Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2375/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusu ilə bağlı arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhidlik statusunun verilməsi üçün müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 il hərbi xidməti olmuş mərhum oğlu polkovnik – leytenant Anar Kərimov xx.xx.2020-ci il tarixində ölmüşdür. Mərhum Silahlı Qüvvələrin Baş Klinik Hospitalına birbaşa xidmət etdiyi hərbi hissədən yerləşdirilmişdir. O, uzun müddət gərgin və stresli iş rejminə görə aldığı mənəvi-psixoloji travma nəticəsində düçar olduğu xəstəlik qısa zaman kəsiyində heç bir ay keçməmiş özünü daha tez biruzə verərək onun ölümünə səbəb olmuşdur. Bununla bağlı “Şəhid” statusu və müvafiq şəhid arayışının verilməsi ilə üçün cavabdeh inzibati orqana ərizə ilə müracət etsə də cavabdeh orqan bundan imtina etmişdir. O, həmin imtinanı qeyri qanuni hesab edir və hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qəbul edilmiş qərarın ləğv edilməli və “Şəhid” adının və ya “Şəhid” statusu baradə arayışın verilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanununa” əsasən mərhum Anar Kərimov Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuşdur. Onun xidməti məhz Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xidmətdən ibarət idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş iddiaya dair yazılı mülahizəsində (etirazında) göstərilmişdir ki, mərhum polkovnik-leytenant X8 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.2002xx.xx.2020-ci illərdə həqiqi hərbi xidmət etmiş, 10 mart 2020-ci il tarixində Bakı şəhəri, Silahlı Qüvvələrin Baş Kilniki Hospitalında “qaraciyər sirrozu” xəstəliyindən vəfat etdiyi üçün Azərbaycan Respublikası müdafiə nazirinin 13 aprel 2020-ci il tarixli, 0257 nömrəli əmri ilə 10 mart 2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının siyahısından çıxardılmış hesab edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli qanununun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 076453 №-li, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2020-ci ildə ölmüşdür. Ölümün səbəbi kimi “Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu” göstərilmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 03 ayının 14 günündə 448 № ilə qeyd edilmişdir. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin 39 №-li, xx.xx.2020-ci il tarixli əmrindən çıxarışın surətində qeyd olunmuşdur ki, Tibb xidməti polkovnik-leytenantı X8, Füzuli regional MTE bölməsinin rəisi, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olarkən xx.xx.2020-ci il tarixdə “qaraciyər sirrozu” nəticəsində vəfat etdiyi üçün bütün növ təminatlardan çıxarılması, Tibb xidməti polkovnikleytenantı X6 2020-ci ilin yanvar-mart aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatın tam həcmdə ödənilməsi əmr edilmişdir. Əmrdə göstərilmişdir ki, 2020-ci ilin növbəti məzuniyyətdən 6 (altı) gün istifadə etmişdir. 2020-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. 2020-ci il üçün nəzərdə tutulmuş növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı ödənilib. Tibb xidməti polkovnik-leytenantı X6 hesablanmış axırıncı-haqq-hesab, onun varisinə ödənilsin. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. xx.xx.2020-ci il tarixli 383 №-li “Şəxsi heyətin qaytarılmaz itkilərin” adlı siyahısnın (18/Qİ №-li forma) surətindən müəyyən olunur ki, T/X polkovnik leytenantı Füzuli regional Məhkəmə X3 rəisi X8 10 mart 2020-ci il tarixdə saat 21:25 radələrində Bakı şəhəri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “qaraciyər serrozu” nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0257 №-li, xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan (surəti) müəyyən olunur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə müvafiq olaraq, Müdafiə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzinin Füzuli regional məhkəmə-X3 rəisi tibb xidməti polkovnik-leytenantı X8 vəfat etdiyi üçün 10 mart 2020-ci il tarixdən Azərbaycan Respublikası Ordusunun Zabit Heyətinin siyahısından çıxarılmış hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilmiş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Füzuli Regional Məhkəmə X3 rəisi Tibb xidməti polkovnik-leytenantı X5 vəfat etməsi haqqında məlumatdan müəyyən olunur ki, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, xx.xx.2020-ci il tarixdə saat 21:25 radələrində Bakı şəhəri Silahlı Qüvvələrin Baş Klinik Kospitalında “qaraciyər sirrozu” nəticəsində vəfat etmişdir. Ölüm haqqında ******* №-li şəhadətnamə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. xx.xx.2020-ci il tarixdə Şamaxı rayonu Nüyü kənd qəbiristanlığında dəfn olunmuşdur. Himayəsində olanlar: Arvadı-Kərimova (Rəsulova) Elnarə Bəgəhməd qızı, 1981-ci il; oğlu Fərid- 2002-ci il təvəllüdlü; qızı Nigar-2005-ci il təvəllüdlü; oğlu Akif-2017-ci il təvəllüdlü, Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, ev 2, mənzil 26. İddiaçı hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 5-25-14/2-K11833-1/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq edilmiş “Şəhid” adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mərhum övladı tibb xidməti polkovnik-leytenantı X5 döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqları bilavasitə icra etmədiyi zaman həlak olduğu üçün mövcud qanunvericiliyə görə şəhid hesab edilmir. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinə həvalə edilmiş və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 076453 №-li, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci ildə ölmüş, ölümün səbəbi kimi “Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu” göstərilmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 03-cü ayının 14-cü günündə 448 № ilə qeyd edilmiş X5 xəstəlik tarixçəsindəki məlumatlar nəzərə alınmaqla ölüm səbəbinin hərbi xidmətlə bağlı əlaqəli olması müəyyən edilirmi? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, mərhum X5 meyitinin məhkəmə-tibbi ekspertizası aparılmadığından ölümün səbəbi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Lakin təqdim olunmuş xx.xx.2020-ci il tarixli “Ölüm haqqında” şəhadətnamədə ölümə səbəb kimi göstərilən “digər və dəqiqdirilməmiş qaraciyər sirrozu” sərbəst xəstəlik olmaqla onun toxumasının diffuz şəkildə sklerozlaşması və funksuyasının pozulması ilə nəticələnən ağır gedişli, geridönməz, xroniki proses aiddir. Bu xəstəliyin yaranmasında əsas rolu alkohol, dərman maddələri, qida zəhərləri və virus infeksiyası oynağını nəzərə alaraq onun yaranmasını hərbi xidmətlə bağlamaq düzgün olmazdı. Tətbiq edilən hüquq. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu. Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. .... “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmişdir)
1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən, Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2-ci bəndində isə şəhid hesab edilən şəxslərin dairəsi təsbit edilmişdir. Normaların məzmunundan göründüyü kimi, qanunvericilik şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq, göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmə nəzərə alır ki, iddiaçının mərhum oğlu bilavasitə xidməti vəzifələrinin icrası zamanı həlak olmuşdur. Lakin onun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Nəriman Abıyev