Məhkəmə qərarları › İş №2-1(112)-2372/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2372/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2372/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 08 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət etmiş, lakin cavabdeh iddiaçının ümumi və güzəştli iş stajının yetərli olmamasını əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi 06 iyul 2022-ci il tarixdən əvvəlki üç il üçün, yəni 06 iyul 2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ilin yanvarın 1-dək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq haqqını 25 il 9 ay 26 gün ümumi sosial sığorta stajı, 21 il 11 ay 16 gün isə xüsusi sosial sığorta stajı toplamaqla qazanmış və həmin tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyində pensiya kapitalı şərti olmamışdır. Odur ki, güzəştli şərtlərlə pensiya verilməsi üçün hər hansı kapital tələb edilə bilməz. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-də Liman əməliyyatları departamentinin Əməliyyata dəstək sahəsinin Dəmiryol qrupunda teplovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi sahə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən Dəmiryol Nəqliyyat sahəsinə aid deyil. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. (5 il 5 ay 3 gün) (xx.xx.1981xx.xx.1981 və xx.xx.1984-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər). Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur; B 814438 nömrəli diplomun surətindən və Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə 2 nömrəli Bakı Texniki Peşə Məktəbində “Teplovozun maşinist köməkçisi” ixtisası üzrə təhsil almışdır; "xxxx" QSC-nin arayışından görünür ki, İddiaçı "xxxx" QSC-nin Culfa lokomotiv deposunda xx.xx.1981 -ci il tarixindən xx.xx.1981-ci il tarixədək və xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixədək teplovoz maşinist köməkçisi peşəsində çalışmışdır. Bu peşə üzrə İddiaçı iş stajı 5 il 5 ay 4 gün təşkil edir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə nəzərdə tutulmuşdur (21.4-cü bənd). Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Aydın və Fəxrəddin Quliyev qardaşları adına” 4 saylı Evtikmə Kombinatına ... dair məlumat mövcud deyildir. 4 saylı Evtikmə Kombinatı 14 iyun 1996-cı il tarixində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 31 mart 2022-ci il tarixindən 13 iyun 2022-ci il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 03 aprel 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X1 Birliyinin “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatının bazasında yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq qaydada ləğv edilərək xx.xx.2022-ci il tarixində kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun xx.xx.2006-cı il tarixədək ümumi və xüsusi iş stajının yetərli olmaması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.

“Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: XXVİİİ. Nəqliyyat. - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsi – (23001000—14241) - teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri XXVİİİ. Nəqliyyat. - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsi – (23001000—16878) - teplovozlarda maşinist köməkçiləri

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Məhkəmə ilk növbədə cavabdehin qəbul etmədiyi, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1996-cı il tarixindən (cavabdeh tərəfindən xx.xx.1989-xx.xx.1996 dövrü qəbul edilmişdir) xx.xx.2005-ci il tarixədək işlədiyi “Bakıbaştikinti” X4 ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçının əmək kitabçasında qeyd olunan “Bakıbaştikinti” X2 arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Nəzərə alınmalıdır ki, arxiv sənədlərinin saxlanılmaması iddiaçının təqsiri ilə əlaqədar olan hal hesab edilə bilməz. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. İddiaçının əmək kitabçasının surətindən görünür ki, “Bakıbaştikinti” X4 xx.xx.1996-cı il tarixdən etibarən X1 Birliyinin “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatı adlandırılmışdır. Məhkəmə araşdırması zamanı X1 Birliyinin “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatının mövcud olması öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 03 aprel 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X1 Birliyinin “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatının bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Digər tərəfdən, iddiaçının “Bakıbaştikinti” X3 (sonradan X1 Birliyinin “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatı adlandırılmış) işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Bundan əlavə iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci ilə tarixədək işlədiyi teplovoz maşinisti vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə uyğunluq təşkil etməsi ilə bağlı aşağıdakılar qeyd edilməlidir. Dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında teplovoz maşinisti və maşinist köməkçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərin və maşinist köməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır İddiaçının çalışdığı müəssisənin funksional baxımdan və istehsalat təyinatına görə nəqliyyat sahəsinə aid olmaması, həmin müəssisənin istehsalat zərurəti ilə əlaqədar malik olduğu və istifadə etdiyi dəmiryolu şəbəkəsinin ölkənin dəmiryolları sisteminə, eləcə həmin şəbəkədə təyinatı üzrə istismar edilən və yükdaşımaları həyata keçirən teplovozların dəmiryol nəqliyyatı vasitələrinə aid olmasını istisna etmir və edə də bilməz. Həmin müəssisənin dəmiryolu şəbəkəsi fəaliyyət sahəsi olaraq müəssisənin əsas və aparıcı fəaliyyət sahəsinin tərkib hissəsi kimi deyil, funksional baxımdan həmin fəaliyyət sahəsinin və istehsal prosesinin təminatı üçün zəruri xammalın və istehsal prosesinin nəticəsi olan məhsulların daşınması üçün nəzərdə tutulmuş ümumi dəmiryolları sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Qeyd olunanlara əsasən, iddiaçının “Bakıbaştikinti” X3 (sonradan X1 Birliyinin “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatı adlandırılmış) işlədiyi teplovoz maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın dəmiryol nəqliyyatı bölməsində (eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sıyahısı”nda (21-ci Bölmə.Nəqliyyat. 21.4-cü bənd. Dəmiryol Nəqliyyatı. Dəmiryol Lokomotiv briqadalarının fəhləsi və ayrı-ayrı kateqoriyalı işçilər. Altıncı abzas teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) nəzərdə tutulmuş müvafiq peşələrə uyğun sayılmalıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, hərbi xidmət keçdiyi və təhsil aldığı dövrlər daxil olmaqla xx.xx.2006-cı ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Belə olan halda, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdeh inzibati orqanın fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı imtina dəlili əsaslı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2022-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2022-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar