Məhkəmə qərarları › İş №2-1(112)-2376/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2376/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2376/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1, 3-cü şəxs nümayəndəsi X3 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 3-cü şəxs qismində işə cəlb edilməklə “pensiyanın təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,pensiya təyini üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh və 3-cü şəxsə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun ümumi əmək stajı (peşə məktəbi, zavod hərbi xidmət, X9) ilə birlikdə 23 il, 2 ay, 14 gündür. 1982-ci ildə 56 saylı peşə məktəbini qurtarıb, gənc mütəxəssis kimi Leytenant Şmidt adına zavoda işə göndərilmiş, xx.xx.1982ci ildən xx.xx.1984-cü ilə qədər Novosibirsk vilayətində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1985-ci ildən əvvəlki iş yerinə zavoda qayıdıb, 1992-ci ilin 16 iyuldan çilingər, krançı və sair vəzifələrdə işləmişdir. Zavoddan köçürmə yolu ilə Azərbaycan Respublikası X5 xidmət etməyə göndərilmişdir. Axırıncı iş yeri Nəsimi Rayon Polis İdarəsi olub. X4 ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə işdən azad edilmişdir. X5 xidmət müddəti güzəştli hesablama ilə 12 il, 2 ay, 14 gün təşkil edir. 56 (əlli altı) yaşı xx.xx.2020 ci ildə tamam olmuşdur. Güzəştli xidmətlə birlikdə ümumi stajı 23 il, 02 ay, 14 gün təşkil edir. Göstərilənlərə əsasən bir Hərbi qulluqçu kimi əmək pensiyası almaq üçün Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsnə etdiyi müraciəti İdarə tərəfindən xx.xx.2019-cu il tarixində verilən cavabda qulluq stajını, 12 il 02 ay 14 gün göstərib, hesab edir ki, cavabdeh qəsdən hərbi qulluğa qədər olan ümumi stajını nəzərə almayıb ki, hansı ki, o, hərbi qulluğa məhz köçürmə yolu ilə gəlmişdi, bu səbəbdən də ümumi stajı 23 il 02 ay 14 gün təşkil edir. Pensiyanın təyin edilməsi iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nairliyi tərəfindən barəsində müvafiq məlumat vərəqəsinin göndərilməsindən asılıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7423/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı ərizəsinə uyğun izahat verərək, məhkəmədən ona xidmət illərinə görə pensiyanın təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəmə iclasında imtinaya uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4,-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 3 - 4-cü bəndlərinə əsasən hərbi qulluqçu və xüsusi rütbəlilər sırasından olan şəxslərə əmək pensiyasının təyinatı ilə bağlı, əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların l.-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5, 9.5.1, 20.14.1-ci maddələrinə əsasən - “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən - “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununun 22.4 maddəsinə əsasən - “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddia tələbindən göründüyü kimi iddiaçının daxili işlər orqanında əmək stajı qanunvericiliyin tələbinə uyğun olmadığından hərbi qulluqçu kimi əmək pensiya hüququ qazanmır. Bu səbəbdən 3-cü şəxsin nümayəndəsi qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı, cavabdeh və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan sənədlər: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsi tərəfindən İddiaçı ünvanlanmış № 027-6601SA-3220 nömrəli xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli Qərarına əsasən (DİN-in. xx xxxxxxxx 2007-ci il tarixli 513 nömrəli əmri ilə elan edilmişdir) «Daxili İşlər Nazirliyinin orqan və hissələrindən tərxis olunmuş hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və onların ailə üzvlərinin əmək pensiyası təminatına dair sənədlərin təqdim edilməsi qaydaları» müəyyən edilmişdir. Müəyyən edilmiş qaydalara əsasən X5 xidmət edən hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların əmək pensiyası hüququ yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında qulluq etdikləri orqan və hissələrin kadr qurumları tərəfindən xidmət müddəti, maliyyə qurumları tərəfindən isə təminat xərcliyi barədə məlumatlar Maliyyə Plan İdarəsinə təqdim edilməlidir. Təqdim edilmiş sənədlər idarədə yoxlanılaraq yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»-na əlavə olunmuşdur. «Əmək pensiyası təminatı üçün hərbi qulluqçular haqqında tərtib və təsdiq edilmiş məlumat vərəqəsi» Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə göndərilir. Məlumat üçün bildiririk ki, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının xx xxxxx 1992-ci il tarixli 109 nömrəli Qanununa əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular malik idilər. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə» Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728- İİQD nömrəli Qanunu ilə "20 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmişdir. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 54 lll-Q nömrəli Qanununa əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. Mülki stajı nəzərə almaqla pensiya təyin edilməsi barədə bildiririk ki, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər əmək pensiyası almaq hüququna malikdir. Xidmət illərinin hesablanması əməkdaşın xidmət etdiyi orqanın kadrlar qurumu tərəfindən aparılır. Qeyd olunanları nəzərə alaraq, müvafiq sənədlərin tərtib edilməsi barədə DİN-in Nəsimi Rayon Polis İdarəsinə müraciət etməsi qeyd edilmişdir. Qulluq etdiyi orqanın kadr qurumları tərəfindən, pensiya hüququ verən xidmət müddəti, maliyyə qurumları tərəfindən isə təminat xərcliyi barədə məlumatlar Maliyyə-Plan İdarəsinə təqdim edildikdə pensiya təyinatına baxıla bilər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış № 0xx/xx-58421A-3220 nömrəli xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, xidmət illərininin yenidən hesablanması və pensiya təyin olunması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə daxil olmuş müraciətə baxılmışdır. Arxiv şəxsi işi əsasında xidmət illəri yenidən hesablanarkən xaric olunduğu vaxt iddiaçıya hesablanan xidmət illərinin düzgün olduğu müəyyən edilmişdir. Belə ki, xidmət müddəti təqvimi hesablama ilə - 07 il, 02 ay, 02 gün, imtiyazlı hesablama ilə - 12 il, 02 ay, 14 gün təşkil edir. X4 xaric olunduğu vaxt (1997-ci ildə) qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx xxxxx 1992-ci il tarixli 109 nömrəli Qanununun 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 il və daha çox xidmət etmiş əməkdaşlar malik idilər. Xidmət müddəti 20 ildən az olduğundan daxili işlər orqanı əməkdaşı (hərbi qulluqçu) kimi pensiya təyin olunması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarında orta ixtisas təhsil müəssisələrində təlim vaxtının, eləcə də mülki təşkilatlarda iş stajının uzun müddət xidmətə daxil edilməsi nəzərdə tutulmamışdır. - İddiaçıya verilmiş (müddətsiz) xx xxx 2018-ci il tarixli № 032328 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. - xx xxxxxx 2007-ci il tarixli № 144316 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı İİ (ikinci) dərəcəli əmək zədəsi əlilidir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli № DA-00502-2021 saylı arxiv arayışının surətindən görünür ki, Bakı 5 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan xx xxxx 2021-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, “Səttərxan adına Maşınqayırma Zavodu” arxiv fondunda mühafizə edilən əmr kitablarında İddiaçı (əmr № 132/k, xx xxxxxx 1992-ci il) 62 №-li sexin fəhləsi Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürülmə yolu ilə DİN-ə keçirildiyi üçün işdən azad olunduğu qeyd olunur. Eyni zamanda bildiririk ki, yuxarıda göstərilən arxiv fondunun sənədlərində DİN tərəfindən göndərilmiş müraciət məktubu aşkar edilməmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı xx.xx.1964-ci il təvəllüdlüdür, müharibə veteranıdır, xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək X5 xidmət etmişdir. Nəsimi Rayon Polis İdarəsinin 20 ş/h nömrəli, xx.xx.1997-ci il tarixli əmri ilə xidmətdən xaric edilmişdir. X5 xidməti təqvim ili üzrə 07 il 01 ay 14 gün, güzəştli xidmət illəri üzrə 12 il 02 ay 14 gündür. Hazırda iddiaçı daxili işlər orqanı əməkdaşı kimi pensiya təyin edilməsi üçün müvafiq pensiya təyinatını həyata keçirən orqana məlumat vərəqəsinin göndərilməsini tələb edir, iddiasını onunla əsaslandırır ki, ümumi stajı 23 il 02 ay 14 gündür, 1992-ci ildə işlədiyi Leytenant Şmidt adına zavoddan köçürmə yolu ilə AR X6 xidmətə göndərilmişdir. Bu səbəbdən hərbi qulluğa qədər olan ümumi stajı nəzərə alınmalıdır. Məhkəmə tərəfindən araşdırılmalı hal iddiaçının xidmət illərinə görə pensiya almaq hüququna malik olub-olmamasıdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hərbi qulluqçularının pensiya təminatı bu Qanunla müəyyən edilir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci hissəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın görünür ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası xidmət etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. İddiaçının xidmətdən xaric olunduğu dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi xidmət illərinə görə pensiya təyini üçün şərtləri nəzərdə tutmuşdur. Həmin Qanununun xx xxxxxxxx 2004-cü il tarixədək qüvvədə olan 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. İddiaçı məhkəmə icraatı zamanı xidmətdən xaric olduğu dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi b) bəndinə və v) bəndinə istinad etmiş, iddiasının əsaslı olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının bu tələbinin əsassız olduğunu qeyd edir. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin b) bəndinə (x xxxx 2006-ci il tarixədək qüvvədə olan) əsasən xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı və buraxıldığı gün 50 yaşı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; Həmin Qanunun v) bəndinə əsasən xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər xidmət illərinə görə pensiya hüququna malikdirlər. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı xidmətdən xaric olduğu vaxtda X5kı xidmət illəri 20 ildən azdır. İddiaçının xidmətdən xaric olunduğu dövrdə qüvvədə olan istinad etdiyi normalar da ona şamil oluna bilməz. Belə ki, iddiaçı xidmətdən yaşa görə, səhhətinə görə və ya ştatların ixtisarına görə azad edilməmiş, xidmətdən xaric olunan zamanı 45 və ya 50 yaşı olmamış, həmçinin ümumi stajı 25 ildən az olmuşdur. Beləliklə, Məhkəmə yuxarıda sadalanan, həmçinin iddiaçının xidmətdən xaric olduğu dövrdə qüvvədə olan normalara istinad edərək hesab edir ki, iddia tələbi əsassızdır, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 3-cü şəxs qismində işə cəlb edilməklə “pensiyanın təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar