Məhkəmə qərarları › İş №2-1(112)-2377/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2377/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2377/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhələdə yerləşən qeyri- yaşayış sahəsinə dair iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair mənim adına reyestrdən çıxarışın (elektron) və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllədə yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina olaraq, bildirilmişdir ki, “elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binası yaşayış binasının yaxınlığında yol kənarında yerləşir. Şəhər, Rayon İcra Hakimiyyətlərinin torpaq sahəsinin ayrılmasına dair səlahiyyətləri qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, təqdim edilən tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə təqdim edilən tikinti obyektinin tikintisinə və istismarına icazə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir”. Bildirilir ki, sözügedən əmlak vahid tikili olan qeyri-yaşayış binasının tərkib hissəsi olan, 4 (dörd) qeyri-yaşayış sahəsindən biridir. Yerdə qalan digər 3 (üç) qeyriyaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə, müvafiq olaraq çıxarış və texniki pasportla təmin edilmişdir. Qeyd olunmalıdır ki, digər qeyriyaşayış sahələrinin ilkin hüquqmüəyyənedici sənədləri cavabdeh tərəfindən qeydiyyata alınmayan əmlakın hüquqmüəyyənedici sənədləri ilə tamamilə eynidir. Lakin buna baxmayaraq, cavabdeh orqan digər əmlakları qeydiyyata almaqla ona qarşı ayrı-seçkilik edərək, “İnzibati icraat haqqında” Qanunun tələbləri pozularaq mülkiyyət hüquqlarının qeydiyyata alınmasından əsassız və qanunsuz olaraq imtina edilmişdir. Qeyd olunmalıdır ki, cavabdehin imtina əsaslarından biri də sözügedən qeyri- yaşayış sahəsinin yaşayış binasının yaxınlığında və yol kənarında yerləşməsi göstərilmişdir. Hamıya məlumdur ki, Bakı şəhərində olan bütün qeyri-yaşayış sahələri əsasən yol kənarında və yaşayış binasının yaxınlığında yerləşir və bu imtina üçün heç bir halda əsas ola bilməz. Hesab olunur ki, cavabdehin qeyd olunan imtinası qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqan hüquqlarını pozmaqla əsassız olaraq müraciətini təmin etməmişdir və “İnzibati icraat haqqında” Qanunun 12-ci (Bərabərlik prinsipi) və 13-cü (Etimad hüququnun qorunması prinsipi) maddələrinin tələblərini yerinə yetirməmiş, eyni faktiki və hüquqi hallarla bağlı fərqli qərarlar qəbul etmiş, nəticədə onun konstitusiya ilə qorunan mülkiyyət hüquqlarıı kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh orqan iddiaçının müraciətini araşdırarkən, onun və qonşu əmlakların eyni faktiki hallara və hüquqi əsaslara (eyni hüquqmüəyyənedici sənədlərə) söykənib-söykənmədiyini, fərqli hal və ya halların olub-olmadığını araşdırmamışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binası yaşayış binasının yaxınlığında yol kənarında yerləşir. Şəhər-rayon icra hakimiyyətlərinin torpaq sahəsinin ayrılmasına dair səlahiyyətləri qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, təqdim edilən tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, təqdim edilən tikinti obyektinin tikintisinə və istismarına icazə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Bundan əlavə, qeyri-yaşayış sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının müvafiq tələblə bağlı müraciəti təmin edilməmişdir. -xx.xx.2017-ci il tarixli, 28 nömrəli tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə ünvanında yerləşən tikinti ərazisi 49 kv.m olan qeyriyaşayış obyektinin istismarına icazə vermişdir. -Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 83 nömrəli Sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40cı məhəllədə yerləşən qeyri-yaşayış obyektinin sökülərək layihə əsasında yenidən qurulmasına (rekonstruksiyasına) icazə verilmiş, qeyd olunan obyektin yenidən qurulması məqsədilə onun yerləşdiyi 0.0049 ha torpaq sahəsi İddiaçı daimi istifadəsinə verilmişdir. -Hüquqi və fiziki şəxslərin torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 3901 nömrəli müqaviləyə əsasən icarəyəverənin (ƏMDX) icarəyə verdiyi Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 49.0 kv.m torpaq sahəsi icarəçi (İddiaçı) tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul etmişdir. -Memarlıq və planlaşdırma həllindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllədə yerləşən qeyri-yaşayış obyektinin layihəsi tərtib olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə aşağıdaki sənədlər təqdim olunmuşdur: -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (xx.xx.2021-ci il tarixli) əsasən ünvan 3 ünvanında yerləşən sahəsi 17,40 kv.m olan qeyri-yaşayış sahəsi X2 xüsusi mülkiyyətindədir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (xx.xx.2023-cü il tarixli) əsasən ünvan 3 ünvanında yerləşən sahəsi 17,40 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X6 ünvan 3 ünvanında yerləşən sahəsi 17,40 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçıya satmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (xx.xx.2022-ci il tarixli) əsasən ünvan 3 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən sahəsi 17,40 kv.m olan qeyri-yaşayış sahəsi X3 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X6 ünvan 3 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən sahəsi 17,40 kv.m olan qeyri-yaşayış sahəsini X4satmışdır. Beləliklə, işin faktiki hallarından görünən odur ki, iddiaçı iddia ərizəsində göstərdiyi sənədlərə istinad edərək Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhələdə yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, müvafiq çıxarışın və texniki pasportun verilməsini tələb edir. Onun bu məqsədlə cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunazidd olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. Hazırkı halda isə iddiaçı Bakı şəhəri, Pirallhı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllədə yerləşən qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsini tələb etsə də, qüvvədə olan əmlak qanunverciliyinin tələblərinə uyğun olaraq sözügedən tikiliyə aid sənədləri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının qeyri-yaşayış sahəsi hüquqların qeydiyyata alınması ilə bağlı təqdim etdiyi sənədlər yetərli hüquqi əsas yaratmır. Əvvəlcə qeyd edilməlidir ki, 01 yanvar 2013-cü il tarixindən sonra inşa edilmiş daşınmaz əmlaklar üzrə mülkiyyət hüquqlarının qeydiyyatı üçün qanunvericilik fərqli sənəd tələbləri müəyyən edir. O mənada ki, tikintisinə icazə tələb olunan və ya məlumatlandırma icraatı tətbiq edilən obyektlər üçün sənədlərin siyahısı fərqlənir. Lakin konkret bu iş üzrə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 2013-cü ildən əvvəl və ya sonra inşa olunmasının hüquqi baxımdan həlledici əhəmiyyəti yoxdur. Çünki bu sahə tikintisinə icazə tələb olunan obyektə aid olduğundan, mülkiyyət hüququnun qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddələrində nəzərdə tutulmuş sənədlər təqdim edilməlidir. Başqa sözlə, hüquqların qeydiyyatı üçün aşağıdakı əsas sənədlərin mövcudluğu zəruridir: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; - layihələndirmə sənədləri və onların müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı ilə razılaşdırılması; - tikintiyə icazə sənədi; - tikinti obyektinin istismara qəbul aktı. İddiaçı öz tələbinin əsaslandırılması üçün ilk növbədə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 83 nömrəli sərəncamına istinad edir. O, bu sərəncam əsasında 0.0049 ha torpaq sahəsinin ona obyektin yenidən qurulması məqsədilə ayrıldığını irəli sürür. Ancaq bu kontekstdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.4-cü bəndinə görə, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Bununla belə, rayon bölgüsü olan şəhərlərdə müvafiq rayon icra hakimiyyətləri sadəcə rəy vermək hüququna malikdir, torpaq sahəsinin verilməsi səlahiyyəti isə birbaşa olaraq Bakı Şəhər İcra Hakimiyyətinə aiddir. Bu səbəbdən, Pirallahı Rayon İcra Hakimiyyətinin sərəncamı hüquqi baxımdan iddiaçının torpaq sahəsi üzərində hər hansı mülkiyyət, istifadə və ya icarə hüququna malik olduğunu sübut etmir. Bununla yanaşı nəzərə alınır ki, Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixində bağlanmış icarə müqaviləsi mövcud olsa da, bu müqavilə təkbaşına qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün hüquqi əsas hesab oluna bilməz. Belə ki, qeyd olunur ki, qeyri-yaşayış sahəsinə dair tikintisinə icazə, istismara icazə, həmçinin layihənin təsdiqi Bakı şəhəri Pirallahı RİH tərəfindən həyata keçirilmişdir. Həmin dövrdə Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyəti Başçısı həmin tikiliyə dair tikintiyiə icazə sənədini vermək səlahiyyətinə malik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndinə (həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən) əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 44.11.11.5-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının, icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatın”dan bina və qurğular məsuliyyət səviyyələrinə görə 3 səviyyəyə ayrılmışdır kı, İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular – İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. Yuxarıda göstərilən normativ hüquqi aktların və qanunvericiliyin müddəalarından görünür ki, binaların memarlıq layihəsi təsdiq etmək və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək həmin dövrdə icra hakimiyyətinin başçısının səlahiyyətinə aid edilmişdir. Nəzərə alınmalıdır ki, iqtisadi, sosial və ekoloji səbəblərə görə binalar məsuliyyət səviyyələrinə görə ayrılmışdır ki, İ və İİ məsuliyyət səviyyələri tikililər ilə bağlı səlahiyyət yerli icra hakimiyyətinin başçısına, İİİ məsuliyyət səviyyəli tikililər ilə bağlı səlahiyyət isə şəhər rayonlarının icra hakimiyyəti başçılarına verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2008-ci il tarixli, 214 nömrəli qərarı ilə təsdiqlənmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı” sənədində “qeyri-yaşayış” anlayışı birbaşa İİ məsuliyyət səviyyəli tikililərin siyahısında qeyd edilməmişdir. Lakin siyahıya ümumən qiymət verdikdə məlum olur ki, İ məsuliyyət səviyyəli binalara daha çox dövlət standartlarına uyğun tikililər aid olmuş (mis.metropoliten stansiyaları, boru kəmərləri, muzey, kinoteatrlar və s.), 12 metr hündürlüyədək fərdi yaşayış evləri və kənd təssərüfatına aid olmuş təsarrüfatdaxili obyektlər isə İİİ məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. Bu halda qeyri-yaşayış təyinatlı tikililər əsasən İİ məsuliyyət səviyyəsinə uyğun sayılır. Bu isə o deməkdir ki, belə tikililər üzrə tikintiyə icazə və istismara qəbul sənədlərinin verilməsi səlahiyyəti, Bakı şəhəri üzrə, yalnız Bakı Şəhər İcra Hakimiyyətinə aid olmuşdur. Məhkəmə qeyd olunan normaları və təqdim edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia predmeti olan qeyri-yaşayış sahəsi İİ məsuliyyət səviyyəsinə aid tikilidir. Belə olan halda, bu tikiliyə dair istismara icazə sənədlərinin verilməsi, o dövrdə yalnız Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyəti daxilində olub. Lakin iş materiallarından aydın olur ki, müvafiq istismar icazəsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilməmişdir. Bu isə həmin qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını hüquqi baxımdan mümkünsüz edir. Eyni zamanda o da nəzərə alınır ki, iddia olunan qeyri-yaşayış sahəsi ilə bağlı eskiz layihəsi tərtib olunsa da, həmin eskiz layihəsi aidiyyəti qurum ilə razılaşdırılmamışdır. Halbuki, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 01 avqust 2018-ci il tarixli 226 saylı Fərmanının: 1-ci və 2-ci bəndlərinə qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X5 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Hazırki sənədlərdən isə görünür ki, qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş eskiz layihəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmamışdır. Bundan əlavə, qeyri-yaşayış sahəsinin yaxınlığında yol kənarının yerləşibyerləşməməsi məsələsi bu mərhələdə iddianın təmin olunmasına təsir edən hüquqi amil kimi qiymətləndirilmir. Çünki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş sənədlərə malik deyil. Bu səbəbdən, məhkəmə həmin istiqamətdə əlavə araşdırma aparmağı məqsədəuyğun hesab etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar