Məhkəmə qərarları › İş №2-1(112)-2375/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2375/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2375/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı sənədlərin verilməsi tələbinə dair inzibati iş materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Goradil qəsəbəsində verilmiş 0,12 ha bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1986-1998-ci illərdə Rabitə Nazirliyinin tərkibində işləmişdir. İşlədiyi dövrdə ona Goradil qəsəbəsində 0,12 ha bağ sahəsi verilmişdir (order № 142, 21.03.1993, Binəqədi RİK qərarı № 478, 24.06.1993 ərizəyə əlavə olunur). Hal-hazırda həmin bağ sahəsi hasara alınmış vəziyyətdədir. O, xəstəliyi ilə əlaqədar olaraq ilkin sənədləri (bağçılıq kitabçası, protokoldan çıxarış, eskiz layihəsi) toplaya bilməmişdir. Sonrada o, bağ sahəsi ilə əlaqədar olan sənədləşmə işlərini etibarnamə üzrə nümayəndəsi Murad Məmmədova həvalə etmişdir. 2018-ci ildən etibarən cavabdehə 8 dəfə şifahi, 3 dəfə isə rəsmi şəkildə müraciət edilsə də heç bir cavab verilməmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirilərək sənədlərin verilməsindən imtina olunur. Ümid verirlər ki, get iki ayda sonra gəl və yaxud özləri zəng edəcəklər. Sonuncu dəfə isə nazirlikdə olan zaman məsul şəxs bildirmişdir ki, bağ sahəsinə dair sənədlər onlardadır. Vaxtı çatanda həmin sənədlər veriləcək. 16.03.2020-ci il tarixdə poçt vasitəsilə (SS640808636AZ) cənab Ramin Quluzadəyə ərizə göndərilərək bağ sahəsini özəllşdirmək üçün lazım olan sənədlərin verilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. Lakin bu dəfə də müraciətə heç bir cavab verilməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli, 2186 №-li sərəncamının icrası ilə əlaqədar “Rabitəçi” BTK-nın nizamnaməsi, bölgü sxemi, ümumi siyahı “Rabitəçi” BTK-nın arxiv qovluğuna əlavə edilməsi və gələcəkdə kooperativin üzvlərinin bağ-torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədləşmənin aparılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim edilmişdir. Ona görə də onlarda iddiaçıya bağ sahəsinin ayrılması haqqında sənədlər mövcud deyildir. Onlarda aşkar edilmiş bağ tikinti kooperativi üzvlərinin 15 iyul 1993-cü il tarixli iclasının protokolundan çıxarış isə iddiaçının nümayəndəsinə tərəflərindən məhkəmə mübahisəsindən öncə təqdim edilmişdir. Onlar tərəfindən iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən İddiaçı verilmiş 21.08.1993-cü il tarixli, 142 №-li orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Binəqədi rayonu, Goradil qəsəbəsində sahəsi 0,12 ha olan 142 №-li torpaq sahəsi verilmişdir. - Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “Gorədil qəsəbəsindəki radiostansiyanın ləğv edilməsi ilə əlaqədar olaraq boşalan torpaq sahəsinin Rabitə Nazirliyinin işçilərinə bağ yeri verilməsi haqqında” 24.06.1993-cü il tarixli, 478 №-li Qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Rabitə Nazirliyinin rəhbərliyi Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinə 6.04.93-cü il tarixli, R-İ/10 №-li məktubla müraciət edərək bildirmişdir ki, Nazirliyin Görədil qəsəbəsində yerləşən radiostansiyası keçmiş SSR-nin bir sıra şəhəri ilə telefon-teleqraf əlaqəsi yaradırdı. Rabitə avadanlığının təkmilləşməsi nəticəsində bu radiostansiyadan istifadəyə ehtiyac qalmadığına görə Rabitə Nazirliyinin 01.04.1993-cü il tarixli, 40 №-li əmrinə əsasən radiostansiya tam ləğv edilmişdir. Radiostansiyanın ləğv edilməsi ilə əlaqədar 120 min kv.m. torpaq sahəsi boşaldılmışdır (və ya 100 nəfərlik 1200 kv.m. hesabı ilə bağ sahəsi). İcra Hakimiyyətinin rabitəçilərin sosial şəraitinin yaxşılaşması və bağçılıq təsərrüfatının inkişaf edilməsi ilə əlaqədar olaraq boşaldılan radiostansiyanın ərazisinin rabitə işçilərinə bağ sahəsi təşkil edilməsi uçün icazə verilməsinə, ayrılan 100 bağ sahəsindən Rabitə Nazirliyinin razılığı ilə (məktub № R- İ/10, 6.04.93) 15 bağ sahəsinin İcra Hakimiyyətinin sərəncamında saxlanılmasına, Rabitə Nazirliyinin bağ veriləcək şəxslərin siyahısının və yerin bölüşdürülməsi planının Binəqədi rayon İcra Hakimiyyətinə təqdim etməsinə, bağ sahəsində sosial şəraitin və arxitektura tələblərinə riayət edilməsinin Nazirliyə həvalə edilməsinə sərəncam verilmişdir. - “Rabitəçi” Bağlar Tikinti Koopertivinin sədri tərəfindən təsdiq edilmiş bağ tikinti kooperativi üzvlərinin 15 iyul 1993-cü il tarixli iclasının 2 №-li protokolundan çıxarışın surətindən görünür ki, Binəqədi rayon icra hakimiyyətinin 24.06.93-cü il tarixli, 478 №-li qərarına əsasən kooperativə bağ yeri paylamaq üçün torpaq sahəsi ayrılıb və rabitəçilərdən də ərizələr daxil olub. Səsvermə yolu ilə siyahıya daxil edilmiş bütün işçilər koopertivə üzv qəbul edilmişlər. Qeyd: “Rabitəçi” BTK-də adların bağ sahəsi olan kooperativ üzvlərinin 25.05.2007-ci il tarixdə təsdiq olunmuş və Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilmiş siyahısında vətəndaş İddiaçıı qızının (142 nömrəli bağ sahəsi – 0,12 ha) adı daxil edilmiş, eyni zamanda bağ sahələrinin tərtib edilmiş xəritəsində 142 nömrəli bağ sahəsinin yeri göstərilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 17.06.2021-ci il tarixli, 1-3-17/4148- 21 №-li məktuba əlavə edilmiş Nazirlik tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış MM-OŞ-6/1111 №-li, 27.05.2010-cu il tarixli məktubun surətindən görünür ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 25 aprel 1989-cu il tarixli, 3/112 saylı qərarı ilə Binəqədi (keçmiş Kirov) rayonu, Göradil bağ massivində, radiostansiyanın ərazisində “Rabitəçi” Bağlar Tikinti Kooperativinin üzvləri üçün torpaq sahəsi ayrılmışdır. Həmin bağ sahəsi “Rabitəçi” BTK-nın nizamnamsinə uyğun olaraq üzvlər arasında bölüşdürülmüşdür. Göstərilənləri nəzərə alaraq, “Rabitəçi” BTK-nın nizamnaməsini, bölgü sxemini, ümumi siyahını “Rabitəçi” BTK-nin arxiv qovluğuna əlavə edilməsi və gələcəkdə kooperativin üzvlərinin bağ-torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədləşmənin aparılması zamanı istinad edilməsi xahiş edilir. Qoşma: “Rabitəçi” Bağlar Tikinti Kooperativinin Nizamnaməsi, bölgü sxemi, ümumi siyahı, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 25 aprel 1989-cu il tarixli, 3/112 saylı qərarı, digər müvafiq sənədlərin surəti. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı “Rabitəçi” Bağlar Tikinti Kooperativinin üzvü olmuş və ona 21.08.1993-cü il tarixli, 142 №-li orderlə Binəqədi rayonu, Goradil qəsəbəsində sahəsi 0,12 ha olan 142 №-li torpaq sahəsi verilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona Goradil qəsəbəsində verilmiş 0,12 ha bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlərin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə “Rabitəçi” Bağlar Tikinti Kooperativinə aid sənədlər 27.05.2010-cu il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmişdir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli, 2186 №-li sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi sənədlər cavabdeh inzibati orqan tərəfindən aidiyyatı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edildiyindən, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorununan maraqlarının pozulması hallarına yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar