Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2374/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki,o, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilə kimi N saylı hərbi hissənin tərkibində Füzuli və Ağdam rayonunda gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır. Həmin müddətin əmək stajında necə hesablanması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məktubla müraciət etmişdir. Aldığı cavab məktubu, əmək kitabçasını və digər lazımi sənədlərlə birlikdə güzəştli pensiya almaq üçün Filiala təqdim etmişdir. 1 ay araşdırıldıqdan sonra ona verilən cavab məktubunda əmək stajı düzgün hesablanmamışdır. Nəticədə hüquqları pozulmuşdur. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Filiala müraciət etmişdir. X2 baxılaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. İddiaçı iddia ərizəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Füzuli və Ağdam rayonunda gedən döyüşlərdə iştirak etdiyini qeyd edir. Lakin, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək döyüşən ordunun tərkibində vuruşmadığından qeyd edilən illər sığora stajına daxil edilməmişdir. İddiaçı 1 yanvar 2006-cı ilədək ümumi iş stajı 25 ildən az (21 il 10 ay 12 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövlər xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində döyüşən ordunun tərkibində olduğu üçün iki qat ölçüdə)) təşkil edir. Hətta xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədə olan dövr daxil edilsə də, iddiaçının 25 il sığorta stajı tamamlanmamışdır.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür.
9. İddiaçının adına açılmış ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən əmək faəliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1981-xx.xx.1981, xx.xx.1981-xx.xx.1983, xx.xx.1985-xx.xx.1986 (təhsil aldığı illər), xx.xx.1986-hal-hazıradək.
10. İddiaçının Azərbaycan SSR X5 Təhsili Komitəsində 01 sentyabr 1985 - 1 mart 1986-cı il tarixlərində təhsil alması ilə bağlı 779434 nömrəli diplom iş materiallarına əlavə edilmişdir.
11. НЗ seriyalı ******* nömrəli hərbi biletə əsasən iddiaçının hərbi xidməti aşağıdakı kimi olmuşdur: xx.xx.1983-xx.xx.1985; xx.xx.1994-xx.xx.1995 (N nömrəli hərbi hissədə). Hərbi biletin 7-ci səhifəsinin 18-ci bəndində iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Füzuli və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə qeydlər mövcudur.
12. Bakı şəhəri Səbail rayon Hərbi Komissarlığı tərəfindən iddiaçıya xx.xx.1998ci il tarixdə 020403 nömrəli Müharibə vetaranı vəsiqəsi verilmişdir.
13. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin Sosial Təminat və Pensiya Şöbəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-25-8/2-5xx-xx/2023 nömrəli məktuba əsasən bildirilmişdir ki, “Zabitt heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəisi və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli 13 sentyabr 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəalarına, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərinə, ərizəsində qeyd etdiyi, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrdə döyüş əməliyyatlarında iştirak etmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmət müddətinin bir ayı üç ay kimi sayılır.
14. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 08 avqust 2023-cü il tarixli 3-17/1/2-K-177634/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktuba əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasını 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdidq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər (xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində döyüş ordunun tərkibində olduğu üçün iki qat ölçüdə) təşkil edir. Qeyd olunanlara əasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
15. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 11 oktyabr 2023-cü il tarixli 3-17-1/2-236491/2023 nömrəli məktubla inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
16. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-43-80/2-1076/2023 nömrəli məktubla İddiaçı aid “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə adlı siyahısının təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Adlı siyahıya baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçını adı 4-cü sırada olmaqla, onun xx.xx.1994-cü il tarixdən xx.xx.1995ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı qeydlər mövcuddur.
17. Məhkəmənin sorğusuna əsasən SOCAR “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş SƏ14-40A nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən “Bibiheybət” NQÇİ-nin Quyuların yeraltı və əsaslı təmiri sexində xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək “Bibiheybət” NQÇİ-nin Quyuların əsaslı təmiri sexində 5-ci dərəcəli qazmaçı peşəsində (0 il 8 ay 8 gün) işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “Bibiheybət” NQÇİ-nin Quyuların əsaslı təmiri sexində 6-cı dərəcəli qazmaçı peşəsində (1 il 6 ay 20 gün) işləmişdir. xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək “Bibiheybət” NQÇİ-nin Quyuların əsaslı təmiri sexində quyuların əsaslı təmiri üzrə 12-ci dərəcəli usta vəzifəsində (10 il 8 ay 2 gün) işləyib. Cəmi 12 il 11 ay. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı qüvvəyə mindiyi tarixdən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı qüvvədən düşmüşdür. Bununla əlaqədar olaraq həmin Qərar tətbiq edilmədiyi üçün “Bibiheybət” NQÇİ-də saxlanılmır. Yuxarıda qeyd edilən peşə və vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının “10.2” hissəsinin “a” bəndində öz əksini tapmışdır.
İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
22. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsinə istinad etməklə imtina edilmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının ümumi iş stajı 21 il 10 ay 12 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ((xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində döyüşən ordunun tərkibndə olduğu üçün iki qat ölçüdə)) təşkil edir.
25. Halbuki iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus hərbi biletdəki müvafiq qeydlərdən, “Müharibə veteranı” vəsiqəsindən, Azərbaycan Respublikası Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon Şöbəsi tərəfindən verilmiş “Müharibə veteranı” vəsiqəsinin verilməsinə əsas olmuş adlı siyahıdakı məlumatlardan müəyyən edilmişdir ki, həqiqətən iddiaçı xx.xx.1994xx.xx.1995-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin Sosial Təminat və Pensiya Şöbəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli 3-25-8/2-5xx-xx/2023 nömrəli məktuba əsasən “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəisi və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli 13 sentyabr 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəalarına (a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri), habelə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərinə, ərizəsində qeyd etdiyi, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrdə döyüş əməliyyatlarında iştirak etmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmət müddətinin bir ayı üç ay kimi sayılır.
26. Həmçinin iş materiallarına nəzər yetirdikdə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının təhsil müddəti (1 sentyabr 1985 – 1 mart 1986), eləcə də, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1981-xx.xx.1981-ci illər və xx.xx.1981-xx.xx.1983cü illər nəzərə alınmamış, ümumiyyətlə həmin illərə cavabdeh tərəfindən qiymət verilməmişdir.
27. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, əmək faəliyyətini xx.xx.2006-cı il tarixdən hal-hazırki dövrədək də, davam etdirmişdir. Hətta iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı olmasa idi belə, onun 01 iyul 2017-ci il tarixədək 25 ildən çox ümumi iş stajı mövcud olmuşdur.
28. Bundan əlavə iddiaçının güzəştli iş stajının olub-olmaması cavabdeh tərəfindən mübahisələndirilməsə belə, ümumiyyətlə araşdırılmasa belə, inzibati məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçının işlədiyi aidiyyəti quruma müvafiq sorğu göndərilmiş və məhkəmə sorğusuna cavab olaraq daxil olmuş güzəştli arayışa əsasən müəyyən edilmişdir ki, İddiaçı həqiqətən “Bibiheybət” NQÇİ-nin Quyuların yeraltı və əsaslı təmiri sexində xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək “Bibiheybət” NQÇİ-nin Quyuların əsaslı təmiri sexində 5-ci dərəcəli qazmaçı peşəsində (0 il 8 ay 8 gün) işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “Bibiheybət” NQÇİ-nin Quyuların əsaslı təmiri sexində 6-cı dərəcəli qazmaçı peşəsində (1 il 6 ay 20 gün) işləmişdir. xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək “Bibiheybət” NQÇİ-nin Quyuların əsaslı təmiri sexində quyuların əsaslı təmiri üzrə 12-ci dərəcəli usta vəzifəsində (10 il 8 ay 2 gün) işləyib. Cəmi 12 il 11 ay. Həmin peşə və vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının “10.2” hissəsinin “a” bəndində öz əksini tapmışdır.
29. Göründüyü kimi, iddiaçının ağır zərərli iş şəraitində, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsi onun işlədiyi müəssisə tərəfindən verilmiş arayışla təsdiq olunur.
30. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbayca Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi SOCAR “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir.
31. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
32. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
33. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur.
34. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
35. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır.
36. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. 37.Məhkəmə həmçinin, xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hətta iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı olmasa idi belə, onun xx.xx.2017-ci il tarixədək ümumi və xüsusi iş stajı (25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı) toplanmış olduğundan onun yenə 57 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olacaqdır.
38. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajını da, işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Göstərilən mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-766/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarında da, öz əksini tapmışdır.
39. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
40. Məhkəmə eləcə də, iddiaçının əvvəlki dövr üzrə ödənilməyən pul məbləğinin ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə də, əsaslı hesab edilməklə təmin edilməlidir.
41. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
42. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
43. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
44. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
45. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
47. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
51. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva