-1704/2020 saylı qətnaməsi ilə X5 ilə iddiaçı arasında olan nikah pozulmuş, həmin mənzildən istifadə hüquqları itirilmişdir və həmin qətnamələr qanuni qüvvəyə minmişdir. Odur ki, iddiaçı yuxarıda qeyd edilənləri nəzərə alıb, hazırda yaşadığı həmin mənzil üçün onun adına hüquqi sənədin – reyesrtdən çıxarışın verilməsini qanuni və əsaslı hesab edir. Yuxarıdakı bütün bu dövrləri isə o, mövcud qanunvericiliyə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətinə əsaslanaraq hüquq varis kimi 1990-cı ildən hazırkı dövrədək olan 30 illik sahiblik müddətinə birləşdirilməsini tələb etməkdə haqlıdır. İddiaçı həmin mənzilin özəlləşdirilərək ona dair reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 12 avqust 2021-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası əsassız və qanunsuz hesab edilir. Yuxarıda qeyd olunanlara və AR Mülki Məcəlləsinin 139, 146, 157, 178, 179-cu maddələrinə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1, 2, 4-6, 8, 9-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2, 8-10, 11, 15-ci maddələrinə, İPM-in 2, 8, 27, 33, 73-cü maddələrinə əsaslanaraq, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi (keçmiş Darvin küçəsi), 10A saylı evin 6 saylı mənzilinə iddiaçının mülkiyyət hüququnun tanınaraq onun qeydiyyata alınması və iddiaçının adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə ünvanlanmış 4 noyabr 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakıları bildirir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 23 iyul 2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlərin əsilləri ilə “ASAN Xidmət” Mərkəzlərinə müraciət ediləcəyi və İdarənin mütəxəssislərinə sözügedən əmlaka texniki baxış keçirilməsi üçün şərait yaradılacağı təqdirdə, müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya 12 avqust 2021-ci il tarixli məktub ünvanlanmışdır. Belə ki, “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimllaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqıdnda” Azəbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli 479 nömrəli Fərmanın 5-ci bəndində Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi qeyd olunmuşdur. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində 5.7.1 – 5.7.4-cü bəndlərinə əsasən mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməlidir. İddiaçı mənzil üzərində hüquqların ilkin qeydiyyatı yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməli olduğundan, “ASAN xidmət” mərkəzlərinə deyil, İdarəyə müraciət etmişdir. Bu səbəbdən də, İdarə tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya aidiyyəti üzrə müraciət etməli olması izah edilmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 17 yanvar 2019-cu il tarixli 479 nömrəli Fərmanının 5-ci hissəsi ilə qərara alınmışdır ki, Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri (“DOST” mərkəzlərində əmək pensiyalarının təyin edilməsi istisna olmaqla) yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilsin. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında» 706 nömrəli 5 sentyabr 2012-ci il tarixli Fərmanının 5-ci hissəsi ilə “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlərin həyata keçirilməsi təmin edilsin: (5.7) daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı: (5.7.1) mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, (5.7.2) daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, (5.7.3) fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, (5.7.4) torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli 479 nömrəli Fərmanı qəbul edildikdən sonra, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlərin yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi nəzərdə tutulur. Lakin nəzərə alınmalıdır ki, iddia ərizəsindən və iş materiallarından iddiaçının məhkəmədə hazırkı iddianı qaldırmamışdan əvvəl müvafiq ərazi üzrə “ASAN Xidmət” mərkəzinə müraciət etdiyi müəyyən olunmur. Ona görə də məhkəmə iş üzrə cavabdehin dəyişdirilməsini iddiaçıya tövsiyə etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi vətəndaşların mənzil üzərində hüquqlarının qeydiyyatı ilə bağlı müraciətlərini birbaşa qəbul etməklə onlara baxılmasında səlahiyyətli olmadığından, tərəflər arasında mübahisə mövcud sayılmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə və İPM-in 23, 35-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar