Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2373/2020 25.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasından kənar qaydada baxaraq, Müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin onun barəsində olan 12 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsinin iddaya qarşı yazılı etirazında bildirilmişdir ki, iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, İddiaçı ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Lakin şəxs barəsində müvafiq icra hakimiyyəti orqanın müsbət rəyi olmadığı üçün onun müraciəti təmin edilməmişdir. Sonda iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirməklə müvafiq qərar qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Ərizədə, həmçinin, göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona göndərilmiş məktubda bildirilmişdir ki, müvəqqəti yaşayış icazəsi uzadılmamışdır. Bu qərarla bağlı olaraq o, tələbəsi olduğu ADPU-dan xaric edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vəzifəli şəxsinin qəbulunda olmuş, bu hallar barədə ona məlumat vermiş, ona cavab olaraq isə bildirilmişdir ki, təhsilini viza əsasında davam etdirə bilər və bu barədə universitetə məlumat versin. Universitetə müvafiq məlumatı verdikdən sonra oradan xaric edilmiş, buna dair isə heç bir səbəb göstərilməmişdir. O, 5 ildir ki, Azərbaycanda təhsil alır. Onun tərəfindən hər hansı cinayət törədilməmişdir və bu hal DİN tərəfindən verilmiş məhkumluq haqqında arayışla da təsdiq edilir. Sonda mövcud problemin həll edilməsi ilə əlaqədar ona köməklik göstərilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 da məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə onun iştirakı olmadan və şifahi məhkəmə baxışı (şifahi dinləmələr keçirilmədən) müvafiq qərar qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin İV kurs tələbəsidir. 23 oktyabr 2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılması barədə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Bu barədə cavabdeh tərəfindən 12 noyabr 2019-cu il tarixli qərar qəbul edilmiş və Türkiyə Respublikası vətəndaşı U 14127659 nömrəli pasporta malik olan İddiaçı üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. İş üzrə 18 mart 2020-ci il tarixdə keçirilmiş hazırlıq icraatı üzrə məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun şəkildə izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddəti başa çatdığından və Azərbaycan Respublikası Dövlət Pedoqoji Universitetinin tələbəsi olduğundan, başqa təhsilini davam etdirməsi zərurəti ilə əlaqədar olaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması barədə 23 oktyabr 2019-cu il tarixli ərizə ilə müraciət etmiş, müraciəti təmin edilməmişdir. Bu barədə cavabdeh orqanın qəbul etdiyi qərar əvvəl tələbəsi olduğu ali təhsil müəssisəsinə göndərilmiş, nəticədə universitet rəhbərliyinin müvafiq əmri ilə universitetin tələbələri sırasında xaric edilmişdir. Hazırda sosial ehtiyacları olduğundan təhsilini davam etdirməsi zərurəti yaranmışdır. İddiaçı izahatının sonunda göstərdiyi halların nəzərə alınaraq, ona köməklik göstərilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmin məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X10 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12 noyabr 2019-cu il tarixli ******* saylı qərarının nəticə hissəsində göstərilən halları müdafiə, məhkəməyə təqdim etdiyi yazılı etirazda qeyd edilən halları isə təsdiq edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” 19 iyun 2020-ci il tarixli məlumatındaxüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən inzibati məhkəmələr üzrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilməsi tövsiyə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən tərəflərin iştirakı olmadan və şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən iş üzrə müvafiq qərar qəbul edilməsi mümkün hesab edilmişdir. İş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edirəm ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İşin faktiki hallarından göründüyü kimi, Türkiyə Respublikasının vətəndaşı 01 oktyabr 1993-cü il təvəllüdlü U14127659 nömrəli pasporta malik olan İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması barədə 23 oktyabr 2019-cu il tarixli 629897/m nömrəli ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Müraciətə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmış, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsə imtina verilməsi üçün əsas olan halın mövcud olduğu müəyyən edilmiş, nəticə etibarilə ******* saylı, xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş, Türkiyə Respublikası vətəndaşı İddiaçı 23 oktyabr 2019-cu il tarixli müraciəti təmin edilməmiş, onun üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Qərarın surəti maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Pedoqoji Universitetinə göndərilmiş, həmin qərara əsasən ADPU-nun rektorunun xx.xx.2019-cu il tarixli 2/184 nömrəli əmri ilə universitetin tələbələri sırasından xaric edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. 44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 44.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 44.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar dəyişdikdə və ya icazə vəsiqəsi itirildikdə, onlar bu barədə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidirlər. 44.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir: 45.1.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; 45.1.2. ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda; 45.1.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda; 45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda; 45.1.4. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda; 45.1.4-1. bu Məcəllənin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda; 45.1.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda; 45.1.6. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 45.1.6-1. Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 45.1.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda; 45.1.7-1. bu Məcəllənin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci və 64.0.17-ci maddələrində nəzərdə tutulan hallarda; 45.1.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda; 45.1.9. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil aldıqda; 45.1.10. dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda; 45.1.10-1. insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda; 45.1.10-2. cinayət təqibi orqanlarına yardım göstərdikdə; 45.1.11. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda. Həmin Məcəllənin 47-ci maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) qaydası göstərilmişdir. Belə ki, Məcəllənin 47.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. 47.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsini almaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər. 47.3. 18 yaşına çatmamış uşağın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır. 47.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər. 47.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır. 47.6. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında 10 iş günü ərzində rəy verir. 47.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 iş günü ərzində müvafiq rəy bildirilmədikdə, bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. 47.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması icazənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 47.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti bitənədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazənin müddəti uzadılmamışdırsa və ya belə uzadılma üçün ərizə qəbul edilməmişdirsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 47.10. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi, habelə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə əlaqədar müraciət etmiş, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması X8 Sistemi vasitəsi ilə həyata keçirilir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. 48.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. 48.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. 48.4. Bu Məcəllənin 48.3-cü maddəsində göstərilən şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə; 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. 50.2. Bu Məcəllənin 50.1.4-cü, 50.1.5-ci, 50.1.6-cı və 50.1.12-ci maddələri ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina halları insan alverindən zərər çəkmiş hesab olunan və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir. Həmin Məcəllənin 54.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı müraciət etmiş şəxslərin sənədlərini baxılması və rəy bildirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. 54.7. Müvafiq icra hakimiyyəti orqanı 1 ay müddətində daxil olmuş sənədlərlə bağlı yoxlama apardıqdan sonra sənədləri müvafiq icra hakimiyyəti orqanına qaytarır. Müvafiq icra hakimiyyəti orqanının 1 ay ərzində rəy bildirməməsi daimi yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2013-cü il tarixli 938 saylı Fərmanının (18 noyabr 2016-cı il tarixli 1120 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilmiş müvafiq dəyişiklik nəzərə alınmaqla) 5.11.-ci bəndinə əsasən həmin Məcəllənin 47.5-ci, 47.6-cı, 47.7-ci maddələrində, 54.6-cı maddəsində (ikinci halda), 54.7-ci maddəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər. X7ytarılma Direktivi (2008/115/EC) (https://eur-lex.europa.eu/legalcontent/EN/TXT/?uri=CELEX%3A32008L0115) geri qaytarılma barədə qərarların verilməsi ilə bağlı müəyyən təminatları nəzərdə tutaraq (6, 12 və 13-cü maddələr) məcburi çıxarılma ilə müqayisədə daha çox könüllü geri qaytarılmaların tətbiq edilməsinə şərait yaradır (7-ci maddə). Hərəkət etmək azadlığı Direktivi ictimai asayiş, dövlət təhlükəsizliyi və səhiyyə səbəblərindən ölkəyə gəlmək və burada yaşamaq məhdudiyyətləri kontekstində prosedur təminatlarını müəyyən edir. Bu cür qərarlar qəbul edildikdə məhkəmədən və, əgər münasibdirsə, inzibati prosedurlardan istifadə imkanları təmin olunmalıdır (27, 28 və 31-ci maddələr). Əlaqədar şəxslərə həmin qərarlar barədə yazılı bildirişlər təqdim olunmalıdır, həmçinin bu bildirişlərin məzmununu və fəsadlarını başa düşmək imkanı yaradılmalıdır. Həmin bildiriş şikayətin təqdim olunması ilə və müvafiq müddətlərlə bağlı prosedur aspektlərini özündə əks etdirməlidir (30-cü maddə). Hərəkət etmək azadlığı Direktivinə görə (2004/38/EC) daimi yaşayış icazəsi olanlara gəldikdə isə çıxarılma üçün əsaslar "dövlət təhlükəsiziliyi və ya ictimai asayişin qorunması zərurətindən irəli gələn ciddi əsaslar" səviyyəsində olmalıdır. Direktivin 27(2)-ci maddəsində bəyan edildiyi kimi, çıxarılma tədbirləri mütənasiblik prinsiplərinə uyğun olmalıdır, yalnız müvafiq şəxsin fərdi davranışı ilə əlaqədar olmalıdır və həmin şəxs mütləq "cəmiyyətin fundamental əsaslarından birinə təsir edən həqiqi, hazırkı və kifayət qədər ciddi təhlükəni" özündə daşımalıdır. Belə ki, ZZ-in Daxili İşlər Departamentinin Dövlət katibinə qarşı (ZZ v. Secretary of State for the Home Department) X11 Məhkəməsindəki C-300/11 saylı, 4 iyun 2013-cü il tarixli işində X11 Məhkəməsi yaşayış icazəsi almaq üçün edilən müraciətə rədd cavabının verilməsi barədə qərarın əsaslarının nədən irəli gəlməsi barədə əlaqədar şəxslərin dövlət orqanları tərəfindən məlumatlandırılmasını (əgər bu dövlət təhlükəsizliyi ilə əlaqədar maraqlara zidd deyilsə) nəzərdə tutan Hərəkət etmək azadlığı Direktivinin 30(2)- ci maddəsinin əhəmiyyətini nəzərdən keçirmişdir. Dövlət təhlükəsizliyindən irəli gələn əsaslara görə dövlət orqanları tərəfindən müəyyən informasiyanın açıqlanmasından çəkinib-çəkinməməsi məsələsini dəqiqləşdirərkən X11 Məhkəməsi qeyd etmişdir ki, dövlət təhlükəsizliyinin Fundamental Hüquqlar Xartiyasının 47-ci maddəsindən qaynaqlanan səmərəli məhkəmə müdafiəsi hüququna aid tələblərlə tarazlaşdırılması zərurəti mövcuddur. Məhkəmə belə bir qənaətə gəlmişdir ki, milli məhkəmələr dövlət orqanlarının rədd cavabının verilməsi ilə əlaqədar əsasları dəqiqliklə və tam şəkildə açıqlamamaq barədə seçimini nəzərdən keçirərkən ciddi zərurətdən irəli gələn səbəblərə görə bu əsasları məhdud şəkildə açıqlanmasını təmin etmək üçün müvafiq yurisdiksiyaya malik olmalıdırlar. İstənilən halda müvafiq faktların zəruri məxfiliyini tələb olunan qaydada nəzərə almaqla əlaqədar şəxs qəbul edilmiş qərarla bağlı əsasların mahiyyəti haqqında mütləq məlumatlandırılmalıdır. Ömər Nazlı, Çağlar Nazlı və X13 Nürnberg-ə qarşı (Ömer Nazli, Caglar Nazli and Melike Nazli v. Stadt Nürnberg) Avropa Ədalət Məhkəməsindəki C-340/97 [2000] ECR İ- 00957 saylı, 10 fevral 2000-ci il tarixli işində Avropa Ədalət Məhkəməsi müəyyən etmişdir ki, Türkiyə vətəndaşları digər əcnəbilərə tətbiq edilən ümumi qabaqlayıcı tədbirlər əsasında çıxarıla bilməz, lakin onların çıxarılması məsələsinə X12 vətəndaşlarının çıxarılması zamanı tətbiq edilən meyarlar əsasında baxıla bilər. Məhkəmə diqqəti üzv dövlətlərin vətəndaşları olan işçilərin hərəkət etmək azadlığı sahəsində təsbit edilən prinsiplərlə oxşarlıq məsələsinə cəlb etmişdir. Məhkəmə narkotik maddələrin istifadəsi nəticəsində ictimai asayiş üçün yaranan təhlükənin ciddiliyini kiçiltmədən yuxarıda qeyd olunan prinsipləri rəhbər tutaraq belə bir qənaətə gəlmişdir ki, X5 əsasında təmin edilmiş hüquqlardan yararlanan Türkiyə vətəndaşının məhkum edilməsindən sonra çıxarılması yalnız əlaqədar vətəndaşın şəxsi davranışı onun müvafiq üzv dövlətin dövlət maraqlarına qarşı digər ağır cinayətlərin törədəcəyini hesab etmək üçün əlavə tutarlı əsaslara yol açdıqda əsaslandırıla bilər. X1rşı (Murat Polat v. Stadt Rüsselsheim) Avropa Ədalət Məhkəməsindəki C-349/06 saylı, 4 oktyabr 2007-ci il tarixli işində Məhkəmə müəyyən etmişdir ki, ictimai asayiş, dövlət təhlükəsizliyi və ya əhalinin sağlamlığının mənafeyi naminə X6 14-cü maddəsinə əsasən Türkiyə vətəndaşlarına şamil olunmuş hüquqların məhdudlaşdırılmasına icazə verən tədbirlər yalnız əlaqədar şəxsin şəxsi davranışından irəli gəlməlidir. Üzv dövlətin ərazisində bir neçə dəfə məhkum olunma bu cür tədbirlərin o təqdirdə görülməsi üçün əsas hesab oluna bilər ki, əlaqədar şəxsin davranışı cəmiyyətin fundamental maraqları üçün həqiqi və kifayət qədər ciddi təhlükə törətmiş olsun və bununla əlaqədar müvafiq hallar isə milli məhkəmə tərəfindən müəyyən edilsin. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşı 01 oktyabr 1993-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması barədə 23 oktyabr 2019-cu il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, cavabdeh orqan tərəfindən onun müraciətinə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş tələblərə və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılmış, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsə imtina verilməsi üçün əsas olan halın mövcud olduğu, yəni Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 47.5.-ci maddəsinə müvafiq olaraq şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti müsbət rəyinin olmadıgı müəyyən edilmiş (iş materiallarına əlavə olunub), nəticə etibarilə ******* saylı, xx.xx.2019cu il tarixli qərar qəbul edilməklə iddiaçının 23 oktyabr 2019-cu il tarixli müraciəti təmin edilməmiş, onun üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. İddiaçı iddia tələbinin təmin edilməsi əsası kimi göstərdiyi Azərbaycan Respublikasının ərazisində ali təhsilini davam etdirməsi arqumenti də ona gərə əsassız hesab edilir ki, iddiaçının tələbəsi olduğu ADPU-nun rektorunun xx.xx.2019-cu il tarixli 2/184 nömrəli əmri ilə universitetin tələbələri sırasından xaric edilməsi iş materialları ilə öz təsdiqini tapır. Beləliklə də, Dövlət Miqrasiya Xidmətinin 12 noyabr 2019-cu il tarixli, ******* saylı qərarı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş tələblərə və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə uyğun olaraq və əsaslandırılmaqla qəbul edilmiş, iddiaçı həmin qərarın qanunsuz olduğunu iddia etsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi barədə” iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və İnzibati-Prosessual Məcəlləsinin 75 və 85-ci maddələrini rəhbər tuturaq Qərara aldım: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2373/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2373/2020
25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver