Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2376/2022 10.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rş (3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) “diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rş ( 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) “diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Ukrayna Respublikası, Xarkov Milli İqtisad Universiteti tərəfindən ona verilmiş xx-xx-2020- ci il tarixli, B20 № 205971 nömrəli bakalavr diplomumun ölkə ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci il tarixdə Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universitetinin “Hüquq” ixtisasını bitirib. Bu barədə B20 № 205971saylı müvafiq bakalavr diplomu almışdır. Diplomumu aldıqdan sonra almış olduğu ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair xx-xx-2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirlyinə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin ********** saylı məktubunda bildirilmişdir ki,araşdırma nəticəsində Sizin aldığınız ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənizin qənaətbəxş olmadığı müəyyən edilmişdir.Cavab məktubunda həmçinin Nazirlər Kabinentinin 2003-cü il 13 may tarixli,64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydalarının 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr,təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Göstərilənlər və Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın İİİ.1.2 maddəsini, Konvensiya komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların qiymətləndirilməsi meyarları və prosedurları üzrə tövsiyələr’’in V hissəsini və izahedici memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən iddiaçının adına verilmiş xx-xx-2020-ci il tarixli, B20 № 205971 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınmasının mümkün hesab olunmadığı göstərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası əsassızdır və heç bir hüquqi əsası yoxdur. İddiaçı 4 il müddətində əyani təhsil almışdır. Təhsil aldığı müddətdə bütün imtahanlar onun tərəfindən verilmişdir. Rus dilini və ixtisasını yaxşı bilir. Lakin Nazirliyin Ekspert qrupu bunları nəzərə almayıb, Azərbaycan Respublikası Təhsil Nazirliyi isə ali təhsil haqqında sənədin ölkə ərazisində tanınmasının qeyri mümkünlüyünə dair məktubu verir.Bu nə dərəcə ədalətlidir? Məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixli məhkəmə iclasında hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun və qanunvericilikdə şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış ərizəni, (vəsatəti) məhkəməyə təqdim etməyi təklif olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini və iddia ərizəsində dəqiqləşmə apararaq, “İddiaçı Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş B20 seriyalı 205971 nömrəli xx.xx.2020-ci il tarixli diplomda göstərilən ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10253/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10253/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə buraxılmış iddia müddəti bərpa edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10253/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə, Ukrayna Respublikası Xarkov Milli İqtisad Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli B20 seriyalı 205971 nömrəli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş ’’Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydafarı, "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələrin V hissəsini (Qiymətləndirmə Meyarları) və izahedici Memorandumun 26-cı və 37-ci paraqraflarına əsasən iddiaçının aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini bilmə səviyyəsinin aşağı olması halı onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri - təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi- müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən B20 seriyalı 205971 nömrəli bakalavr diplomu; (təsdiq edilmiş surəti) - Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən B20 seriyalı 205971 nömrəli diplomuna əlavə;(təsdiq edilmiş surəti) - iddiaçının 2016-2020-ci il tarixində Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi barədə hesabat; - cavabdeh inzibati orqanın etiraz məktubu; - cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2021-ci il tarixli imtinası; - iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsi; - cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvalnlanmış xx.xx.2022-ci il tarixli məktubu və əlavə edilmiş sənədlər; - iddiaçıya məxsus SX seriyalı ******* nömrəli hərbi biletin surəti; - məhkəmənin müvafiq sorğusu əsasında Bakı Slavyan Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktub.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun; - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilmiş qanunvericilikdə şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış ərizəni (vəsatəti) məhkəməyə təqdim etməyi təklif olunmuş, əks halda şikayət üzrə iddianın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçı prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutları (SX seriyalı ******* nömrəli hərbi bilet) və müddətin bərpasına dair əsaslandırılımış ərizəni (vəsatəti) məhkəməyə təqdim etmişdir. İddiaçı prosessual müddətin bərpa olunması barədə ərizəsini onunla əsaslandırmışdır ki, imtina məktubunun verilməsi dövründə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı mübahisə üzrə tələbinin təmin olunmadığı hallarda şikayət verməkdə hüquqi marağa sahib olmuş, lakin inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya inzibati aktın təqdim edildiyi və məlumatın verildiyi vaxtda iş materiallarında olan SX seriyalı ******* nömrəli hərbi biletdə iddiaçının xx.xx.2020-ci il tarixidən xx.xx.2021-ci il tarixinədək hərbi xidmətdə olduğu öz əksini tapmışdır. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı 2016-cı ildə ildə Ukrayna Respublikası Xarkov Milli İqtisad Universitetinə daxil olmuş, 2020-ci il tarixdə həmin təhsil müəssisəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirmiş və ona xx.xx.2020-ci il tarixli bakalavr diplomu verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Ukrayna Respublikası Xarkov Milli İqtisad Universiteti tərəfindən onun adına verilmiş xx-xx-2020- ci il tarixli, B20 № 205971 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən iddiaçının adına verilmiş xx.xx.2020-ci il tarixli B20 seriyalı, 205971 nömrəli bakalavr diplomdan görünür ki, həmin Universitetin Dövlət İmtahan komissiyasının qərarı ilə Hüquq ixtisası üzrə bakalavr akademik dərəcəsi verilmişdir. İş materiallarında olan Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş apostildən müəyyən edilir ki, həmin sənəd iddiaçının adına verilmiş xx.xx.2020-ci il tarixli B20 seriyalı, 205971 nömrəli diplomla bağlı verilmişdir. İş materiallarında olan, Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən iddiaçının adına verilmiş xx.xx.2020-ci il tarixli B20 seriyalı, 205971 nömrəli diploma əlavədən görünür ki, həmin sənəddə iddiaçının aldığı ixtisasın səviyyəsi, nail olduğu nəticələr və sair barədə məlumatlar, həmçinin iddiaçının əyani formada təhsil aldığı, iddiaçı təhsil müddəti ərzində bütün semestrlərdə imtahan sessiyalarında bilavasitə iştirak etdiyi göstərilmişdir. İş materiallarında olan, məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş 19.102021-ci il tarixli Arayışından məlum olur ki, iddiaçı tədris normativi üzrə (2016-2020-ci illərdə) təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib gəlmişdir. İş materiallarında olan, ərizədən müəyyən olunur ki, iddiaçı yenidən müsabiqəyə buraxılması üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Hazırki iş üzrə Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-10253/2021 nömrəli qərardadı ilə iddiaçının “diplom üzrə ixtisasının tanınması”na yenidən baxılması üçün 30(otuz) gün müddət təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən qərardad icra edilərək, aparılmış ekspertizanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli məktub təqdim edilmişdir. Məktubda qeyd olunmuşdur ki, iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Belə ki, aparılan ekspertiza zamanı iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmamasına dair cavabdeh inzibati orqanın gəldiyi nəticə ilə bağlı heç bir araşdırılma aparılmamış, verilmiş rəy cavabdeh orqan tərəfindən daha əvvəl verilmiş olan rəylə eynilik təşkil etmişdir. İş materiallarında olan, məhkəmənin sorğusu əsasında iddiaçının rus dilini bilmə səviyyəsi haqqında “Bakı Slavyan Universitetinin praktik rus dili və onun tədris metodikası kafedra”sı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir: əsasən, İddiaçı təhsil aldığı tədris dili (rus dili) üzrə ümumi dil biliyi orta səviyyədədir, yəni özünü təqdim edə bilir, öz fikirlərini çatdıra bilir, qısa cavablara üstünlük verir, yazı qabiliyyəti qənaətbəxşdir. İddiaçının «Hüquq» ixtisası üzrə rus dilində terminləri və əsas anlayışları bilir və izah edir. İddiaçının «Hüquq» sahəsinə aid müxtəlif mövzular üzrə rus dili biliyi qənaətbəxş sayıla bilər. İş materiallarında olan, cavabdeh tərəfindən təqdim edilən, iddiaçının müraciəti əsasında aparılan qeydiyyat vərəqəsindən də görünür ki, iddiaçının müraciəti üzrə təhsil aldığı universitetin akkreditasiyasının olması, diplomun və diploma əlavənin apostil ilə təsdiq edilməsi, təhsil aldığı ölkədə olma müddətləri, təhsil aldığı ixtisasın Azərbaycan Respublikasında mövcud ixtisasa uyğunluğu qəbul edilmiş (qrafa müsbət işarəsi ilə işarələnmiş), müsahibə mərhələsi isə qəbul edilməmişdir (qrafa mənfi işarəsi ilə işarələnmişdir). “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə əsasən xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2ci bəndinə əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının: - 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; - 3.7-ci bəndinə görə 3.6-cı bənddəgöstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” (bundan sonra mətndə - Saziş): - Maddə 1. Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. - Maddə 2. Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texnikipeşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır. - Maddə 5. Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. - Maddə 6. Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani(tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabivə distant (məsafədən) təhsilalma formaları müəyyən edilir.Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma–parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, imtina cavabı verilməsi Azərbaycan Hökuməti ilə Ukrayna Hökuməti arasında imzalanmış “Təhsil, elmi dərəcədə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” 16 mart 2000-ci il tarixli Sazişin tələblərinə ziddir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. İşin sadalanan halları (təhsilin müddəti və məzmunu) ilə bağlı isə, cavabdeh inzibati orqan tutarlı dəlillər gətirməmişdir. Cavabdehin dəlili (iddiaçının tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması) imtina əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla tam şəkildə uzlaşmır və onların dairəsinə daxil deyil. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçının tədris dili üzrə bilikləri səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, hazırkı cavabdeh deyil, onun təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aid olduğundan və iddiaçı bu mərhələni artıq həmin ölkədə başa vurduğundan, cavabdeh inzibati orqanın qeyd dəlili ilə razılaşmır. Qeyd edilən səbəb qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olmadığından (həmin qaydaların heç bir bəndində belə bir əsasla mənfi rəyin verilməsi nəzərdə tutulmadığından), cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Cavabdehin imtinasını əsaslandırdığı dəlillə bağlı məhkəmə onu da qeyd edir ki, məhkəmə iddiaçının tədris dilini (rus dilini ) bilmə səviyyəsi haqqında müstəqil (cavabdehə aid olmayan ekspertlər tərəfindən) ekspertiza keçirilməsini təmin etmiş və mütəxəssis tərəfindən verilmiş ( Bakı Slavyan Universitetinin praktik rus dili və onun tədris metodikası kafedrası) xx.xx.2022-ci il tarixli rəyə əsasən iddiaçının təhsil aldığı tədris dili (rus dili) üzrə biliyi qənaətbəxş olduğu qənaətinə gəlmişdir. Həmçinin iddiaçının təhsil aldığı dili qənaətbəxş səviyyədə bildiyi müvafiq video diskdən də aydın olur. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasının əsası kimi göstərdiyi dəlillərin qanuni olduğunu sübut edə bilməmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə ilə bağlı heç bir araşdırılma aparılmamış cavabdeh inzibati orqanın imtinası yuxarıda adı çəkilən maddi hüquq normalarının tələblərinə uyğun olmadığı üçün əsassız olmuşdur. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-nin 70.3-cü maddəsinə görə, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Ukrayna Respublikası, V.N.Karazin adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş B20 seriyalı 205971 nömrəli xx.xx.2020-ci il tarixli diplomda göstərilən ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Ukrayna Respublikası, V.N.Karazin adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş B20 seriyalı 205971 nömrəli xx.xx.2020-ci il tarixli diplomda göstərilən ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev