Məhkəmə qərarları › İş №2-1(112)-2379/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2379/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2379/2021 02.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiаçı İddiaçı nümayəndəsi X4, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MMC inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “çıxarışın və texniki pasportun verilməsi”nə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində ayrılmış 0,12 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 2-1(112)-2379/2021 saylı 22.04.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyinin 9 oktyabr 1990-cı il tarixli 6/317 nömrəli qərarı ilə ona Sabunçu rayonu Ləhiş bağları ərazisində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün 05.09.2020ci il tarixində ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məktubla müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsindən onun məktubuna cavab olaraq bildirilmişdir ki, onun yerinin nömrəsi ilə bağların nömrəsi xəritədə öz əksini tapmamışdır. Və onun torpağı ilə bağlı digər şəxsin müraciəti daxil olmuşdur. Amma iddia edənin kim olduğu və hansı əsasla onun torpağına iddia etdiyini qeyd etməmişlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 tərəfindən iddiaya etiraz ərizəsi təqdim edilərək,bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, qeyd edilən 85/86 a saylı bağ sahəsi sxematik xəritədə öz əksini tapmamışdır. Həmçinin göstərilən ərazi ilə bağlı digər şəxsin müraciəti daxil olmuşdur. Bununla bağlı iddiaçıya 13.10.2020-ci il tarixli, **********26 saylı cavab ünvanlanmışdır. Şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, iddia tələbinin əsaslı olduğunu və təmin edilməsi xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iddiaya etiraz edərək, cavabdeh orqanın imtinasının qanuni və əsaslı olduğunu qeyd edərək, həmçinin, həmin torpaq sahəsinin Nardaran İnvest MMC-yə ayrılmış torpaq sahələrinə dair ayrıc aktının daxilində yerləşdiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 106 №-li kooperativin 31 №-li orderindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 9 oktyabr 1990-cı il tarixli 6/317 №-li qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 106 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi 85/86a №-li bağ ayrılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının 09 dekabr 2020-ci il tarixli 7-3735/17 məktubundan görünür ki, Bakı Şəhər İcraiyyə Komitəsinin 1990-cı ilə dair qərarları Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 10.12.2020-ci il tarixli 994 nömrəli məktubundan görünür ki, Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə 09.10.1990-cı il tarixli, 6/317 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.12.2020-ci il tarixli **********92 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 85/86a nömrəli bağ sahəsinə dair hüquq müəyyənedici sənəd İdarənin arxivində aşkar olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.03.2021-ci il tarixli **********81 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 və X2 bağlar sahəsində 106 nömrəli bağ tikinti kooperativinin 31 nömrəli orderi İdarənin arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 10 iyun 2021-ci il tarixli BA-02494-2021 nömrəli məktubda qeyd edilmişdir ki, 25.05.2021-ci il tarixli, 2-1(112)-2379/2021 saylı sorğunuza cavab olaraq bildiririk ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 09.10.1990-cı il tarixli, 6/317 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vət. İddiaçı barədə heç bir məlumat yoxdur. Odur ki, məlumat üçün həmin qərarın təsdiq edilmiş ksero surəti 10 (on) vərəqdən ibarət sizə təqdim olunur. Keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 09.10.1990-cı il tarixli, 6/317 saylı qərarına 106 nömrəli BTK-nin siyahısı əlavə edilməmişdir. Göründüyü kimi, iddiaçı Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 106 №-li kooperativin 31 №-li orderini təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 85/86a nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini xahiş edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi elektron kadastr məlumatına əsasən göstərilən sahə ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, qeyd edilən 85/86 a saylı bağ sahəsi sxematik xəritədə öz əksini tapmamışdır. Həmçinin göstərilən ərazi ilə bağlı digər şəxsin müraciəti daxil olmasına istinad edərək, iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunmuşdur ki, iddiaçı Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 106 №-li kooperativin 31 №-li orderini təqdim etsə də, iddiaçıya orderdə istinad edilən Bakı şəhər icraiyyə komitəsi tərəfindən 9 oktyabr 1990-cı il tarixli 6/317 №-li qərarı ilə torpaq sahəsi ayrılmamış, Dövlət Arxivinin Bakı filialının sorğuya cavab məktubundan görünür ki, 09.10.1990-cı il tarixli, 6/317 saylı qərarı mövcuddur, lakin həmin qərarda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Həmçinin, cavabdeh tərəfində\n təqdim edilmiş sorğulara cavab məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsinin sxematik xəritəsində orderdə qeyd edilmiş 85/86a nömrəli bağ sahəsi öz əksini tapmamışdır. İddiaçı isə iddia tələbində göstərdiyi hallara dair heç bir mötəbər sübut, o cümlədən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinəd qeyd edilən əsaslardan hər hansı birini təqdim edə bilməmişdir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.03.2021-ci il tarixli **********81 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 və X2 bağlar sahəsində 106 nömrəli bağ tikinti kooperativinin 31 nömrəli orderi İdarənin arxivində aşkar olunmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınaraq, müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində ayrılmış 0,12 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar