Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2374/2020 20.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X1, cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin nümayəndəsi, eyni zamanda vəkili X3 iştirakları ilə, iddiaçı -İddiaçı cavabdehlər -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə 3-cü şəxs -İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov qarşı “ümumvətəndaş pasportunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı (3-cü şəxs İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov) “Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyul 2015-ci il tarixli qərarının icrası tələbindən irəli gələrək cavabdehlərin üzərinə iddiaçıya ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin qoyulması; iddia tələblərinin təmin ediləcəyi halda, iddiaçının hazırkı işin qaldırılması və ona baxılması ilə əlaqədar çəkdiyi (dövlət rüsumu, vəkil xidməti iə bağlı ödəniləcək qonorar və s.) və gələcəkdə çəkəcəyi məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuş və iş üzrə növbəti mümkünlük iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək müvafiq məktub göndərilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili X2 iddia ərizəsində göstərilənləri müdafiə etmiş, həmçinin öz izahatında bildirmişdir ki, hazırkı iddia inzibati məhkəmədə baxılmalıdır. Ümümvətəndaş pasportunun verilməsi iddiası inzibati məhkəmələrdə baxılmalıdır. Yeganə səlahiyyətli məhkəmə Bakı İnzibati Məhkəməsidir. İddiaçı yenidən pasportun verilməsi bağlı müraciət etmişdir. DİN ümümvətəndaş pasportunun verməməkdə davam edir. Göstərilənlərə əsasən iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi, eyni zamanda vəkili X4 öz izahatında bildirmişdir ki, hazırkı iddia ərizəsində göstərilən iddia tələbinə inzibati məhkəmədə baxİla bilməz. Hazırkı iddia inzibati aktın qəbul edilməsi və ya qəbul edilməməsindən imtina olunması ilə bağlı deyil. Odur ki, hazırkı iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsinin üzərinə ümumvətəndaş pasportu vermək vəzifələrinin qoyulması tələbi ilə 05 sentyabr 2006-cı ildə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsi 02 noyabr 2006-cı il tarixdə iddianın təmin edilməməsinə dair qətnamə qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 14 mart 2007-ci il tarixli qətnaməsi ilə İddiaçı Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2006-cı il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin 14 mart 2007ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2008-ci il tarixli qərarı ilə məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilmişdir. İş materiallarından görünür ki, İddiaçı 16 yanvar 2009-cu ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət vermişdir. İş materiallarından görünür ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 16 iyul 2015-ci il tarixli qərarı ilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4 nömrəli Protokolunun 2-ci maddəsinin 2-ci hissəsinin pozulduğunu müəyyən etmişdir. İddia ərizəsindən göründüyü kimi hazırkı iş üzrə iddia tələbi iki hissədən ibarətdir: - İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 16 iyul 2015-ci il tarixli qərarının icrası tələbindən irəli gələrək cavabdehlərin üzərinə iddiaçıya ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin qoyulması; - iddia tələbinin təmin ediləcəyi halda, iddiaçının hazırkı işin qaldırılması və ona baxılması ilə əlaqədar çəkdiyi (dövlət rüsumu, vəkil xidməti iə bağlı ödəniləcək qonorar və s.) və gələcəkdə çəkəcəyi məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması. Məhkəmə iddia tələbinin “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 16 iyul 2015ci il tarixli qərarının icrası tələbindən irəli gələrək cavabdehlərin üzərinə iddiaçıya ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin qoyulması” hissəsi ilə bağlı aşağıdakı xüsusatları diqqətə çəkir. İş materiallarından müəyyən edilmişdir ki, İddiaçı hazırkı iddia tələbi ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 16 iyul 2015-ci il tarixli qərarının icrası tələbindən irəli gələrək cavabdehlərin üzərinə iddiaçıya ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin qoyulması ilə bağlıdır. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İddia tələbinin birinci hissəsindən müəyyən olunur ki, hazırkı iddianın mahiyyəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 16 iyul 2015-ci il tarixli qərarının icrası ilə bağlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası mövcud qanunvericiliyə əsasən inzibati məhkəmələrin səlahiyyətlərinə aid olmadığından, hazırkı iddia tələbinə inzibati mübahisə kimi birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılması mümkün deyildir. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbinin birinci hissəsinə hazırkı məhkəmə tərəfindən baxılması mümkün olmadığından, iddia tələbinin “iddiaçının hazırkı işin qaldırılması və ona baxılması ilə əlaqədar çəkdiyi (dövlət rüsumu, vəkil xidməti iə bağlı ödəniləcək qonorar və s.) və gələcəkdə çəkəcəyi məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması” tələbi də iddia tələbinin birinci hissəsindən asılı olduğundan, iddia tələbinin ikinci hissəsi də mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını...qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını...yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35, 38.2, 39, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2374/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2374/2020
20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver