Məhkəmə qərarları › İş №2-1(112)-2380/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2380/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2380/2020 18.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, X1, İddiaçı X3, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 iştirаkları ilə, İddiаçı X3 cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Qeyri-yaşayış binasının- qarajın texniki pasportunun verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 31 saylı qaraja texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzilin mülkiyyətçisidir, həmin mənzildə qeydiyyatdadır və faktiki yaşayır. Yaşadığı evin qabağında 1967-ci ildə onun yoldaşı Ağa-zadə Çingiz Yəhya oğlu daş qarajı tikmişdir. Həmin qaraj ailənin istifadəsindədir. O, qarajın tikilməsi üçün Bakı şəhəri Binəqədi rayonu (keçmiş Kirov) İcra Komitəsinin rəsmi qərarı ilə icazə almış və qarajı tikilməsindən sonra bir neçə il ərzində, yəni 2003-cü ilə qədər vergi ödənilmişdir. O, 41 il faktiki sahibliyində olan qarajı öz adına sənədləşdirmək üçün 30.10.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX –nin 1 saylı Bakı ərazi İdarəsinə müraciət etmiş, lakin orqan imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12 iddiaya etiraz edərək bildirmişdir ki, X5 ünvan 1 ünvanında yerləşən 31 saylı qaraja texniki pasportun verilməsi ilə bağlı DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəçi həmin daşınmaz əmlakın öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edə bilməmişdir. Bu səbəbdən iddiaçının sözügedən mənzilə hüquqlarının qeydiyyata alınmasından əsaslı olaraq imtina edilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan sənədlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X4 ünvanlanmış 02 dekabr 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 31 saylı qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Həmçının sözügedən ünvanda yerləşən daşınmaz əmlakla bağlı ünvan 5 idarəyə daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı idarəyə daxil olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Binəqədi rayon İcra Hakimiyyətinin qarajın sənədləşməsinə köməklik göstərilməsi barədə müraciətə 02 iyul 2019-cu il tarixli 02/12-11-11/İ-84-159 saylı cavab məktubunda qeyd edilir ki, rayon ərazisində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar istifadədə olan, müvəqqəti xarakterli qarajın ərazinin müfəssəl planlaşdıma layihəsinə uyğunluğu nəzərə alınaraq sənədləşdirilməsi məsələsinə gələcəkdə baxılacaqdır. Məhkəmə tərəfindən göndərilmiş sorğuya Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən daxil olmuş 12 may 2020-ci il tarixli 299 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, keçmiş Kirov rayon ZDS İK-nin (indiki Binəqədi RİH) arxiv fondu üzrə 1973-1974-cü illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə vətəndaş X10 barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respubikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 04 iyun 2020ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 31 saylı qarajın tikintisinə icazə verilməsi barədə sənədlər rayon İcra Hakimiyyətində mövcud deyildir. Beləliklə, iddia ərizəsindən və işin məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatından aydın olur ki, iddiaçı Ağazadə Lyudmila X2 ilə birgə nikahda olmuş, X10 birgə yaşadıqları evin qarşısında 1967-ci ildə daş qaraj tikdirmiş, həmin vaxtdan qaraj onların istifadəsində olmuş, qarajın tikilməsi üçün 1973-1974-cü illərdə keçmiş Kirov rayonu İcra Komitəsi sərəncam vermiş, 28 may 2003-cü il tarixdə X10 ölmüşdür. X6 ölümündən sonra keçmiş arvadı X5 həmin qarajdan istifadə etdiyini, bugünku gün də qarajın onun istifadəsində olduğunu qeyd etmişdir. Qarajın tikintisi ilə bağlı, vergilərin ödənilməsi ilə qəbzlər, həmçinin, qarajın qiymətləndirilməsi bağlı qiymətləndirici rəyi iş materiallarına əlavə olunmuşdur. İddiaçı hazırda onun istifadəsində olan qaraja texniki pasportun verilməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin 24.06.2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.25-ci bəndinə görə inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlərin tərtib edilməsində, torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin etmək Xidmətin vəzifələrinindən biridir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Məhkəmənin mövqeyinə görə iddiaçının cavabdeh inzibati orqana müraciəti (qarajın texniki pasportunun verilməsi barədə) üzrə inzibati icraat zamanı cavabdeh hüquqmüəyyənedici sənədlərin (sərəncam, yerləşmə cizgisi) təqdim edilməməsi səbəbi ilə məsələnin həllindən imtina etmişdir. İşin məhkəmə araşdırılması zamanı iddiaçı qaraja aid hüquqmüəyyənedici sənədi tapa bilmədiyini qeyd etmiş, Məhkəmə İPM-in 12-ci maddəsinə əsaslanaraq, qaraja aid müvafiq sərəncamın aidiyyəti qurumlardan tələb edilməsi ilə bağlı həm Binəqədi rayon İcra Hakimiyyətinə, həm də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müvafiq sorğular göndərilmiş, lakin keçmiş Kirov rayon ZDS İK-nin arxiv fondunda X7 aid sənədlər aşkar edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (maddə 24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz (maddə 24.5). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı qaraja aid hüquqmüəyyənedici sənədlərin mövcud olduğu halda tapıb təqdim edə bilməsə də, 30 ildən artıq müddət ərzində (41 il) qaraja fasiləsiz və etirazsız faktiki sahiblik etdiyini bildirmişdir. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı cavab verərək bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” 28 dekabr 1999-cu il tarixli qanunda həmin Məcəllənin 178.6-cı maddəsinin geriyə qüvvəsi barədə norma olmadığına görə, həmin maddədə göstərilən müddətlərin axımı Mülki Məcəllənin qüvvəyə mindiyi vaxtdan, yəni 1 sentyabr 2000-ci ildən başlayır. Məhkəmənin qənaətinə görə, hazırkı halda iddaçı qaraja dair mövcud hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir, belə halda cavabdeh inzibati orqanın imtinası qanunazidd sayıla bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçı X3 cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Qeyri-yaşayış binasının qarajın texniki pasportunun verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Qeyri-yaşayış binasının-qarajın texniki pasportunun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar